Modern.az

Azərbaycanda terror aktları hazırlanmasının «ideoloji təminatçıları» - Zori Balayan və Robert Koçəryan

Azərbaycanda terror aktları hazırlanmasının «ideoloji təminatçıları» - Zori Balayan və Robert Koçəryan

Qarabağ

22 Sentyabr 2014, 11:15


Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövcud olan ikili standart siyasəti Cənubi Qafqazda erməni terrorunun yenidən fəallaşmasına şərait yaradır. Hal-hazırda erməni terrorunun coğrafiyası hələlik Azərbaycan, Gürcüsstan və Türkiyə Dövlətlərinin ərazilərini əhatə edir.

Dünyada günü-gündən qloballaşan terror hərəkatı Cənubi Qafqazda erməni terrorunun fəallaşmasına da münbit şərait yaradır. Erməni terroru indi elə bir pik nöqtəsindədir ki, on hər an fəallaşa bilər. Terrora qarşı mübarizədə Dünya Dövlətlərinin ikili münasibətləri, xüsusən Rusiya, Amerika, Fransa və digər dövlətlərin erməni terrorunu müdafiə etmələri, dünyada terrorun tamamilə kökünün kəsilməsinə onun  məhv edilməsinə mane olur.

Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, «Böyük Ermənistan» dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış «Armenakan», sonradan «Hnçak» və «Daşnaksütyun» partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tuturlar.

Bu baxımdan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, klassik müharibələrdən bir çox aspektlərinə görə fərqlənməsidir. Çünki, Ermənistanın müharibənin yazılmış və yazılmamış qanunlarından kənara çıxaraq öz təcavüzkar əməllərini dövlət səviyyəsində həyata keçirilən terrorlarla müşayət edilməsidir.  Təkcə, 1989-1994-cü illərdə erməni terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər ölmüş, 1808 nəfər yaralanmışdır.  Azərbaycan bu terror aktlarını xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirərkən məlum olmuşdur ki, həmin terror aktlarının 32-si Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilib.  

80-ci illərin sonlarından başlayaraq, Ermənistan dövlətinin və nüfuzlu erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatları   Azərbaycana qarşı terror müharibəsinə başlamışlar. Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, təcavüzkar siyasətinin əsas tərkib hissələrindən biri kimi qəbul etmişdir.

 1994-cü ilin iyul ayının 3-də Bakı metrosunun «28 may» və «Gənclik» stansiyaları arasında 13 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı, Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdi. Bu fakt sonralar Zori Balayanın «Cəhənnəm və cənnət arasında» kitabında öz əksini tapmışdı və təsdiqlənirdi. İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdi ki, bu qanlı terror aktını həyata keçirən şəxsin terrorçu kimi hazırlanmasının «ideoloji təminatında» Zori Balayanın və Dağlıq Qarabağ erməni separatçılarının o vaxtkı lideri, sonradan isə Ermənistan prezidenti olan Robert Koçəryanın birbaşa iştirakı olub.

19 mart 1994-cü il. Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.

90-cı illərin əvvəllərindən etibarən beynəlxalq terrorçu qrupların liderlərinin reabilitasiyasına çalışan Ermənistan rəhbərliyi xarici diasporanın radikal təşkilatlarının, xüsusilə  «Erməni gizli azadlıq ordusu» (ASOA ), «Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu» (ASALA),  «Geqaron» təşkilatı,    «Erməni azadlıq hərəkatı» (AOD),  «Erməni azadlıq cəbhəsi»,  «Orli qrupu»,  «Erməni soyqırım ədalət komandosları» və  digər terror təşkilatları fəallarının Ermənistan ərazisində toplanması məqsədi ilə genişmiqyaslı kampaniyaya başlayıb, Ermənistan onların fəaliyyətlərinə siyasi-hüquqi şərait yaradaraq sığınacaq verib, pul, silah, saxta sənəd və nəqliyyatla təchiz edib. Təkcə onu qeyd etmək kifayətdir ki, Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ vətəndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkonyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək terrorçu qruplara rəhbərlik edib. 1993-cü ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən məhv edilən M.Melkonyanın İrəvandakı dəfn mərasimində prezident daxil olmaqla Ermənistanın dövlət rəsmiləri iştirak ediblər, sonra bu beynəlxalq terrorçu Ermənistanın milli qəhrəmanı elan olunub, onun adı Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilib.

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

16 sentyabr 1989-cu il. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.

18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.

11 iyul 1990-cı il. "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.

10 avqust 1990-cı il. "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.

30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.

09 yanvar 1991-ci il. "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.

30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.



19 iyun 1991-ci il.
"Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.

31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

02 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.

21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.

08 sentyabr 1991-ci il. "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir. Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.

26 sentyabr 1991-ci il. "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.

19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.

20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.

26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.

08 yanvar 1992-ci il. Türkmənistandan "Krasnovodsk-Bakı" marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

28 yanvar 1992-ci il. "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.

 22 mart 1992-ci il. "UAZ 469" markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

28 mart 1992-ci il. "Kamaz-5410" markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

18 aprel 1992-ci il. "Qazax-cəfərli" yolunun 10-cu kilometrliyində "Vaz" markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.

20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.

28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

02 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.

22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.

30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində "ZİL" markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan "QAZ-66" markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.

01 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.

18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.

Azərbaycana, terrorla müşayiət olunan erməni təcavüzü və separatizminə qarşı dünya birliyi ölkələri hələ də göz yumur.  Azərbaycan ərazilərinin 20 faizini işğal edib orada etnik təmizləmə aparan, saysız-hesabsız müharibə cinayətləri törədən, azərbaycanlılara məxsus milli-mədəni dəyərləri və tarix-mədəniyyət abidələrini, bütöv şəhərləri və yaşayış məntəqələrini yer üzündən silən Ermənistana Beynəlxalq Hüquq çərçivəsində təzyiq göstərəcək  bir qüvvə hələki yoxdur.  Bütün bunlar beynəlxalq ictimaiyyətin bu problemə  ikili standartlarla yanaşmasının nəticəsidir. Artıq Azərbaycanın ən sadə vətəndaşı da bilir ki, beynəlxalq ictimaiyyət ikili standartlar aparır və xalqın fikrini bu problemdən yayındırmaq istəyir.  

Ermənistan ona verilən maddi dəstəklərə rəğmən nəinki Cənubi Qafqaz regionunda, dünya miqyasında müasir inkişafdan geridə qalan, əhalisi ağır durumda yaşayan bir ölkəyə çevrilib. Azərbaycanın dünya miqyasında gördüyü işlər və Qarabağla bağlı qərəzli, ədalətsiz beynəlxalq təzyiqləri yenməsi nəticəsində Ermənistan özünün işğalçılıq siyasətinin qurbanı olub.  

Ancaq ortada maraqlı və eyni zamanda təəssüf doğuran bir fakt da var; işğalçılığı təsbit olunan və bu üzdən inkişafdan qalmış dövlətin dünya miqyasında müəyyən havadarları mövcuddur. Onlar bəlli səbəblərdən Ermənistandan Azərbaycanın işğal etdiyi ərazilərini qeyd-şərtsiz tələb etmək əvəzinə, müəyyən manevrlər edirlər, de-fakto Qarabağ məsələsində Azərbaycana münasibətdə ikili standartlar çərçivəsində davranırlar. Bu isə nəticə etibarı ilə ona gətirib çıxarır ki, Ermənistan rəzil durumda olmasına baxmayaraq, özünü  müəyyən qədər arxayın və arxalı hiss edir, Azərbaycanın ərazilərini könüllü boşaltmaq istəmir.

 Faiq İsmayılov
Soyqırım və Terror Əlehdarları QHT Koalisiyasının sədri,
Nazirlər Kabineti yanında “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun”un üzvü

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır