Modern.az

Dövlət Komitəsi dini ədəbiyyatın idxal və istehsalı barədə məlumat yaydı

Dövlət Komitəsi dini ədəbiyyatın idxal və istehsalı barədə məlumat yaydı

Təhsil

22 Sentyabr 2014, 15:16

“Dini ədəbiyyat, audio, video disklər və dini təyinatlı əşyalarla Dövlət Komitəsinin müvafiq ekspertiza şöbəsi məşğul olur. Ölkə ərazisində çap olunan və ya istehsal olunan, o cümlədən ölkəyə idxal edilən dini məzmunlu ədəbiyyat və digər məmulatlar qanunvericiliyin tələblərinə uyğun olaraq, ekspertlər tərəfindən yoxlanılır, müvafiq rəy verilir. Qanunvericiliyin tələblərinə uyğun olduğu halda idxal və istehsala icazə verilir”.

Bunu Modern.az saytına açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli bildirib.

DQİDK rəsmisi qeyd edib ki, hazırda Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq,  dini ədəbiyyatlara və dini təyinatlı digər məmulatlara xüsusi nəzarət markasının tətbiq edilməsi istiqamətində işlər davam edir:

“Bu proses başa çatdıqdan sonra üzərində nəzarət markası olan ədəbiyyatlar və dini təyinatlı digər məmulatların ölkə ərazisində yayılması asanlaşacaq. İstehlakçılar üzərində marka olan ədəbiyyatları rahatlıqla əldə edə biləcəklər”.

Orxan Əlinin sözlərinə görə nəzarət markasının tətbiq edilməsi eyni zamanda pirat nəşrlərin də qarşısını alacaq.

Mətbuat xidmətinin rəhbəri bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələrində “qadağan olunmuş ədəbiyyat” adı ilə dərc edilmiş siyahıya da münasibət bildirib: “Ümumiyyətlə “qadağan olunmuş ədəbiyyat siyahısı” adlı anlayış yoxdur. Sadəcə olaraq ölkəyə idxalı məqsədəuyğun hesab edilməyən ədəbiyyatlar mövcuddur ki, onların qanunvericiliyə uyğun olaraq yayılmasına icazə verilmir. Dərc edilmiş siyahının Dövlət Komitəsinə aidiyyatı yoxdur”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!