Modern.az

Namus böhranı...

Namus böhranı...

26 İyul 2010, 15:01

Çoxdan yazmaq istədiyim, ancaq hər dəfə də yeni faktların ortaya çıxması səbəbindən gecikdirdiyim mövzunu nəhayət ki, qələmə almağa qərar verdim. Buna təkan verənsə bu yaxınlarda eşitdiyim rəzil bir xəbər - ölkənin şimal rayonunda 32 yaşlı birisinin 70 yaşlı nənəsinə təcavüz etməsi xəbəri oldu (?!). Bəs daha öncə bu kimi hansı xəbərləri eşitmişdik hamılıqla? "50 yaşlı kişi 5 yaşlı qız uşağına qarşı əxlaqsız hərəkətlər etdiyinə görə 14 il azadlıqdan məhrum edilib", "Azyaşlı qızı zorlamaqda təqsirləndirilən 57 yaşlı "x" rayon sakini saxlanıb", "Ata öz qızını zorlayıb", "x" rayonda qaynata gəlininə təcavüz edib", "Anasına sataşıb"... Bu xəbərlər xeyli adiləşmiş zorlama halları içərisində daha qabarıq şəkildə seçilənləridir. Ağılagəlməz xarakterlərinə görə. Bütün bu sadalananlar və saymaq imkanında olmadığımız onlarla belə olaylar BİZİM MƏMLƏKƏTDƏ yaşanır.

Tarix boyu türk etnosu, onun bir hissəsi olan Azərbaycan xalqı yüksək mənəvi, əxlaqi keyfiyyətlərin, namus, qeyrət kimi özəl xüsusiyyətlərin aşırı daşıyıcısı kimi tanınıb. Cəmiyyətin diri və duru saxlanmasında, pak təməllər üzərinə qurulan ailənin, tək-tük yolundan sapanlara qarşı göstərilən kəskin el qınağının əvəzsiz rolu olub. Təəssüf ki, bu gün ölkəmizdə mənəvi, əxlaqi dəyərlərə qarşı gözəgörünməz qüvvələrin başlatdığı savaş müəyyən dərəcədə öz "bəhrəsini" verməkdədir. Bu mənəvi terrorun ssenaristləri bəlkə xaricdə əyləşiblər, amma bu rəzalət ssenarisinin aktyorları içimizdən olanlardır. Açıq etiraf etmək lazımdır ki, hər gün daha çox insan, xüsusən gənclər sürətlə fırladılan bu əxlaqsızlıq dəyirmanının daşları arasına düşürlər.   

Bəs mühafizəkar bir cəmiyyətdə, əxlaq, namus məsələlərinə əlahiddə önəm verən türk-müsəlman toplumunda insanların mənəvi pozğunluğa yuvarlana bilməsini stimullaşdıran hansı səbəblərdir?

Səbəblər sırasında ilk öncə qloballaşma deyilən prosesin özü ilə gətirdiyi ünsürləri qeyd etmək olar. "Daha çox kapitala sahib olmaq" düşüncəsinə söykənən bu proses hədəfinə çatmaq üçün ən ülvi, toxunulmaz dəyərlərə belə əl uzadır. Bu gün ölkədə intişar tapan cinsi istismarı, insan alverini törədən də şəhvani hisslərin təmin olunması yox, məhz daha çox para qazanmaq niyyətidir. Bu sahədə bazar açanlar sözsüz ki, öz "piştaxtalarını" daha zəngin etməkdə maraqlıdırlar. Bu isə hər gün daha bir neçə gəncin namuslu həyata əlvida deməsi hesabına baş verir. İstirahət zonaları, sauna, masaj salonu və s. yarlıqlar altında fəaliyyət göstərən əksər obyektlərin gerçək fəaliyyətinin cinsi istismar olduğu heç kimdə şübhə doğurmur. Və ən dəhşətlisi də odur ki, bu kimi kirli məkanlar həmin ərazilərə nəzarət edən qurumların "razılığı" ilə fəaliyyət göstərirlər.       

 

Tək Azərbaycanda deyil, bütün dünyada mənəvi dəyərlərin aşınmasında, insanların (yenə də əsasən gənclərin) əxlaqi keyfiyyətləri əldən verib şəhvani hissələrə girov düşməsində günü-gündən gəlişən elektron texnikanın xüsusi rolunu qeyd etməmək olmur. Söhbət təbii ki, televiziyadan, internetdən və mobil rabitədən gedir.

 

Bu gün Azərbaycan teleməkanında hökm sürən əxlaq böhranından indi hamı şikayətçidir. Dövlət məmuru da, millət vəkili də, jurnalist də, işçi də... Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev təxminən bir il öncə Azərbaycan teleməkanındakı acınacaqlı durumla bağlı xüsusi məqalə ilə çıxış etdi. O məqalədə sadalanan mənfi halların aradan qaldırılması ilə bağlı tövsiyələr verilmişdi. Və bu tövsiyə sıravi bir vətəndaşın, sıradan bir dövlət məmurunun deyildi. R.Mehdiyevin iradlarından biri özəl telekanalların efirində titrdə verilən "qaçan mesajlar"a idi. Qısa müddətdə bu mesajlar yığışdırıldı. Amma bu gün yenə "imkanlı, yaraşıqlı oğlan axtaran" qızların, "18-20 yaşlı sarışın qız axtaran" oğlanların mesajları televiziya titrlərində o yan-bu yana qaçır. Demək ki, daha çox kapital qazanmaq üçün hər şeyini qurban verməyə hazır olanların iradəsi qalib gəlib.

 

Ümumiyyətlə, Azərbaycan teleməkanında efir saatının əhəmiyyətli bir hissəsini işğal etmiş "şou-biznes" deyilən aləmin mənsublarının təbliğ olunan yaşam tərzi özü bir əxlaqsızlıq məktəbini xatırladır. Atası bəlli olmayan uşaq dünyaya gətirən müğənnilərin ən mötəbər tədbirlərdə önə çəkilməsi, kişiliyini tək mənəvi baxımdan deyil, həm də cismani olaraq itirmişlərin ekranlarda meydan sulaması, ailəsi olmayanların ailə haqqında mühazirələr oxuya bilməsi ortaya örnək kimi çıxır. Biriləri özlərinə haqq qazandırmağa örnək görürlər onları - "Mən niyə belə olmayım" deyə.

 

Bu gün mənəvi aşınmada önəmli rol alan internetin gətirdiyi bəlalar özünü açıq şəkildə büruzə verməkdədir. Söhbət bütövlükdə internetdən yox, onun mənəvi mühitin pozulmasındakı rolundan gedir. Bir neçə ay öncə Türkiyə prezidenti Abdullah Gül bildirmişdi ki, dünyada "erməni soyqırımı"na aid bir milyondan artıq sayt yaradılıb. Kimdir bu saytları yaradan? Ermənilər. Və daha çox da internet aludəçisi olan erməni gəncləri. Bir milyondan artıq "soyqırımı" saytını başqa millətin nümayəndəsi onların əvəzinə ortaya qoymayıb. Bəs bizim gənclər (müəyyən kəsimi nəzərə almasaq) internetdə vaxtlarını nəyə həsr edirlər? Bu sualın cavabını paytaxtdakı istənilən internet klubunda tapmaq mümkündür. Yan-yana düzülüb "tanışlıq səhifələri"ndə gün keçirən oğlan və qızların təməl məqsədi ailə qurmaq deyil təbii ki... İnternet üzərindən də ailə qurular?...

İndi tək gənclərin yox, yaşlı insanların da həvəskarlıq etdiyi mobil telefon klipləri, dairəsi genişlənən mənəvi aşınmada özünəməxsus yer almaqdadır. Əgər əvvəllər iyrənc səhnələrlə dolu olan bu "kliplər" xarici istehsal idisə, indi bu sahədə "yerli çəkilişlər" "çiçəklənmə" dövrünü yaşayır. Demək olar ki, əksər gənclərin, yeniyetmələrin, hətta uşaqların sahib olduğu cib telefonları gerçək təyinatından, yəni bir rabitə vasitəsi olmaqdan daha çox yüngül, əxlaqsız məşğuliyyətlər üçün istifadə olunur. Bu da bir çox hallarda faciələrə, ağır cinayətlərə yol açır.

Milli Məclisdə "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda keçirilən dinləmələrdə çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov məlumat vermişdi ki, son dövrlər şəxsiyyət əleyhinə olan cinayətlərdən 388-i 16 yaşına çatmayanların cinsi əlaqəyə cəlb edilməsi olub. O.Zalovun sözlərinə görə, sonuncu hal ölkənin cənub bölgəsində üstünlük təşkil edir. Nazir müavini son zamanlar qısqanclıq zəminində (əslində namus üstə) qəsdlərin artdığına da diqqət çəkmişdi. 

 

İmkan çərçivəsində sadaladığımız və ya burada qeyd olunmasa da hər kəsə bəlli olan əxlaq pozğunluğunun yayğınlaşmasını necə önləmək sualı çıxır ortaya. Müxtəlif təkliflər var. Bu sahədə qanunvericiliyin sərtləşdirilməsindən tutmuş, bir sıra Şərq ölkələrində tətbiq olunan Şəriət qaydalarını tətbiq etməyə qədər. Amma təcrübə göstərir ki, bu sahədə nizam yaratmaq üçün yalnız inzibati metodların tətbiqi o qədər də effekt vermir. Əgər ağır Şəriət cəzalarının hakim olduğu məmləkətlərdə əxlaqsız əməllərə görə cəzalandırılanlar varsa, demək, bu hələ çarə deyil.

    

Cəmiyyətin mənəvi saflığının təmin olunmasında, millətin gələcəyini təmin edən namuslu gənclərin yetişdirilməsində inzibati amillərlə yanaşı, mənəvi tərbiyə önə çəkilməlidir. Gəncin özünə şəxsiyyət kimi yanaşmasını aşılamaq, sözçülük səviyyəsində deyil, ciddi ideoloji söykənəcəyi olan milli qeyrət, vətənpərvərlik duyğularının təbliği, bir də gerçək Türk, İslam dəyərlərinin təbliği bu sahədə mənəvi tərbiyənin təmin olunmasında əhəmiyyətli rol oynaya bilər.

Digər tərəfdən, ailədə insanların bir-biri üzərində nəzarət imkanlarını artırması, xüsusən valideynlərin övladlarının gündəlik həyatları barədə davamlı ilgilənməsi hazırda boşluq hesab olunan məsələlərdəndir.

  

Azərbaycan hüquqi dövlət olduğu üçün burada Şəriət qaydalarının tətbiqi mümkün deyil. Amma hazırda qüvvədə olan qanunvericiliyə az-çox əməl olunmasının özü də həyatımızda əl-qol açan əxlaqsızlıq çirkabının cilovlanmasına öz töhfəsini verə bilər.

 

Və sonda. Ola bilsin, kimlərsə yazının başlığına çıxardığımız "Namus böhranı" yarlığını qəbul etməyərək bunun bütövlükdə cəmiyyət üçün ağır ittiham kimi səsləndiyini deyələr və bizi qınayalar. Olsun. Amma Azərbaycan kimi özünəməxsus dəyərləri ilə seçilən bir türk yurdunda, müsəlman cəmiyyətində əxlaq problemi 0.1 faizi təşkil edirsə də, bu bizim üçün böhran sayılmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır