Modern.az

Ən yaşlı tələbənin qızı: “Bütün uğurlarım üçün atama minnətdaram” - MÜSAHİBƏ

Ən yaşlı tələbənin qızı: “Bütün uğurlarım üçün atama minnətdaram” - MÜSAHİBƏ

Müsahibə

25 Sentyabr 2014, 14:18

 

Modern.az saytı xaricdə oxuyan azərbaycanlı tələbələrlə müsahibələrin təqdimatına davam edir. Budəfəki müsahibimiz Almaniyanın Saarland Universitetində  təhsil alan və atası bu ilin ən yaşlı tələbəsi olan Təhminə Şahgəldiyevadır. Təhminə Şahgəldiyeva 1989-cu ildə Naxçıvan şəhərində anadan olub. 2007-ci ildə TQDK-nın təşkil etdiyi qəbul imtahanlarında yüksək nəticə göstərib. Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə oxuyub, və prezident təqaüdçüsü adına layiq görülüb.

Univeristetlərarası dostluq yolumu “Cərrahpaşa”ya saldı “4-cü kursda universitetlərarası ikili anlaşma çərçivəsində  İstanbul  Universitetinin Cərrahpaşa tibb fakültəsində təhsilimi davam etdirmək üçün Türkiyəyə getmişəm. 2013-2014 tədris ilində isə tələbə mübadiləsi  proqramı çərçivəsində təqaüdlə  Almaniyanın Rhenische-Friedrich Wilhelms Universitetində təhsil aldıqdan  sonra  Almaniyada uzmanlıq təhsili almaq üçün müraciət etdiyim Saarland Universitet klinikasından müsbət cavab gəlib. Qısa bir müddət sonra eyniadlı universitetin klinikasının Nevrologiya kafedrasında uzmanlıq təhsilimə başlayacağam”.

 Ediləcək tək bir şey var, o da istəkləri həyata keçirmək

- Xaricdə təhsil almaq istəyənlərə nə məsləhət görərdiniz?

 - Tibb hazırda dünyada ən sürətli inkişaf tempinə sahib olan sahələrdən biridir. Bir il əvvəl hazırlanan hər hansı bir ədəbiyyat artıq bu il köhnə sayıla bilər. Çünki bu bir il ərzində artıq kifayət qədər yeni sayıla biləcək biliklər əldə olunur. Yeni tədqiqatlar aparılıb fərqli nəticələr alına bilər. Bütün bu yenilikləri bilmək, onlardan xəbərdar olmaq üçün, əlbəttə, bu sahənin inkişafda olduğu ölkələrdə təhsil almaq daha avantajlıdır. Üstəlik, məktəb illərindən xaricdə təhsil almaq istəyi əlavə olunandan sonra artıq ediləcək tək bir şey var idi - Bu istəyi həyata keçirmək. Atalarımızın çox dəyərli bir sözü var: “Niyyətin hara, mənzilin də ora”. Belə bir arzusu olan gənclərimizə tövsiyə  edərdim ki, öz istəklərindən qətiyyən vaz keçməsinlər. Hesab edirəm ki, hər kəsin ən azından bir fərqli ölkə, mədəniyyət və dil öyrənməsi vacib şərtdir”.

- İlk vaxtlar hansı çətinliklərlə üzləşdiniz?

- “Türkiyədə oxuduğum müddətdə  hər hansı ciddi çətinliyim olmadı. Çünki  Azərbaycan və Türkiyə tamamilə oxşar olan mədəniyyətə, dilə və adət ənənələrə sahib olan ölkələrdir. Almaniyada isə sadəcə, ilk yaşadığım zamanlarda dillə bağlı çətinliklərim olub. Çünki alman dilini çox qısa bir müddətdə öyrənmişdim və öyrəndiyim səviyyə ilə dünyanın hər yerində eyni dərəcədə çətin olan tibb təhsili almaq bir az problem yaratmışdı. Amma bu çox az müddət belə davam etdi. Həm müəllimlərimizin yardım sevərliyi, həm də bir az daha artıq çalışmaq hesabına artıq qısa zaman sonra bunun öhdəsindən gələ bilmişdim”.

Almaniyada nadir hallarda əsəbi, aqressiv insanlar görmək olar

- Azərbaycanla müqayisədə yaşam tərzində, cəmiyyətin fikrində hansı fərqləri gördünüz?

- Almaniyada olduğum müddətdə məni maraqlandıran müxtəlif məqamlar oldu. Almanlar bizə görə daha pozitiv,  çalışqan və özlərinə güvəncləri daha yüksək insanlardır. Dialoqa önəm verir və daha çox zaman ayırırlar. Orda olduğum müddətdə nadir hallarda əsəbi, aqressiv insanlar gördüm. İdmanı çox sevirlər. Günün istənilən vaxtında küçələrdə idman geyimli qaçan, yaxud sadəcə olaraq yürüş edən insanları görmək olar. İstirahətlərinə çox önəm verirlər. Məsələn, almanlarda “bu il məzuniyyətdə hansı ölkəyə getmək daha yaxşı olardı” mövzusu hər zaman sevilir və məmnuniyyətlə müzakirə edilir.

- Siz həm Azərbaycan, həm Türkiyə, həm də Almaniyada təhsil almısınız. Üç ölkənin təhsili arasında fərqlər hansılardır? Müsbət və mənfi cəhətlər nədir?

- Almaniya və Türkiyədə mövcud olan  təhsil sistemlərini  Azərbaycandakı təhsil sistemi ilə müqayisə etsək, həqiqətən də önəmli fərqlərin olduğunu görəcəyik. Türkiyə və Almaniya daha bənzər sistemə sahibdirlər, ya da ən azından bu mənim gördüyüm qədəri ilə belə idi. Məsələn, həm Türkiyədə, həm də Almaniyada universitetdə mühazirələrə daha çox zaman ayrılırdı və gündəlik tələbənin biliyinin qiymətləndirilməsi aparılmırdı. Mühazirələr, adətən çox yüksək səviyyədə keçirilirdi və mühazirəni aparan müəllimlər ən son yenilikləri bizə çatdırırdılar. Bir də fərq onlarda son dərəcə zəngin, bizə lazım ola biləcək əksər ədəbiyyatlarla təchiz olunmuş kitabxanaların mövcudluğudur.

- Almaniyada və Azərbaycanda ali məktəb müəllimlərini müqayisə etsəniz, nələri demək istərdiniz? - Əslində  belə  bir müqayisə aparsam, nə dərəcədə obyektiv olacağıma əmin deyiləm. Ancaq onu deyə bilərəm ki, mən Tibb Universitetində təhsil aldığım 3 il ərzində, eyni zamanda həm Türkiyə, həm də Almaniyada savadlı, bilikli, tələbə ilə yaxın ünsiyyət qurmağı bacaran, tələbəyə hər daim yardım etməyə hazır olan müəllimlərimiz olub.

- Təhsil aldığınız universitetdə Azərbaycanlı tələbələr var?

- İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayı kifayət qədər çoxdur, amma Almaniyada təhsil aldığım universitet haqqında eyni şeyi deyə bilməyəcəyəm. Tibb fakültəsində təhsil alan yeganə azərbaycanlı mən idim, digər fakültələrdə təhsil alan azərbaycanlı tələbələrin ümumi sayı isə barmaqla sayılacaq qədər az idi. Tək olmağımın məsuliyyətini hiss edirdim. Üzərimə düşən davranışımla, biliyimlə çalışqanlığımla, istər müəllimlərdə, istərsə də tələbə yoldaşlarımda bizim insanımız haqqında düzgün təsəvvür yaratmaq idi. Əlimdən gəldiyi qədəri ilə bunu etməyə çalışırdım.


İnsan üçün ən rahat yer doğulduğu yerdir

- Azərbaycan üçün darıxırdınız? - Təbii ki, insan doğulub-böyüdüyü, illərlə yaşadığı şəhəri, doğma insanlar üçün darıxır. Hesab edirəm ki, insan dünyanın harasına gedərsə getsin, əslində ən rahat olduğu yer məhz doğulub boya-başa çatdığı, uşaqlıq illərini keçirdiyi yerlərdir.

- Azərbaycandakı hadisələri izləyirsinizmi, yoxsa qərib diyarda ölkənizdən xəbərsiz qalmısınız?

- Əlbəttə, vaxtım və imkanım olanda ölkəmizdə baş verən hadisələrdən, yeniliklərdən xəbər tutmağa çalışırdım. Onu da deyim ki, yaşadığımız bu çağda xəbərsiz qalmağı qəbul edə bilmirəm.

- Azərbaycanın milli bayramlarını qeyd edə bilirsiniz?

- İstanbulda təhsil aldığım zaman, demək olar ki, bütün bayramlarımızı qeyd edirdik. İstanbulda güclü bir azərbaycanlı tələbə gənclər təşkilatı var idi və yüksək səviyyədə də tədbirlər təşkil edirdilər. Özümüz də tələbələrdən birinin evinə toplaşar, vətənimizdən, ailəmizdən uzaqda da olsa bu bayramları öz adət-ənənələrimizə uyğun qeyd etməyə çalışardıq. Almaniyada olarkən Köln şəhərində Novruz bayramı münasibəti ilə möhtəşəm bir tədbir keçirilmişdi və biz də bir qrup azərbaycanlı tələbə orada iştirak etmişdik”.


Fevral karnavallarında yaşlılar rəngli kostyumlar geyinir

- Almaniyanın hansı maraqlı adət-ənənələri var? - Almaniya deyəndə ağlımıza ilk gələnlərdən biri hər il fevral ayına təsadüf edən karnavallardır. Bu karnavallardan da ən məşhuru məhz Köln şəhərində təşkil olunur. Karnavallar çox maraqlı, fərqli və rəngli görüntülərə sahiblik edir.  Bu karnavalda hətta yaşlı nənə-babaların belə rəngbərəng kostyumlar geyinməsi,  karnaval keçidində iştirak etmələri diqqətimi çəkmişdi. Pasxa bayramını da almanlar çox böyük bir coşqu ilə qeyd edirlər. Bu bayramda, adətən bir-birlərinə şokoladdan hazırlanan balaca dovşan və yumurtalar hədiyyə edirlər.

- Almanların bəyənmədiyiniz adəti, mənfi cəhətləri hansıdır?

 - Bir yer, orada yaşayan insanlar haqqında tam fikir sahibi olmaq üçün, əlbəttə, orada uzun müddət yaşamaq lazımdır. Almaniyada yaşadığım bir il boyunca dili, mədəniyyəti bu qədər fərqli olan bir ölkədə heç bir çətinlik yaşamadım və hazırda Almaniya ilə bağlı, sadəcə xoş təəssüratlara sahibəm. Almanlar bəlkə bizim qədər istiqanlı, qonaqpərvər deyillər, amma son dərəcə yardımseverdirlər. Adətən, işlərinə, vəzifələrinə son dərəcə məsuliyyətli olurlar. Dəqiq və çox çalışqandırlar.  

- Atanız bu ilin ən yaşlı tələbəsidir. Yəqin ki, sizin elmə, təhsilə bu qədər həvəsli olmağınızda onun da rolu var?

- Atam hər zaman məni dəstəkləyib . Lap uşaq yaşlarımdan mənə kitaba, elmə biliyə sevgini aşılayıb. Bir insanın digərindən, sadəcə biliyi və savadı ilə üstün ola biləcəyini söyləyib. Bu günə qədər əldə etdiyim bütün uğurlara görə atama sonsuz minnətdaram.


Rüfanə GÜNƏŞ

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi