Modern.az

Qəzetlər 20 min manatlıq yardımı hara xərcləyəcək? (sorğu)

Qəzetlər 20 min manatlıq yardımı hara xərcləyəcək? (sorğu)

26 İyul 2010, 16:29

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar imzaladığı sərəncamlardan biri ilə 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə isə 10 min manat birdəfəlik maliyyə yardımı ayrılıb. Maraqlıdır, siyahıda  adı olan KİV-lər ayrılan vəsaiti necə xərcləyəcəklər, media quruluşları həmin maliyyədən öz əməkdaşlarına da verəcəkmi? Modern.az bu suala cavab almaq üçün bəzi KİV-lərin redaktorları ilə əlaqə saxlayıb.  

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı son dövrlərdə bütün qəzetlərin maliyyə problemlərinin olduğunu deyir: “Bizim qəzetin də maliyyə vəziyyəti heç də yaxşı deyil, borclarımız var, hətta “Azərbaycan” nəşriyyatı bizə xəbərdarlıq da göndərib. Təbii ki ayrılan vəsaitdən borcların verilməsinə, jurnalistlərə əmək haqqından əlavə, mükafatların verilməsi də nəzərdə tutulub. Bundan əlavə saytımızı yeniləməyi də düşünürük”.

A.Aşırlı hesab edir ki, qəzetlərə və agentliklərə ayrılan bu vəsait qəzetlərin ayaqda durması üçün çox önəmlidir: “Amma qəzetlərin kökündən dəyişməsi bu vəsaitlə mümkün deyil. İnkişaf üçün ilk növbədə reklam bazarındakı inhisarçılığa son qoyulmalı, qəzetlər rayonlarda da əlyetərli hala gətirilməli, mövcud qəzet köşklərinin sayı artırılmalıdır. Bu problemlər həll olmayınca, qəzetlərin köklü inkişafından söz gedə bilməz”.

 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də ayrılan vəsaitlə ümumiyyətlə, komleks tədbirlər görüləcəyini planlaşdırılacağını deyir: “Bura həm sosial problemlərin həlli, həm də maddi-texniki bazanın gücləndirilməsi daxildir”. 

“Mərkəz” qəzetinin baş redaktor müavini Nicat Sadıqlı hökumətin tövsiyyəsinə əsasən sosial xərclərin ödənəcəyini, eləcə də maddi-texniki bazanın gücləndiriləcəyini deyir: “Ötən illərdə ayrılmış yardımlarla sosial problemlərin həlli, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görüldüyü kimi, bu dəfə də həmin məsələlər prioritetimizidir. Təbii ki, bu yardımdan jurnalistlərə də pay düşəcək. Burda iş səviyyələri nəzərə alınacaq, çünki heç də bütün jurnalistlər eyni səylə işləmir”.

 

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli onların payına düşən vəsaitin xərc istiqamətləri barədə hələ ki, konkret qərarlarının olmadığını deyir: “Əvvəla, bu yardım üçün Prezidentə çox təşəkkür edirik. Biz bu həftə kollektivin iclasını keçirib, vəsaiti hansı vacib problemlərin həllinə yönləndirəcəyimizi müəyyənləşdirəcəyik”.

 

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov da konkret qərarın kolektivin iclasından sonra olacağını bildirib. Buna baxmayaraq artıq ənənə halını almış qərarlar da var: “Əvvəlki yardımlardan 60% müxbirlər arasında bölüşdürüldü. Qalanı isə digər problemlərin həllinə yönəldildi. Bu dəfə də yardımın ən azı 50%-ə qədəri jurnalistlər arasında bölüşdürüləcək”.

“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu əvvəlki yardımlarda olduğu kimi, bu dəfə də ədalətli bölgü prinsipini əsas tutacaqlarını deyib: “Digər redaksiyalara nisbətdə biz yardım məsələsində hesab edirəm ki, daha ədalətli davranırıq. Belə ki sıravi əməkdaşdan tutmuş redaksiyanın müxbirlərinə kimi hər kəsə yardımdan pay düşəcək”.

 

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev sorğumuzu belə cavablandırıb: “Ayrılan vəsaitlər perspektivə yönəlik ən zəruri ehtiyacların ödənməsinə xərclənəcək”. Xumar Bayramqızı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir