Modern.az

700 bal toplayan abituriyentlər (foto)

700 bal toplayan abituriyentlər (foto)

Ölkə

27 İyul 2010, 11:06

st1:*{behavior:url(#ieooui) }

Modern.az onları bir-bir sizə tanıdır Yenicə başa çatan ali məktəblərə qəbul imtahanlarında 7 abituriyent  test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə Modern.az-a bildirib ki, IV ixtisas qrupu üzrə 3 nəfər, I ixtisas qrupu üzrə 2 nəfər, II ixtisas qrupu üzrə də 2 nəfər 700 bal toplayıb. Yalnız III ixtisas qrupundan heç kim 700 bal toplaya bilməyib. Modern.az saytı 700 bal abituriyentləri oxuculara tanıtmağa  başlayır. Qeyd edək ki, ötən ilki qəbul imtahanlarında iki nəfər 700 bal toplaya bilmişdi. Onların hər ikisi III qrupdan olan abituriyentlər idi.

 

Beləliklə, 700 bal toplayan builki abituriyentlər uğurları barədə Modern.az-a danışırlar. Hələlik gəlin 7 nəfərdən birincisi ilə tanış olaq.

 

IV ixtisas qrupu üzrə imtahan verərək ən yüksək nəticə əldə edən Aygül Tanrıverdiyeva.

Aygül Tanrıverdiyeva Bakı şəhərində yaşayır. Binəqədi rayonu 115 nömrəli orta məktəbi bitirib. IV sinifə kimi isə 212 nömrəli orta məktəbdə oxuyub. Modern-aza müsahibəsində Aygül deyib ki,  IV qrup üzrə olan fənlərin beşindən də repititor yanına gedib: “10-cu sinifdə üç fəndən, 11-ci sinifdə beş fəndən repititor yanına getmişəm. Mən istəyirdim ki, imtahana daha dəqiq hazırlaşım. Ona görə də repititor yanına getdim. Repitotorların köməyi çox olur, adam daha əzmlə çalışır. Ancaq onu dəqiq deyə bilmərəm ki, repitetor yanına getmədən də 700 bal toplamaq olardı, ya yox. Bəlkə də sistemli şəkildə oxusaq, bu mümkün ola bilər”.

Aygül belə uğur qazanmağı qaydalı, sistemlı oxumaqda görür: “Oxumağın təməli orta məktəbdə qoyulur. Mən elə aşağı sinifdən yaxşı oxumuşam. Oxumayıb, sonra 10-11-ci siniflərdə hazırlığa getməklə yüksək nəticə əldə etmək olmur. Uşaqlar var ki, gecələr də oxuyur, amma mən oxumurdum. Gecələr oxumağın mənası olmur”. Aygül Tanrıverdiyeva bu nailiyyətində valideynlər və müəllimlərinin də köməyinin çox olduğunu, təbii ki, özünün də çox çalışdığını deyib.

Maraqlıdır ki, Aygül heç vaxt sınaq imtahanlarında 700 bal toplaya bilməyib: “Sınaqlarda heç bir zaman 700 bal toplamamışam. 640-650 bal toplayırdım. Axırıncı sınaqda 670 bal topladım. Axırda da qəbulda 700 bal oldu. Məni ilk təbrik edən xalam qızı oldu. Elə nəticəmi də ilk dəfə xalamgil bilibər. Özüm imtahandan çıxandan sonra yazdığım cavabları Azərbaycan dili fənnindən yoxlatdırdım. Sonra “Space” telekanalında yayımlanan verilişi gözlədim. Ən çox fizika və riyaziyyatdan yazdığım cavablara  güvənirdim”.

 

IV qrupda yüksək nəticə əldə edən Aygül Tanrıverdiyeva 10-cu sinfə qədər hüquqşünas olmaq arzusu ilə təhsil alıb. Ancaq sonradan valideylərinin təsiri ilə III qrupa deyil, IV qrupa imtahan verib: “Bir vaxtlar hüquqşünas olmaq istəyirdim. 10-cu sinfə qədər bu ixtisası arzulamışam. Ancaq valideynlərimin təsiri ilə bu qrupa imtahan verdim. Sonradan özüm də fikirləşdim ki, ən yaxşısı tibb sahəsinə sənədlərimi verməkdir”.

 

Artıq abituriyentlərin ixsas seçimi də başlayıb. Aygül deyir ki, Azərbaycan Tibb Univeristetində Müalicə işi ixtisasını seçəcək. Ancaq öncə xaricdə təhsil almaq istəyir: “İstəyirəm ki, birinci, ikinci kursda təhsilimi xaricdə- Avropa ölkələrinin birində davam etdirim. Fikrim var ki, elə Türkiyənin Cərrahpaşa Universitetində təhsil alım. Sonra da elmi iş götürmək istəyirəm”.

 

Aygül dərslərini oxumaqla yanaşı, asudə vaxtlarında bədii ədəbiyyatla, musiqiylə də maralandığını söyləyir: “Ən çox tarixi ədəbiyyata üstünlük verirəm. Tarixi şəxsiyyətlərlə bağlı kitablar oxuyuram. Həmçinin həzin musiqi dinləməyində xoşlayıram”.

Təhminə Paşayeva

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!