Modern.az

Rektor: “Mikayıl Cabbarov nazir gələndən sonra təhsildə böyük irəliləyişlər var”

Rektor: “Mikayıl Cabbarov nazir gələndən sonra təhsildə böyük irəliləyişlər var”

29 Sentyabr 2014, 16:42

Modern.az saytının yeni " Danışır rektor" layihəsinin qonağı Azərbaycan Kooperasiya Universitetinin rektoru, millət vəkili, professor Eldar Quliyevdir.

Müsahibimiz həm rəhbəri olduğu universitet, həm də ümumi təhsil haqqında danışıb:

- Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulub. SSRİ dövrünə təsadüf edən həmin vaxtda sabiq Sentrosoyuzun Moskva Kooperativ İnstitutunun Bakı filialı kimi fəaliyyətə başlanıb və cəmi 2 fakültədən ibarət olub. Sonradan Poltava Kooperativ İnstitutunun filialı olub. SSRİ-nin süqutundan sonra əmlakı Azərittifaqa məxsus olduğuna görə onun müraciəti əsasında Nazirlər Kabinetinin qərarı ilə 1992-ci ildə təsisçisi Azərittifaq olmaqla müstəqil institut kimi fəaliyyət göstərməyə başlayıb.

“Azərittifaq”ın tabeliyində universitetimizdən əlavə Bakı Biznes və Kooperasiya kolleci də fəaliyyət göstərir. Kollec 1939-cu ildə Bakı Kooperativ Texnikumu kimi yaradılıb və orta ixtisas təhsilli mütəxəssislər hazırlamağa başlayıb.

Göründüyü kimi, bu il həm universitetimiz, həm də kollec üçün yubiley ilidir. Universitetin 50 illiyini, kollecin 75 illiyini qeyd etməyə hazırlaşırıq. Artıq təşkilat komitəsi yaratmışıq və ilin sonuna qədər yubiley tədbirlərinin keçiriləcəyini nəzərdə tuturuq.

Qeyd etməliyəm ki, universitetimizə ən böyük dəyəri verən, onun inkişafında əvəzsiz rolu olan xalqımızın ümummilli lideri Heydər Əliyev cənabları olub. Məhz onun 2001- ci il 31 avqustda verdiyi fərmanda Azərbaycan Kooperasiya İnstitutunun fəaliyyətinin genişləndirilməsi tapşırılırdı. Bu tapşırığa uyğun olaraq Təhsil Nazirliyi ilə birlikdə institutun bazasında universitet yaradaraq profilini genişləndirdik, əlavə ixtisaslar üzrə kadr hazırlığına başladıq. Hazırda universitetimizdə 18 ixtisas üzrə ali təhsilli mütəxəssislər hazırlanır. Universitetdə 8 dekanlıq, 27 kafedra, qiyabi şöbə, magistratura, doktorantura şöbələri fəaliyyət göstərir. Əsasən maliyyə və iqtisadyönümlü ixtisaslar üzrə kadr hazırlığı aparılır. Bundan əlavə ingilis dili (tərcümə) , riyaziyyat, ekologiya, coğrafiya ixtisasları üzrə də mütəxəssislər hazırlanır. Yalnız kooperasiya sistemi üçün deyil, dövlət orqanları və bələdiyyələr üçün də kadrlar hazırlayırıq. Universitetə tələbə qəbulu " Təhsil haqqında" qanuna uyğun aparılır. Sifarişlərimizi Təhsil Nazirliyi ilə razılaşdıraraq. Nazirlər Kabinetinə veririk, Təhsil Komissiyasında baxıldıqdan sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir. Qəbul imtahanlarının nəticələrinə əsasən abituriyentlər özləri seçim edirlər. Bizim universiteti seçən tələbələri məmuniyyətlə tələbələrimiz sırasına qəbul edirik.

- Keçən illə müqayisədə universitetə tələbə qəbulunun vəziyyəti necədir?

- Ötən ildə olduğundan bir qədər çox tələbə qəbul etmişik. 2014/2015 -ci tədris ilinə bizə qəbul üçün ayrılan yerlərin sayı da keçən ildən çox idi. Lakin, 2013 -cü ildən fərqli olaraq bu il qiyabi təhsil forması üzrə qəbul sifariş verə bilmədiyimizə görə ayrılan 1245 yerdən 200 nəfər az tələbə qəbul olunub.

- Universitetdə təhsil haqqını necə müəyyənləşdirirsiniz?

- Universitetimizdə təhsil ödənişlidir. Təhsil haqları müəyyənləşdirilərkən biz xərclərimizi əsas götürürük. Ona görə ki, universitetin maliyyələşməsinin yeganə mənbəyi ödənişli təhsildən daxil olan vəsaitlərdir. Bilirsiniz ki, son vaxtlar kommunal xərclərin səviyyəsi xeyli artıb və bu artım müəssisələr üçün daha yüksəkdir. Maddi-texniki bazanın saxlanması, əsaslı və cari təmir işləri, müasir avadanlıqlar alınması böyük vəsait tələb edir. Pedaqoji kadrlarımızı qorumaq, onların sosial müdafiəsini təmin etmək və kadr axınına yol verməmək üçün müəllimlərin əmək haqqını digər universitetlərlə uyğunlaşdırmağa çalışırıq. Bunların hamısı xərclərin ümumi səviyyəsinin artımına təsir göstərən amillərdir. Bununla yanaşı, başqa universitetlərdə təhsil haqqı səviyyəsini də izləyirik. Düşünürük ki, müəyyən etdiyimiz təhsil haqları xərclərimizə mütənasibdir, ədalətlidir və eyni ixtisaslar üzrə kadr hazırlığı aparan universitetlərlə ciddi fərqlər yoxdur.


- Lazımi krediti toplaya bilməyən tələbələrlə işi necə qurursunuz?

- Bütün ali təhsil müəssisələri kimi biz də Boloniya sistemi ilə təhsil üsuluna keçmişik. Tələbələr hər bir semestrdə müəyyən olunmuş kreditləri toplamalıdırlar. Əks halda tələbənin akademik borcu yaranır və onu ləğv etməsi tələb olunur. Akademik borcun ləğv edilməsi Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 saylı qərarı ilə Təhsil Nazirinin 2014-cü il 21 yanvar tarixli 40 saylı əmri ilə müəyyən olunmuş qaydalar əsasında aparılır. Bu normativ sənədlərin tələblərinə uyğun olaraq akademik borcu qalan tələbələr universitetdən xaric olunmur. Onlara əsas dərs vaxtlarından kənar vaxtlarda müvafiq kurs və ixtisas qruplarında akademik borcu olan fənlərdə yenidən iştirak etməklə borclarını ləğv etməyə şərait yaradırıq. Bundan əlavə, akademik borcu qalan tələbələr üçün tədris ilinin sonunda yay smestri təşkil olunur və tələbələrin belə məşğələlərdə iştirakı könüllüdür. Akademik borcların ləğvi prosesi ödənişli əsaslarla aparılır. Bu ödənişlərin məbləğini müəyyənləşdirərkən də güzəştlər tətbiq etməyə çalışırıq. Nəzərə alırıq ki, universitetimizdə təhsil alan tələbələr içərisində məcburi köçkün, qaçqın və şəhid ailələrindən, orta və aztəminatlı ailələrdən olanlar çoxdur və bir neçə fəndən akademik borc yarandııqda tələbə yüksək məbləği ödəməyə çətinlik çəkir. Belə problemlər yaranmaması üçün tələbələr arasında daim təbliğat işi apararaq, onları məşğələlərdə müntəzəm iştirak etməyə və ilk dəfədən imtahanları müvəffəqiyyətlə verib lazımi kreditləri toplamağa, akademik borc yaranarsa vaxtında ləğv etməyə sövq edirik. Lakin bəzi tələbələr akademik borca görə universitetdən xaric olunmayacaqlarını bilərək səhlənkarlıq edir, əlavə məşğələlərdə və yay semetrində iştirak etmirlər ki, bu da kredit borclarının yığılıb qalmasına səbəb olur. Belə tələbələr nəzərə almırlar ki, məsələn bir yay semestrində borcu ləğv etmək üçün götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır. Nəticədə sonuncu kursa gələndə tələbənin 20-30 kredit borcu qaldığı aydınlaşır və onların ləğvi əlavə problemlər yaradır.

- Bəs hansı hallarda tələbələri universitetdən xaric edirsiniz?

- Qeyd etdiyim kimi, Boloniya sisteminə keçdikdən sonra imtahanlardan müvəffəq qiymətlər almayan tələbələri universitetdən xaric etmirik. Yalnız təhsil haqqı ödəməyən və universitetin daxili nizam-intizam qaydalarını müntəzəm olaraq pozan tələbələr universitetdən xaric olunurlar. Belə tələbələrimiz çox deyil və ildə ən çoxu 10-12 nəfər təşkil edir. Yeni qaydalara əsasən, xaric edilmiş tələbə bir-iki il sonra müraciət edərsə yenidən universitetə bərpa oluna bilər.

- Universitetdə imtahan prosesi necə təşkil olunur?

- Biz yazılı imtahan verilməsinə üstünlük veririk. Belə ki, yazılı formada imtahan vermə tələbələrə öz biliklərini nümayiş etdirməyə daha yaxşı şərait yaradır. Müvafiq fənn müəllimləri imtahanda iştirak etsələr də onlar imtahan gedişinə müdaxilə etmirlər. İmtahanların gedişi nəzarətçilər tərəfindən izlənilir, tələbələrin biliyini isə yaradılan komissiyalar qiymətləndirir.

Cənab Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra təhsil sistemində çox böyük irəliləyişlər var və mən onun bu sahədə daha böyük uğurlara imza atacağına inanıram. Tətbiq olunan yeniliklər imtahanların təşkili proseslərinin də yaxşılaşmasına, neqativ halların aradan qaldırılmasına xidmət edir.

Qeyd edim ki, imtahandan müvəffəq qiymət almayan bəzi tələbələr müxtəlif bəhanələr gətirməyə cəhd edirlər. Bütün məsuliyyətimlə bildirirəm ki, bilikli tələbə mütləq qiymət alır. Heç bir müəllim ədalətsizlik edərək tələbənin qiymətini kəsməyə risk etməz. Tələbələrə deyirəm ki, mən müəllim və dekanlardan əvvəl sizin rektorunuzam, haqlı şikayətlər üçün qapım həmişə açıqdır. İmtahanların təşkili zamanı komissiyası yaradırıq, qiymətləndirmədən narazı qalan tələbə bu komissiyaya müraciət edə bilər və komissiya onun şikayətinin obyektiv araşdırılmasını,biliyinin düzgün qiymətləndirilməsini təmin edir. Bundan əlavə, valideynlərin gəlib imtahanlarda iştirak etməsinə şərait yaradırıq ki, imtahan prossesinin ədalətli təşkilinin şahidi olsunlar.

Yeri gəlmişkən, valideynlərə bir daha müraciət edirəm ki, övladlarının məşğələlərdə müntəzəm iştirak etməsinə nəzarət etsinlər. Valideyn uşağı evdən yola salmaqla kifayətlənir, biz isə burada həmin tələbəni axtarırıq. Universitetdən xaric olunma məsələsi qalxdıqda isə onun övladının üzrsüz olaraq çoxlu dərs buraxdığına inandırmaq çətin olur. Ona görə də valideyn tərəfindən daimi nəzarət lazımdır.


- Sizdə əla qiymətlərlə oxuyan tələbələrə güzəştlər varmı?

- Bəli, tələbələri yaxşı oxumağa həvəsləndirmək üçün müxtəlif tədbirlərimiz var. Semestr imtahanlarının yekunlarına görə bütün qiymətləri "A" olan tələbələri qarşıdakı semestrdə təhsil haqqı ödənişindən yüz faiz azad edirik. Bundan əlavə, ildə iki dəfə müsabiqə yolu ilə ilin ən yaxşı müəllimi, kafedra müdiri, dekanı və iki tələbə nominasiyalarında fərqlənənləri müəyyənləşdirərək mükafatlandırırıq. Seçilən tələbələrə semestr ərzində ayda 100 manat təqaüd veririk. Müəllim 200 manat, dekan və kafedra müdiri hər biri 300 manat birdəfəlik mükafat alır.

Təxminən 10-12 nəfər "A" ilə oxuyan tələbələrimiz var. Təhsil Nazirliyinin pilot layihəsi olaraq təşkil olunan "Sabah" qruplarında özəl universitetlər iştirak etmir. Biz Təhsil Nazirliyi ilə razılaşaraq öz pilot layihəmizi hazırlamışıq. Universitetə bu il daxil olan 1000 nəfərdən birinci semestrin yekunu ilə 20-25 nəfər "A" qiyməti ilə oxuyanları seçərək " İstedadlı tələbələr" qrupu yaradacağıq. Onları aparıcı ixtisaslarımız olan " İqtisadiyyat" yaxud " Maliyyə" fakültəsinin nəzdindən yaratmağı nəzərdə tuturuq. Biz onları təhsil haqqı ödənişindən azad edəcək, ayda 100 manat təqaüd verəcəyik. Ən səriştəli müəllimlərimiz bu qrupda tədris aparacaqlar. Ancaq kim lazımı səviyyədə oxuya bilməsə geriyə öz əvvəlki qrupuna qaytarılacaq, təhsil haqqı ödəyəcəkdir.

Birinci kurs tələbələri ilə ilk görüşümüz zamanı onlara tövsiyyələrimdən biri də bu oldu ki, bakalavriat səviyyəsini uğurla başa vuraraq magistraturaya daxil olsunlar, təhsillərini daha yüksək səviyyədə davam etdirib alimlik dərəcəsi alsınlar, bizdə yaxud başqa təhsil müəssisəsində işlə təmin olunsunlar.

- Bəzən tələbələr dini cərəyanlara meyilli görünürlər. Bu mənada Sizin hansı problemləriniz var?

- Bu vaxta qədər hələ bizim universitetdə görünməyib ki, kimsə radikal dini qurumlara qoşulsun. Başqa yerlərdə bəzi gənclər təbliğata uyur və belə təşkilatlara qoşulurlar. Bizim çalışdığımız odur ki, təkcə bizdə yox, bütün ölkədə belə hallar baş verməsin. Son zamanlar gənclərdə vətənpərvərlik ruhu qalxıb. Universitetdə də tələbələr müraciət edir ki, biz Ali Baş komandanın əmrini gözləyirik və vətən uğrunda hər şey etməyə hazırıq.

- Universitetin beynəlxalq əlaqələri necədir, hansı xarici universitetlərlə əməkdaşlıq edirsiniz?

- Kooperasiya sisteminin təhsil müəssisəsi kimi yaradıldığımıza görə əsas əlaqələrimiz MDB ölkələrinin kooperativ ali təhsil müəssisələri ilədir. Rusiya, Ukrayna, Belarusiya, Qazaxıstanın kooperasiya universitetləri ilə əməkdaşlıq edirik. Xüsusən, Poltava Kooperativ Universiteti ilə sıx əlaqələrimiz vardır. Fransada " Frena Alyans" qrupu ilə əlaqə yaradırıq. Qonşu İran və Türkiyənin bəzi universitetləri ilə əlaqələrimiz vardır.

Beynəlxalq əlaqələrimizi daha dərin əməkdaşlıq, xüsusən müəllim-tələbə mübadiləsi şəklində qurmaq istərdik. Lakin maddi-texniki bazamız hələlik buna imkan vermir. Yeni korpus tikintisinə ehtiyacımız var. Onun inşası üçün yerimiz də, hazır layihəmiz də var. Tikintiyə icazə almağa çalışırıq. Tikinti öz vəsaitimiz hesabına aparılacaq. Əlavə Dəyər Vergisindən azad olunduğumuza görə vəsaitimizin bir hisəsini bu tikintiyə yönəltmək imkanımız var.

Xarici ölkə universitetləri ilə tələbə-müəllim mübadiləsini, bu uniuversitetlərin tanınmış alimlərini müəyyən müddətdə bizdə mühazirələr oxumasını təşkil etmək üçün tədris korpusundan əlavə yataqxana binasına ehtiyac vardır. Əslində iki yataqxana binamız vardır, lakin orada iyirmi ildən artıqdır ki, qaçqın və məcburi köçkün ailələri məskunlaşmışdır.Yataqxana binası olmadan mübadilə yolu ilə gələcək tələbə və müəllimlərin, mühazirə oxumaq üçün dəvət olunacaq alimlərin kommunal xərcləri universitet üçün ağır yükə çevrilir.

Yataqxana binalarımızın boşladılması üçün əlaqədar qurumlar qarşısında məsələ qaldırmışıq. Hətta qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə vəsait ayırmaq barədə Maliyyə Nazirliyinə də müraciət etmişik. Universitetin yanında yerləşən beş mərtəbəli bina qəzalı vəziyyətdə olduğundan orada məskunlaşan ailələr özləri də başqa yerə köçürülmələrini təkidlə tələb edirlər. Bu məsələ müsbət həllini taparsa, biz həmin binanı sökərək 6-7 mərtəbəli yeni bina tikməyi nəzərdə tuturuq. 4-5 mərtəbə tələbələrin 2-3 mərtəbə xarici universitetdən olan qruplarımızın istifadəsinə verilə bilər.

Yataqxana olmaması tələbələrimiz üçün də çətinliklər yaradır . Regionlardan gələn tələbələrin kirayədə yaşamaqları maddi sıxıntıya səbəb olur, eyni zamanda tələbələrin dərsdən kənar vaxtlarını necə keçirmələrinə nəzarət edə bilmirik.


- Nəzarətə ehtiyac varmı?

- Mən total qaydada inzibati nəzarəti nəzərdə tutmuram. Müəllimlərin tələbələrlə dərsdən kənar vaxtda görüşmələri onların arasında isti münasibətlər yaranmasına imkan verər. Belə görüşlər tələbələrin asudə vaxtlarını maraqlı və səmərəli keçirmələrini, onlar üçün mədəni-kütləvi tədbirlər təşkil olunmasını asanlaşdırır. İstəmirik ki, tələbələr dərsdən kənar vaxtlarını elə yerdə keçirsinlər ki, ordan zərər görsünlər.

- Orta məktəbdə “parta təfəkkürü”ndən ayrılan tələbənin psixologiyası universitet auditoriyasına nə üçün çox gec uyğunlaşır?

- Bizim oxuduğumuz dövrlə indiki dövr arasında çox fərq var. İndi uşaqlar universitetlərə zehni cəhətdən hazırlıqlı gəlirlər. Onlar informasiya bolluğu şəraitində böyüyürlər, informasiya texnologiyalarından istifadə qabiliyyətləri bəzi pedaqoqlardan daha yüksəkdir.

- Amma modern texnologiyanın çox zaman mənfi təsiri də ola bilir. Məsələn, texnologiya tələbəni kitabdan küsdürüb...

- Bəli, ən pisi də budur ki, indiki cavanlar kitabdan uzaqdırlar. Onların beyni lazımlı-lazımsız informasiyalardan o qədər yorulur ki, kitaba vaxtları və həvəsləri qalmır. Bu bizi də çox narahat edir.

- Xaricdə bəzi universitetlərdə tələbələrə əlavə oxu materialları, bədii ədəbiyyat oxutdurulur, onlar teatr, muzeylərə aparılır. Siz bunu tətbiq etmək istəyərsizmi?

- Bizdə məcburiyyət yoxdur. Kitabxanalarımız var. Bəzən tələbələr bizim qarşımızda tələb qoyurlar ki, kitablar azdır. Kirildən latına keçmişik. Çox əsərlər rus dilindədir. Gənclərin bir çoxu da dili rus dilini və kiril əlifbasını bilmir. Ona görə də ədəbiyyat sahəsində kasıblıqdır. Mən hər dəfə akademiyanın kitabxanasından kitablar almaq üçün vəsait ayırıram. Əgər bir şeyi öz büdcəmiz hesabına həll edə biləriksə onu mütləq həll edirik. Borca da düşsək alıb gətirməliyik.

- Universitetinizdə daha hansı yeniliklər olacaq?

- Bu ildən biz elektron tələbə bileti istifadəyə verdik. İndi bizdə tələbə biletinin arxasında “çip”ləri var. Hələlik I kurslara vermişik, amma bunu bütün universitetə tətbiq edəcəyik. Bu sistemlə universitetə kənar adamlar daxil olmasının qarşısı alınacaq. Azərbaycan Dövlət Neft Akademiyasında olan hadisələri xatırlayaq. Yeni mühafizə sistemi üçün avadanlığı Türkiyədən gətirmişik.

Birinci növbədə maddi-texniki bazanı genişləndirməliyik. Təhsil səviyyəsini, imicimizi yüksəltmək istəyirik. Yeni təhsil standartlarına uyğunlaşmağa çalışırıq. Bu ildən bizdə daha bir yenilik var ki, idman dərsləri ləğv olunub. Amma biz idman seksiyaları təşkil edəcəyik. Çünki müəllimlərimizi işdən çıxarmaq istəmirik. Tələbələrə bu ildən icazə veriblər ki, kim hansı xarici dili istəyir onu da seçsin. Hamısı ingilis və fransız dilini seçir. Rus dili müəllimləri kənarda qalır. Biz onları yarımştata keçirməyə məcbur olmuşuq.

- Azərbaycan universitetlərinin ümumi reytinq göstəricisində vəziyyətiniz necədir?

- Özəllərin içərisində 2-3-cü ola bilərik. Amma ön sıralarda dövlət universitetləridir. Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyasıdır, Bakı Ali Neft Məktəbidir, Azərbaycan Diplomatik Akademiyasıdır. Onların maddi-texniki bazaları da çox güclüdür, dövlət tərəfindən də onlara maliyyə dəstəyi var.

Bizdə ailələrin hamısı orta səviyyədə və aztəminatlı olan ailələrdir. Bu gün ödəniş ediblərsə də çox çətinliklə ediblər. O proses bizim qarşımızda dayanıb. Mənim masamın üzərində nə qədər müraciətlər var ki, “məni azad edin”, “mənə kömək edin” və s. Müxtəlif dövlət qurumlarına da ərizələr yazırlar. Onlar da bizim üzərimizə göndərir ki, baxın. Biz imkan daxilində kömək etməyə çalışırıq, lakin kütləvi şəkildə edə bilmirik, dövlətdən maliyyə dəstəyimiz olmadığına görə mövcud maliyyə vəsaitimiz buna imkan vermir.

- Universitetlərdə elmlə təhsilin vəhdəti hansı irəliləyişlərə səbəb ola bilər?

- Bu gün Azərbaycan təhsilində ən vacib məsələlərdən biri də elm və təhsilin vəhdətini yaratmaqdır. Bu məsələ həmişə dövlətin diqqət mərkəzində olmalıdır. Təhsildə alimlərdən də istifadə etmək lazımdır. Adı alimdir, amma heç bir yenilik etmirsə ondan nə alim olacaq?! Universitetlərdə laboratoriyalar, elmi-texniki mərkəzlər yaradılmalıdır. Bu gün hər bir şeyin başında elmin tətbiqi və elmdən nailiyyətlər dayanır. Məsələn, kənd təsərrüfatını inkişaf etdirmək üçün hər şey var, amma elmi yanaşma yoxdur. Ona görə, inkişafda geri qalır.

- Siz həm də millət vəkilisiniz. Milli Məclisdə “Elm haqqında qanunqəbul olunsa nə kimi müsbət təsir göstərəcək?

- Alimləri qorumaq lazımdır, onlara kömək etmək və onlardan istifadə etmək lazımdır. Dövlət nə qədər bu sahəyə diqqəti artırsa, o qədər də ölkədə inkişaf olacaq. Təhsilin və elmin səviyyəsi də artacaq. Bizdə ağıllı başlar var. Onlardan istifadə etmək lazımdır. Mən inanmıram ki, alimlərimiz yaxşı şəraiti qoyub xaricə getsinlər. Biz torpağa vətənə bağlı insanlarıq. Alimə həm də mənəvi dayaq lazımdır. Bizim çatışmayan cəhətlərimizdən biri də qanunların qəbul olunub tətbiq olunmaması, kağız üstündə qalmasıdır.

Onu da qeyd etməliyəm ki, Milli Elmlər Akademiyasında ciddi irəliləyişlər var. Akif Əlizadə ciddi islahatlar aparır. Kadr islahatlarından tutmuş elmi işlərə nəzarətə qədər bütün işlər təqdir edilməlidir. Hesab edirəm ki, Akif müəllimin bu istiqamətdə atdığı addımlar müsbət nəticələr verəcək. Bu isə dövlətimizin bu sahəyə xüsusi diqqət verməsinin göstəricisidir.Tələbə düşüncəsində, təhsildə biz Avropadan çox geri qalmışıq. Xaricdə məktəbli uşaq icazə verməz ki, sinif yoldaşı ondan köçürsün. Bizim məktəblərdə isə bu adi haldır.

Çox istərdim ki, ali məktəb təhsilində ingilis dili dərslərinin saatları artırılsın. Mən bu məsələni təhsil nazirinə çatdırdım. Bir ilə dil öyrətmək olmur. Şəhər uşaqları az çox dili bilirlər, amma rayondan gələnlər çətinlik çəkir. Tələbələrə ixtisasına uyğun olaraq II və ya III kursda ingilis dili tədris olunmalıdır.

Müstəqilliyimizi qazandığımız 20 ildən bir az çoxdur. Ümumi nəticəyə həm də zaman lazımdır. İndi özümüzü Avropa universitetləri ilə müqayisə edə bilmərik. Ancaq əminəm ki, zaman gələcək bizim universitetlər dünya səviyyəsində özlərinə yer qazanacaqlar. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, pul kapitalını insan kapitalına çevirməliyik. Bu istiqamətdə böyük işlər görülür. Dünya səviyyəsində yüksək təhsilli gənclərimiz var. Bu da ölkədə aparılan islahatların nəticəsidir.

Rüfanə GÜNƏŞ

Elmin NURİ

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır