Modern.az

“Qürbətin doğma məzarları” - Ömrünü soyuq daxmada başa vuran Cümhuriyyət generalı

“Qürbətin doğma məzarları” - Ömrünü soyuq daxmada başa vuran Cümhuriyyət generalı

30 May 2018, 13:36

Çar Rusiyasının müxtəlif ərazilərində (əsasən də Türkmənistanda) hərbi xidmət keçmiş bu azərbaycanlı general istefa verəndən az sonra I Dünya Müharibəsi başlayır və o, yenidən zabit formasını geyinib, savaşa yollanır. Çar Rusiyası devriləndən sonra isə Azərbaycanda müstəqil Xalq Cümhuriyyəti bərqərar olduqda Xoyskinin rəhbərlik etdiyi milli hökumət gənc generalı yeni qurulan Daxili İşlər Nazirliyinə nazir müavini kimi dəvət edir. O zaman heç kim inanmazdı ki, 10 minə yaxın polisə rəhbərlik edən bu zabit  vaxt gələcək Ukraynanın məşhur professor-şərqşünası olacaq və hətta elə bir vaxt gələcək ki, o, soyuq bir daxmada həyatına vida deyəcək.

 

Modern.az saytının “Qürbətin doğma məzarları” rubrikasında bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 21 generalından biri olan, milli hökumətdə daxili işlər nazirinin müavini olmuş general-mayor, Ukraynanın Lvov Universitetinin professoru Məmmədsadıq bəy Ağabəyzadədən danışılacaq.

Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib. 1883-cü ildə Bakı real məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub.

1886-cı ildə, Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlayıb, 10 il keçdikdən sonra - 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə verərək Sankt-Peterburq şəhərində Şərq Dilləri İnstitutuna qəbul olur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib.
1913-cü ildə Sadıq bəy xəstəliyinə görə general-mayor rütbəsində istefaya çıxıb.

O, Cümhuriyyətin 21 generalı arasında elm xadimi olması ilə fərqlənirdi. Həm o zaman, həm də indiki dönəmdə Sadıq bəy bir döyüş generalından çox, alim kimi xatırlanmaqdadır. Heç kəsin ağlına gəlməzdi ki, çar ordusunun Türkmənistana xidmətə göndərdiyi bir zabit ora gedib türkmənlərin, ümumən türklərin tarixi rəvayətlərini, dastanlarını, əsatirlərini toplamaqla məşğul olacaq. Amma o bunu edib. Topladığı materialları bir yerə yığaraq “Türkmən ləhcəsi” adlı bir dərslik tərtib edib. Şərq elmləri, türk tarixi üzərində araşdırmalar onu hərbdən get-gedə soyudub. Nəhayət o, 1913-cü ildə Türkmənistandan başqa yerə təyinat alan zaman  istefa vermək qərarına gəlir. Bu zaman 48 yaşlı zabit artıq rus ordusunun tək-tük türk generallarından biri idi. General-mayor rütbəsində istefa verən Sadıq bəy

I Dünya Müharibəsi başladıqda kənarda qalmağı öz  “çiyin”lərinə yaraşdırmır. Səhhətində ağır problem yaşamasına baxmayaraq, savaşa qatılır. Tam olmasa da, 2 il rus ordusuna qulluq edir. 1916-cı ildə isə ağır xəstəlik səbəbindən tərxis olunur və hərbdən uzaqlaşaraq doğma Göyçaya qayıdır...

 

Cümhuriyyət generalı

 

Azərbaycan hərb tarixi üzrə mütəxəssis, ehtiyatda olan polkovnik-leytenant Şəmistan Nəzirli onun haqda belə deyir:

“Ümumiyyətlə, o general kimi Şıxlinskiyə, Mehmandarova, İbrahim Vəkilova baxanda elə də güclü general olmayıb. Amma şərqşünas kimi çox əla alim idi. O gün televizorda da onun haqqında danışdılar. Deyirdilər ki, o,  guya Xalq Cümhuriyyətinin müdafiə naziri olub. Bu boyda yalan olmaz axı. O, ADR-in daxili işlər nazirinin müavini oldu. O da bir neçə aylıq. Səhhəti imkan vermirdi ki, işləsin. Ümumiyyətlə, çox cansız insan idi. Sonradan da ancaq elmlə məşğul oldu. Lvovda tələbələri son günə qədər ona yaxşı baxdılar”.

Hərb tarixçimizə etiraz etmək fikrimiz yoxdur. Onun elmə marağı hərb  marağına güc gələ bilər. Amma bu o demək deyildi ki, Ağabəyzadə hərbçi kimi parlaq fəaliyyətə malik olmayıb. Təsəvvür edin ki, azərbaycanlıların hərbiyə çağırılmadığı bir dönəmdə çox az bir müddətdə çar ordusunun “əjdaha”ları arasında general rütbəsinə qədər yüksələn Sadıq bəyi milli hökumətə birbaşa nazir müavini kimi işə dəvət edilib. O polis və güc orqanlarında müəyyən islahatlar apara bilib. Amerika prezidentinin gənc Azərbaycan dövlətinə göndərdiyi şəxsi nümayəndəsi olan generalı da məhz Sadıq bəy qarşılayıb. Həmin general da Hacı Zeynalabdin Tağıyevin evində bütün rəhbərləri bir qırağa qoyaraq ancaq onun sağlığına badə qaldırıb.

 

Lvovun yediyi professor



“General-mayor Ağabəyzadə şərqşünas alim kimi daha çox məşhurdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətində daxili işlər nazirinin müavini olub. 1920-ci ildə İstanbula, əmisi oğlu, professor Əli bəy Hüseynzadənin yanına gedib. Bir il orada yaşadıqdan sonra Fransaya mühacirətə gedib. Ali məktəblərdə fars və türk dillərindən dərs deyən Məmmədsadıq bəy fransızcanı da gözəl bilirdi. Bəxtinə cəlayi-vətənlik düşən görkəmli Azərbaycan oğlu Məmmədsadıq bəy Ağabəyzadə 1927-ci ildən Lvov universitetinin professoru Ziqmund Smoqjevskinin dəvəti ilə Lvov universitetində işləyib. O, ərəb, fars, türk dillərindən dərs deyir, İslam paleoqrafiyasını, epiqrafiyasını və kaliqrafiyasını tədris edirdi. Məşhur polyak şərqşünasları Teofil Volodarski, Olqa Bak, Tadeuş Levitsin və başqaları həmyerlimiz, general-professor Məmmədsadıq bəyin yetirmələri olub. Hərbi fəaliyyətilə yanaşı, şərqşünas kimi də böyük şöhrət qazanan Ağabəyzadə 1904-cü ildə rus dilində “Türkmən ləhcəsi”, 1931-ci ildə polyak dilində «Türk dili», 1932-ci ildə “Fars dili”, 1934-cü ildə  “Ərəb dilinin qrammatikası” kimi sanballı əsərlərini nəşr etdirib. 1944-cü ildə Lvov şəhəri faşistlər tərəfindən alınanda bir alman zabiti tənha yaşayan professor Məmmədsadıq bəyin mənzilini öz qərargahına çevirir. Yarıqaranlıq, nəmli zirzəmiyə köçən Məmmədsadıq bəyin zəif vücudu daha da pisləşir. Elm fədaisi və müsavat generalı Məmmədsadıq bəy Ağabəyzadəni 1944- cü il noyabrın 8-də sevimli tələbəsi Tadeuş Levitski Lvov şəhər qəbiristanlığında dəfn edib”.

 

Sadıq bəyin ömrünün son illəri əzab içində keçib. Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarırlar. O, pis qızdırılan, çox soyuq və şəraitsiz  yerdə yaşamalı olur. Sadıq bəy Ağabəyzadə 1943-cü ildə ağır xəstələnir və 9 oktyabr 1944-cü ildə Lvov azad ediləndən sonra vəfat edir. Son günlərində tələbəsi Olqa Bak və onun əri alimin qayğısını çəkir.

Ömrünün sonunda yazdığı bu vəsiyyət onun qürbət taleyi haqqında hər şeyi özündə əks etdirir:

“Əgər qardaşlarım  gəlib çıxmasalar, onda nəyim varsa, T.Levitskiyə qoyub gedirəm. Mənə uzun müddətli sədaqətli xidmətinə görə pani Severina Vilkoşinskayaya üç yüz zlot, Teodozi Krulyovaya yüz zlot, Olqa Voşçaka, mənim şagirdimə bir kitab və istədiyi üç qramafon val verərsiniz”.

Bu əslində qürbətin yazdırdığı bir epiloqdur. Çar generalının, universitet professorunun həyat epiloqu məhz bununla bitməli idi. Qürbətdə hamıdan əli üzülmüş və bircə tələbəsi Levitskidən asılı qalan bir ömrün epiloqu nə qədər də təsirlidir...

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi