Modern.az

Ali məktəblərdə magistraturaların boş plan yerlərinə qəbul aparılır

Ali məktəblərdə magistraturaların boş plan yerlərinə qəbul aparılır

28 İyul 2010, 10:28

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəs­sisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul 2010-cu il  mayın 2-də və  iyunun 20-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş bakalavrın boş  qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş  qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2010-cu il 29 iyul saat 9.00-dan 05 avqust saat 09.00-dək  TQDK-nın mü­­va­fiq internet səhifəsi­nə (tqdk.gov.az/erizemagistr) daxil olub,  seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təstiqləyirlər.

Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni ödəmə kartını almalıdırlar.

Boş qalan plan yerləri olan  ixtisaslaşmaların siyahısı “Magistr” xüsusi buraxılışının 6-cı sayında dərc edilib. 

Hər bir bakalavr bu siyahıdan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavrlara  bitirdikləri bakalavr ixtisasından asılı olmayaraq  imtahan verdiyi proqrama aid olan bütün ixtisaslaşmaların kodunu seçmək imkanı verilir. 45, 50, 51, 52, 53, 54, 61, 62 və 64  saylı proqramlar üzrə imtahan vermiş bakalavrlar isə imtahan verdikləri proqrama aid və  yalnız bitirdikləri bakalavr ixtisasına müvafiq ixtisaslaşmaların kodlarını seçməlidirlər. Bunun üçün ixtisaslaşma seçimi cədvəlindən istifadə edilməlidir.

Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Se­çilmiş ixtisaslaşmaların ərizə for­ma­sında göstərilən ardı­cıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keç­diyi ixtisaslaşmaların bi­rin­cisinə yer­ləş­dirilir.

Dövlət hesabına magistraturada təhsil almış magistrlər  dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə  bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüv­və­­də olan qanunvericilik­də və dövlətlərarası razılaş­malar­da digər hallar nəzərdə tutul­mayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə  bilməzlər.

  Müsabiqə şərtləri

Müsabiqədə iştirak etmək üçün bakalavrın ikimərhələli imtahanda topladığı ümumi bal (balların cəmi)  75-dən, ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan)  topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (bəzi proqramlar üzrə- 80-dən), o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavabdan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılırlar.

Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı  fərqləndirmək üçün  aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

ixtisas üzrə testdən  (essedən, tərcümədən, suallara yazılı cavabdan) toplanılan bal;

bakalavriat  səviyyəsi üzrə orta qiymət balı;

ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

xarici dil üzrə testdən toplanılan bal.

 

Ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə əlaqədar müraciətlərə TQDK-da yaradılmış apelyasiya komisiyası tərəfindən 2010-cu il iyulun 28-dən   iyulun  30-dək  baxılacaq. Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir