Modern.az

700 bal toplayan abituriyentlər (foto)

700 bal toplayan abituriyentlər (foto)

28 İyul 2010, 11:03

st1:*{behavior:url(#ieooui) }

Modern.az onları bir-bir sizə tanıdır Yenicə başa çatan ali məktəblərə qəbul imtahanlarında 7 abituriyent  test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə Modern.az-a bildirib ki, IV ixtisas qrupu üzrə 3 nəfər, I ixtisas qrupu üzrə 2 nəfər, II ixtisas qrupu üzrə də 2 nəfər 700 bal toplayıb. Yalnız III ixtisas qrupundan heç kim 700 bal toplaya bilməyib.

Modern.az saytı 700 bal abituriyentləri oxuculara tanıtmağa  başlayır. Qeyd edək ki, ötən ilki qəbul imtahanlarında iki nəfər 700 bal toplaya bilmişdi. Onların hər ikisi III qrupdan olan abituriyentlər idi.  

Beləliklə, 700 bal toplayan builki abituriyentlər uğurları barədə Modern.az-a danışırlar. “Böyük yeddilər”in ikincisi ilə tanış olaq. II ixtisas qrupu üzrə imtahan verərək ən yüksək nəticə əldə edən İsmayıl Kazımov.

 

İsmayıl Kazımov Mingəçevir şəhərində yaşayır. O, Mingəçevir şəhər  Nizami Gəncəvi adına 8 saylı orta məktəbi bitirib. Bununla yanaşı, İsmayıl Mingəçevirdəki “Araz” hazırlıq kursunun 3 il dinləyicisi də olub. “9-cu sinifdən “Araz” hazırlıq kursuna gedirəm. Belə yüksək nəticə əldə etməyimdə bu kursun böyük rolu olub”. 

İsmayıl hesab edir ki, kurslara, repititor yanına getmədən 700 bal toplamaq mümkün deyil: “Yüksək nəticə əldə etmək istəyirsənsə, gərək əlavə hazırlıqlara gedəsən. Öz gücünə oxumaqla, hazırlaşmaqla 700 bal toplamaq mümkün deyil”.

 

II qrupun birincilərindən olan bu abituriyent nailiyyətini inancı ilə əlaqələndirir: “Bir insan bir şeyə inanmırsa, heç nəyə nail ola bilməz. İnanc psixoloji baxımdan insana çox yardımçı olur. Bununla yanaşı, valideyn və müəllimllərin, bir də “Araz” hazırlıq kursunun mənə çox köməyi olub”. 

İsmayıl Kazımov 700 bal toplayacağına inandığını söyləyir.”Özümə güvənirdim. Bilirdim ki, yüksək nəticə əldə edə biləcəm.  Ancaq coğrafiya müəllimim İqbal müəllim qədər inanmırdım. Çünki, o mənə daha çox inanırdı. Özüm isə əmin idim ki, tarix və riyaziyyat fənlərindən bütün suallara cavab verə biləcəm. Elə oldu ki, 125 sualın hamısını düzgün cavablandırdım. Buna görə valideynlərimə, müəllimlərimə, “Araz” kursuna minnətdaram”.

 

Maraqlıdır ki, İsmayıl da heç vaxt sınaqlarda 700 bal toplamayıb: “Sınaqlarda adətən 650 baldan yuxarı nəticə göstərmişəm. Mingəçevir “Araz” kursunun sınağında 690 bal, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaqda isə 695 bal toplamışam. Ancaq heç vaxt 700 bal toplaya bilməmişəm. Bu ilk və son oldu”.

 

İsmayılın sözlərinə görə, II ixtisas qrupunu seçməkdə valideynlərinin ona təsiri olmayıb: “Mən özüm bu qrupu seçmişəm. Valideynlərim də hörmətlə yanaşıblar”.

 

Artıq dörd gündür ki, abituriyentlərin ixtisas seçimlərinə start verilib. İsmayıl Qafqaz Universitetinin Sənaye mühəndisliyi fakültəsini seçəcəyini bildirib: “Qafqaz Universiteti daha perspektivlidir. Ona görə də ixtisas seçimində Qafqaz Universitetinə üstünlük verəcəm”.

 

II qrup birincisinin gələcək abituriyentlərə tövsiyyəsi də olub: “Ən əsası inanmaqdır. Mən bütün günü oxumurdum, sadəcə günün müəyyən saatlarında sistemli şəkildə oxuyurdum. Uğurun iki açarı var: Özünə güvənmək və yaxşı oxumaq”.

Təhminə Paşayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir