Modern.az

Alxan Bayramoğlunun 60 yaşına

Alxan Bayramoğlunun 60 yaşına

Təhsil

30 Sentyabr 2014, 22:55


Abid Tahirli,
filologiya elmləri doktoru

POLEMİKA USTASI

Professor Alxan Bayramoğlunun ( Məmmədov) yaradıcılığı – bu isə zəngin bir xəzinədir: 600-ə yaxın elmi məqalə, 13 monoqrafiya, 6 kitab, o cümlədən dərsliklər, tədris proqramları və s. – onun barəsində gen- bol söhbət açmağa imkan verir. Amma təkcə yaradıcılıqdan bəhs etsək , Alxan Bayramoğlu portreti yarımçıq qalar. Onun fədakar, faydalı fəaliyyəti məhsuldar olduğu kimi çoxşaxəli və çoxplanlıdır. Uzun illərdir, səriştəli pedaqoq kimi ali tədris müəsissələrində , o cümlədən Bakı Dövlət Universitetində dərs deyir, müxtəlif qəzetlərlə əməkdaşlıq edir. “Mahir pedaqoq”, “cəfakeş müxbir” ifadələri A. Bayramoğlu obrazına bir sanballılıq, rəngarənglik gətirsə də, bu təyinlər də onu göz önündə tam canlandırmır. Alxan müəllim layiqli övlad, gözəl ailə başçısı, həssas, sadiq dostdur. Onun xarakterinə xas bir cəhətin –elmi polemikaya meylliyi və bu zaman tutduğu inadkar , prinsipial mövqe üzərində xüsusi dayanmaq istərdim. Bu barədə düşünəndə A. Bayramoğlunun iştirak etdiyi müxtəlif tədbirlər –kitab təqdimatları, elmi- tədqiqat əsərlərinin , o cümlədən dissertasiyaların müzakirəsi, müdafiəsi, ədəbi söhbətlərin hakim olduğu fərqli formatlı məclislər göz önünə gəlir.

Yaxşı xatırlayıram.30 oktyabr 2006- cı ildə Bakı Dövlət Universitetində “ Mühacirət mətbuatında publisistika ( 1921- 1991- ci illər) “ mövzusunda doktorluq dissertasiyasını müdafiə edirdim. Çıxışımdan sonra Birdəfəlik Dissertasiya Şurasının sədri professor Qulu Məhərrəmli üzünü auditoriyaya tutdu:” - Kimin sualı var?”. İlk səslənən Alxan Bayramoğlu oldu və onun ünvanladığı sual auditoriyada sözlə ifadəsi çətin olan bir ab-hava yaratdı, böyük maraq oyatdı. Hətta kimsə replika atdı: “- Çox dərinə getdin, Alxan”. Sual isə belə idi:” Siz Azərbaycan mühacirət publisistiksı tarixinin XIX əsrin sonlarından başlandığını iddia edirsiniz və bu zaman, həm də Cəmaləddin Əfqaninin adını çəkirsiniz. Nəyə əsaslanırsınız?. O, azərbaycanlıdırmı?”. Mən tutarlı mənbələrə istinad edərək sualı cavablandırdım. Sonra Şuranın digər üzvləri suallar verməyə başladı. Bu zaman diqqətimdən bir məqam yayınmadı: hər dəfə Şuranın sədri “Daha kimin sualı var?”- deyə müraciət edəndə Alxan müəllim əlini qaldırırdı. Beləliklə, A. Bayramoğlu 3-4 sualdan sonra sakitləşməyi qərara aldı...

Sonralar - Alxan Bayramoğlu mühacirət problemləri ilə daha yaxından və daha dərindən maraqlananda onunla dəhliz mübahisələrimiz sərt qəzet polemikaları ilə əvəz olundu. Mühacirət mətbuatının tarixinə dair bir- birinin ardınca müxtəlif mətbu orqanlarda nəşr olunan məqalələrimdəki bir məsələ ilə bağlı təkzibolunmaz dəlillərə əsalanaraq irəli sürdüyüm mülahizə ilə – mühacirət mətbuatı tarixinin İranda- Təbrizdə nəşrini davam etdirən “Molla Nəsrəddin” jurnalından başladığı fikrimlə Alxan müəllim heç cür razılaşmırdı. Nəhayət, “Ədəbiyyat qəzeti”nin 2 fevral 2007- ci il tarixli nömrəsində dərc etdirdiyim “Bir daha mühacirət mətbuatının tarixi haqqında” yazı A. Bayramoğlunun səbr kasasını daşdırdı və o, mənim qənaətimi təkzlb edən məqalə qələmə aldı. ”Ədəbiyyat qəzeti”ndə məqalənin dərcinin ləngidiyini görən Alxan müəllim yazını “525-ci qəzet”ə təqdim edir. Qəzetin baş redaktoru Rəşad Məcid müdrik və qəti mövqe tutur:” Bu problemin müzakirəsi uzanacaq və tunelin sonu görünmür. Sən yazacaqsan , o , sənə cavab verəcək, sonra sən onu təkzib edəcəksən, bu dəfə o, sənə cavab yazacaq...Gəlin belə edək, eyni nömrədə, hətta qoşa səhifədə yanaşı hər ikinizin məqaləsini dərc edək və bu məsələyə nöqtə qoyaq. Beləliklə Alxan Bayramoğlunu məqaləsi ilə yanaşı mənim “Qalxansız hücum” adlı yazım “525-ci qəzet”in 29 dekabr 2007- ci il tarixli nömrəsində dərc olundu. Zidd mülahizələrlə, kəskin mövqelərlə xarakterizə olunan məqalələrdən sonra bəziləri bizim münasibətlərimizin mülayimləşəcəyinə dair verdiyi proqnozlar özünü doğrultmadı: sağlam, sarsılmaz və səmimi təməli olan münasibətlərimiz bizi daha da yaxınlaşdırdı.

Alxan Bayramoğlunun həqiqi elmə xidmət edən əsl alimə yaraşıq verən bu keyfiyyəti üzərində bilərəkdən bir qədər ətraflı bəhs etdim. Çünki bəzən biri digərinin mövqeyi ilə razılaşmayanda , yaxud fərqli fikir irəli sürəndə dərhal qarşı tərəf düşmən elan olunur. Bu. əlbəttə, cılız hisslərin , məhdud düşüncənin məhsulu, fəsadıdır.

60 yaş geriyə boylanmağın, keçdiyin yola nəzər salmağın, özünə və ətrafına hesabat verməyin zamanıdır. Alxan müəllim təvazökarlıq etməyib 40 illik yaradıcı fəaliyyətinin az bir hissəsindən danışsa belə, hər kəsin sabirşünas, cümhuriyyətşünas, mühacirətşünas alimə “ 40 dəfə maşallah!” deyəcəyinə tam əminəm.

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı