Modern.az

TRT-nin Bakı təmsilçisi: “Surət Hüseynovla görüş üçün 3 gün qərargahında gecələməli oldum” - MÜSAHİBƏ

TRT-nin Bakı təmsilçisi: “Surət Hüseynovla görüş üçün 3 gün qərargahında gecələməli oldum” - MÜSAHİBƏ

Müsahibə

2 Oktyabr 2014, 11:03

Yıldıray Arslan: “Həsən Həsənov məni Heydər Əliyevə təqdim edəndə “bu bizim yeznəmizdi” demişdi”


Otağına daxil olanda Rəşid Behbudovun ifasında səslənən “Lalələr” mahnısının tarixiylə, müəlliflərilə maraqlanırdı. Səbəbini soruşdum. Dedi ki, xalq arasında rəvayətlərə görə, bu “Lalələr” sevgi mahnısı kimi ifa edilirsə də, 1918-ci ilin 15 sentyabrında Bakının qurtuluşunda iştirak edən Türk ordusu əsgərlərinin başlarındakı qırmızı feslər, yəni papaqlar qırmızı laləyə bənzədiyindən həmin əsgərlər üçün yazılıbmış.

26 il TRT-də çalışan, 1 aydır TRT-nin Bakı təmsilçisi təyin olunan Yıldıray Arslanla söhbətə bir az keçmişdən, Azərbaycana ilk gəlişindən nəzər saldıq. 

- 1990-cı ildə TRT müxbiri kimi ilk dəfə Bakıya ayaq basan Yıldıray Arslan 24 il sonra paytaxtımıza TRT-nin Bakı təmsilçiliynin rəhbəri kimi yenidən gəldi. Peşəniz dəyişmədi, yəqin Bakı 24 ildə çox dəyişib...

-  Çox dəyişib, amma Bakının məndə oyandırdığı o nostalji, gözəl hislər dəyişməyib. Şəhərdə ciddi inkişaf gedir.

- Dəyişikliklər yaxşı mənada baş verir, yoxsa,?

- Bilirsinizmi, bu dövrü Ankara da, İstanbul da, Paris də yaşadı. Amma onlar bir az planlı şəkildə yaşadı.

- Onlarda planlı, bizdə plansız şəkildə dedikdə, tarixi binaların yanında ucaldılan oxşar dizaynlı göydələnləri nəzərdə tutursunuz hər halda.

 - Bəzən belə olmur. Məsələn, “Flame Towers” otelinin üzərindən Azərbaycan bayrağının, alovun görünməsi çox gözəl mənzərə yaradır. Bəlkə bu gözəl mənzərəni orda deyil, “Ağ şəhər”də yaratmaq olardı. Mən Bakı bulvarını çox sevirəm. O zamana baxanda indi ərazi genişlənib, Milli Park salınıb. Təmizdir, insanlar rahatca gəzir, əylənir, dincəlir.

- Siz ilklərə imza atanlardansınız. Məsələn, mərhum prezident Heydər Əliyevdən müsahibə alan, Qarabağ müharibəsi, Gəncə qiyamı, Ankarada Elçibəy-Petrosyan görüşməsi ilə bağlı dünyaya xəbər çatdıran ilk türk, xarici  jurnalistsiniz. Çoxu sizin yerinizdə olmaq istəyərdi. Buna bir şans demək olarmı?

- Şans əslində bir insana verilir və bu onun haqqıdır. Fəaliyyətim dövründə ilk xarici ölkə Azərbaycan olub. İlk dəfə bu mənə çətin və həyəcanlı gəlirdi. O dediyiniz şans çizgisi bəzi yerlərdə üst-üstə düşür. AXC iqtidarda olanda da, Turqut Özal Azərbaycana gələndə də buradaydım. İlk gələndə Həsən Həsənov baş nazır idi, Sovetlər Birliyi dönəmi bitməmişdi. Baş nazirlə görüşüb söhbət etmək şansımız yarandı. Elçibəy-Petrosyan görüşündə iştirak etmişəm. Məsələn, Elçibəyin Petrosyanla görüşündən heç kimin xəbəri yox idi, biz otelə gedəndə insanların davranışlarından hiss etdim ki nələrsə ola bilər. Yəni görüşdən görüntü aldıq, reportaj hazırladıq. Surət Hüseynovdan da ilk müsahibəni mən almışdım, onunla bağlı görüntüləri dünya ictimaiyyəti bizim reportajda görmüşdü. Onunla görüş üçün 3 gün qərargahında gecələməli oldum.  Azərbaycanda ən böyük bir ordunu orda gördüm. Hətta Murova gedəndə də tankların üstünə “Surət” sözü yazılırdı. Soruşurdum bu kimdir, cavab verirdilər ki, “biz onu çox sevirik, o yaxşı adamdır...”. Heydər Əliyevlə də Həsən Həsənovun sayəsində tanış olmuşdum. Hətta məni mərhum prezidentə təqdim edəndə “bu bizim yeznəmizdi” demişdi (gülür).



- Görüşdüyünüz bəzi insanlar artıq dünyadan köçüb. Həyatda qalan Həsən Həsənov, Surət Hüseynovla yenidən görüşmək, reportaj hazırlamaq istəyərdinizmi?

-  Həsən Həsənov xarici ölkələrdən birində səfirdir. Bəlkə özümlə bağlı kitab hazırlayarsam, o zaman görüşmək istəyərəm. Surət Hüsüynovla isə sadəcə harda görüşərsəm, o dövrdə Gəncədə hansı şərtlər altında görüşdüyümüzü, qarşılaşdığımızı xatırladardım.

- Bir aydır yeni vəzifənizin icrasına başlamısınız. Fəaliyyətiniz dövründə hansı yeni layihələriniz olacaq?

-  TRT-nin təmsilçiliyi olduğu bütün türk respublikalarının paytaxtlarını tanıtmaq məqsədilə 10-15 dəqiqəlik yeni və aktual bir proqram hazırlamaq istəyirik. Bakı necə bir şəhərdi, insanlar burda nə axtarır, nə hiss keçirir, nə edir,  nələrlə məşğuldur və s. Həmçinin, şəhərin dünəni, bu günü, coğrafiyası, memarlığı, mədəniyyəti, sənəti, yaşayışı, iki ölkə arasındakı əlaqələrdən də söhbət açılacaqdır. Bu, təmsilçiliyimin ilk aylarında yayımlanacaq və TRT Avaz üçün hazırlanacaq “Başkentler” adlı yeni bir proqram olacaq. TRT-nin digər kanallarında da təkrar verilə biləcək. Düşünürəm ki, yeni ilə kimi proqram hazır olacaq.

- Başqa layihələr də hazırlamağı düşünürsünüzmü?

- Bu həftə yeni bir proqram hazırlayacağıq. TRT Türk kanalının səhər proqramı arasında göstəriləcək. Həftədə bir gün həyatın içində baş verənlərdən bəhs edən proqram 7 dəqiqə efirdə olacaq. Proqram 7 dəqiqəlik olduğu üçün mən adını “7 dəqiqə” təklif etdim. Görək, mərkəzi ofisdən nə deyəcəklər.

- Sizdən öncəki təmsilçilərin fəaliyyəti dövründə başladılan layihələr davam edəcəkmi?

- Hazırda davam edən 3 layihəmiz var. “Can Azerbaycan”,  “Azerbaycan yıldızları” və “Qürbətdəki elçilər” proqramları. Azərbaycanla bağlı hər gün ən azı 3 xəbər hazırlanır. Daha sonra TRT Avaz kanalı üçün İbad Hüseynovun ad günü ilə bağlı proqram hazırlayacağıq. Bundan əlavə, TRT Türk və TRT Avaz kanallarında hazırlanan proqramlara buradan dəstək hazırlayırıq. TRT Müzik kanalının “Selam olsun” proqramı üçün ayda iki dəfə reportajlar hazırlayıb göndəririk.

- TRT Bakı təmsilçiliyi tərəfindən hazırlanan mədəniyyətlə bağlı proqramlarda eyni sənətçilər yer alır. Azərbaycanda  yaşlı, orta nəslin nümayəndələri olan onlarla sənətçi var ki, proqramlarınıza onlar dəvət olmurlar. Niyə onlara deyil, amma son 10 ildə ortaya çıxan və günlərlə yerli kanallarımızin efirlərindən düşməyənlərə TRT-nin müxtəlif kanal və proqramlarında yer verilir?

- Əmin olun ki, mən də sizin qədər yaxşı bilmirəm. Bildiyiniz kimi, bu vəzifəyə yeni təyin olunmuşam. Düşünürəm ki, dediyiniz o sənətçilərə müraciət edəcəyik.

- Yerli telekanalları izləsəniz, görərsiniz bir neçə sənətçi var ki, bütün TV-lərə onlar dəvət olunur. Bu o demək deyil ki, olnarın hamısı xalq tərəfindən sevilir. Onların TV-lərə necə ayaq açdıqları məlumdur. Həmin sənətçilərə hazırladığınız proqramlarda tez-tez rast gəlinir. Bəlkə fəaliyyətiniz dövründə bir dəyişiklik edəsiniz...

- Ola bilər. Mən də dəyişikliyi sevirəm, onu edə bilərik.  Mütləq bu barədə düşünəcəyik.

- Sosial şəbəkələrdə çox aktivsiniz. Sizdən öncəki təmsilçilərdə bu elə də hiss olunmurdu. Boşluqdandır, ya cansıxıcılığından? Axı Bakı sızə doğma olmalıdır...

- Eyni anda bir neçə işimi də görə bilirəm (gülür). Belə bir xüsusiyyətim var. Əmin ola bilərsiniz ki, bu, heç də boşluqla bağlı deyil. Bakını və Azərbaycanı çox yaxından tanıyıram. Uşaqlıqdan Qafqaz tarixi və coğrafiyası ilə yaxından tanış olmuşam. Sosial şəbəkədə aktivliyim səbəb həyatda nələrin baş verdiyindən, insanların nələr paylaşdığından və s. xəbərdar olmağımla bağlıdır. Çünki yaşadığın coğrafi məkanın insanlarının nələr etdiyini, necə yaşadığını görməsən necə olduqlarını görə bilməzsiniz.

  - Amma mənimlə söhbətinizdə demişdiniz ki, hissizliyə, səssizliyə öyrəşirsiniz..

- O mənim iç dünyamla bağlı bir şey idi (gülür). Keçmiş 7 illik zamanda mənim bir iç qayıdışım oldu,  “nə etdim” deyə özümlə danışırdım. Yunus Əmrənin, Mövlanənin qayıdışı kimi, insanın özünü axtarması kimi bir şey. Axşamlar gecə saatlarına kimi yata bilmirəm, bir az yuxusuzluğum var. Şeir yazıram və “Aşka veda” adında bir şeir kitabım çap olunub.

- Həyatda da eşqə vida etmisiniz?

- O elə deyil (gülür). Əslində eşqə vida var. Deyək ki, sizi dünyaya bağlayan bir çox şeylər var. İnsana, birinə bir az da yuxarıdan, geniş, uca bir yerdən baxa bilmək istəyirik. Dünyaya kosmosdan baxmaqla bütün dünyanı görmək, sərbəst bir gözlə baxmağa gətirib çıxarır. Mən də o kitabımdakı şeirlərlə özümə, ya da öz yaşadığım dünyaya bir az daha belə uzaq, amma bir o qədər də yaxından baxmağı seçdim. Bunu bu şəkildə başa salmağa çalışıram, amma heç kim anlaya bilmir.

- Kimsə anlamaya bilər, amma mən deyəsən anlamağa başladım. Bir saatdır söhbət edirik, eşqdən, vidadan danışan kimi siqaretinizi yandırdınız...

- (ürəkdən gülür).  Həyat zatən bir eşqdir. Eşq də hər zaman coşğu paylaşmaq kimidir, eşqin rəngi bir az da hüzndür. Şirini, acını, duzluluğu, sevgini, coşğunu, hüznü – bunların hamısını bir yerə toplasanız eşq yaranır.  Mənim eşq şeirlərimin içində giley də, eşq də, insan da var. Önəmli olan insanı tapmaqdır.

- O dediyiniz insanı tapdınızmı?

- Axtarıram.

- 49 ildir axtarırsınız, hələ tapmamısınız?

- O an tapılmaz ki o insan...

- Ölməz bəstəkarımız Rəşid Behbudovu, onun “Ay işığında” mahnısını çox bəyənirsiniz. Olmaya xanımınızı təsadüfən Bakının ay işığında görüb tanış olmusunuz?

- Ay işığına yaxın ola bilər. 90-cı illərdə Türkiyədən gələn iş adamlarıyla birgə heyətdə bura gəlmişdim. O zaman Karvansarayda xalq rəqslərinə tamaşa edirdik. Hər yana işıqlar nur saçırdı və bir də göydə ay işığı vardı. Məni rəqsə dəvət etdilər, rəqs etdik və beləcə tanış olduq.

- Bayaq Qafqaz tarixi və coğrafiyası ilə uşaqlıqdan tanış olduğunuzu dediniz. Deyəsən, qafqazlılarla bağlılığınız var.

- Soyköküm qafqazlıdır. Babamın babası Şimali Qafqazdandır. Uşaq vaxtı ata nənəm bu barədə danışardı, qədim mahnılar, şeirlər deyərdi.



Laçın SƏMLA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!