Modern.az

Xaricdəki tələbəmiz: “Litvada gün ərzində 12 dəfə yemək yeyilir” - MÜSAHİBƏ

Xaricdəki tələbəmiz: “Litvada gün ərzində 12 dəfə yemək yeyilir” - MÜSAHİBƏ

8 Oktyabr 2014, 13:07


Modern.az
 saytı xaricdə oxuyan azərbaycanlı tələbələrlə müsahibələrin təqdimatına davam edir. Budəfəki müsahibimiz Litvanın Kaunas Texnologiya Universitetinin İnformatika fakültəsində təhsil alan Nərmin Əliyevadır.

Nərmin Əliyeva 1994-cü ilin noyabr ayında Bakı şəhərində anadan olub. 2011-ci ildə Nəsimi rayonu, 8 saylı orta məktəbi bitirib. Ali təhsilini Şimali Kipr Yaxın Doğu Universitetində təhsilini davam etdirən Nərmin Əliyeva 2013-cü ildən Litvanın Kaunas Texnologiya Universitetində isə oxumaq şansı əldə edib. O, hazırda universitetlərarası razılaşma əsasında 4 ay müddətinə  Stokholm Universitetində təhsil alır.

“Tələbəlik illərimi Azərbaycanda təsəvvür edə bilmirdim”

- Necə oldu ki, xaricdə oxumağa qərar verdiniz?

- Aşağı siniflərdə oxuyandan həmişə xaricdə oxumağı arzulamışam, tələbəlik illərimi nədənsə Azərbaycanda təsəvvür edə bilmirdim. İntellektual oyunlara olan marağım və arzuma çatmaq istəyi məni ANS telekanalında yayımlanan “Ağıl dəryası” verilişinə gətirib çıxartdı. Sonda verilişin finalçısı kimi təhsil nazirindən imtahansız attestat və Yaxın Doğu Universitetinin rektoru tərəfindən həmin universitetdə pulsuz təhsil alma imkanı qazandım. İlk vaxtlar gedib – getməmək barədə tərəddüd edirdim, amma istədiyim fakültəni seçmə azadlığının verilməsi fikrimin qətiləşməsinə səbəb oldu.

Məktəb dövründə humanitar fənlərə marağım daha çox olub, Azərbaycanda da III qrup üzrə hazırlaşmışam, amma abituriyentlik dövrümdə istədiyim ixtisas hazırlaşdığım qrupdan çıxarılmışdı. Ondan sonra ümumiyyətlə tamam başqa sahəyə, İT (İnformasiya Texnoligiyaları) sahəsinə marağım artmışdı, amma qrupumu dəyişib I qrupa verməyim artıq çox gec idi. İT-ə olan marağım da bu sahəyə aid o vaxtlar İctimai TV-də yayımlanan “Virtual rinq “ verilişində iştirakımdan sonra yaranıb.

- Xaricdə təhsil almaq istəyənlərə nə məsləhət görərdiniz?

- Məqsədlərinə doğru irəliləsinlər, əgər birinci cəhd uğursuz olubsa, başqa yolları yoxlasınlar, sonda mütləq bir çıxış yolu olacaq, ən əsası yarı yoldan dönməməkdir.Bir şeyi ürəkdən istəyəndə və ona doğru müəyyən qədər addım atanda o iş həyata keçir, bunu özümdən misal gətirirəm .

“İstənilən vaxt professorla  əlaqə qura bilirik”


- İlk vaxtlar hansı çətinliklərlə üzləşdiniz?

- Qeyd etdiyim kimi, humanitar yönümlü olduğumdan ilk vaxtlar texniki fənlər bir az ağır gəlirdi, dərslərin öhdəsindən gələ bilməmək qorxusu yaranırdı, sonralar hər şey yoluna düşürdü, bir neçə dəfə maksimum ortalama bal ilə universitet tərəfindən mükafatlandırılmışam və onda anlamışam  ki, mümkünsüz heç nə yox imiş.

- İki ölkənin təhsili arasında fərqlər hansılardır? Müsbət və mənfi cəhətlər nədir? Ordakı təhsildə olan hansı qanunların bizdə olmağını istərdiniz?

- Xaricdə tələbələrə sərbəstlik verilir, hər semestr istədiyimiz dərsləri seçə bilirik, bəzi dərslər videoya yazılır, müəyyən səbəblərdən dərsdə iştirak edə bilməyənlər sonradan izləyə bilirlər. Hazırda təhsil aldığım universitetdə hər tələbənin öz kartı var ki, günün istənilən vaxtı, universitetdə işçi olmadıqda belə, binaya  daxil olub , kompüter labaratoriyalarından istifadə bilirik, tələbənin rahat təhsil alması üçün hər bir şərait yaradılır. Hər dərsin praktik və nəzəriyyə hissəsi olur ki, nəzəriyyədə keçdiklərimizi eyni zamanda praktikada tətbiq edə bilirik. Azərbaycanda təhsil daha çox nəzəriyyə yönümlüdür, təhsildə praktikaya xüsusi yer verilməlidir.

- Litva və Azərbaycanda ali məktəb müəllimlərini müqayisə etsəniz, nələri demək istərdiniz?

- Orda müəllimlərlə tələbələr arasında isti münasibət olur , hər hansı bir çətinliyimiz olduqda istənilən vaxt internet vasitəsilə professorla  əlaqə yaradıb və ya ofisinə baş çəkə bilirik.

“Bakı üçün darıxıram”


- Təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr var?

- Hazırda olduğum Stokholm Universitetində hələki azərbaycanlı tələbəyə rast gəlməmişəm, Litvada isə kifayət qədər həmyerlimiz var.  

- Azərbaycan üçün darıxırsınız?

- Düzü, dərslərə baş qarışıq olanda darıxmağa vaxt qalmır, amma Bakı üçün tez-tez darıxıram.

-Azərbaycandakı hadisələri izləyirsinizmi, yoxsa qərib diyarda ölkənizdən bixəbər qalmısınız?

- Xəbər saytlarını hər gün izləməsəm də, arada göz gəzdirirəm,  baş verənlərdən çox vaxt sosial şəbəkələr vasitəsilə xəbər tuturam. Bir də  ailəmlə danışanda son hadisələr barədə məlumat almağa çalışıram.

- Azərbaycanın milli bayramlarını qeyd edə bilirsiniz?

- Həm Kiprdə , həm də Litvada azərbaycanlılar çox olduğundan əlamətdar günləri hər il qeyd edirik.

“Yazı qarşılamaq üçün müqəvva Moranı yandırırlar”


- Yaşadığınız ölkənin hansı maraqlı adət-ənənələri var?

- Litvada hərbi xidmət məcburi deyil, xanımlar da könüllü şəkildə orduya qoşula bilər. Bütün gününü xidmətdə keçirməli olmursan, yalnız həftə sonları təlimlərə gedib, buna görə əmək haqqı da alırsan. Bundan başqa Litvada Ujgavenes (Užgavėnės ) adlı bayram var ki, hər il yazın gəlişi ərəfəsində qeyd olunur. Qışın simvolu olan müqəvva Moranı yandırıb yazı qarşılayırlar. Həmin gün düşünürlər ki, ruhlar insanların əhatəsində olur, ona görə də müxtəlif maskalar və geyimlər geyirlər ki,ruhlar onların insan olduqlarını bilib onlara zərər verməsinlər. Həmçinin gün ərzində 12 dəfə yemək yemək də lazımdır ki, bütün ili aclıq çəkməyəsən.

- Yaşadığınız ölkənin insanları barədə nə deyə bilərsiniz?

- Litvalılar sakit, insanlara kömək göstərməyə meyillidirlər. Təbiəti və heyvanları çox sevirlər. İsveç insanı da çox mehribandır, hər cür köməyi əllərindən əsirgəmirlər. Amma ünsiyyətə qarşı bir az  soyuqdurlar, bir isveçli ilə qısa bir müddətdə dost olmaq mümkün deyil, bu müəyyən vaxt alır,

- Gələcək planlarınız nədir?

- Daha çox bilik və təcrübə qazanmaq üçün bakalavrı başa vurduqdan sonra təhsilimi magistr pilləsində davam etdirməyi düşünürəm. Daha sonra Azərbaycan üçün hər hansı bir layihə üzərində işləmək, bu barədə ağlıma gələn müəyyən ideyaları reallaşdırmağa çalışmaq istərdim.


R
üfanə GÜNƏŞ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər