Modern.az

Milli adət-ənənələrimizlə bağlı sorğu keçirilib

Milli adət-ənənələrimizlə bağlı sorğu keçirilib

29 İyul 2010, 14:47

“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Bakı şəhəri və Bakı kəndlərində “Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində növbəti sorgusunu keçirib. Layihə çərçivəsində respondentlərə adət-ənənələrin nə dərəcədə yaşadıldığı barədə suallar verilib.

 

Ümumilikdə 500 nəfər arasında keçirilən rəy sorğusuna 280 nəfər qadın cəlb edilib ki, bu da respondentlərin 56%-ni təşkil edib. Sorguda iştirak edən 220 (44%) nəfər isə əks cinsə mənsub olub.

 

Respondentlərin 114 nəfəri (22,8%) 18-34 yaş, 175 nəfəri (35%) 35-54 yaş, 171 nəfəri (34,2%) 55-74, 40 nəfəri (8%) isə 75-dən yuxarı yaş kateqoriyalarına aiddir.

 

“Bu gün bizim milli adət-ənənəlrin mövcud durumunu necə dəyərləndirərdiniz?” sualını respondentlərin 139 nəfəri (27,8%) “bizim milli adət-ənənələrdən çox şey itirilməkdədir”, 44 nəfəri (8,8%) “bizim milli adət-ənənələrdən çox şey yaşanmaqdadır”, 214 nəfəri (42,8%) “bizim milli adət-ənənələrdən bir qismi unudulsa da, əksəriyyəti qorunmaqdadır”, 83 nəfəri (16,8%) “bizim milli adət-ənənələrimiz tamamilə unudulub” və 20 nəfəri (4%) isə “cavab verməyə çətinlik çəkirəm” kimi cavablandırıb. 

“Digər xalqların adət-ənələrinin bizim milli adət-ənənələrə təsirini necə dəyərləndirərdiniz?” sualına respondentlərin 237 nəfəri (47,4%) “bizim adət-ənənələri Qərbin kənar mənfi təsirlərdən qorumaq lazımdır”, 86 nəfəri (17,2%) “bizim adət-ənənələri kənar təsirlərdən qorumaga ehtiyac yoxdur”, 163 nəfəri (32,6%) “bizim milli adət-ənənələrə digər xalqların adət-ənənələrindən müsbət halları cəlb etmək olar” və 14 nəfər (2,8%) “cavab verməyə çətinlik çəkirəm” – deyə cavab verib.

 

“Azərbaycan xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin yaşadılmasına ehtiyac varmı?” sualına rəyi soruşulanların 272 nəfəri (54,4%) “bəli”, 43 nəfəri (8,6%) “xeyr”, 185 nəfəri (37%) isə “yalnız zamanə ilə uygunlaşanları yaşatmaq lazımdır” cavablarını verib.

 

Respondentlərin 38 nəfəri (7,6%) “toy və yas mərasimlərinin hazırki durumu sizi nə dərərcədə qane edir?” sualına “tamamilə qane edir”, 278 nəfəri (55,6%) “tamamilə qane etmir”, 31 nəfəri (6,2%) “nisbətən qane edir” və nəhayət 153 nəfəri (30,6%) “nisbətən qane etmir” cavabları ilə kifayətləniblər.

 

Sorgu zamanı rəyi soruşulanların 288 nəfəri (57,6%) “toy və yas mərasimlərinin Azərbaycan xalqının milli adət-ənənələrinə və İslam dininin şərtlərinə uygun keçirilməsinə münasibətiniz necədir?” sualına “yaxşı, bu tam düzgün olardı” cavabını verib. Respondentlərin 190 nəfəri (38%) bu suala “yaxşı, lakin bu bizi mövhümata aparmamalı”, 22 nəfəri (4,4%) isə “pis, bu bizi Qərbə inteqrasiyadan geri salacaq” cavablarını verib.

 

“Toy və yas mərasimlərinin dəbdəbəli keçirilməsinə münasibətiniz necədir?” sualına respondentlərin 179 nəfəri (35,8%) “pis, bu artıq israfçılıqdır və cəmiyyətdə insanlar arasında ayrı-seçkilik yaradır”, 154 nəfəri (30,8%) “yaxşı, bu hər bir insanın imkanına və zövqünə uygun olmalıdır”, 167 nəfəri (33,4%) isə “yaxşı, lakin bu insanları sonradan yaranan problemlər ilə üz-üzə qoymamalıdır” cavablarını verib.

 

“Bəs siz, özünüzün (ailə üzvünüzün) toy və yas mərasimini milli-adət ənənəyə və İslam dininə uygun keçirilməsini təmin edə bilərsinizmi?” cavabına sorgu keçirilən kontingentin 193 nəfəri (38,6%) “bəli, bu mənim daxili ailə işimdir”, 108 nəfəri (21,6%) “bəli, lakin qohumlarım və ətrafımdakı insanların qınagı ilə üzləşə bilərəm” cavablarını veriblər. Həmçinin 79 nəfər (15,8%) “xeyr, mən bunun tərafdarı deyiləm”, 98 nəfər (19,6%) “xeyr, qohumlar və ətrafımdakı insanların qınagı ilə üzləşmək istəmirəm” və 22 nəfər (4,4%) isə “cavab verməyə çətinlik çəkirəm” cavabları ilə kifayətlənib.

 

Sorgunun sonuncu “Toy və yas mərasimlərinin keçirilməsi qaydalarının tənzimlənməsi üçün müvafiq qanunvericiliyin olmasına münasibətiniz necədir?” sualına respondentlərin 353 nəfəri (70,6%) “müsbət”, 92 nəfəri (18,4%) “mənfi”, 45 nəfəri (9%) “orta” cavabını verib. Yalnız rəyi soruşulanların 10 nəfəri (2%) bu suala cavab verməyə çətinlik çəkib. 

Sorğu əsasında əldə edilən cavablara istinadən o qənaətə gəlmək olur ki, Azərbaycan xalqı özünün milli adət-ənənələrinə hörmətlə yanaşır, min illərdən süzülüb gəlmiş adətlərini itirmək istəmir və həyatlarının bütün sahələrində milli adət-ənənələrini yaşatmağa çalışır.   Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar