Modern.az

“Bakıda Başqanlar Konseyi toplamaq qərarı aldıq”

“Bakıda Başqanlar Konseyi toplamaq qərarı aldıq”

Müsahibə

30 İyul 2010, 22:05

Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel Modern.az-ın suallarına cavab verir.

- Atilla bəy, bu yaxınlarda Bakıda oldunuz, səfər təəssüratlarınızı bilmək istərdik...

- Bakıya Parlament Jurnalistlər Birliyinin başqanı Elşad Eyvazlının dəvəti ilə gəldik. Bakıya öncəliklə Azərbaycan milli mətbuatının 135-ci ildönümünü təbrik etmək üçün gəldik və bu bayramda bir arada olmaqdan sevindik. Ayrıca bütün məslək təşkilatlarla, jurnalistlərlə görüşdük, qəzetlərdə, televiziyalarda həm ziyarət etdik, danışıqlar apardıq, həm də bu nöqtədə fikirlərimizi açıqlamaq fürsəti əldə etdik. İctimai Televiziyada və Lider TV-də çıxışlarımızdan sonra Atatürk Mərkəzində Qarabağ problemi ilə bağlı mətbuat konfransı keçirdik. Türkiyədəki medianın Qarabağ probleminə baxışı və bizim Qarabağ probleminə baxışımızla bağlı açıqlamalar verdik. Bu bizim Bakıya ilk gəlişimiz idi. Bakı gerçəkdən çox gözəl bir şəhərdir. Jurnalistlər, televiziyalar bizə çox maraq göstərdilər. Buna görə çox təşəkkür edirəm. Ayrıca AzərTAc-la əldə etdiyimiz anlaşma ilə Türkiyənin Anadolu mediasında – 1220 qəzet, televiziya və radioda AzərTAc xəbərlərinin yayınlanması üçün bir müqavilə imzaladıq. Bunu çox yüksək dəyərləndirirəm. Bundan başqa Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, professor Əli Həsənovla görüşümüzdə Azərbaycan musiqilərinin Türkiyədə yayınlanması, Türkiyədəki radio və televiziyalarında səsləndirilməsi üçün bir fikir alış-verişində olduq. Bu da gözəl qarşılandı və ən qısa müddət ərzində Bakıdan Türkiyə Qəzetçilər Federasiyasına cd-lər, nəşrlər gələcək və biz onu Türkiyə ərazisində radio və televiziyalarda yayacağıq. Bu da Azərbaycanın səsinini Türkiyədə daha çox duyulmasını təmin edəcək. Bu da önəmli məsələdi. Bundan başqa, Türkiyə Qəzetçilər Federasiyasına bağlı bütün cəmiyyət başqanlarının Bakıda bir toplantısının keçirilməsi barədə layihə var. Bunun üçün Əli Həsənovla görüşümüzdə Mətbuat Şurası və digər şəxslərlə fikir mübadiləsi apararaq, onları da bu işini içərisinə daxil edərək Bakıda Başqanlar Konseyi toplamaq qərarı aldıq. Millət vəkili Azay Quliyev və Qənirə Paşayeva ilə görüşümüzdə də onlardan da dəstək sözü aldıq. Biz Azərbaycandan məmnun döndük.

- Türkiyə mətbuatında Qarabağ problemi necə işıqlandırılır? Türkiyənin televiziya və qəzetlərində Azərbaycan gerçəkləri barədə məlumatlar gedirmi?

- Qarabağla bağlı məlumatlar mütləq gedir. Amma yetərincə deyil. Yəni ancaq kritik və mübahisəli məqamlar gündəmə gəldiyində bu məsələyə yer ayrılır. Bundan sonra hesab edirəm ki, AzərTAc-ın verdiyi xəbərlərlə Azərbaycan haqqında məlumatlar Anadolu mətbuatında daha çox yer alacaq.

- Türkiyəli jurnalist olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünü necə dəyərləndirirsiniz? Ermənistan-Azərbaycan arasında yaranmış problemə baxışınız necədir?

- Bu məsələnin çözülməsində başqa ölkələrin qarışması bu olayı daha çox problemli hala gətirir. Bu məsələni iki ölkə öz arasında çözməlidir. Ermənistan Azərbaycandan işğal etdiyi torpaqları tərk etməlidir, məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Düşünürəm ki, bununla da problem həll oluna bilər. Amma bu necə olacaq, bu hansı danışıqlar əsasında ola bilər, yəni bu iki ölkə arasındakı problem  necə həll olunacaq, bunu iki ölkənin siyasi quruluşları müəyyənləşdirəcək. Amma bu məsələ həll olunmalıdır. Düşünürəm ki, bu problem həll olunmadan Ermənistan və Azərbaycan arasındakı dostluq körpülərini qurmaq mümkün deyil. Amma dünyada ölkələrin bir-biri ilə savaş etməsini istəyən başqa ölkələr də var. Əsl məsələ bunlardı. Çünki dünyada silah istehsal edən və silah satan ölkələr var. Onlar bu istehsalın qarşılığında pul qazanmaq istəyirlər. Pul qazanması üşün də bu silahların – mərmilərin, minaların, bombaların, güllələrin, hər şeyin satılması lazımdır. Yəni bunlar satılarsa silah sənayesi çox pul qazana bilər. Bunun üçün də ölkələr arasındakı problemlər daha çox davaya, savaşa sürüklənməkdədir. Dünyanın bir çox yerində hələdə davam edən savaşlar var, daxili münaqişələr var. Bütün bunlar sadəcə silah sektorunun işinə yarayır. Bu sektor da güclü dövlətlərin istehsal etdiyi silahların satılması ilə məşğuldur.

- Bəzən Türkiyə mətbuatında Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsilə bağlı yanlışlıqlar yer alır. Müxtəlif vaxtlarda türkiyəli jurnalistlər Azərbaycanın izni olmadan Ermənistan üzərindən işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfərlər edir, ermənilərin fikirlərini təqdim edirlər. Bu da Azərbaycanda birmənalı qarşılanmır...

- Belə bir fakt varmı?

- Son olaraq NTV-nin əməkdaşı Dağlıq Qarabağda olmuşdu və bu Azərbaycan hökumıtinin kəskin etirazı ilə qarşılandı...

- Anladım. Amma Türkiyədə televiziyalar, radiolar və qəzetlər birmənalı olaraq bu məsələdə Azərbaycanın yanındadırlar. Yəni Qarabağ mövzusunda Türkiyədəki məsləkdaşlarımızın başqa bir baxışı yoxdur. Amma içlərində əlbəttə ki, dünyanın hər yerində olduğu kimi bu məsələdə erməniləri haqlı bilənlər də var, hətta yazı yazanlar da var. Onlar belə deyirlər ki, Qarabağda yaşayan əhalinin 70 faizi ermənilər olub. Yəni bu ermənilərin təbliğatının nəticəsi də ola bilər. “Torpaqlar Azərbaycanın, amma, əhalinin bir qismi ermənilərdir” deyənlər, yazanlar da var. Türk qəzetlərində və internet saytlarında belə xəbərlər var. Bilirsiniz, Türkiyə geniş bir coğrafiyanı əhatə edir, 70 milyon əhalisi olan bir ölkədir. Burada müxtəlif dindən,  millətdən olan insanlar yaşayır. Türkiyədə türklərlə bərabər azəri türkləri, yezidilər, suriyalılar, yəhudilər, ermənilər, kürdlər, lazlar, albanlar var. Türkiyə Cümhuriyyətində bir arada, dostcasına yaşama kimi bir anlayış var. Mustafa Kamal Atatürkün  söylədiyi gözəl bir söz var: “Ulus dövlət, nə mutlu türküm deyə”. Yəni Türkiyə Cümhuriyyəti torpaqlarında yaşamaq, o bayraq altında yaşamaq mütləq millət olaraq türk olmağı lazım bilmir. Azərbaycanda da bu gün gürcülər, ruslar, kürdlər yaşayır. Yəni dünyanın hər yerində insanlar bu cür bir arada yaşayırlar. Türkiyə də bunlara bir örnəkdir. Bu baxımdan Türkiyədə də hər cür fikirdə olan insanlar var. Azərbaycanda da fərqli düşünən insanlar var. Amma Türkiyə mediasına bütün olaraq baxdıqda türk mediası böyük mənada Azərbaycanla birlikdədir. Əlbəttə, içlərində ermənilərin haqlı olduğunu söyləyənlər də var. Amma bu, onların fikirləridir.

- Bəs, erməniləri haqlı sayan yazılara, fikrilərə qarşı çıxış edirsinizmi?

- Əlbəttə yazırıq. Yazmaqdan başqa, elə məsələn, bizim Bakıya gəlməyimiz, danaışıqlarımız, bütün bunlar erməni tərəfdarları olanlara bir cavabdır. Şəxsən indi mən köşə yazısı yazmıram. Amma televiziya proqramlarında Qarabağ münaqişəsindən, Ermənistanın Azərbaycana təcavüzündən, Xocalı qətliamından danışıram. Azərbaycandan millət vəkili Azay Quliyev və Əliməmməd Nuriyev İzmirə gəldikdə orada bir türk televiziya proqramında 1 saat yarım Ermənistanla Azərbaycan arasındakı Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdik. Çox ciddi və bütün çılpaqlığı ortaya qoyan bir proqram oldu. Biz çox sayda insandan təbriklər aldıq. Bizə təşəkkür etdilər ki, bu məsələni gündəmə gətirib bütün Türkiyəyə anlatdınız. Yəni biz sözümüzü söyləyirik. Amma Türkiyə Qəzetçilər Federasiyasının başında olan bir insan olaraq “sən niyə belə yazırsan, ya da sən niyə belə fikirləşirsən” deyərək kimsəni sorqulamaq, ittiham etmək haqqımız da yoxdur.

- Bakıda Azərbaycan mətbuatı ilə tanış oldunuz. Azərbaycan mətbuatı ilə bağlı hansı fikirdəsiniz?

- Azərbaycanda qəzetlərin dizayn, başlıq, sərlövhə problemi var. Bunların çözülməsi, keyfiyyətin artırılması lazımdır. Mən qəzetləri izlədim, onların içində tək “Ekspress” qəzetinin dizaynı açıqdır. Çox dəyərli topludur. Amma onun da daha çox yol qət etməsi lazımdır. Digər qəzetlərin dizaynını bəyənmədim. Amma buna görə kimsə bizə qızmasın. Dizayn elə olmalıdır ki, oxucunu cəlb etsin. Bunu jurnalist təşkilatlarının rəhbərləri ilə də müzakirə etdik. Bu mövzuda Prezident Administrasiyasında Əli Həsənovla da fikir mübadiləsi apardıq. Belə danışdıq ki, Türkiyədən dizayn sahəsində mütəxəssisləri Bakıya gətirib burada qəzetlərin dizaynerlərinə kurs keçilsin. Bizim mütəxəssislərimiz gəlib burada dizaynın necə olması barədə bilgi verəcəklər. Azərbaycanda qəzetlərin çap keyfiyyəti ürəkaçan deyil. Ona görə də mətbəələrə sərmayə qoymaq lazımdır. Ümumiyyətlə, mətbuata, insana sərmayə qoymaq lazımdır. Yəni jurnalist elə maaş almalıdır ki, dolana bilsin, başqalarına möhtac olmasın. Bunlar önəmli şeylərdir. Çünki, mətbuatın çox önəmli olduğunu deyirsiniz, həm də onları pis yaşamağa məcbur edirsiniz. Bu doğru bir şey deyil, çox yanlışdır. Yəni başqa peşə sahiblərinin nə qədər çox maaş aldığı kimi, jurnalistlərin də çox maaş alması çox önəmlidir. Jurnalist öz ailəsini, uşaqlarını dolandıra biləcək qədər maaş almalıdır. Bunun üçün qəzet rəhbərlərinin üzərinə də iş düşür.  Fəqət mən Azərbaycanda belə bir durum təsbit etdim: Azərbaycanda mediaya qarşı iqtidarda “bu qəzetlər yazırsa, doğru deyildir” deyə bir anlayış var. Qəzet və jurnalistə yönəlik bir düşmənçilik var. Bu, çox pis durumdur. Bu, doğru deyil. Çünki Azərbaycan mediası mənə görə, Türkiyədən, ya da bir başqa dövlətdən daha milli davranır, Azərbaycanın milli haqlarını daha çox qoruyur. Fəqət, mənim gördüyüm budur ki, iqtidardakılar tənqid istəmirlər. Bu, çox təhlükəlidir. Demokratiyada tənqid də olacaq, təklif də olacaq, hətta döyüş, mübahisə də olacaq. Bunlar olmazsa nə media inkişaf edər, nə siyasət inkişaf edər, nə də cəmiyyət. Mən Azərbaycan mətbuatının azad olmadığını gördüm. Bunu səmimiyyətlə etiraf edirəm. Yəni qəzetlər tam azad deyil. Bu da təbii ki, Azərbaycanın daxili problemidir. Bizim buna kənardan müdaxilə etməyimiz də doğru deyil. Bu problemi Azərbaycandakı məsləkdaşlarımız və siyasi quruluşlar həll edə bilər. Yəni biz buna qarışa bilmərik. Amma burdakı məsləkdaşlarımız üçün biz “doğrusu budur” deməliyik. Bunu deməzsək, əksiklik etmiş olarıq, xəta etmiş olarıq.

- Bəs Türkiyədə hökumətin qəzetlərə, televiziyalara təzyiqləri varmı?

- Var. Hər yerdə var. İyulun 24-də Türkiyədə senzuranın ləğv edilməsinin 102-ci ildönümü oldu. Amma biz düşünürük ki, senzura tam olaraq aradan qalxmayıb. Jurnalistlər öz düşüncələrini azad olaraq çatdıra bilmirlər. Bu gün Türkiyədə cəza evlərində yatan jurnalist yoldaşlarımız var. 36 nəfər jurnalist cəza evində yatır.

- Onlar yazılarına, fikirlərinə görəmi həbsdədirlər?

- Təbii. Yazdıqlarına görə yatanlar var. Mənim tələbə yoldaşım da həbsdədir. “Cümhuriyyət” qəzetinin baş yazarı Mustafa Balvay bir il yarımdır ki, “Ergenekon” deyilən iddiaya görə cəza evində yatır.  Tuncay Özkan var, 2 ilə yaxındır yatır. “Aydınlıq” qəzetinin əməkdaşı Dəniz Ufuk Ak Kaya var. Bütün bu jurnalistlər yazdıqları, çəkdikləri üçün həbs olunublar. Onlar mühakimə edildikdə belə sanki nağd həbs cəzası almış kimi cəza evində yatırdılır. Onları çölə buraxmırlar. Biz buna etiraz olaraq bəyanat yaymışıq. Biz mətbuat üçün azadlıq istəyirik.

- TGF olaraq həbsdə olan jurnalistlərin azadlığa çıxması üçün hansı addımlar atırsınız?

- Biz cəza evində ziyarətə gedirik, məhkəmələrində duruşmalarına qatılırıq. Avqustun 10-da İstanbulda təkrar duruşmaları başlayacaq. Biz İzmirdən bir avtobus dolu jurnalist İstanbula gedib məhkəmə duruşmasını izləyəcəyik.

- Yəni, TGF olaraq dövlətdən hər hansısa tələbiniz varmı?

- Təbii ki, var. Azad mühakimə olunsun deyirik. Mühakimə olunsun, amma, azad mühakimə olunsun. Yəni çölə buraxılıb, çöldə mühakimə olunsun.

- Bu jurnalistlər Türk cəza qanununun hansı maddəsi ilə mühakimə olunurlar?

- Türkiyədə “Ergenekon” deyilən bir iddia var, bilirsənizmi?

- Əlbəttə bilirik. “Ergenekon” iddiası Azərbaycanda çox həssaslıqla izlənilir...

- Bu iddia üzrə Silahlı Qüvvələrin bir qismi ilə mediadakı insanlar, hətta aralarında elm adamları da var – Başkənd Universitetinin rektoru kimi insanlar da var – həbs edilib. Bu insanlar millətçi insanlardır, yəni bu ölkəni sevənlərdir. Bu insanları Türkiyədə zərbə etməkdə, yəni hökuməti devirməkdə suçlayırlar. Amma məsələ başqadır. Onların içərisində bu mövzuda suçlu olan da ola bilər. Demirəm ki, suçsuzdurlar, ya da niyə mühakimə olunur bu insanlar. Bizdə hüquqa qarşı söz söylənməz. Amma bir gerçək var: Bizim jurnalist yoldaşlarımız sadəcə yazı yazan insanlardır. Onların  yazdıqları kompüterlərə əl qoyuldu. Bizdə qanuna görə jurnalist istərsə xəbər mənbəyini açıqlamaz. Amma belə bir qanunu bunlar aşaraq, əzərək, bütün mənbələrə əl qoydular. Bu, jurnalistin azadlığını ortadan qaldıran bir durumdur. Yəni “İstərsə məlumat mənbəyini açıqlamaz” deyərkən, bütün məlumatlara əl qoydular, jurnalistin özəl həyatına qədər hər şeyi ələ keçirdilər və bu yoldaşlarımızı cəza evinə qoydular. İndi bu yoldaşlarımız 12 sentyabr dönəmində də bu ölkədə yaşayırdılar və jurnalist idilər. Və cəza evlərinə girdilər. Amma çıxdıqları zaman bu ölkəni tərk etməyi, qaçmağı əsla düşünmədilər. Mən bunu məhkəmənin hakimləri ilə görüşümüzdə də söylədim. Hakimlərə dedim ki,  bizim yoldaşlarımız bu ölkəni tərk etməz, onlar yurdsevərdirlər. Bu yoldaşlarımızın ailəsi, uşaqları var, oxucuları var, onu gözləyən qəzet var, məsləyi var. Bunların uzun zaman məhbus olması cəzaya çevrilmək kimi bir şeydir. Sonra deyək ki, bəraət aldı, yəni günahsız bilindi, bəs bunun yatdığı iki ilin hesabını kim verəcək? Ya da 3 ilin hesabını kim verəcək? Nə qədər yatacağı hələ məlum deyil. Sən cəza evinə qoyduğun zaman onun bütün azadlıqlarını yox edirsən. Ondan sonra da “bəraət etdin” deyirsən. Türkiyədə bunun örnəkləri olmuşdur. 12 sentyabr dönəmində “Cümhuriyyət” qəzetinin yazarı Əli Sirmən 3 il 8 ay cəza evində yatmışdı. Əgər cəza almış olsaydı 4 il 2 ay olacaqdı. Fəqət, bəraət aldı. Onun 3 il 8 ay dövlətdən təzminat alacağı var. Günahsız olaraq 3 il 8 ay cəza evində saxlayıblar. Bunun cavabdehi kimlərdi? Yəni insanların cəza evində keçirdiyi günləri geri vermək mümkün deyil...

- Təzminat vermirlər?

- Təzminat, pul önəmlidirmi? Təzminat hər şey deyil! Təzmnat ala bilər. Amma önəmli olan onun azad yaşamasıdır, azad yazmasıdır, televiziyada azad olaraq fikirlərini açıqlamasıdır. Bunları əngəlləyiblər.

Aqil Aslan

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər