Modern.az

Slavyan Universitetinin rektoru: “Tələbələrimizə 4-cü, hətta 3-cü kursdan müştəri çıxırlar” - MÜSAHİBƏ

Slavyan Universitetinin rektoru: “Tələbələrimizə 4-cü, hətta 3-cü kursdan müştəri çıxırlar” -  MÜSAHİBƏ

Ölkə

16 Oktyabr 2014, 13:25

Asif Hacıyev: “Jirnovskinin rus ədəbiyyatı ilə bağlı fikirləri mənim üçün çox maraqlı oldu”

Modern.az saytının yeni layihəsi “Danışır rektor”un bu dəfəki qonağı Bakı Slavyan Universitetinin rektoru,  professor Asif Hacıyevdir.

- Bakı Salvyan Universiteti 2000-ci ildə keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılıb. Bununla bağlı verilən prezident sərəncamında qeyd olunub ki, institut universitetə çevrilsin və profili genişləndirilsin. Həmin dövrdə akademik Kamal Abdullayev universitetin rektoru təyin edildi. Mən də tədris işləri üzrə prorektor vəzifəsində çalışmışam. Sərəncamdan sonra universitetdə islahatlar başlandı. Bir çox sahələrdə kadr hazırlığına start verdik. Artıq həmin dövrdən universitetdə rus dili ilə yanaşı, slavyan xalqlarının dilləri, mədəniyyətləri öyrənilir və təbliğ olunur. Polşa, Çexiya, Bolqarıstan, Ukrayna, Belarus, Yunanıstan, Türkiyə və digər ölkələr üzrə kadrlar hazırlayırıq. Bu kadrlar iki istiqamətdə hazırlanır-tərcüməçi və  ölkəşünaslar. Ölkəni kompleks şəkildə bilən kadr hazırlığını aparırıq. Universitetdə beynəlxalq münasibətlər, jurnalistika, ingilis, alman, fransız filologiyası və eyni zamanda müəllimliyi, turizm, ibtidai təhsil, türkiyəşünaslıq, qafqazşünaslıq və s ixtisaslar üzrə kadrlar hazırlayırıq.

- Bu kadrları hazırlamaqda əsas məqsəd nədən ibarətdir?

- Türkiyəşünaslıq, qafqazşünaslıq üzrə kadr hazrlamaqda məqsədimiz Azərbaycan mədəniyyətini dünyada təbliğ etməkdir. Kadr hazırlığı üçün həm Azərbaycandan, həm də xarici ölkələrdən mütəxəsisslər dəvət edirik. Slavyan ölkələrini öyrənmək üçün laboratoriyalar yaratmışıq. Türk-slavyan əlaqələri, ölkəşünaslıq, folklor araşdırmaları laboratoriyaları fəaliyyət göstəriri. Folklor laboratoriyasının bazasında ölkəmizdə yaşayan rusların folklorunu toplayıb, tədqiq etmişik. Artıq onlar haqqında kitab çapına hazırlaşırıq.
 
Yaradılan Azərbaycanşünaslıq laboratoriyasının məqsədi isə slavyan ölkələrində Azərbaycanın təbliğidir. Əməkdaşlıq etdiyimiz bir çox ölkələrin universitetlərinin bazasında Azərbaycan tədris mədəniyyət mərkəzləri yaratdıq. Moskva Dövlət Universitetində 8 ildir ki, Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. Bizim universitetin professorları orda dərs deyir və rusiyalı tələbələrə Azərbaycan dili öyrədilir.  Ordakı tələbələr hər il bizim universitetə təcrübəyə, ixtisasartırmaya gəlirlər. Ölkəmizlə tanış olurlar, əsərlərimizi tərcümə edirlər. Mərkəzlərimiz Belarus Pedaqoji Universitetində, Kiyev Dövlət Linqivistik Universitetində, Poltava Dövlət Universitetində də fəaliyyət göstərir. Bu yaxınlarda mərkəzi Rusiyadan çıxıb, 50 mindən çox tələbəsi olan Ural Federal Universitetində Azərbaycan araşdırmaları mərkəzini açdıq. Bolqarıstanın Sofiya universitetində Azərbaycan mərkəzi yaradıldı. Artıq Polşadan, Albaniyadan, İsraildən belə mərkəzləri orda da yaratmaq üçün müraciətlər olub. Bu sahədə işlər davam edir.

- Bəs hazırlanan kadrların daha sonra iş tapmaqda problemləri olmur?

- Biz mütəxəssisləri hazırlayırıq. Əsas məsələ yaxşı kadr yetişdirməkdir. Sual yarana bilər ki, onlar iş tapa bilirlər? Bu sahədə heç bir problemimiz yoxdur. Bəzi müəssisələr tələbələrimizə 4-cü, hətta bəzən 3-cü kursdan müştəri çıxırlar. Tələbələrimizin dil bilgisi onların iş tapmağına çox kömək edir. Buna görə də, bizim plan yerləri ilə bağlı heç bir problemimiz olmur. Yerlərimiz həmişə dolur.


- Keçən ilə müqayisədə qəbula ayrılan plan yerlərində hansı fərqlər var?

- Keçən illə bu il plan yerləri eyni idi. Amma Jurnalistika fakültəsində edilən dəyişikliklər bu il qəbulun sayını azaltdı. Azərbaycanda bizi seçən iki nəfər oldu. Xaricdən də bu fakültədə təhsil almağa gələnlər oldu. İlk dəfə olaraq Jurnalistikaya qəbul qabiliyyət imtahanı ilə keçirildiyi üçün daxil olanlar az oldu. Bizim Jurnalistika fakültəsində çox yüksək səviyyədə kadrlar hazırlanır. BBC ilə layihəmiz var, onlar partnyor olaraq bizi seçiblər. Ən müasir avadanlıqlarla təchiz olunan böyük laboratoriyamız, foto-kino arxivimiz var. Müasir metdodlarla dərs keçirik. Tələbələrimzi xarici ölkələrə göndəririk. Bizim dərsliklərimiz xarici ölkələrin mütəxəssisləri ilə birlikdə hazırlanıb. Ola bilər ki, şagirdlər qabiliyyət imtahanına hazır deyildi. Qabiliyyət imtahanı bir qədər də təkmilləşməli, jurnalist spesifikasına daha çox uyğun olmalıdır.

- Jurnalistika fakültəsinin tələbələri  üçün akademik qrup yaratmısınız...

- Jurnalistika fakültəsinin I kurs tələbələri  ümumi fənləri başqa qruplarda, ixtisas fənlərini isə birlikdə keçirlər. İxtisasın davamlılığını qorumaq istəyirik. Həmin tələbələr başqa yerə də keçə bilərlər. Amma onlar bizdə oxumağı seçdilər. Biz də onlar üçün tədrisi təşkil etdik.

- Gələn il Jurnalistika üçün plan yeri ayıracaqsınız?

- Təbii ki, ayıracağıq. Bu tək bizim universitetlə bağlı məsələ deyil. Bütün Azərbaycan təhsilində jurnalistika bağlanmayacaq ki. Bağlanmaq məsələsi olsa, onda gərək ölkə səviyyəsində bağlana.

- Universitetdə təhsil haqqı necə müəyyənləşdirilir?

- Azərbaycanda təhsil haqqını müəyyənləşdirmək üçün müəyyən bir düstur var. Kredit sayına görə formalaşır. Müəllimin əməkhaqqı, universitetin maddi-texniki bazası bu düstur əsasında formalaşır. Təbii ki, ixtisaslar arasında fərq olur. Ona görə ki, bəzi ixtisaslar üçün daim müəllimlər dəvət edirik. Tələbələri universitetin hesabına xaricə göndəririk.



- Tələbələr hansı hallarda universitetdən xaric olunur?

- Təhsilə işləyən yaşlı nəsil yeniliklərə o qədər də meyilli olmur. Lakin hər dövrün öz tələbi var. Tələbə xaric olunmaq stresini çox yaşamır. Artıq tələbələrin universitetdən xaric olunma halları demək olar ki, yoxdur. Faktiki olaraq tələbə ömrüboyu təhsil ala bilər. Yalnız üzrsüz səbəbdən dərsə gəlmədikdə tələbə universitetdə xaric oluna bilər. Universitetin intizam qaydalarına riayət edilmədikdə də tələbə xaric oluna bilər. Tələbənin hüquqları çoxdur və bu çox yaxşı haldır. Bizdə də tələbələr geniş hüquqlar verilib. “Xəlifə günü” var ki, burda tələbələr bir günlük universitet idarəçiliyini öz üzərlərinə götürürlər. “Kölgə kabineti” fəaliyyət göstərir. Artıq biz tələbələrə imtahanların təşkilində iştirak etmək səlahiyyətini vermək istəyirik. Ənənəvi olaraq valideynlər ciddi şəkildə imtahanlarda, onların yoxlanılması və qiymətləndirilməsi proseslərində iştirak ediblər. Tələbə təhsilin idarəçiliyində iştirak edən bir subyekt olmalıdır. Onlar özləri öz təhsillərini qururlar.

- Orta məktəbin parta təfəkküründən ayrılan məzunun psixologiyası universitet mühitinə necə uyğunlaşır?

- Mən öz dövrümlə müqayisə etdikdə deyirəm ki, indiki gənclər bizdən pis də deyillər, yaxşı da deyillər. Onlar sadəcə başqa gənclikdir. Bu reallıqdır. Onlar bizdən daha çevik, dinamik və daha tez adaptasiya olan gənclikdir. Nəinki universitetə qəbul olanlar, hətta məktəb şagirdlərini  universitetə dəvət edəndə görürük ki, onlar bura necə tez uyğunlaşırlar. İndiki gənclik praqmatik, öz gələcəyini qurmaq istəyən gənclikdir. Hətta ali məktəbə qəbul olunmazdan əvvəl universitetin müəllimləri, tələbələri ilə sosial şəbəkələrdə əlaqə qururlar. Tələbələrin universitetlərə uyğunlaşmasında heç bir problem görmürəm. İndiki gənclik virtual aləmin gəncliyidir. İnternet aləmində sərhəd yoxdur. Tamam yeni bir gənclik gəlib. Mən düşünürəm ki, bu gənclik maraqlı və perspektivlidir. Həm də indiki gənclik çox vətənpərvərdir. Sadəcə vətənpərvərliyin müasir formasıdır.

- İndiki gənclər  arasında dini cərəyanlara meyillənənlər çoxluq təşkil edir. Sizin universitetinizin tələbələri arasında bu hallara rast gəlinir?

- Bizdə elə bir problem yaşanmır. Ola bilər hardasa kiminsə ruhunda, daxili aləmində var. Amma açıq şəkildə bu yaşanmır. Təbii ki, dini dəyərlərə çox yüksək yanaşan gəncliyimiz var. Dini təriqətə insan nəyə görə gedir? Çünki həmin insanın həyatında bir boşluq olur. Həmin boşluğu nə iləsə doldurmaq lazımdır. Onu daha maraqlı, əhəmiyyətli, perspektivli intellektual aləmə dəvət etmək lazımdır. Bunun üçün maraqlı dərsdən kənar məşğuliyyətlər təşkil edirik ki, tələbələr boş vaxtlarını səmərəli keçirsinlər. Bizim fəaliyyətlərimizin zirvəsi kimi mən “Avroviziya”nın qalibi Eldar Qasımovu deyə bilərəm. O, universitetin akt zalında yetişmiş bir tələbəmiz idi. Bakalavr pilləsini də, magistraturanı da bizdə oxuyub. Hazırda da işçimizdir. Elə bizim tədbirlərdə oxuya-oxuya gəlib oldu Eldar Qasımov.

- Yaradıcılıq fakültəsi və Tərcümə problemləri laboratoriyası universitetinizin son uğurlarındandır. Bu iki layihə Azərbaycan ədəbiyyatına töhfə verə biləcək?

- Yaradıcılıq fakültəsi keçmiş rektor, hazırda isə dövlət müşaviri, akademik  Kamal Abdullanın təşəbbüsü ilə yaradılıb. Azərbaycan təhsili üçün unikal bir ideyadır. Akademik, rəsmi dövlət təhsili aparılan fakültə deyil. Bu açıq və sərbəst təhsil formasıdır. Burda tələbələr sadəcə olaraq dinləyicidirlər. İki il ərzində təhsil alırlar və nəticədə onlara “Ədəbi işçi” sertifikatı verilir. Bu fakültə 8 ildir fəaliyyət göstərir. Burda təkcə bizim universitetin tələbələri deyil, hətta hazırda orta məktəbi bitirən məzunlar  təhsil alır. Tanınmış yazıçılardan, tənqidçilərdən ibarət komissiya yaradıcılıq istedadı olan şəxslərin işlərinə baxır. Seçilənlər bu fakültəyə qəbul olurlar. Onlara xüsusi proqram əsasında dərs deyilir. Mədəniyyət və ədəbiyyat tarixi, mifologiyanı, Şərq və Avropa mədəniyyətini, fəlsəfəni öyrənirlər. Ədəbiyyatın ümumi əsaslarını öyrənməklə yanaşı, onlara Azərbaycanın tanınmış yazarları  ustad dərsləri keçir. Bu dərslərdə onlar ədəbi yaradıcılığın sirlərini, prinsiplərini öyrənirlər. Onların arasında saytlarda, redaksiyalarda, nəşriyyatlarda işləyənlər, tərcüməçilik edən, sərbəst yaradıcılıqla məşğul olanlar var. “Bilik fondu”nun belə bir layihəsi var ki, Yaradıcılıq fakültəsini bütövlükdə ümumrespublika səviyyəsində yayıb və tətbiq etsinlər.

Tərcümə laboratoriyasına gəldikdə isə hazırda onun  rəhbəri Kamal müəllimdir. Dünyanın yüzdən artıq kitabları və elmi əsərləri tərcümə edilib, çap olunub. Hazırda tərcümə enisklopediyası üzərində iş gedir.

- Bilik Fondu Slavyan Universitetinin bazasında yarandı. Elm və təhsilin vəhdəti  bu günki Azərbaycan cəmiyyətinə nə dərəcədə vacibdir?

- Bilik Fondunun yaradılması böyük bir addımdır. İki gün əvvəl fondun universitetdə təqdimatı oldu. Fondla müqavilə imzaladıq. Cəmiyyətin biliyinin artırılması üçün elm və təhsil mütləq birləşməlidir. Kadr hazırlığının əsasında bilik durmalıdır. İndiki gəncliyin problemi ondan ibarətdir ki, həddən artıq informasiyalıdır. Bütün dünya onların telefonunun içindədir. Bu informasiya heç də həmişə biliyə çevrilmir. Biliyə çevrilməyən informasiya da yükdür.  Beyində xaos yaradır. Bu günün gənclərində oturmaq, düşünmək, yaratmaq qabiliyyəti zəifdir. Bu özünü ədəbiyyatçılarda da biruzə verir.

- Bir nüçə gün öncə qalmaqalları rus siyasətçisi  Vladimir Jirnovski universitetinizə qonaq gəlmişdi. Onunla görüşdə hansı  maraqlı hadisə yaşandı.

- Bizdə təkcə Jirnovski yox, bir çox qonaqlar oldu. Maksim Qorkinin nəvəsi, Rusiyada fəaliyyət göstərən jurnalist İradə Zeynalova, telejurnalist Dmitri Kiselyov, eyni zamanda da Vladimir Jirnovski gəldi. O çox maraqlı, çox savadlı insandır. O, istər “Mumu” hekayəsinə, istərsə də başqa əsərlərə rus ədəbiyyatşünaslığından köklü surətdə fərqlənən bir yanaşma ilə çıxış edirdi.    Onun siyasi baxışlarına yox, rus ədəbiyyatı ilə bağlı fikirləri mənim üçün  maraqlı oldu. Rus ədəbiyyatı ilə bağlı dərs apardı. Yeni dövrə uyğun öz şərhlərini verdi. Təbələrlə ünsiyyətində mən hiss etdim ki, onu maraqlandıran tələbələrin düşüncəsidir. Tələbələrimiz onunla sərbəst şəkildə canlı dialoqda oldular. O bizim gənclik barəsində öz yüksək rəyini və heyranlığını bildirdi.


Rufanə GÜNƏŞ
Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu