Modern.az

Qəzetlərə xəbərdarlıq: "20 min manat almısan, borcunu ver!"

Qəzetlərə xəbərdarlıq: "20 min manat almısan, borcunu ver!"

Media

2 Avqust 2010, 15:26

Avqustun 2-də «Azərbaycan» nəşriyyatı borclu qəzetlərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, borclar tezliklə ödənilsin, yoxsa qəzetlərin çapı dayandırılacaq.

Nəşriyyat direktorunun müavini Bəsti İsmayılova "Azadlıq" radiosuna borclu qəzetlərə xəbərdarlıq olunduğunu təsdiqləyib:

«Eləsi var kommunal xərclərə görə, eləsi var çap xərcinə görə borcu var. Biz xəbərdarlıq etməliyik də, borclarını ödəsinlər».

Direktor müavini 15-ə yaxın qəzetin nəşriyyata xeyli borcu olduğunu desə də, ümumi borc məbləği barədə açıqlama verməyib.

Bəsti İsmayılovanın sözlərinə görə, borcların ödənilməsilə bağlı qəzetlərə xəbərdarlıq olunsa da, konkret vaxt qoyulmayıb.

Xatırladaq ki, Prezidentin sərəncamı ilə bu il milli mətbuat günündə 32 qəzetin hər birinə birdəfəlik 20 min manat yardım ayrılıb.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin sözlərinə görə, hazırda onların nəşriyyata 16 min manat borcları var. Prezident sərəncamı ilə ayrılan 20 min manat birdəfəlik yardımı isə hələ almayıblar. Baş redaktor deyir ki, əslində nəşriyyata olan borcların indi istənilməsi ayrılan yardımın əllərindən alınması deməkdir.

«Əgər belə idisə, elə bizə ayrılan pulu birbaşa nəşriyyatın hesabına köçürəydilər, biz də işimizi biləydik. Biz onsuz da hər dəfə çapa görə ödənilən məbləğdən 40-500 manat artıq pul ödəyirik ki, borcumuz azalsın. Bizə ayrılan pulun 50 faizi işçilərə əməkhaqqı kimi ödəniləcək. Bir tərəfdən də hələ heç o ayrılan yardım hesabımıza köçürülməyib».

«Bakı xəbər» qəzeti isə Prezidentin Ehtiyat Fondundan ayrılan 20 min manat yardım hesabına 17 min manatlıq borcun yarısını ödəməyə hazırdır.

***

Avqustun 2-də «Azadlıq» qəzetinin əməkdaşları «Azərbaycan» Nəşriyyatına buraxılmayıb. Səbəb kimi qəzetin nəşriyyata borcunun ödənilməməsi göstərilir.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid deyib ki, yalnız onun içəri daxil olmasına imkan veriblər, qalan əməkdaşlar isə nəşriyyatın qapısı qarşısında gözləməkdədirlər.

Baş redaktorun sözlərinə görə, borclu qəzetlər çox olsa da, onlar hansısa formada nəşriyyatla razılıq əldə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu