Modern.az

Parlament jurnalistləri deputat Mübariz Qurbanlını necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Mübariz Qurbanlını necə xarakterizə edirlər?

5 Avqust 2010, 13:57

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Mübariz Qurbanlı barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, Mübariz Qurbanlı 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Milli Məclisə deputat seçilib. Tarix elmləri namizədi, dosentdir.
M.Qurbanlı əvvəlcə Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində, sonra Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda həmin universitetin dosentidir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz? 

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Mübariz Qurbanlı son zamanlar Azərbaycanın siyasi arenasında, parlament müzakirələrində, mətbuat səhifələrində az-az görünür. Bunu səbəbini bilmirəm. Hətta son zamanlar jurnalistlərin ciddi suallarını zarafatla yola verir. Bütün bunlar məndə belə bir təəssürat yaradır ki, YAP-çı deputat əvvəlki ampulasını xeyli dəyişib”.

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Mübariz Qurbanlı hakimiyyətin əsas funkusionerlerindən biridir. Deputat kimi uzərinə düşən vəzifənin öhdəsindən gəldiyini düşünürəm. Koloritli danişığı var. Jurnalistlərin Azərbaycan siyasətində ən çox müsahibə aldığı şəxslərdən biri də odur. Bir sözlə, onu müsbət xarakterli deputat hesab edirəm”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Mübariz Qurbanlı son zamanlar Milli Məclisdə passivlik nümayiş etdirir. Yeni Azərbaycan Partiyasının güclü kadrlarından biri olsa da, seçici hüquqlarının müdafiəsində fəaliyyəti hiss olunmur. Jurnalistlərlə münasibəti isə yaxşıdır”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Məncə, Mübariz Qurbanlı çox açıq deputatdır, ancaq parlamentdən kənarda onunla görüşüb müsahibə almaq, yaxud telefonla danışmaq müşkül məsələdir. Bəlkə də Milli Məclisdə jurnalistlərlə  üz-üzə gəldiyindən suallara cavab verir. Mənə elə gəlir ki, onun Milli Məclisdə əsas funksiyası müxalifətçiləri susdurmaqdan ibarətdir. Bir şəxsi təşəbbüsü yadıma gəlmir”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Mübariz Qurbanlını Milli Məclisin ən fəal deputatlarından hesab edirəm. O, hər zaman aktual mövzularla bağlı çıxışlar edir. Bu da daha çox diqqət cəlb edir. “İşğal olunmuş ərazilərlə bağlı” qanun layihəsinin müzakirəyə çıxarılması təklifi hələ də yaddaşlardadır. Mətbuata açıq deputatdır. Hansısa  jurnalistin ondan narazı qalmasına inanmıram. Seçiciləri ilə də daim maraqlandığı barədə dəqiq məlumatım var”.

“Xəbərlər Azərbaycan” İA-nın əməkdaşı Mürtəza Bünyadov: “Orta səviyyəli deputatdır. Mətbuata açıqdır. Hətta Mübariz Qurbanlını aktiv deputatlardan biri kimi də qiymətləndirmək olar”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Mübariz Qurbanlı Azərbaycan siyasətində və Azərbaycan parlamentində kifayət qədər stajı olan şəxslərdəndir. Mən onu aktiv deputat kimi dəyərləndirirəm. Xüsusilə Mübariz müəllimin “İşğal olunmş ərazilərlə bağlı” qanun qəbul etmək təklifi cəmiyyət tərəfindən, deputatlat tərəfindən müdafiə edildi. Junalistlərlə normal müasibətdədir. Seçicilərilə bağlı onun hər hansı problemi olmayıb. Ancaq onun seçicilərinin problemini necə həll etməsindən xəbərsizəm”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “Mübariz Qurbanlı ötən çağırışda daha fəal idi. Ölkədaxili və ölkəxarici məsələlərlə bağlı daim münasibət bildirirdi. Son zamanlar sanki siyasi proseslərdən bir növ uzaq düşüb. Ona görə də ötən dövrlə müqayisədə passivdir. Ancaq bir insan, deputat kimi jurnalistlərlə münasibəti çox yaxşıdır. Son zamanlar müəyyən məsələlərlə bağlı bir neçə dəfə yolum Şəmkirə düşüb. Seçiciləri Mübariz Qurbanlıdan razılıq edirdilər. Ancaq çox istərdik ki, seçki dövrü siyasəti üçün deyil, ümumiyyətlə siyasətdə fəallığını artırsın”.

“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli: “Mübariz Qurbanlı olduqca təmkinli və səbirli deputatdır. Parlamentdə Yeni Azərbaycan Partiyasının mənafeyini daima müdafiə edir. Müxalifətin fikirlərinə maraqlı və baməzə cavabları ilə yadda qalıb. Qanunvericiliyin hazırlanmasında da fəallığı ilə müşahdə olunur, qanun layihələrinin müzakirəsi zamanı maraqlı təkliflərlə çıxış edir. İqtidar partiyası və beyənlxalq məsələlərlə bağlı jurnalistlərin suallarını heç vaxt çavabsız qoymur. Ümumilikdə jurnalistlər üçün açıq deputatdır. Ancaq nədənsə parlament seçkiləri ərəfəsində onu tapmaq müşkül məsələyə çevrilib”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Eşad Paşasoy: “Düzdür, Mübariz Qurbanlı bir neçə ildir “mən “Yeni Müsavat” adlı qəzet tanımıram” deyir, ancaq biz onu yaxşı tanıyırıq. Bilirik ki, YAP-a sonradan gələnlərdən olsa da, hakim partiyanın rəhbərliyində yaxşı mövqe tutmağa nail olub. Mübariz bəyi müxalif fikrə qarşı dözümsüzlüyü ilə seçilən deputatlardan biri kimi xarakterizə etmək olar. Nədənsə mənə elə gəlir ki, onda müxalifətə, müstəqil mətbuata qarşı allergiya var. Hər halda ona bundan sonrakı fəaliyyətində dözüm arzulayıram”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynov: “Mübariz Qurbanlı illər öncə əks-düşərgədən transfer olunsa da, onun YAP üçün doğulduğuna kimsə şübhə etməməlidir. Çünki o, bütün parametrlərilə rəhbərlərindən biri olduğu hakim partiyaya layiqdir. Ancaq onun niyə bu vaxta qədər partiyanın icra katibinin müavini kimi bir postla kifayətlənməsi hələ də mənə qaranlıqdır. Kim bilir, bəlkə sabah o, icra katibi də olacaq? Axı o, öz bacarığı və istedadı ilə bu yükü daşımağa hazırdır və başqalarından fərqli olaraq Heydər Əliyevin çoxgedişli idarəçilik texnologiyasını yaxşı mənimsəyib. Ona uğurlar arzulamaqdan başqa əlimdən nə gəlir...?”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Onu mətbuata nisbətən açıq YAP təmsilçisi kimi qiymətləndirmək olar. Mübariz Qurbanlı ilə əvvəllər daha rahat əlaqə saxlamaq olurdu. Bir neçə dəfə parlamentdə jurnalistlərə fərq qoyduğunun şahidi olmuşam. Amma özü də qeyd edib ki, jurnalistin özünə qarşı qərəzi yoxdur, sadəcə onun təmsil etdiyi mediaya açıqlama verməyəcək. Onu Milli Məclisdə aktiv deputat adlandırmaq da mümkündür. Bir çox məsələlərə münasibət bildirir, xüsusilə də siyasi mövzularda çıxış edir. Adətən müxalifətdən olan həmkarlarının çıxışlarına cavab verir. Seçiciləri ilə necə işləməyindən isə xəbərim yoxdur".

Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasını təmsil edən fəal deputatlardan biridir. Kanstruktiv təklifləri ilə bərabər onun reallıqdan uzaq çıxışları da çoxdur. Parlamentdə müxalifətçi deputatların hökuməti tənqid etməsinə cavab olaraq Mübariz Qurbanlı elə çıxışlar edir ki, onun fikrincə, guya Azərbaycanda qanundan kənar heç nə baş vermir, seçkilər demokratik keçir, vətəndaşlar incidilmir, məmurlar rüşvət almır, guya Azərbaycan xalqı yağ-bal içində üzür... Şəmkirdən olan dost-tanışlardan eşitdiyimə görə, Mübariz Qurbanlı seçiciləri ilə fəal surətdə işləmir. Yalnız rayon əhəmiyyətli tədbirlərdə görünür. Deyilənə görə, daşkəsənli seçiciləri onu seçkidən sonra heç görməyiblər. Jurnalistlərə açıq deputatdır”.


Hazırladı Surət HƏSƏNOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir