Modern.az

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas hədəfi

Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas hədəfi

11 Noyabr 2014, 11:23

filologiya üzrə elmlər doktoru, professor

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsil sahəsində beynəlxalq təcrübə və meyillər yüksək təhsil səviyyəsinə nail olmaq üçün diqqət mərkəzində saxlanılır. Bu da çox düzgün seçilmiş və elmi – nəzəri əsası olan bir hədəfdir. Ona görə ki, təhsilin sosial, iqtisadi, mədəni həyatda böyük rolu vardır. Ölkədə təhsilin səviyyəsi nə qədər yüksək olarsa, peşəkar kadrlar, intellektual səviyyəli insanlar da çoxalar. Nəticədə ölkədə iqtisadi, sosial, mədəni həyatda inkişaf, yüksəliş baş verə bilər. Dayanıqlı inkişaf mərhələsində olan ölkəmizdə bunun davamlı və uğurlu gələcəyi üçün insan kapitalının inkişafına nail olmaq olduqca vacib və əhəmiyyətlidir.

İndi dünya elə bir mərhələyə qədəm qoymuşdur ki, burada hər bir vətəndaşın biliyinin, bacarığının cəmiyyətə inteqrasiyası mühüm rol oynayır. Hərtərəfli bilik, bacarıq və vərdişlərə malik olan vətəndaşlar cəmiyyətə inteqrasiya olunmaqla təkcə özlərinin deyil, həm də cəmiyyətin də təlabatını ödəyə bilərlər. Belə vətəndaşlar ölkənin iqtisadi inkişafına, sosial inkişafına, mədəni inkişafına öz elmləri, bilik və bacarıqları ilə yardımçı ola bilərlər. Təbii ki, bilik və bacarığın cəmiyyətə inteqrasiyasında müasir ixtisaslara yiyələnmək imkan verir ki, bilik və bacarıqlar yenişləşsin, müasirləşsin, dünyəvi bir mahiyyət və məzmunda olsun. Məhz bilik və bacarığın yeniləşməsi təhsilin prioritetliyini daha da artırır. Bu da tələb edir ki, təhsilin keyfiyyəti yüksəlsin və əhatəliliyi artsın. Təhsilin keyfiyyətini artırmaq təkcə təhsil müssisələrinin sayı və təhsilin müddəti ilə bağlı deyil. Düzdür, bunlar da vacib şərtdir. Ancaq bunlardan da vacib olanlar vardır. Vacib olanlar sırasında təhsil prosesinin özünün keyfiyyətini artırmaqdır. Təhsil prosesinin keyfiyyəti artmasa, təhsildə müsbət nəticələrin əldə olunması asan olmayacaqdır. Onu da qeyd edək ki, təhsildə infrastrukturun yeniləşdirilməsi, təhsil müəssisələrinin yeni avadanlıqlarla təmin edilməsi hələ təhsilin keyfiyyətində irəliləyişlər əldə etmək deyildir. Bu mənada Strategiyada beynəlxalq təcrübəyə istinad edərək qeyd olunur ki, bir sıra ölkələrdə yazmaq, oxumaq, hesablamaq vərdişlərinə yiyələnə bilməyən çoxlu sayda insanlar vardır. Halbuki həmin ölkələrdə təhsilə xeyli xərclər ayrılmış, təhsil müəssisələri avadanlıqlarla təhciz olunmuş, təhsil infrakstrukturu yeniləşmişdir. Bunlara baxmayaraq, həmin ölkələrdə təhsilin keyfiyyətində müsbət irəliləyiş olmamışdır. Ona görə də təhsilin keyfiyyətini, ədalətliliyini prioritet sahə kimi diqqət mərkəzində saxlamaq lazımdır. Həm də Strategiyalı təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələbləri həyata keçirmək lazımdır. Həmin tələblər sırasında formal (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan), informal (özütəhsil yolu ilə biliklərə yiyələnmə), qeyri – formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) təhsil formaları da nəzərdən yayınmır. Eyni zamanda zehni inkişafın təməlinin erkən yaş dövrlərində başlanması əldə rəhbər tutulur. Ona görə də uşaqların zehnini erkən yaş dövrlərindən inkişaf etdirmək üçün məktəbəqədər təhsilin inkişafı dövlət siyasətinin prioritet sahələrindən biri kimi dəyərləndirilir.

Strategiyada beynəlxalq təcrübədən çıxış edərək bir çox qabaqcıl ölkələrin ümumi təhsil müddəti təkcə müqayisə olunmur, həm də təhsilin keyfiyyətini artırmaq baxımından hər bir təhsil işçisini düşündürür. Məsələn, Kanadada, Fransada, Hollandiyada, Çexiyada ümumi təhsilin müddətinin 14 il, Almaniyada, Böyük Britaniyada, İsveçdə, Avstraliyada, Yeni Zelandiyada 13 il, Amerika Birləşmiş Ştatlarında, Finlandiyada, Cənubi Koreyada, Polşada və digər ölkələrdə 12 il, az sayda ölkələrdə 11 il olması təsadüfidirmi? Əlbəttə, bu, təsadüfi deyil. Belə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, istənilən bir ölkədə istənilən təhsil pilləsinin təhsil müddətinin bir il artırılması həmin ölkədə Ümumi Daxili Məhsulun 3-6 faiz artımı ilə nəticələnir. Deməli, ümumi təhsil müddətinin artırılması təhsilin keyfiyyətinə xidmət edir. Və təhsilin keyfiyyətinin inkişafı Ümumi Daxili Məhsulun artımına gətirib çıxarır.

Strategiyada təhsil sahəsində beynəlxalq təcrübə və meyillər sırasında təhlilin məzmunu mühüm yer tutur. Belə ki, beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial – iqtisadi inkişaf tələbləri ilə əlaqələndirilməsidir. Yəni kurikulumların məzmunu elə blik, bacarıq, səriştə aşılamalıdır ki, onlar iqtisadi inkişafa xidmət etsinlər. Bilik, bacarıq, vərdiş, səriştə praktik yönümlü olmalıdır. Sırf nəzəri xarakterli bilik, bacarıq, vərdiş, səriştə fundamentallıqdan uzaqlaşır, tətbiq imkanlarını itirir. Ona görə də indi təhsilin məzmununun formalaşmasında nəzəri, akademik biliklərlə yanaşı, praktik bilik, bacarıq, vərdiş və səriştələr ön plana keçir. Əgər istənilən bir insanın bilik, bacarıq və vərdişləri konkret praktik imkana malik deyilsə, onun heç bir effekti olmur. Bu baxımdan kurikulumların məzmunu şəxsiyyətin hərtərəfli formalaşmasına xidmət etməklə yanaşı, əmək bazarının tələblərinə uyğun qurulmalıdır. Məhz strategiyada təhsilin məzmununda bu məqam xüsusilə diqqət mərkəzində saxlanılır.

Strategiyada təhsil sahəsində beynəlxalq təcrübə və meyillər sırasında müəllim və tədris metodikaları mühüm amillər kimi qiymətləndirilir. Doğrudan da, müəllim də, tədris metodikaları da təhsil prosesində ən vacib amillərdəndir. Belə ki, təhsilalanın formalaşmasında müəllimin biliyi, bacarığı, vərdişi, səriştəsi aparıcı rol oynayır. Ona görə də müəllim müntəzəm olaraq bilik və bacarıqlarını inkişaf etdirməlidir. Belə olmasa, o, təhsilalana yeni – yeni biliklər verə bilməz, bacarıq, vərdişləri aşılamaqda heç bir nailiyyət əldə edə bilməz. Bu baxımdan da strategiyada müəllim amilinə, müəllim peşəkarlığına xüsusi diqqət yetirilir. Ona görə də təhsil islahatı zamanı müəllim hazırlığı və müəllim peşəkarlığı həlledici amil kimi unudulmur. Müəllimlərin mütərəqqi tədris metodlarına və müxtəlif sahələrə aid metodikalara xüsusi önəm verilir. Təcrübə onu göstərir ki, özünməxsus metodu olmayan müəllim təhsilalanın formalaşmasında, yaradıcı düşüncəsinin inkişafında uğurlu nəticə əldə edə bilmir. Ancaq özünəməxsus metodu olan müəllim təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə almaqla daha yüksək nəticələr əldə edir. Bununla da təhsil siyasətində müəllim və tədris metodikaları təhsilalanın inkişafında böyük rol oynayan amillər sırasında götürülür.

Strategiyada təhsil sahəsində beynəlxalq təcrübə və meyillər sırasında idarəetmə amili də başlıca amil hesab olunur. Belə ki, təhsil prosesinin iştirakçıları-təhsilverən və təhsilalan münasibətləri düzgün qurulmalıdır. Münasibətlər sistemini düzgün qurmaq, tənzimləmək, funksiyaları, səlahiyyət və cavabdehliyi dəqiq müəyyən etmək yenə də təhsil prosesinin keyfiyyətinə və inkişafına yetərincə xidmət edə bilir. Bu baxımdan strategiyada inkişaf etmiş ölkələrin təcrübəsinə istinad olunur. Bir daha məlum olur ki, inkişaf etmiş ölkələrdə təhsildə idarəetmənin ictimailəşməsi prosesi getdikcə sürətlənir. Əslində təhsildə idarəetmənin ictimailəşməsi o deməkdir ki, təhsilverənin səlahiyyəti, funksiyası və cavabdehliyi cəmiyyətin hər bir üzvü tərəfindən tanınır və qəbul olunur. Bu da nəticədə təhsil strategiyasını uğurla həyata keçirir. Eyni zamanda təhsilin keyfiyyətinin dayanıqlı inkişafını təmin edir.

Təhsildə idarəetmənin ictimailəşməsi təhsil müəssisələrinin hər birini müstəqilləşdirir, təhsil prosesinin digər iştirakçılarını (valideynləri, şagirdləri, tələbələri) prosesə geniş şəkildə cəlb edir, nəticəni məqsədyönümlü və effektli edir. Həm də ali təhsildə özəl sektorun rolunu artırır. Bununla da ali təhsil müəssisələrində dövlət maliyyələşdirilməsi özəl sektorun maliyyələşməsi ilə əvəz olunur. Və bu baxımdan müxtəlif dövlətlərdə ali təhsil sisteminin maliyyələşdirilməsi müqayisə olunur. Məsələn, Almaniya, Avstriya, İtaliya kimi ölkələrdə dövlət maliyyələşdirilməsinin həcmi 90 faiz, ABŞ, Avstraliya, Yaponiya, Kanada və digər ölkələrdə isə 50-70 faiz təşkil edir. Bu da imkan verir ki, təhsilalan da, təhsilverən də maliyyələşdirmə məsələsinə dünya təcrübəsinə istinad etməklə yanaşsın. Deməli, ölkədəki ali təhsil müəssisələrinin maliy­yə­ləş­di­ril­mə­sin­də yeni düşüncə və dünyagörüş təhsil sisteminə gəlməlidir. Bu yeni düşüncə və dün­yagörüşlə təhsilin maddi – texniki bazasının inkişafına, müəllimin əmək haq­qı­nın artırılmasına və s. məsələlərə nail olmaq mümkündür.

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında Azərbaycan Respublikasında təhsilin vəziyyəti məsələsi də əhəmiyyətli şəkildə özünə yer alır. Etiraf etmək lazımdır ki, son illərdə ölkəmizdə təhsilin inkişafı istiqamətlərində xeyli nailiyyətlər əldə olunmuşdur. Azərbaycan Respublikasının bütün regionlarında  təhsilin infrakstrukturu əhəmiyyətli şəkildə yeniləşmişdir. Təhsil müəssisələri elmi – metodiki baxımından, təhsil infrastrukturunun yeniləşməsi baxımından, dərsliklərlə təminat baxımından, kadr təminatı baxımından yenidən qurulmuşdur. Azərbaycanda təhsilin keyfiyyəti və əhatəliliyi yüksəlmişdir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına əsasən (2005-ci illə müqayisədə) Azərbaycan 169 ölkə arasında 101-ci yerdən 67-ci yerə yüksəlmişdir. Bununla da Azərbaycan “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olmuşdur. Əlbəttə, bu, Azərbaycan təhsilinin beynəlxalq rəqabət prosesində davamlılığını, reytinq səviyyəsinin yüksəldildiyini göstərir. Bununla yanaşı, ali və ümumi təhsil üzrə təhsilalanların keyfiyyət göstəricilərini yüksəltməyi bir zərurətə çevirmək lazımdır. Eyni zamanda ümumi təhsil müəssisələrində dərsliklərin məzmununun, keyfiyyətinin elmi – metodik baxımdan təkmilləşdirilməsi də aktuallıq kəsb edir, bir zərurətə çevrilir. Bundan başqa, təhsilin keyfiyyəti və əhatəliliyi ilə bağlı digər vacib məsələlər də diqqət mərkəzində saxlanılır. Məsələn, həmin vacib məsələlər içərisində ali təhsil müəssisələrində kənd təsərrüfatı üzrə təhsil alan tələbələrin 1,2 faiz təşkil etməsidir. Bu, təbii ki, gələcəkdə kənd təsərrüfatı sahəsində kadr çatışmazlığına gətirib çıxara bilər. Bundan başqa, regionlar üzrə ali təhsil almaq üçün ali təhsilə çıxış imkanları genişlənməlidir. Görünür ki, gələcəkdə ali təhsil müəssisələrinin regionlar üzrə qurulması həlli əhəmiyyətli hesab olunan işlərdən biri olacaqdır. Bu da imkan verəcəkdir ki, ali məktəb tələbələrinin sayı artsın. Strategiyada qeyd olunduğu kimi, hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayı xeyli dərəcədə artacaqdır.


Respublikada təhsilin keyfiyyətini və əhatəliliyini artırmaq üçün məktəbəqədər təhsilə də xüsusi diqqət yetirilməlidir. Məktəbəqədər təhsilə cəlb olunanların sayı artmalıdır. Bu məsələ Strategiyada diqqət mərkəzində saxlanılır. Qeyd olunur ki, məktəbəqədər təhsil şəhərlərdə 23,4 faiz, kəndlərdə 8,7 faiz, ölkə üzrə 16,5 faiz təşkil edir. Düzdür, Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində təhsil alanların sayı artaraq 27 faizə çatmışdır. Ancaq bu sahədə problemin tam həll edilmədiyi də bir faktdır. Bir fakt da odur ki, yaşayış məntəqələrimizin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur.

Strategiyada Azərbaycan Respublikasında təhsilin vəziyyəti reallıqların təhlili üzərində qurulur. Məsələn, təhsilin məzmununda görüləcək işlərin nə qədər zəruri olduğunu nəzərə çatdırmaq üçün ümumi təhsilin dövlət standartları və proqramları hədəf kimi götürülür. Doğrudan da fənn kurikulumları və dərsliklər ümumi təhsilin I-VI siniflərində tətbiq olunsa da, VII-XI siniflərdə bu istiqamətdə işlər davam etdirilməlidir. Ona görə davam etdirilməlidir ki, ümumtəhsil müəssisələrində indiyə qədər mövcud olan kurikulumlar müasir tələblərə cavab vermir, əmək bazarına uyğun deyildir. Ali təhsil müəssisələrində isə əmək bazarının tələbatına uyğun kadrların hazırlanmasına ehtiyac böyükdür.

Strategiyada Azərbaycan Respublikasında təhsilin vəziyyəti dedikdə idarəetmə, infrastruktur və s. məsələrlər də təhsil sisteminin inkişafına xidmət edən amillər kimi diqqət mərkəzində saxlanılır.

Strategiyada “Təhsil sisteminin başlıca vəzifələri”, “Strategiyanın məqsədi”, “Strateji istiqamətlər”, “Strateji hədəflər və tədbirlər”, “Strategiyanın həyata keçirilməsi” təhsilin gələcəyi barədə geniş təsəvvür yaradır. Bunların hamısı ölkədə təhsilin gələcək inkişaf perspektivlərini bir məsuliyyətə çevirir. Artıq Strategiyada ən vacib amillər gündəmə gəlir: insan kapitalını inkişaf etdirmək, təhsildə beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, müstəqil və yaradıcı düşünən vətəndaş, şəxsiyyət yetişdirmək, qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaq, müasir tələblərə cavab verən infrastrukturu yaratmaq, müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizmini yaratmaq, səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumları hazırlamaq və s. Bütün bunların hamısını həyata keçirmək üzrə fəaliyyət planı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş və Strategiyanın icrasının gedişi barədə hər il Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hesabat verməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hər il Azərbaycan Respublikasının Prezidentinə hesabat verəcəyi onu göstərir ki, Strategiyanın həyata keçirilməsi çox əhəmiyyətli və vacib bir işdir. Bu mənada Strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Respublikasında təhsilin inkişafı ilə bağlı bir sıra nailiyyətləri vəd edir. Ölkənin gələcəkdəki mədəni, iqtisadi, sosial, elmi inkişafını şərtləndirir və stimullaşdırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər