Modern.az

Fərəc Quliyev: “Heydər Əliyev mənə baş nazir postunu təklif etmişdi” - MÜSAHİBƏ

Fərəc Quliyev: “Heydər Əliyev mənə baş nazir postunu təklif etmişdi” - MÜSAHİBƏ

11 Noyabr 2014, 15:20

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev 1990-cı illərin gərgin, qalmaqallı siyasi mənzərəsi ilə bağlı Modern.az saytına müsahibə verib.

- İxtisasca həkimsiniz, lakin ötən əsrin 80-ci illərinin sonlarında başlayan milli-azadlıq hərəkatının iştirakçılarından biri olmusunuz. Siyasətə gəlişinizə qısa nəzər salanda həmin illəri necə xatırlayırsız?

- Mən əslində 1980-ci illərin əvvəllərindən siyasi proseslərə qoşulmuşdum. O vaxt biz “Qeyrət” təşkilatı yaratdıq, sonra Əbülfəz Elçibəyin yaratmış olduğu “Varlıq” təşkilatı ilə  birgə siyasi fəaliyyətə başladıq. 1986-cı ildə  ali məktəbi bitirəndən sonra Naxçıvana getdim və orada təşkilatlanma ilə məşğul olduq. 1991-ci ildə parlamentdə siqnator deputat kimi Müstəqillik Aktını hazırlayan üç nəfərdən biri olmuşam. Amma biz başqalarından fərqli olaraq qəhrəman deyildik. Hərəkatın içərisindən çıxan bəzi insanlar isə indi özlərini qəhrəman kimi təqdim etməyə çalışırlar. Əslində o dövrdə yaşayan insanlar hərəsi öz ixtisası üzrə qəhrəmanlıq edirdi. Mənim payıma da parlament fəaliyyəti düşmüşdü. Bir sözlə, 1988-ci ildən başlayan hərəkat olmasaydı belə, biz yenə də siyasətin içinə girəcəkdik.

- 1989-1993-cü illərdə o dövrdə böyük bir kütləni arxasınca aparan, ictimai-siyasi şüura əhəmiyyətli dərəcədə təsir göstərən Azərbaycan Xalq Cəbhəsi (AXC) təşkilatının Ordubad rayon şöbəsinin rəhbəri olmusunuz. 1991-ci ilin dekabrında Naxçıvanda Soyuq bölgəsində mühüm strateji məntəqə olan hərbi hissəni rus-erməni silahlı birləşmələrindən təmizləyən əməliyyata rəhbərlik etmisiniz və həmin vaxt sizin dəstədə olan 5 nəfərin ayağı soyuqdan donub. Həmin hərbi hissəni ələ keçirməklə bağlı başqa hansı çətinliklərlə üzləşmişdiniz?

- Cərrah olan əmim oğlu da bizimlə birlikdə ora getmişdi. O, şaxtadan ayağı donmuş əsgərlərin ayağını amputasiya etmək məcburiyyətində qaldı. Əmim oğlu 1996-cı ildə qaraciyərində yaranan problemdən dünyasını dəyişdi. Biz əslində, həmin əməliyyatla ermənilərə verilən ərazini geri aldıq deyə bilərik. Çünki həmin vaxt sözügedən ərazi Ermənistanın sərhədlərinə daxil idi. Orada rus hərbi hissəsi yerləşirdi. Onların baş qərargahı Tiflisdə idi. Həmin hərbi hissədə olan radiolokasiya stansiyası Çinə və Hind okeanına qədər olan ərazilərə nəzarət edə bilirdi. Biz belə məlumat almışdıq ki, həmin hərbi hissəni ermənilərə təhvil verəcəklər. Ora elə yüksəklik idi ki, hətta avqustda da qar olurdu. Biz dekabr ayında məlumat alandan sonra 25 döyüşçü ilə həmin hərbi hissəni aldıq. Mənim rəhbərlik etdiyim əməliyyatda iştirak edən döyüşçülər özləri isə dağın ətəyinə çatana qədər hara getdiklərini bilmirdilər. Düşünürdüm ki, informasiya sıza bilər...

- AXC təmsilçisi və Ali Sovetin deputatı ola-ola həm də hərbçi statusu daşıyırdınız ki, əməliyyata rəhbərlik etmişdiniz?

- Xeyr, siz dediyiniz kimi AXC-nin Ordubad rayon şöbəsinin sədri və parlamentin deputatı idim. Sadəcə olaraq, rus əsgərlərindən  alınan hərbi texnikanın milliləşdirilməsi ilə bağlı   komissiyanın rəhbəri idim. Əslində həmin komissiya qanuni fəaliyyət göstərirdi. Həmin komissiya özbaşına bir sənəd hazırlamışdı. Həmin sənəddən istifadə edib, rusların 6 sərhəd zastavasını ələ keçirmişdik. Bundan sonra əlimizə keçən silahlarla Soyuq bölgəsinə yürüş etdik. Orda bizə müqavimət göstərə bilmədilər, daha doğrusu, ağıllarına belə gəlmirdi ki, kimsə ora gedə bilər. Həmin anları həyatımın ən şərəfli səhifəsi hesab edirəm. Bizim bütün qələbələrimizin rəhni Azərbaycan xalqı idi. Mən həmin əməliyyat zamanı Soyuqdan radio vasitəsi ilə aşağıda yerləşən məntəqələrə əsgərləri isti əlcəklərə və belliklərə ehtiyaclarının ilə bağlı müraciət etdim. Müraciətdən iki gön sonra rayon mərkəzinə qayıtdım. Orada gördüm ki, əsgərlər üçün camaat 3 min cüt əlcək, bellik, papaq toxuyub. Bütün bunlar kütləvi qəhrəmanlıq idi.

- Heydər Əliyevin Moskvadan Naxçıvana gəlişinə etiraz edənlər və dəstəkləyənlər var idi. Maraqlıdır, həmin zamanda AXC Ordubad rayon şöbəsinin sədri olan Fərəc Quliyev Heydər Əliyevlə bağlı məsələdə hansə cəbhədə yer alırdı?

- Heydər Əliyev artıq haqq dünyasındadır və ondan asılı olan bir şeyim yoxdur. Mən həmişə  bütün resursları birləşdirməyin və Azərbaycanda bütün gücləri milliləşdirməyin, düşmən qarşısında dayanmağın tərəfdarı olmuşam. Bu məsələlərdə Heydər Əliyevin öndə olmasını dəstəkləyirdim. Hesab edirdim ki, Heydər Əliyevin proseslərdə iştirakı Milli Azadlıq Hərəkatına güc gətirə bilər. Heydər Əliyev kimi təcrübəli bir adamın Milli Azadlıq Hərəkatına dəstək verməsi mühüm məsələ idi. O dövrdə Heydər Əliyevin Naxçıvana gəlməsi də bizim işimizə xeyir verdi. Həmin zaman Heydər Əliyev və Əbülfəz Elçibəy arasında olan əks qütblülüyü biz daha rəvan şəkildə, bir müstəvidə inkişaf etdirməli olsaydıq, daha uğurlu nəticələr alınardı. Əbülfəz Elçibəy də bu xəttin yürüdülməsinin tərəfdarı idi. Məsələn, o, Əbdürrəhman Vəzirova qarşı istefa tələbi irəli sürməyin əleyhinə idi. Əbülfəz Elçibəy deyirdi ki, hər kəsi milli kisəyə salmaq və zorən insanları düşmən etməmək lazımdır.

- Ayaz Mütəllibov hakimiyyətdə olan vaxt, 1991-ci ildə Dağlıq Qarabağı separatçılardan təmizləmək üçün  “Üzük” kod adlı  əməliyyat başlatmışdı. O, bu əməliyyatın uğursuzluğa düçar olmasının səbəbi kimi, bildirir ki, bəzi AXC təmsilçiləri Baltikyanı ölkələrdə erməni separatçıları ilə sövdələşməyə getmişdi. Belə bir şey olmuşdumu?

- Ayaz Mütəllibov böyük yanlışların içərisində idi. Mən parlamentdə Milli Ordunun  və Milli Qvardiyanın yaradılması ilə bağlı çıxış edəndə, Ayaz Mütəllibov qətiyyətlə bunun əleyhinə çıxdı. Ayaz Mütəllibov AXC təmsilçilərinin ünvanına bu cür ittihamlar səsləndirməkdə haqlı deyil. AXC təkcə Ağdamda 3 min üzvünü şəhid verib. Onun bu cür ittihamlar səsləndirməsi, həmin şəhidlərin ruhuna təhqirdir. Razıyam ki, AXC rəhbərliyində başqa dövlətin mənafeyinə qulluq edənlər, kəşfiyyatçılar ola bilərdi. Bəlkə bu gün də hakimiyyətdə nazir səviyyəsində kəşfiyyatçı olanlar var.

- Heydər Əliyevi 1992-ci ildə Əbülfəz Elçibəyin yerinə hakimiyyətə gətirmək mümkün idimi?

- Əvvəla, qeyd edim ki, Naxçıvanda koalisiya tipli bir davranış modeli var idi. AXC-nin, Kommunist Partiyasının xeyli üzvü və bitərəflər Naxçıvanda yerli hakimiyyətin qurulmasında iştirak edirdi. Əbülfəz Elçibəy belə modelin mərkəzi hakimiyyətdə də tətbiqinin tərəfdarı idi. Bunun nəticəsi idi ki, Rəhim Hüseynov baş nazir vəzifəsində qalırdı. O, çox yaxşı kadr idi. Əbülfəz Elçibəy Rəhim Hüseynovdan vəzifəsində qalmağı da xahiş etmişdi...

- Əbülfəz Elçibəyin ətrafında elə adamlar var idi ki, məhz onların təzyiqi və istəyi ilə Rəhim Hüseynov vəzifəsindən getməyə məcbur oldu?

- Təzyiq deməzdim. Rəhim Hüseynov deyirdi ki, ətrafındakı yeni adamlarla işləmək onun üçün çətindir. Rəhim Hüseynova qarşı bir basqı yox idi. “Elçibəyə təsir etdilər” kimi iddialar düzgün deyil.

- Söhbət Əbülfəz Elçibəyə təzyiqdən getmir. Məsələn, Əbülfəz Elçibəyin ətrafındakı adamların öz vəzifələrindən sui-istifadə edərək, istəklərini reallaşdırmasından söhbət gedir...

- Dövlətdə hər gün yeni kadrlara ehtiyac olur. Heç bir hakimiyyət ideal deyil. Bizim dövrümüzdə də bacarıqlı kadrlar var idi. Əli Məsimli, Sabit Bağırov, rəhmətlik Nəcəf Nəcəfov kimi peşəkar kadrlar da var idi, təcrübəsizlər də. Eyni zamanda təmiz adamlar da var idi, təmiz olmayanlar da. Bu cür problem indiki hakimiyyətdə də mövcuddur.

- Yaxşı, AXC hakimiyyətinin ömrünün qısa olmasının səbəbləri nə idi? Səriştəsizlik, təcrübəsizlik, yoxsa kənar amillər?

- Mənim yerimdə kim olsa deyər ki, AXC hakimiyyətində təmsil olunmamışam. Fərz etdiyimiz personanın cavabından fərqli olaraq, mən deyirəm ki, AXC hakimiyyəti dövründə baş verən yaxşı hadisələrin də, pis şeylərin də çiynimdə ağırlığını daşımağa hazıram. Çünki mən AXC-də İcraiyyə Komitəsinin sədri idim. O dövrdə AXC sıralarında olmuşamsa, deyə bilmərəm ki, pislər mənə aid deyil, yaxşılar isə əksinə. AXC-nin hakimiyyətdə qala bilməməsinin səbəbini təkcə səriştəzislikdə axtarmaq lazım deyil. Bəzən soruşurlar: “Elçibəy Kələkidə qalsaydı daha çox xeyir verərdi, yoxsa Bakıda olsaydı?”. Birmənalı deyirəm, Elçibəy Kələkidə olanda daha çox xeyir verirdi. Çünki Rusiya Heydər Əliyevi birmənalı şəkildə kənara ata bilmirdi, Moskva düşünürdü ki, əks təqdirdə Elçibəy yenidən hakimiyyətə gələr. Onlar Elçibəyin radikal millətçi olduğunu düşünüb bunu istəmirdilər. Ona görə də Elçibəy prezidentlikdən getdikdən sonra, Kələkidə qalması ilə də dövlətə qulluq edirdi. Bu, elə-belə bir şey deyil.

- Səriştəsizlik məsələsini bir kənara qoyaq. Amma sizin özünüzün də proseslərdə iştirak etdiyiniz olaylar olub. 1993-cü ilin fevralında hakimiyyətin normal fəaliyyətinə ciddi şəkildə mənfi təsir edən Surət Hüseynovla bağlı hadisədə AXC İcraiyyə Komitəsinin sədri kimi sizin də iştirakınız var. Sizin iştirak etdiyiniz bu prosesdə Surət Hüseynovun həmin anda hakimiyyətə qarşı müqavimətinin qarşısını almaq mümkün olsaydı, AXC iqtidarının ömrünü uzatmaq olardımı?

- İstənilən anda dövləti sarsıda bilən hərəkətlərin qarşısı vaxtında alınmalıdır. Hər kəs düşünmədən şəxsi və qrup mənafelərini dövlət maraqlarına qurban verməyi bacarmalıdır. Biz dövləti qorumaq üçün epizodik hallarda humanistlik göstərəriksə, bu gələcəkdə fəsadlara səbəb ola bilər. Tarix və zaman da göstərdi ki, prosesləri məcraya salmaq üçün kəskin və qətiyyətli addımlar atmaq daha uğurlu variantdır.

- Siz demək istəyirsiniz ki, 1993-cü ilin fevralında Surət Hüseynovu zərərsizləşdirmək üçün kifayət qədər arqument və imkanlar var idi, amma bu edilmədi?

- Mən Surət Hüseynovun ən güclü vaxtlarında sözümü demişəm. İndiki məqamda, bir daha konkret olaraq, deyirəm ki, Azərbaycanın milli maraqlarına zərər gətirən bütün hadisələrin istənilən vasitə ilə qarşısı alınmalıdır.

- AXC daxilində kifayət qədər tanınmış adam idiniz. Əbülfəz Elçibəy hakimiyyətə gələndə isə siz hər hansı vəzifədə təmsil olunmadınız. Ürəyinizdən keçən vəzifəni sizə təklif etmədilər, yoxsa, özünüz kənarda qalmağa üstünlük verdiniz?

- Mən hakimiyyətdə təmsil olunmağı xoşlayan adam olmamışam. Hələ Naxçıvanda olanda Heydər Əliyev mənə Naxçıvanın baş naziri olmağı təklif etmişdi. Mən onda da bu təklifdən imtina etmişdim. Əbülfəz Elçibəy də  həmişə  mənə çox ciddi postlar təklif edib. Hamısından imtina etmişəm. Açığını desəm, mən AXC İcraiyyə Komitəsinin sədri vəzifəsində də olmaq istəmirdim. Lakin bir epizoddan sonra İcraiyyə Komitəsinin rəhbəri oldum. Elçibəylə söhbətimdə, rəhmətlik mənə dedi ki, Azərbaycanı sentyabra qədər hamar vəziyyətdə apara bilsək, neft kontraktlarından keçirsək, Rusiya və İran basqılarından məharətlə çıxa bilsək, ölkənin fəlakətlərinə son qoyulacaq. Elçibəy dedi ki, Rusiya və İran Azərbaycanın üzərinə çox gəlir və şərtlər irəli sürürlər. Dedi, sən ağıllı adamsan və düşünürsən ki, AXC hakimiyyətdən gedəcək və buna görə də indidən özünü qoruyursan. Bu sözlər mənə pis təsir etdi. Cavabımda qeyd etdim ki, mənə təklif olunan AXC İcraiyyə Komitəsinin rəhbərliyinə gəlim. O dövrdə Kəlbəcəri azad etmək üçün mənim təşəbbüsümlə iki batalyon yaradıldı. Gücümüz nə idisə, onu ortaya qoyduq. Bir sözlə, Elçibəy mənə bütün yüksək postları təklif etmişdi. Hətta sonda  demişdi ki, 3 güc nazirliyini birləşdirib mənim tabeliyimə versin. Bunu da qəbul etmədim.

- Həmin dövrdə ölkədə bir siyasi müxalifət də var idi və hakimiyyətə qarşı çox ciddi mübarizə aparan qüvvəyə çevrilmişdi. Məsələn, Azərbaycan Milli İstiqlal Partiyasını nümunə göstərə bilərik. Belə iddialar var ki, Əbülfəz Elçibəyin prezidentliyə namizədliyi təsdiq olunanda, Elçibəy səviyyəsində Etibar Məmmədovla ciddi şəkildə razılıq əldə olunmuşdu ki,  o, AXC iqtidarında baş nazir olsun. Çox güman ki, bu tipli proseslərdən də xəbərsiz deyilsiniz?

- Mən Elçibəyə təklif edirdim ki, ölkədə olan bütün siyasi qüvvələrin hakimiyyətdə təmsilçiliyini təmin etmək lazımdır. Deyirdim ki, hakimiyyətin bölüşdürülməsi məsələsində məsuliyyətli bölgü aparmaq lazımdır. Həmin dövrdə Etibar Məmmədovun və başqalarının hakimiyyətdə təmsil olunmasını arzulayırdım. Birincisi, ona görə ki, bu onların da haqqı idi. İkincisi, zorən müxalifət yaratmağa ehtiyac yox idi. Bu, daha çox zərər verərdi. AXC hakimiyyətdə ola-ola parlamentin spikeri İsa Qəmbərin Müsavat Partiyası yaratması yanlış idi. Ona görə də biz daha çox təmərküzləşmə yolları tapmalı idik. Biz həmin vaxtı  Zərdüşt Əlizadənin də, Etibar Məmmədovun da hakimiyyətdə təmsil olunması yollarını tapsaydıq, Azərbaycana bu qədər zərbə dəyməzdi. Amma bunun reallaşmasına böyük güclərin Azərbaycandakı kəşfiyyat şəbəkəsi, Milli Azadlıq Hərəkatına salınan başqa dövlətlərlə əlaqəli olan adamlar imkan vermirdi.

- Müsavatı qeyd etdiniz, amma AXC-nin öz daxilində də Əli Kərimli və onun ətrafında olan adamlar “Yurd” təşkilatını gücləndirməyə çalışırdılar. Maraqlıdır, Elçibəyin özünün marağında idi ki, belə fraksiyalar yaransın, yoxsa kimisə incitməmək üçün onların üzərinə getmirdi?

- Daxildə fraksiyaçılığın, qrup mənafelərinin bəlkə də qarşısını almaq olardı. Heç bir prezident yanından bir nəfərin belə getməsini istəməz. AXC o zaman böyük bir hərəkat idi. Kim onu izah etməyə çalışırsa ki, Elçibəyi sevir, onun yolunda ölümə getməyə hazırdır, amma başqa təşkilat yaradır, adamdan soruşarlar, bu şəxsi qəbul edirsənsə, ondan niyə ayrı təşkilat yaradırsan?!

- Qeyd etdiniz ki, Heydər Əliyevin Naxçıvana gəlməsinin tərəfdarı olmusunuz. Amma Heydər Əliyev 1993-cü ildə mərkəzi hakimiyyətə gələndən sonra, 1995-ci ildə həbs olundunuz və sizin tutulmanızla bağlı bu gün də bir qeyri-müəyyənlik var. Bu paradoksallıqları necə izah edərdiniz?

- Mən Elçibəyin yanında idim. Hakimiyyətdən getsə də, onu qanuni prezident hesab edirdim. Bunu heç bir zaman da gizlətməmişəm. Elçibəy hakimiyyətə qayıtsaydı belə, mən yenə həmin iqtidarda təmsil olunmayacaqdım. Amma onun hakimiyyətə qayıtmasını istəyirdim. Mən bütün üsullarla mübarizə apardım ki, Elçibəy yenidən prezident olsun. Mən qanunsuz silahlı dəstə yaratmaqda ittiham olunaraq həbs edilmişəm. Bəli, mən onu yaratmışdım. Mən bu dəstəni Azərbaycanı, milləti qorumaq üçün yaratmışdım.

- Fərəc Quliyev həbs olunmasa idi, Elçibəyin hakimiyyətə qayıtmaq şansları nə qədər real idi?

- Mən o gücün sahibi olsaydım, Elçibəyin hakimiyyətdən getməsinin qarşısını alardım. O vaxt hər kəs bilirdi ki, mən AXC-də Elçibəydən başqa heç kimi liderim kimi qəbul etmirəm. Ona görə də Elçibəydən sonra hər kəs məni lider kimi qəbul edirdi. Mən həbsdə olanda AXC bölündü və bu bölünmədən yaranan hər iki təşkilat iradəm və istəyim olmadan  məni Rəyasət Heyətinə seçmişdi. Bu, reallıqdır.

- Elçibəy deyirdi ki, vətəndaş müharibəsinin qarşısını almaq üçün hakimiyyətdən getdi. Siz bununla razısınızmı?

- Mən o dövr üçün çox radikal insan kimi tanınmışam. Amma bu radikallığım dövlətə qarşı olmayıb. Mən və bir çoxları həmin zaman da ölkənin indiki Suriyaya, Əfqanıstana, Liviyaya, İraqa çevrilməsini istəmirdik.  Elçibəy də bunu arzulamırdı.

-Yəni o zaman Azərbaycan üçün böyük təhlükələr var idi?

- Əlbəttə. O dövrdə Əbülfəz Elçibəyin yerinə Heydər Əliyev də hakimiyyətdə olsaydı, həmin vəziyyət yaranacaqdı. Heydər Əliyev hakimiyyətə gələndə də bunlar öz təsdiqini tapdı. “Talış-Muğan Respublikası” məsələsi ortaya çıxdı, “Sadval” təşkilatı Azərbaycana qarşı dişini qıcadı, Surət Hüseynov yenidən baş qaldırdı. Amma Heydər Əliyev bunların qarşısını aldı. Elçibəy isə çox sadə bir resept deyirdi: “Bunlar vətəndaş müharibəsinin olmasını istəyirlər və tərəflərdən biri mənəm. Mən çəkilirəm geri və savaşmıram”. Elçibəy geri çəkilməklə, vətəndaş müharibəsinə son qoymaq istəyirdi.

- Söhbətimizin əsas mövzularından biri 1993-cü ilin iyun hadisələri üzərində qurulduğundan bir məqama aydınlıq gətirmənizi istəyərdik. Açıqlamalarınızın birində Arif Hacılını Surət Hüseynova dəstək verdiyi bildirmisiniz. Hətta Surət Hüseynovu Arif Hacılının baş əsəri adlandırmısınız. Dediklərinizdən belə anlamaq olarmı ki, AXC hakimiyyətində Surət Hüseynovu himayə edən fərdlər mövcud idi?

- Personaları, fərdləri bir kənara qoyaq. O vaxt baş vermiş bir hadisədən danışmaq istəyirəm. Ordumuz geri çəkilmişdi, yüksəklikləri itirmişdik, Kəlbəcərə gedən alternativ yol bağlanmışdı və s. Mən o zaman bu hadisədə məsuliyyət daşıyanları qınamışdım, Arif Hacılı isə onları müdafiə etmişdi. Surət Hüseynovu kadr kimi təqdim edənlərdən biri də Arif Hacılı olmuşdu.  

- AXC-nin şinelindən çıxan fiqurların hərəsi sonradan ayrı-ayrılıqda  partiya yaratdı. Proseslərin bu məcraya yönəldiyinə görə təəssüflənmisinizmi?

- Heç yerdə deyilməyən bir məsələni qeyd edim. AXC partiyaya çevriləndə onun sıralarına girmək üçün ərizə yazmadım. Elçibəyə dedim ki, hakimiyyətə qayıdana qədər onun yanında olacağam. AXC-ni bölənlər sonradan onu birləşdirməyə cəhd ediblər. Adamdan soruşarlar: “Bu təşkilat bölünməli idisə, niyə sonradan birləşmək haqqında fikir ortalığa atırsınız? Yox, birləşməli idisə, niyə bölürdünüz?” Görünür şəxsi ambisiyalara görə və ya sifariş əsasında AXC-ni böldülər. AXC kimi böyük bir gücü parçalamaqdan böyük xəyanət yoxdur.

- Həbsdən çıxandan sonra sizə AXC-yə üzv olmaq üçün müraciətlər oldumu?

- Həbsdə olduğum müddətdə AXC iki yerə bölünmüşdü. Hər biri özünün qurultayında xəbərim olmadan, məni İdarə Heyətinin üzvü seçmişdi. Həbsdən çıxandan sonra AXC-ni birləşdirmək üçün çox çalışdım, çünki bu, mənəvi haqq idi. Mənə deyirdilər ki, guya birləşdirilmiş təşkilatın rəhbəri olmaq istəyirəm, ona görə bu qədər səy göstərirəm. Amma bəyanat verdim ki, AXC-yə rəhbərlik etmək niyyətim yoxdur, heç onun sıralarına belə üzv olmaq istəmirəm.

- Azərbaycan siyasi səhnəsində, siz də daxil olmaqla naxçıvanlıların xüsusi çəkisi var. Bir gün kimsə çıxıb desə ki, Naxçıvandan olan partiya sədrləri birləşsin, və Naxçıvanın hansısa böyük problemini həll etsinlər, buna necə reaksiya verərsiniz?

- Belə bir birliyə getmərəm. Mexaniki birliklər bir nəticə vermir. Mən şəxsiyyət və təşkilat ətrafında birləşməyi qəbul etmirəm. Zehniyyət ətrafında birləşməyin tərəfdarıyam.

- Qayıdaq bu günə. Milli Məclisin deputatsınız və kifayət qədər seçiciniz var. Seçici ilə sizin aranızda olan münasibət və seçicinin problemlərinin sizin tərəfinizdən hakimiyyət strukturlarına çatdırılması məsələsini necə dəyərləndirirsiniz? Seçiciniz problemi ilə bağlı müraciət edəndə, sözünüzü eşitməyən məmurlar varmı?

- Mənim müxalifətçiliyim zorən hakimiyyətdəkilərə qarşı deyil. Mən həmişə  milli maraqlarımıza uyğun olan məsələləri müdafiə edəcəyəm. İstər hakimiyyət, istərsə də, müxalifət tərəfindən millətimin əleyhinə olan davranışların qarşısındayam, bu, mənim prinsipimdir. Bu gün Azərbaycan hakimiyyətində kifayət qədər bacarıqlı kadrlar var. Lap ad da çəkə bilərəm. Məsələn, Əli Abbasov, Səlim Müslümovun adlarını çəkə bilərəm. Bəzən deputatlar gileylənir ki, hansısa məmur onların telefon zənglərinə cavab vermir. Amma mən belə halla qarşılaşmamışam. Seçicilərin problemi ilə bağlı etdiyim müraciətlərə mənfi cavab almamışam.

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?