Modern.az

“Vertolyotun vurulması müharibəni qızışdırmayacaq, bu, Ermənistanın növbəti təxribatdır”

“Vertolyotun vurulması müharibəni qızışdırmayacaq, bu, Ermənistanın növbəti təxribatdır”

12 Noyabr 2014, 17:48

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni hərbi vertolyotunun vurulması böyük rezonansa səbəb olub.

Hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a açıqlamasında erməni tərəfinin bu hərəkətini daha bir təxribat xarakterli hadisə kimi qiymətləndirib: “Bu hadisədən sonra genişmiqyaslı döyüşlərin baş verəcəyini düşünmürəm. Çünki bugünkü hadisə Ermənistan tərəfinin özbaşınalığı ucbatından baş verib”.

Ekspertin sözlərinə görə, bu vəziyyəti yaradan Ermənistan tərəfinin məsuliyyətsizliyidir. “Düşünürəm ki, bu, ilk növbədə açıq təxribat və Azərbaycanın döyüş hazırlığını yoxlamaq məqsədilə ola bilər. Çünki son günlər erməni tərəfi genişmiqyaslı təlimlər keçirdiklərinə dair bəyanatlar verir, indiyə kimi görünməmiş hərbi texnika, şəxsi heyət cəlb olunduğunu açıqlayırdı.

Onsuz da bizim əsgərlər günün 24 saatını döyüş hazırlığı vəziyyətindədirlər, onlar hər an döyüşə hazırdırlar. Son zamanlar isə əsgərlərimiz vəziyyətə bir qədər də gücləndirilmiş rejimdə nəzarət edirdilər”.

Üzeyir Cəfərov deyir ki, onların “Mİ-24” vertolyotunun öz mövqelərini keçib bizim mövqelərə yaxınlaşması, neytral əraziyə gəlib çıxması sıradan hadisə deyil: “Çox güman Ermənistan tərəfi bilərəkdən bunu edib ki, yenə də Azərbaycanı günahlandırmaq üçün yeni bir ittiham irəli sürsün. Onsuz da ermənilər dəfələrlə müxtəlif bəhanələrlə Azərbaycan tərəfi təqsirli bilib. İndi baş verən hadisə də təxribat xarakterlidir. Amma onlar unudurlar ki, bizim hərbi hava qüvvələrimiz Xankəndidə, hətta Ermənistanın işğal altında saxladığı ərazilərdə belə, hər şeyi nəzarətdə saxlayır və istənilən an onlara zərbə yetirə bilər”.

Ekspert Azərbaycan hərbi qüvvələrinin verdiyi qərarı çox yüksək qiymətləndirib. “Hesab edirəm ki, Azərbaycan tərəfindən verilən qərar çox düzgündür. Bəlkə bundan sonra ermənilər özlərini yığışdırar, başa düşərlər ki, nə qədər gec deyil, işğal olunmuş əraziləri i boşaldıb, daimi dislokasiya yerlərinə qayıtmalıdırlar”.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub