Modern.az

Jurnalistlər arasında sorğu: bu yay istirahət edə bilmisinizmi?

Jurnalistlər arasında sorğu: bu yay istirahət edə bilmisinizmi?

10 Avqust 2010, 18:42

Azərbaycan Əmək Məcəlləsinə görə, hər bir işçinin iş yerinin və vəzifəsinin saxlanılması şərtilə illik məzuniyyət hüququ var. Dövlət qurumlarında və bir sıra özəl strukturlarda qanunvericiliyin bu tələbinə əməl olunsa da, media sahəsində vəziyyət fərqlidir. Araşdırmalar göstərir ki, əksər jurnalistlər yay mövsümündə məzuniyyətə çıxıb dincələ bilmirlər. Bununla yanaşı, işçilərinin istirahət hüququnu təmin edən redaksiyalar da var.

Modern.az bəzi jurnalistlərə “bu yay istirahət edə bilmisinizmi” sualı ilə müraciət edib. Sorğuda iştirak edən qələm sahiblərinin cavablarını təqdim edirik.

Üç nöqtə” qəzetinin redaktoru Pünhan Əfəndiyev: “Biz kollektiv surətdə bir həftəlik istirahətdə olduq. Hər şey qaydasında, yaxşı keçdi. Kollektiv istirahətimizi edib indi gəlmişik işimizə davam edirik. Bizim istirahətə getməyimiz üçün büdcəmiz münasibdir”.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov: “Bu il istirahət etməmişəm, yalnız bir işlə bağlı - 26 iyunda - Qubaya getmişdim onda azacıq istirahət etdim. İstirahət etmək üçün vaxt yoxdu, problemlerdən imkan tapıb gedə bilmirik. Elə redaksiyamızdan da istirahətə gedən olmayıb. İstirahətə getməkdə problem maddi vəziyyət deyil, bir şey fikirləşmək olar. Sadəcə vaxt yoxdur”.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktor müavini Bayram Niftəliyev: “Bizim kollektiv 10 günlük istirahətə çıxmıdı. Əlavə olaraq hər işçi üçün bir həftəlik vaxt da verildi. Bu vaxtda isə onlar istədiyi kimi istirahətlərini edə bildilər. İstirahət müddətində işçilərin əməkhaqları da verildi, qanorarları da. Bizim agentlik öz işçilərinin vəziyyətinin yaxşılaşdırılmasına çalışır. Biz demirik ki, bizim verdiyimiz əməkhaqqı ilə gedib Antaliyaya istirahət etmək olar. Amma hər halda, bizim verdiyimiz əməkhaqqı ilə istirahətə gediləsi yerlər heç də az deyil”.

“Lent.az” portalının əməkdaşı Vüqar Baba: “Hələ istirahət etməmişəm, amma bir həftəlik getmək fikrim var. Bunun  üçün yarım aylıq əmək haqqımı gözdən çıxarmışam. Əvvəlcə Nabranı fikirləşdim, sonra Nabranda qiymətlər çox baha olduğundan Batumini seçdim. Hətta ora getmək pulunu belə hesablayanda Nabrandan ucuz başa gəlir”.

“Şərq” qəzetinin redaktoru Yusif Nəzərli: “Bizim qəzetin kollektivi bir həftəlik istirahətə getdi. Mən də doğma el-obama getdim, Gürcüstanda-Zalqada istirahət etdim. Anamın və doğmalarımın yanında oldum. Prezidentin sərəncamından bizdə faydalandıq və çox gözəl istirahət etdik. Kollektivdən isə kimi istirahətə rayona –evə getdi, kimi isə istirahət mərkəzlərinə”.

“525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli: “Bizim işdə elə planlaşdırılıb ki, növbəli şəkildə bütün redaktorlar istirahətə getsin, amma iş dayanmasın. Mənə hələ növbə çatmayıb. Yay olduğundan qəzetimizin işi bir az yüngülləşib. Elə də ağırlıq yoxdu.  Bilirsiniz jurnalistlərin maddi vəziyyəti yaxşı olmur, buna görə də istirahətə getsəm, özümə büdcəmə uyğun yer seçəcəm. Dənizdən çox xoşum gəlir, fikirləşirəm ki, istirahətimi dəniz kənarında keçirim”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Mən istirahətimi bir neçə qəzetin redaktoru ilə Türkiyədə keçirdim. Biz orda bir həftəlik olduq. İndi isə qəzetin 4 əməkdaşı istirahətdədir. Kollektivdə hamı növbəli şəkildə istirahətə gedir. Jurnalistika zehn  əməyi tələb edən bir sahə olduğundan yorucu olur. Biz də əməkdaşlarımızın istirahətə getməsi üçün əlimizdən gələni edirik”.

“Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu: “İyirmi günlük istirahətdə oldum. Onun 7 gününü Batumidə, 7 gününü isə Nabranda keçirdim. Redaksiyada növbəli istirahət təşkil olunub. Hazırda 3 əməkdaşımız istirahətdədir. Bəzi işçilərimiz öz rayonlarına, bəzi işçilərimiz isə istirahət yerlərinə gediblər. Biz çalışırıq ki, bütün əməkdaşlarımız istirahətdə olsunlar, çünki jurnalistika çox ağır bir sahədir”.

“Yeni Azərbaycan” qəzetinin redaktoru Nadir Azəri: “İstirahətimi Oğuz və Qəbələdə keçirdim. Mənə ayrılan müddət yorğunluğumun çıxmasına kifayət qədər bəs etdi. Bizm kollektivdə hamı növbə ilə istirahətə gedir. Hazırda əməkdaşlarımızdan istirahətdə olanlar var”.

“Mərkəz” qəzetinin redaktoru Nicat Sadıxlı: “Hələ istirahətə getməmişəm, amma planda var. Kollektivin əksəriyyəti istirahət hüququndan istifadə edib. İstirahətdən təzə gələnlər də var, hazırda istirahətdə olanlarda, mənim kimi getməyi planlayanlar da var. Bizim redaksiyada məzuniyyət haqqı ödənir, ona görə də demək olar ki, hamı məzuniyyətdə olur”.

AzərTAc-ın redaktoru Dağbəyi İsmayılov: “Mən Qalaltında 15 gün istirahət etdim. İstirahətim çox səmərəli keçdi. Təbiət, tarixi yerlər insanın bütün yorğunluğun alır. İstirahətə gedərkən büdcəmə uyğun yer seçdim. Kollektivdə hamı cədvələ uyğun dincəlməyə gedir. Agentlikdə bəzən redaksiyalar kollektiv şəkildə gedirlər”.

“Ayna” qəzetinin redaktoru Elçin Vəliyev: “Mənim istirahətə getməyə imkanım yoxdur. Maddi vəziyyətim heç də bunu təmin etmir. İmkansızlıqdan evdən çölə çıxmıram, belə istirahəti necə fikirləşə bilərəm. Kollektivdə isə rəhbərlik gedib. Qalanları isə təxminən mənim kimi düşünür”.

Vüqar Ağamalıoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?