Modern.az

Bir filmlə SSRİ-yə Şərqi anladan Hüseynağa Sadıqov

Bir filmlə SSRİ-yə Şərqi anladan Hüseynağa Sadıqov

Mədəni̇yyət

21 Mart 2018, 12:27

Böyük maarifçi və uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiq  obrazlarının çoxunu məhz bu aktyor üçün yazırdı. Onlar həm də yaxın dost olublar. Aktyorun daxilindəki saflıq, qorunub saxlanılan uşaqlıq onu əvvəlcə Abdulla Şaiqə, sonra Azərbaycana sevdirdi. Amma daha sonranın başqa bir sonrası da var idi. Həmin vaxt yetişəndə aktyor cəmi bir filmlə bütün SSRİ-yə qoca Şərq koloritini, müdriklik və hiyləgər Şərq insanını tanıtdıracaq və özünü orijinal bir oyunçu kimi göstərəcəkdi.

Bu gün görkəmli aktyor Hüseynağa Sadıqovun doğum tarixidir.

Bənzərsiz səsi və xarakterik sifət cizgiləri vardı. Bəstəboy idi və bu xüsusiyyət onun tipik Gənc Tamaşaçılar Teatrının aktyoru kimi formalaşmasında başlıca amillərdən olub.

Uşaqların sevimli səhnə personajları ayı, tülkü, xoruz rolundan tutmuş, el qəhrəmanlarına qədər ən mürəkkəb obrazların ifasında uğurlar qazana bilib.

Əslən Cənubi azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.


O, bu tamaşada əlli ildən çox aktyorluq edib, onlarla yaddaqalan obraz canlandırıb.

Teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin münbit zəminə düşməsində göstərdiyi səhnə xidmətlərinə görə 1 iyul 1956-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltiflənib.

Görkəmli sənətkar kinoda da çoxlu rolla ifa edib.

Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib.

Modern.az saytının “Yad filmlərin doğmaları” rubrikasında mərhum xalq artisti Hüseynağa Sadıqovdan bəhs edəcəyik. O, 1966-cı ildə Moskvada Maksim Qorki adına kinostudiyada lentə alınan “Ələddinin sehirli çırağı” filmində əsas rollardan olan baş vəziri canlandırıb. Film “Min bir gecə” Şərq nağıllarının motivləri əsasında hazırlanıb. Burada nağıllar arasında əlaqələndirmə və ümumiləşdirmə aparılıb. Hüseynağa Sadıqov təkcə Ələddinin sehirli çırağını yox, başqa nağıllarda yer alan hiyləgər vəzirlərin ümumiləşdirilmiş formasını ifa edib. Sevastopolda çəkilən filmin rejissoru Boris Rıtsarevdir. Onun Hüseynağa Sadıqovu filmə dəvət etməsi isə sırf peşəkarlığın və bir az da şansın nəticəsində baş verir. O zaman Sadıqov Moskvada bəzi filmlərin səsləndirilməsində iştirak edir. Çünki həm “Mosfilm”,  həm də digər kinostudiyalarda səsləndirməyə qarşı tələblər artmışdı. Səsin obraza görə uyğunluğuna çox önəm verilirdi. Odur ki, rejissorlar bir obraz üçün ittifaq tərkibində olan başqa respublikalardan aktyorlar dəvət edirdilər. Azərbaycanda  daha çox teatr aktyoru kimi tanınan, filmlərdə isə epizodik rollarla diqqət çəkən Hüseynağa Sadıqov da rus rejissorlarını ilk olaraq səs tembrinə görə özünə cəlb edir. Oradakı fəaliyyəti zamanı aktyor xeyli sənətçilərlə dostluq münasibəti qurur. Onların arasında Yuri Nikulin, Vasili Merkurev və Sergey Filippov kimi aktyorlar da var idi.

“Ələddinin sehirli çırağı”na dəvət olunması da məhz bununla bağlı idi. 

Qızı Tamillə Sadıqovanın o zaman 10 yaşı vardı. Ailənin tək övladı olduğuna görə atası onu özü ilə çəkilişlərə aparırdı. Filmin Sevastopoldakı çəkilişlərində də iştirak edən Tamillə xanımın maraqlı xatirələri var.  O, filmin yubileyi münasibətilə bunları danışıb:



“Yayda çəkilişlər Sevastopolda aparılırdı və biz ailəvi orada yaşayırdıq. Sevastopolda Bağdad şəhərinin çox gözəl dekorasiyaları qurulmuşdu. Mən çəkiliş prosesinin şahidi olan yeganə uşaq idim. Çox maraqlı idi və bütün aktyorlar məni çox istəyirdilər. Təəssüratlar isə çoxdur. Rejissor Boris Rıtsarevin daim atamla məsləhətləşməsi mənə çox xoş idi. Filmdə çoxlu gürcü və rus aktyorlar vardı, lakin Şərq üzrə mütəxəssis təbii ki, Şərq mədəniyyətinin incəliklərini yaxşı bilən atam oldu. Məsələn, Boris səhnəni necə qurmaq, şahzadə qız Budur və Ələddinin, sultan və vəzirlərin, digərlərinin özlərini necə aparması barədə atamdan soruşurdu. Nəinki o, hətta Sultanın məsləhətçisi rolunu oynayan məşhur aktyor Georgi Millyar atamla məsləhətləşirdi. Bu filmdən sonra onlar dostlaşmışdılar. Adətən, çəkilişlərə qədər məşqlər gedirdi, lakin atam da digər aktyorlar kimi çəkiliş zamanı improvizasiya edirdi. Bu, hətta yaradıcılıq yarışına çevrilmişdi. Heç kim bir-birinə güzəştə getmək istəmirdi. Boris Rıtsarev hətta onları buna həvəsləndirirdi”.

Bu film Sadıqova SSRİ miqyasında şöhrət qazandırır. Amma o, peşəkar teatr aktyoru kimi çox təklifləri qəbul etmirdi. Başqa səbəb də televiziyaya bağlanması idi. O zamanlar ekran qarşısına oturan uşaqlar onu gözləyirdilər. Hamı “Xoruz baba”ya heyran idi. Odur ki, aktyor Rusiya və başqa yerlərdən gələn təklifləri qəbul etmirdi. Yalandan aksentlə danışığını əsas gətirirdi.

Ömrünün son illərində isə tamamilə uşaq ədəbiyyatı, filmoqrafiya, ümumən uşaq dünyasına bağlanıb. Aktyor yoldaşlarından biri danışırdı ki, tetarda ona bir tamaşada meymun rolunu tapşıranda Sadıqovun yanına gedir. Sadıqov hətta meymun roluna da ciddi yanaşır və onunla proffesional məşq keçir. Heyvanxanaya gedib meymunları izləməyi tapşırır. Səbəb kimi uşaq dünyasının daha təbii və daha dəqiq olmasını söyləyir.

Hüseynağa Sadıqov uzun müddətdir rəhmətə gedib. Deyilənlərə görə, sağ olanda tamaşaçıların və peşəkar sənət adamlarının ona göndərdikləri məktublar birdən-birə qeybə çəkilir, heç adi zəng belə, olunmur. Amma aktyorun “Ələddinin sehirli çırağı”nda səsləndirdiyi “Mübarək, sən nə üçün bardağa girmisən?”,  “Günəşin işıq üzünü örtən uca yaradan!”, “Demək lazımdır ki, Budur Bağdadda olmayıb və bütün bunları yuxuda görüb...”  kimi cümlələri bu gün də zərbi məsəl kimi işlənir. Bu isə o deməkdir ki, bu gün də aktyor yaşayır və hamı ilə danışır. Elə hamı da onunla danışır. Evlərinə məktub getməsə belə...







Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır