Modern.az

Müəllimlərin işə qəbulu başlayır

Müəllimlərin işə qəbulu başlayır

Ölkə

12 Avqust 2010, 18:02

Orta məktəb müəllimləri üçün yay məzuniyyəti başa çatıb və onlar avqustun 12-dən işə çıxmağa başlayıblar. Baxmayaraq ki, yeni dərs ilinin başlanmasına hələ bir aydan çox vaxt qalır.

Təhsil Nazirliyinin məlumatına görə, hazırda respublika üzrə orta məktəblərdə 171 minə yaxın müəllim işləyir. Şagirdlərin sayı isə 1,5 milyona yaxındır.

Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər məktəblərdə dərs bölgüsü də aparılır. Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən verilən məlumata görə, yaxın vaxtlarda ümumtəhsil müəssisələrində müəllimlərin işə qəbulu qaydaları açıqlanacaq. Bu ildən orta məktəb müəllimlərinin işə qəbulu elektron ərizə əsasında aparılacaq. Bu yenilik hələlik paytaxt Bakıya şamil olunacaq, gələn ildən isə ölkədəki bütün orta məktəblərdə tətbiq ediləcək.
Yaxın vaxtlarda məktəblərdəki vakant yerlərin də sayı açıqlanacaq. Ondan sonar elektron ərizələrə nazirlikdə yaradılan komissiya tərəfindən baxılacaq. Komissiya müəllimlər arasında seçim aparacaq və seçilənlər işə təyin olunacaqlar.

Təhsil Nazirliyi ölkədəki bütün orta məktəblərə bu il I sinfə gedəcək uşaqların sənədlərinin qəbuluna da icazə verib. 2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır