Modern.az

YAP rəhbərliyi şəhid gizir Mübariz İbrahimovun ailəsi ilə görüşüb

YAP rəhbərliyi şəhid gizir Mübariz İbrahimovun ailəsi ilə görüşüb

12 Avqust 2010, 18:23

Avqustun 12-də Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti Biləsuvar rayonuna səfər edərək Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşüb.

Modern.az-ın məlumatına görə, görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov, Milli Məclisin komitə sədri Hadı Rəcəbli, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov iştirak ediblər.

Şəhidin atası Ağakərim İbrahimovla görüşən Əli Əhmədov, qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən Mübariz İbrahımovun Millı Qəhrəman adına layiq görülməsi onun şərəfli döyüş yoluna verilən ən böyük qiymətdir.

«Bu gün Azərbaycanda hamı Mübarizi tanıyır, bütün gənclərimiz ondan danışır. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, Azərbaycan öz torpaqlarını geri qaytarmayıb, bizim Mübariz kimi qəhrəmanlara ehtiyacımız var. O, öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan öz torpaqlarını geri qaytaracaq və bunun üçün Azərbaycanın qəhrəman övladları, canını bu torpaqların yolunda hər an qurban verməyə hazır olan igidlərimiz var. Mübariz Azərbaycana gərəkli olan çox gözəl bir nümunə göstərdi. Öz həyatını qurban vermək bahasına olsa belə, o, sübut etdi ki, "biz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Onun bu qəhrəmanlığı bizim hər birimiz üçün nümunədir» - deyə YAP sədrinin müavini vurğulayıb.

YAP sədrinin müavini daha sonra qeyd edib ki, Mübarizin qəhrəmanlığı hər bir Azərbaycan gənci üçün bir nümunə olmalıdır: «Hər bir gənc Mübarizin əməllərini, qəhrəmanlığını təkrar etməyə hazır olmalıdır. Nə qədər ki, bizim torpaqlarımız işğaldan azad olmayıb, nə qədər ki, bizim torpaqlardan mənfur düşmən qovulub çıxarılmayıb, hər bir gəncin qəlbində bir Mübariz qəhrəmanlığı yaşamalıdır».

Əli Əhmədov deyib: “Mübariz İbrahimov kimi on minlərlə gəncimiz var ki, torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Azərbaycan dövləti hələ ki, danışıqlar yoluna üstünlük verir. Əgər bu danışıqlar nəticə verməsə, Prezidentimizin, Ali Baş Komandanın əmri ilə xalqımız işğalçıları torpaqlarımızdan təmizləyəcəkdir.
Bu gün Azərbaycan sosial - iqtisadi göstəriciləri baxımından düşmən Ermənistandan qat-qat güclüdür. Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan bölgənin lider dövlətinə çevrilib. Xalqımız düşmən üzərində qələbə əldə edəcəyimizə tam əmindir. Bizim hər bir əsgərimizdə Mübarizin qəhrəmanlıq ruhu vardır. Bu cür qəhrəmanlıqlar xalqın yaddaşında əbədi yaşayacaqdır".

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov, oğlunun göstərdiyi qəhrəmanlıqdan qürur duyduğunu, dövlət başçısı, Yeni Azərbaycan Partiyası və ümumilikdə ictimaiyyət tərəfindən ailələrinə göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildirib. Şəhidin atası vurğulayıb ki,  övladını itirsə də, o Azərbaycan xalqının timsalında 9 milyonluq ailə qazanıb və lazım gələrsə Ali Baş Komandanın əmri ilə əlində silah vətən torpaqlarını işğalçılardan azad etməyə hazırdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir