Modern.az

“Rauf Mirqədirovun həbs müddəti dünən bitsə də, onu buraxmadılar” - Vəkil

“Rauf Mirqədirovun həbs müddəti dünən bitsə də, onu buraxmadılar” - Vəkil

Aktual

20 Noyabr 2014, 23:09

”Vəkil Elmar Süleymanovla birgə hüquqlarını müdafiə etdiyim tanınmış jurnalist Rauf Mirqədirov bu il aprelin 19-dan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır. Xatırladım ki, sonuncu məhkəmə qərarına əsasən onun həbs müddəti noyabrın 19-dək uzadılmışdı. Həbsdə saxlama müddətinin uzadılmasına dair hər hansı yeni məhkəmə iclası keçirilməyib və qərar da yoxdur! Dünən Raufun həbs müddəti bitdi. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 161 və 162-ci əsasən məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdığından və bu müddət uzadılmadığından istintaq təcridxanasının müdiriyyəti Raufu hələ dünən azad etməli idi!”.

Modern.az-ın məlumatına görə, bunu “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirovun vəkili Fuad Ağayev bildirib.

F.Ağayev bildirib ki, R.Mirqədirov dünən azad edilmədiyindən bununla bağlı olaraq noyabrın 20-də vəkillər Milli Təhlükəsizlik Nazirliyinə, onun İstintaq Təcridxanasına, Baş prokurora, onun birinci müavininə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə jurnalistin azadlıq hüququnun təmin olunması ilə bağlı müraciətlər göndəriblər.

”Bu gün saat 11-12 arası bütün məktub və teleqramlar ünvanlarına çatdırılsa da, Rauf Mirqədirov buraxılmadı.
Bundan sonra biz, onun müdafiəçiləri saat 15:30 radələrində Milli Təhlükəsizlik Nazirliyinə gəldik, təxminən saat 16-da İstintaq Təcridxanasına daxil olduq və Rauf Mirqədirovun azad edilməsini tələb etdik. Əfsuslar olsun ki, Rauf nəinki buraxılmadı, 2 saat gözləməyimizə baxmayaraq, o bizimlə görüşə də gətirilmədi. Növbətçi bildirdi ki, guya o, həkim müayinəsindədir.
Biz, onun müdafiəçiləri hesab edirik ki, hüquq mühafizə orqanlarının bu hərəkətləri nəticəsində onsuz da barəsində əsassız ittiham elan edilmiş Rauf Mirqədirovun azadlıq və müdafiə hüquqları da ifrat kobud dərəcədə pozulur, bizim iştirakımız olmadan onunla keçirilə biləcək hər hansı prosessual və s. hərəkətləri qanunsuz sayırıq, Raufun dərhal azad edilməsini tələb edirik”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir