Modern.az

Qara piarın bumeranq effekti

Qara piarın bumeranq effekti

Media

13 Avqust 2010, 11:18

VƏ YAXUD YAYIN NƏFƏSKƏSƏN İSTİSİNDƏ ABSURDUN AZƏRBAYCANSAYAĞI TƏNTƏNƏSİ

Son illər yay aylarında, xüsusən avqustda düşən güclü istilərin ictimai mühitdə tərsinə effekt verdiyini, siyasi iqlimin ilıqlaşdığını, hətta xeyli sərinlədiyini müşahidə edirik. Bu isə yay mövsümündə medianın, ilk növbədə qəzetlərin işinə birbaşa təsir göstərir. Adətən, ictimai-siyasi mühitdəki yay sakitliyi informasiya qıtlığı yaratdığı üçün mətbuatın fəaliyyəti səngiyir, media orqanlarında kütləvi məzuniyyətlər adi hal alır. Amma deyəsən, bu yay həmin mənada istisnadır, Sabir demişkən, “çərxi-fələk tərsinə dövran edir indi”. Bəlkə yaxınlaşan parlament seçkilərindəndir, ya bəlkə də hansısa məchul qüvvənin təsirindəndir, son günlər ictimai sferada gözlənilməz dərəcədə qaynarlığın şahidiyik. Bu qaynarlıq az qala adama yerin-göyün yandırıcı hərarətini, təbii istiləri də unutdurur. Təbii istilər demişkən, sosial-siyasi iqlimdəki “qaynarlaşmanın” süni olduğu diqqəti çəkir, sanki kimlərsə yayın qızmarında qəsdən bir tonqal çatıb, cəmiyyəti daha da tıncıxdırmaq məqsədi güdür. İlkin simptomlardan biri bu oldu ki, bir müddət əvvəl Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qonaq kimi “Azadlıq” radiosunun “İşdən sonra” proqramına dəvət edildi və orada tamamilə arzuolunmaz münasibətlə üzləşdi. Radionun Anarla söhbətləşən əməkdaşı Xədicə xanım ölkədə tam əksəriyyətin ehtiramla yanaşdığı, dərin hörmət bəslədiyi xalq yazıçısına verdiyi suallarda, proqram boyu sərgilədiyi davranışlarında jurnalist bitərəfliyi, obyektivlik, qərəzsizlik kimi yüksək anlayışlara açıq-aşkar kölgə saldı. Bu azmış kimi, azadliq.org saytında Anar müəllimin canlı söhbətinin mətni verildi və orada da anonim imzalarla xalq yazıçısına qarşı xeyli şər-böhtan, təhqir, iftira yer aldı. Cəmiyyətin böyük bir qisminin, xüsusən fəal ziyalı kəsiminin ciddi etirazla qarşıladığı bu halla bağlı öz irad və qınaqlarımı bir tədbirdə rastlaşdığım Xədicə xanıma şəxsən çatdırdım. Əsas etirazlarımdan biri isə çıxışlara verilən şərhlərin anonim imzalarla təqdim olunmasına idi. Burada bir daha vurğulamağı vacib bilirəm ki, kiminsə haqqında, xüsusən hər kəsin tanıdığı bir yazıçı barəsində fikirlərini öz imzanla, açıq şəkildə ortaya qoya bilmirsənsə, hansısa anonim imza arxasında gizlənib, saxta cəsarətlə ağzına gələn hədyanları yazırsansa, bunun qətiyyən “vətəndaş mövqeyi”nə, “düşüncə özgürlüyü”nə, söz və ifadə azadlığına dəxli yoxdur. Saytdakı şərhlərin çoxundan da görünürdü ki, bunlar eyni adamın və yaxud xırda bir qrupda toplaşanların fitrətən nöqsanlı düşüncəsinin məhsuludur. Ümumiyyətlə, axır vaxtlar azadliq.org saytının həm bu, həm də digər məsələlərlə bağlı sayta yerləşdirdiyi yazılardan, materialların məzmun və ahəngindən aydın görünür ki, burada açıq-aşkar qarşıdurma yaratmaq mərəzi, qaşınmayan yerdən qan çıxartmaq istəyi var. Geniş ictimai nüfuza, hətta beynəlxalq sanbala malik ustad yazıçı ilə indiyədək ortaya hər hansı dəyərli iş qoymamış, quru iddiadan başqa heç bir mənəvi məziyyəti olmayan, gerçək istedaddan, dəqiq məsləkdən məhrum kəslərin üz-üzə qoyulmasının arxasında yox yerdən çaxnaşma törətmək istəyi dayanır.

Mənim fikrimcə, şərhlərin anonimliyinə imkan yaradılması, konkret olaraq Anar müəllimlə bağlı məsələdə, həm də ona şərait yaradır ki, içi kin-küdurətlə, qəzəblə dolu, cəmiyyətə heç nə verməmiş və ictimai müstəvidə yalnız mənfi impuls doğuran bəziləri qurama imzaların kölgəsində daldalana bilir və ölkəyə, xalqa uzun illər müstəsna xidmətlər göstərmiş dəyərli insanların əsəblərilə, millətinsə heysiyyətilə oynamaq imkanı qazanırlar. Nə yazıq ki, həmkarlarımız arasında belələrinə bu imkanı verənlər var. Məlum verilişdə Anara, ciddi israr və təkidlə, Eynulla Fətullayev barədə suallar ünvanlanması, yazıçının, guya onu “divara dirəməyə” hesablanan, bu suallara mümkün qədər təmkinlə (hərçənd ki o anlarda təmkin ən qıt keyfiyyətə çevrilir), əhatəli, səmimi cavab verməsi, hər dəfə də dərin fikirlər ifadə etməsi əslində bütün cəmiyyət üçün düşündürücü, nəticə çıxarılmalı məqamlar idi. Amma bir çoxlarının məqsədinə və istəklərinə zidd olduğuna görə, ustad yazıçının və dəyərli ziyalının bu fikirləri qəsdən arxa plana keçirilmiş, görməzliyə vurulmuşdu. Anarla söhbətdən seçmələrin bir hissəsi bu başlıqla verilmişdi: “Namərdi qova-qova mərd edirlər”. Fikrimcə, çox maraqlı və ibrətamiz atalar sözünün yeni, dəyişilmiş variantda təqdimatı günümüzün ictimai-əxlaqi mənzərəsini cızmaq üçün ən gərəkli ifadələrdəndir. Çünki, çox təəssüf, bugünlər ərzində ölkədə məhz mərdi qova-qova namərd, namərdi isə eyni yolla “mərdə” çevirməklə məşğul olan, özü də bu işi hədsiz canfəşanlıqla yerinə yetirən KİV təmsilçiləri yamanca fəallaşıblar. Azərbaycanın dəyərli telejurnalisti Mirşahinin Eynulla Fətullayevə həsr olunmuş “Bədbəxt adam” filminin nümayişindən sonra müəllifə və ANS telekanalına qarşı bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə şiddətli hücum başlayıb. Mirşahinin bu verilişi guya sifarişlə çəkdiyi, subyektiv və qərzli davrandığı iddia edilir, hədyanlar, nifrinlər baş alıb gedir. Absurd mənzərə yaranıb: tanınmış bir media nümayəndəsinin digəri haqqında təhqirsiz, iftirasız yanaşmasının məhsulu olan filmi “yolverilməz” sayanlar bu barədə mövqelərini ən kobud, qeyri-əxlaqi kəlmələrlə ifadə edirlər. Belə çıxır ki, hansısa “müntəzir”in, “cırtdanə”nin, nə bilim, daha kimlərin sosial şəbəkələrdə, saytlarda və bloqlarda ağzına gələn söyüşü, təhqiri yazmağa haqqı var, amma neçə ilin peşəkar jurnalisti kiminsə barəsində öz fikirlərini sırf peşəkarlıq çərçivəsində ifadə edə bilməz? Bu hansı məntiqdir belə? Söyüş-qarğış, nifrin və hədyan “obyektivlik və əxlaqilik elementi” sayılır, amma aydın jurnalist düşüncəsinin peşəkarlıqla ifadəsi “sifarişli, qərəzli hərəkət” adlandırılır? Əslində, bu, absurddan da o yanadır, Absurdun Təntənəsi, özü də Azərbaycansayağı Təntənəsidir.

Gəlin görək, faktlar bizə nə deyir, reallıq nədən xəbər verir? Faktlar deyir ki, Mirşahinin jurnalist bioqrafiyası Azərbaycanda ilk müstəqil televiziyanın yaradıcısı və milli telejurnalistikamıza gətirilmiş neçə-neçə yeniliklərlə, cəsarətli jurnalist mövqeyinin təzahürü olan bir çox addımla zəngindir. Mirşahinin təfəkkürü ictimai-siyasi mühitə, ətrafdakı insanlara yaxından bələd, güclü və iti müşahidə qabiliyyətinə, dərin erudisiyaya sahib olan, doğma dilin imkanlarına hərtərəfli yiyələnmiş usta jurnalist təfəkkürüdür. Bu təfəkkür onun peşəkar kimi atdığı hər addımda, ortaya qoyduğu hər işdə özünü göstərir. “Bədbəxt adam”ın meydana gəlməsində əslində, qeyri-adi, əlavə rəng veriləsi ciddi bir cəhət yoxdur. Axı, vaxtilə işə dəvət etdiyi və işdən qovduğu, çox yaxşı bələd olduğu, qalmaqallı, ziddiyyətli imici ilə tanınan keçmiş əməkdaşı barədə əslində ən dəqiq və dürüst diaqnozu elə Mirşahin verə bilərdi. Onun filmin nümayişindən sonra, məcbur olub, yenidən Eynulla Fətullayev haqqında öz fikirlərini bəyan etməsi bir qrup düşüncəsiz cavana tutarlı və istedadlı cavab idi. İstedaddan xali olan əks tərəf isə ağıllı arqumentlərə və talantlı açıqlamalara cavab verməyə gücü yetməyəndə “çıxış yolu”nu söyüşə, təhqirə əl atmaqda görür.
Yeri gəlmişkən, bu gün bir sıra qəzetlərin də ictimai-siyasi həyatdakı sakitliyi qəsdən və qadağan olunmuş üsullarla pozmağa, mühiti bulandırmağa çalışması qətiyyən ürəkaçan deyil, belə davranışlar nə jurnalist etikasına, nə də normal rəqabət qaydalarına sığır. Son günlər müxalif düşərgənin mövqeyini əks etdirən iki fəal qəzetdə hakimiyyətdə yüksək vəzifə tutan məmurların ailə üzvləri, övladları barədə yalnız şayiələrə söykənən fikirlərin təkrar-təkrar çeynənməsi də seçkiöncəsi qara piar elementlərinin ilk işartıları kimi yozula bilər. Bu cür qara piarın, hökumət üzvlərinə qarşı qeyri-etik kampaniyanın başlanması, əvvəlki illərdən də şahidik ki, daha kəskin cavabların verilməsilə nəticələnir. Siyasi proseslərdə bu cür metodlardan istifadə olunması insanların şəxsi həyatlarına, ailə məsələlərinə jurnalist etikasına və milli əxlaqa zidd şəkildə, qaba üsullarla müdaxilə edilməsi heç də yaxşı perspektiv, normal proseslər vəd etmir.

Tanınmış redaktor həmkarlarımdan ikisi ilə bağlı da son 10 ildə vaxtaşırı belə piar kampaniyalarının şahidi olmuşuq. İstənilən halda, bu cür ürəkbulandıran təbliğat təkcə cəmiyyətdə ikrahla qarşılanmır, eyni zamanda, doğma insanların, ailə üzvlərinin qəlbində ağrılı hisslər oyadır, münasibətlərdə və mənəvi yaşamda silinməz izlər buraxır. Oxşar prosesləri şəxsən yaşamış hörmətli redaktor həmkarlarım da gərək öz qəzetlərinin səhifələrində bu cür qadağan olunmuş metodlarla, “qurşaqdan aşağı” zərbələrlə kiməsə qarşı mübarizə aparılmasını rəva bilməsinlər. Qara-qura məzmunda, şayiə əsasında qurulan xəbərlərin çeynənib-çeynənib, dəfələrlə bu və digər şəkildə qəzet səhifələrində hallandırılması nə milli əxlaqımıza yaraşdırılası, nə də siyasi mühitimizdə yer veriləsi hərəkətlərdir. Siyasi mübarizədə belə çirkin metodlardan istifadə olunmasının indiyədək kiməsə başucalığı gətirdiyini xatırlamaq qeyri-mümkündür. Olsa-olsa, kiçik bir zaman çərçivəsində, cılız və ötəri faydalar gətirə bilər belə addımlar. Ancaq iri planda, xüsusən mənəvi baxımdan çox böyük zərbələr, travmalar gətirəcəyi şübhəsizdir. Çünki bu cür davranışlar əsl bumeranq effekti daşıyır. Amma belə bumeranqlar heç cür idarəolunan, sözəbaxan deyil. Mütləq geriyə – çıxdığı nöqtəyə qayıdacaq və onda kimə xətər yetirəcəyi də aydındır, çünki onun “iş prinsipi” atalarımızın “nə tökərsən aşına...” kəlamını xatırladır.

Bu qızmar, bürkülü, nəfəskəsən yay günlərində üstəlik də qaynar, qızğın ictimai mühitdə yaşamaq insanın öz düşüncə və emosiyalarına, xüsusən dilinə və əlindəki qələmə hakim olmaq gücünü xeyli azaldır. Belə vaxtlarda düşüncə və hərəkətlərini etik çərçivəni aşmağa qoymamaq, hisslərini, nəfsini cilovlamaq az qala mümkünsüzdür. Amma biz bunu bacara bilərik. Hər halda, mən bunu arzulayıram. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər