Modern.az

“Dəyərli bir adam dedi ki, “sizin ifanızın müşayiəti ilə nəinki Qarabağa, lap İrəvana gedib çıxa bilərəm”” - MÜSAHİBƏ

“Dəyərli bir adam dedi ki, “sizin ifanızın müşayiəti ilə nəinki Qarabağa, lap İrəvana gedib çıxa bilərəm”” - MÜSAHİBƏ

21 Noyabr 2014, 14:48

Əməkdar artist Nuriyyə Hüseynova: “Vətən sevgisi olmayan insan ən pis cinayətlərə də əl ata bilər”


Modern.az
saytı tanınmış mədəniyyət adamları ilə silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz muğam ifaçısı, əməkdar artist Nuriyyə Hüseynovadır. Oxuyacağınız müsahibə bəlkə də əlahəzrət SƏS və o səsin içindəki Vətən haqqında bir söhbətdir:

- Səs nədir? Həqiqətənmi o sirli məfhumdur? Hər halda bunu siz daha yaxşı bilərsiniz?

-
Bəli, səs həqiqətən də sirli məfhumdur. Gəlin küçədən keçən adamların hamısını saxlayaq və oxutduraq.  Onların içində minindən birində səs ola, ya da olmaya. Səs Allahın insana bəxş etdiyi ən böyük sərvət külliyatıdır, ən böyük xəzinəsidir. Sanki gözəl səsi Allah özünə daha yaxın olan və ya daha yaxın olacaq insanlara verir. Həmin səs telləri əbədiyyən insanın boğazında köklənir, düzənlənir. Məhz bu köklənmənin özü Allah tərəfindən bəxş olunan ən böyük hədiyyədir. Allaha min şükür edirəm ki, bu hədiyyədən mənə də verib. Onun hesabına mən də öz iç dünyamı aça bilirəm.

- Amma bu gün sənət aləmində tərifini verdiyiniz o SƏSi dərk edənlərin sayı get-gedə azalır...

- Bu tək sənət adamları ilə əlaqəli deyil. Həm də təkcə Azərbaycanda yox, bütün dünyada bu proses baş verir. İnsan nə dərəcədə düşünə bilirsə, o səviyyədə də musiqi dinləyir. Gözəl səsi, gözəl ifanı hamı eyni səviyyədə dərk edə bilməz. Kim nəyə qadirdisə, elə o səviyyədə də səsi bəyənəcək və onu qəbul edəcək. Biz hər kəsdən eyni səsi sevməyi gözləyə bilmərik. Klassik olan, illərdən illərə,  nəsillərdən nəsillərə keçən bir sənəti hər yoldan ötən də dərk edə bilməz. Bu hər zaman belə olub. Yaradılışın əvvəllərindən bu günə kimi... Təbii ki, mükəmməl insan mükəmməl musiqi dinləyəcək. Kütlə insanı isə elə kütləyə ünvanlanan bir səsi qəbul edəcək. Bu gün müasir dövrdə texnologiya o qədər yüksək inkişaf edib ki, bütün insanlar internetsiz həyatını təsəvvür edə bilmir. İnternet bu gün hər şeyi adiləşdirdi, yəni çatımlı etdi. Bu gün əl çatmayan bir  şey varsa, o da pul qazanmaqdır. Əvvəllər bir gözəl səs sahibi ilə insanların təmsada olması çox çətin idi. Amma indi internet həmin səs sahibi olan insanları tamaşaçısına çatımlı edib. Daha əlçatmaz olmadığı  üçün sənət və musiqi də bu gün insanlar nisbətən sadə görünür.

- Qədim Şərq fəlsəfəsində müğənnini harayçı kimi təqdim edirdilər. O, bir növ yerdəkilərdən, insanlardan,insan naqisliyindən öz səsi, ifası ilə Allaha haray çəkirdi. Sizin səsinizin şikayət gücü nə qədərdir?

- Sizə bir söz deyim. Musiqidə bir çox janrlar və hislər cəmləşib. Hər hissin özünə görə haray səsi var. Elə mahnılar var ki, o insanları birliyə çağırır, elə mahnılar da var ki, onlar ülviliyə səsləyir.  Hər ifa özü-özlüyündə bir mesajdır. Məsələn, vətənpərvərlik haqqında mahnılar oxuyanda insanları birliyə səsləmiş oluruq. Çünki o mahnılarda  hayqırtı var. Dini musiqilərdə bir başqa səs var, haray var, bir başqa yaxınlaşdırma var. İfaçının da işi odur ki, bu harayı düzgün çatdıra bilsin. Biz də təbii ki, sevgidən oxuyanda bir cür haray çəkirik, bir ayrı mesaj çatdırırıq. Vətəndən oxuyanda isə tamam ayrı cür haray. Sanki bir növ başqalarının dili ilə oxuyuruq. Bu yaxınlarda millət vəkili Qənirə Paşayevanın sözlərinə bəstələnmiş “Ayağa qalx, türk oğlu!” adlı mahnı oxumuşdum. Bir dəyərli insan mənə zəng edib dedi ki, o mahnıya qulaq asa-asa nəinki Qarabağa, lap İrəvanadək gedib çıxa bilər. “Çünki o mahnı məni birliyə səslədi”-dedi.

- Amma hərdən elə ifalar olur ki, musiqinin özü də küsür...

- Musiqi ilə zarafat etmək olmaz. İndiki şou-biznes musiqini çox biədəb vəziyyətə gətirib çıxarıb. Hər yerindən duran elə düşünür ki, o çox şey edə bilər. Bu da bir növ müasir dövrün tələbidir. Bütün bunlara rəğmən muqisiqi ilə zarafat etmək olmaz. Musiqi əyləndirici janr deyil,  musiqi fəlsəfi bir janrdı o həyatın özü deməkdi. Həyatın bəzəyi deməkdi. Mən musiqisiz həyatı təsəvvür etmirəm. Əgər musiqi olmasa, Yer kürəsi məhv olub gedər

- Niyə?

- Siz baxın, insanlar bir balaca depressiyaya düşəndə, sıxıntı halına gələndə ən birinci gözəl musiqiyə ehtiyac duyur. Bəlkə bu ancaq mənə belə gəlir. Ola bilsin bir dindar bu müsahibəni oxuyub mənimlə razılaşmaz. Deyər ki, “xeyr, səhvdir, mən Quran oxunanda özümü daha rahat hiss edirəm”. Amma o başqa bir şeydi, bu başqa. İnsanın gündəlik tələbatlarının arasında müsiqinin də öz yeri var. Çünki o həyatın özüdür. Yetər ki, musiqini doğru-düzgün çatdıra biləsən.

- Az öncə şou-biznes və kütlənin qəbul etditi müğənnilərdən danışdıq. Deyə bilərikmi, onların bu qədər iddialı olmalarına elə bir cəmiyyət olaraq biz şərait yaradırıq?  

- Bilirisiz, bayaq dedik ki, hərənin öz beyninə görə dinlədiyi bir səs var. Deyək ki, mən Nuriyyə Hüseynova klassik musiqini, Bethoveni, Şopeni, Üzeyir bəyi, Fikrət Əmirovu, Cahangir Cahangirovu  dinləyirəm. Bu, mənim düşüncə tərzimdir. Mənim beynim düşüncə ertibarilə zəif olan musiqini qəbul etmir. Lap dinləsəm belə, heç nə hiss etməyəcəm. Amma toplum deyilən bir şey var ki, o hər zaman sadə musiqilərə  can atıb. Toplumun istədiyi musiqini mən də çatdıra bilərəm. Amma o mənim nə ifa tərzimdi, nə də xarakterimdi. Sadəcə  mən bunu edə bilmərəm.

- Musiqi tarixçisi Əbdülqadir Marağayi müğənnini ifa etdiyi zaman yerin deyil, səmanın   övladı adlandırırdı. İfa zamanı yerə enəndə yerdəkilərin cılızlığı sizi əzmir ki?

- Sizin bu sözünüz mənə Nəsiminin sözlərini yada saldı?

 Ya çıxaram göy üzünə, seyr edərəm aləmi, 
 Ya enərəm yer üzünə, seyr edər aləm məni...

Nəsimi də hal əhli olub. (Qeyd edək ki, Nuriyyə xanım burada hamının tanıdığı hürufi şair İmadəddin Nəsimidən yox, XVII əsrdə yaşayan Qul Nəsimidən bəhs edir- red.)
O cümlədən əsl ifaçılar da bir növ hal əhlidir. Məsələn, mən muğam oxuyanda gözümü açıb kiminsə üzünə, yaxud ətrafa, o tərəf-bu tərəfə baxa bilmərəm. Əvvəllər bizi buna görə çox qınağa çəkirdilər. Əgər mən fonoqramma ilə oxusam, gözüaçıq oxuya bilrəm. Amma muğam məni alıb götürür siz deyən yerə...  Mən orada ancaq özüməm, bir də duyduğum aləmdir.  Mən ifa edərkən hər tamaşıçının gözünün önündə bir tablo, bir film yarada bilmirəmsə, mən ifa etməmiş oluram. Təbii ki, muğam fəlsəfi janrdır.  Hər adam  bu yaşantını yaşaya bilməz. Amma sizə deyim ki, ifa zamanı ki o səmada oluruq və bitəndə oradan enən vaxt insan cılızlığı nəinki məni incidir, deyərdim ki, məhv edir. Yəni bilmirəm ki, necə ifadə edim bunu. Bir dəfə alimlərin məclisində ifa edirdim, hamı da diqqətlə qulaq asırdı. Amma iki qadın arxada söhbət edirdi. Sonradan mənə dedilər ki, “biz siz oxuyan zaman səsinizi analiz edirdik”. Bu da bir savadsızlıqdır. Sən məni dinləyib bitirmədən, səsimi analiz edə bilməzsən. İfa zamanı o qadınlardan gələn səs məni olduğum dünyadan, göy cisimlərindən ayırırdı. İfa zamanı ki, o dünyada olursan, bu zaman musiqiçilərin səhv vurduğu not, səs-küy səni o aləmdən ayırıb götürür. Biz də bu zaman nəinki əzilirik, məhv oluruq.

- Vətəndən, yurddan oxuyarkən səsin içində həmin yurd səsin dəyərinə uyğun olaraq  böyüyür.Maraqlıdır, Nuriyyə xanımın səsindəki vətən nə boydadır?

- Mənim səsim həm Bötüv Azərbaycanda, həm də bütün türk dünyasındadır. Mənim üçün vətənin həddi -hüdudu yoxdur. Borçalı, Dərbənd, Göyçə, Təbriz - hər yan mənim üçün vətəndir. Mən Ordubadda anadan olmuşam. Amma mənim üçün heç bir fərqi yoxdur. Çünki yaşadığın o evin bu başı ilə o başı arasında fərq qoymaq olmaz. Evin mərkəzində oturub, onun bir küncünə yad deyə bilərikmi?  Mənim üçün bu evin hər yeri əzizdir.  Vətənimi sevdiyim qədər də türk dünyasına heyranam..

- Son zamanlar vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı ilə də gözəl duetləriniz  yaranır. Yəqin o mahnıları elə içinizdəki hislər oxuyur...

- Vətən  sevdası olmasa idi, mən dəvəti qəbul etməzdim. Şəmistan müəllim sağ olsun. Mənə onunla bir neçə vətənpərvərlik mahnısını deut oxumağı təklif etdi. Türk dünyası və vətən sevgisi məni cəlb etdi. Təbii ki, mən də razılaşdım. Onun dəvətindən sonra bu cür gözəl duetlər əmələ gəldi.

- Siz birgə bir neçə Kərkük nəğmələri də ifa etmisiniz. İfalarınızı dinləyəndə adam elə zənn edir ki, sanki kərküklərin torpaqlarına gedib, onların acı həyatını seyr edə-edə oxuyursuz. Oralara “getmək” nə dərəcədə çətindir?

- Vətən və torpaq anlayışı çox həsas mövzudur. Hara gediriksə gedək, orada ən çox bir həftə qala bilirik. Sonra dərhal vətənə qayıtmaq istəyirik. Hərdən düşünürəm ki, vətən sevgisi olmayan insan ən pis cinayətlərə də əl ata bilər. Millətinə, onun dəyərlərinə hörmət edən insan isə düşünürəm ki, ən yaxşı insandır. O, Allaha daha yaxın olan insandır. Bu cür insan isə heç vaxt pis ola bilməz. Mən özüm qaçqın taleyi yaşamamışam. Amma fərq etməz, bütün qaçqınların, bütün didərgin türklərin ağrı-acılarını öz içimdə yaşayıram. Hüseyn Cavidin, Müşfiqin həyatına baxanda görürük ki, onlar öz doğma vətənlərindən qaçqın olublar, illərlə ailələrinin üzünün görməyiblər. Hüseyin Cavidin nəşinin Naxçıvana gətirilib dəfn edilməsi mənim yadıma gəlir. Onu həyat yoldaşı ilə bir dəfn etdilər. Onda bilmirəm hansısa şair bir misra işlətdi Müşkünaz xanımın ünvanına: “Bu gün sənin toy günüdür, ər evinə gəlin gedirsən”. Bax o insan məni tari-mar etdi.

- Nuriyyə xanım, həddindən artıq vətənpərvərsiniz. O hislərin gəldiyi yer haradı ki?

- Hərdən məndən soruşurlar ki, “Nuriyyə xanım bu hislər sizə haradan gəlir, haradan qaynaqlanır?”. Mən anlamıram ki, ömrünü bu torpaq uğrunda fəda edən insaların həyatına biganə qalmaq nə dərəcədə mümkün ola bilər.  Düşünürəm ki, əgər belə etsəm, bu torpaqda yaşamaq mənə haram olar.



Elmin NURİ
Foto: Məltəm TALIBZADƏ

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi