Modern.az

Quba məzarlığında abidə kompleksinin tikinti işləri sürətləndirilib

Quba məzarlığında abidə kompleksinin tikinti işləri sürətləndirilib

13 Avqust 2010, 11:39


Yaxın günlərdə Qubadakı soyqırımı məzarlığında abidə kompleksinin inşasına başlanılacaq. Bu barədə Modern.az-a Quba rayonundan olan deputat Yevda Abramov məlumat verib.
Y.Abramovun sözlərinə görə, məzarlığın yaxınlığından keçən Qudyalçayın məcrasını dəyişmək üçün “Azərkörpü” Səhmdar Cəmiyyəti tərəfindən yeni bəndin tikinti işləri yekunlaşıb.

Y.Abramov onu da deyib ki, məzarlıqdakı sümüklərin qorunub saxlanılması üçün lazım olan kimyəvi dərmanların da tezliklə xaricdən gətiriləcəyi gözlənilir.

Deputat qeyd edib ki, bu muzey Xolokos muzeyinə bənzər bir muzey olmalıdır. Prezidentin də tapşırığı belə olub. muzey yüksək zövqlə hazırlanmalıdır. “Biz ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı mütləq dünyaya çatdırmalıyıq”.
Prezidenti İlham Əliyev ötən il dekabrın 30-da Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb.
Kompleksin yaradılması məqsədilə Prezidentinin Ehtiyat Fondundan Quba rayon İcra Hakimiyyətinə 1 milyon manat vəsait ayrılıb.

Bu məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının danılmaz sübutudur. Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Aparılan qazıntılar nəticəsində burada insan cəsədləri qalaqlanan iki quyu və iki arx aşkar edilib. İnsanların hamısının soyuq sılah və küt alətlərlə xüsusi qəddarlıqla qətlə yetirildiyi müəyyənləşdirilib. Ermənilər Qubada azərbaycanlılarla yanaşı ləzgiləri, yəhudiləri, tatları, avarları və digər etnik qrupların nümayəndələrini də amansızlıqla öldürüblər. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən yaşlı kişilərdir.
Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır