Modern.az

«Təndir çörəyi, evimin dirəyi»

«Təndir çörəyi, evimin dirəyi»

7 Avqust 2010, 19:00

Min illər boyu nəsildən-nəsilə keçən çörəkbişirməni Azərbaycanda el sənəti adlandırırlar. Azərbaycanlıların gündəlik qida rasionunda xüsusi çəkiyə malik olan çörəyi ən müqəddəs nemət sayır, onu Quranla bərabər tuturuq.

Azərbaycanlılar həmişə dar məqamlarda «çörək haqqı»-deyə bu müqəddəs nemətə and içir, Tanrıdan çörəklə imtahana çəkilməməyini diləyir, ən hörmətli qonağını duz-çörəklə qarşılayır. Bəzən haqsızlıqla üzləşən soydaşlarımızın pis adamları «səni görüm çörək tutsun»-deyə qarğış etməsi bu müqqədəs nemətin hər şeyə qadir olduğuna bir işarədir. Ona görə də Azərbayacan folklorunda çörəklə bağlı müxtəlif atalar sözləri, aforizmlər, bayatılar, qarğışların olması təsadüfi deyil. Onlardan bəzilərini yada salaq: Çörəyi tapdalamazlar; çörəyi ver çörəkçiyə, birini də üstəlik; nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı; duzsuz çörəyin dadı, çörəksiz kişinin adı olmaz; bir tikə çörək dağ aşırar; torpağa düşməsin havayı bir dən, çörək bol olarsa basılmaz Vətən, çörəyi dizinin üstündədir; duz çörək-düz çörək; çörək sənə qənim olsun və s.

Azərbaycanda çörəyin müxtəlif növləri bişirilir: yuxa, yayma, fətir, lavaş, səngək, xamralı, qalın, nazik, fəsəli, kətə, təndir çörəyi... Onların hər biri adı, forması, ölçüsü, qalın və nazikliyi, dadı, qoxusu, hazırlanma üsuluna görə fərqlidir.

Tarixən Azərbaycanda çörəkbişirmə vasitələri əsasən ocaqlar, gil və çuğun saclar, gil tavalar, təndirlər olub. Çörəkbişirmənin əsasını təşkil edən təndirlər barədə çox danışmaq olar. Onlar öz quruluşunu ta qədimdən indiyəcən dəyişməyərək hal-hazırda da istifadə olunur. Əsasən Yaxın Şərq, Orta Asiya və Qafqaz xalqları arasında geniş yayılmış təndirin tarixi Neolit dövründən, oturaq həyatın mövcud olduğu vaxtdan başlayır. Alimlər «təndir» sözünun qədim türk xalqlarına (şumerlərə) məxsus olduğunu qeyd edirlər.

Azərbaycanın bəzi bölgələrində çörəyi təndirdə bişirmək qədim adət-ənənədir. Müasir zəmanədə çörəkbişirmə sahəsində müxtəlif texnologiyalardan istifadə olunsa da, əcdadlarımızdan qalan təndirə çörək yapmaq ənənəsi indi də yaşadılmaqdadır. 

Təndir kəsik silindiri xatırladır, adətən onun ağız diaqonalı 55 sm, ortasının diaqonalı 80 sm, hündürlüyü 1 metr olur. Onun  alt tərəfindən hava çəkmək üçün kiçik bir dəlik də var ki, ona «küvlə», «külfə» və ya «külüfürən» deyilir. Müasir dövrdə təndirdən Hindistanda, Türkiyədə, Mərkəzi və Orta Asiyada, ərəb ölkələrində, Qafqazda yaşayan müxtəlif xalqlar istifadə edirlər. Təndirin hazırlanması (bişirlməsi) dulusçuluq sənətinin bir növüdür.

Ölkəmizin ərazisində təndirin bir neçə növü mövcud olub. Amma yerüstü və yerlə bərabər (yeraltı) olan təndirlərdən istifadə daha geniş yaylıb. Hazırda Azərbaycanın xüsusilə cənub bölgəsində təndir hazırlanaraq satışa çıxarılır. Təndirin özünü qurmaq, hasilə gətirmək o qədər də asan iş deyil. Onun qurulması üçün əsas xammal gilli torpaqdan yoğurulmuş palçıqdır. Təndiri quran adam başladığı işdə xüsusi ölçü-biçiyə, simmetriya qaydalarına ciddi əməl etməlidir.

Respublikamızın bəzi dağlıq rayonlarında təndiri hətta evlərin içində elə quraşdırırlar ki, qışda ondan təkcə çörəkbişirmə məqsədilə deyil, həm də otaqları qızdırmaq üçün istifadə edirlər. Azərbaycanda çörək necə müqəddəs sayılırsa, təndirə də o cür yanaşılıb. Əcdadlarımız nahaq yerə «Təndir çörəyi, evimin dirəyi» deməyiblər. Bəzi vaxtlarda gün tutulması olanda, zəlzələ baş verəndə insanlar təndirin başına qaçıblar. Onlar təndir yanında hifz olunacaqlarına, başlarına bir iş gəlməyəcəyinə inanıblar. Həmin inam bu gün də xalq arasında yaşamaqdadır.

Təndirə od salınanda adətən xəmir kündələnir ki, bişirilməyə hazır olsun. Təndir qalanandan sonra əvvəlcə adəti üzrə qaralır, sonra isə aşağıdan yuxarıya doğru ağarmağa başlayır. Tam ağarıb qurtaran kimi təndir həddindən artıq isti və ya qızmar olduğundan çörəyi tez yapmırlar, az gözləməli olurlar, yoxsa o saat çörək küt gedər. Təndirdə bişən çörəyin öz dadı, öz ləzzəti var. Təndir çörəyi bişirilən məhəllənin yanından ötüb keçən hər bir adam onun qoxusunu duymalıdır. Adətə görə, təndirdən çıxan ilk çörəyi uşaqlara, evin qonağına vermək xeyir-bərəkət, ruzi gətirər. Ümumiyyətlə, isti təndir çörəyinin dadına görə tayı-bərabəri yoxdur. Azərbaycan mətbəxinin yaradılması və inkişafı çox böyük dərəcədə təndir, körə, buxarı, külfə, çala ocaq, sac, manqal və s. açıq və qapalı ocaqların çoxlu sayda növlərinin olması ilə bağlıdır.

Bu gün Azərbaycanda təndirdən təkcə çörəkbişirmək məqsədilə istifadə olunmur, onun vasitəsilə həm də müxtəlif xörəklər hazırlanır. Təndir çörəyi kimi, tərdir kababı, təndir ləvəngisi, təndir külləməsi, təndir qovurması da öz dadı və ləzzəti ildə məşhurdur. Təsadüfi deyil ki, sadalanan nemətləri Azərbaycana gələn turistlər də çox xoşlayırlar.

 

 

 

 

Əfqan QAFARLI   

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi