Modern.az

Yaşamaq gözəldir...

Yaşamaq gözəldir...

6 Oktyabr 2009, 19:10

İnsanın bir ömür yorğunluğu onun həyatının hər saniyəsinə xüsusi xidmət etməsi anlamındadır. Ölümdən danışmaq insanlar üçün asandır. Amma ölümü yaşamağı heç kəs istəmir. Ölümə qədər yaşamaq çox gözəldir. Həyata daha rəngli baxmaq, daha fərqli yanaşmaq, standartlardan qaçmaq kimi tərzlər isə maraqlı körpülər yaradır...

Başlanğıc...

Dünyaya göz açmış körpənin yaşamaq üçün gəldiyini onun ağlamasından anlamaq olur. İnsan doğulanda artıq başa düşmədən yaşamağa meyillidir. İlk addım atdıqda onun üzündəki təbəssüm bunun əyani sübutudur. Uşaqlıq dövrünün ən əsası məsuliyyət hiss etmədən yaşamaqdır. İstədiyini edirsən. Həyat sənin üçün o qədər maraqlı gəlir ki, etdiklərinə yalnız gülümsəyirsən. Uşaq vaxtı ağlayanda, onu bir neçə saniyə sonra unudursan. Bu çox gözəl bir şeydir. Kədəri unutmaqdan gözəl nə ola bilər. Sonralar elədiklərinlə bir nəticə çıxarmağa başlayırsan, bu nəticələr sənin düşüncələrinin formalaşamasına birbaşa təsir edir və sənin növbəti yaşamın, səni maraqdan əlavə bir az da təəcübləndirməyə başlayır. Yeni kəşflər etməyə çalışırsan. Uğur axtarmağa, uğur yaratmağa çalışırsan. Arzularının hər zaman xəyalını qurar və buna nail olacağına əmin olursan. Bu əminlik səni həyatının ən dinamik dövrünə gətirib çıxarır...

Gələcəyəm...

Artıq gəncsən, istəklərini addımlayaraq reallaşdırmağa başlayırsan. Bəzən məqsədlərə doğru qaçırsan. Heç vaxt yorulmursan. Yuxularını reallaşdırmaq üçün hər səhər yenidən oyanırsan. Yenidən doğulduğunu hiss edirsən. Günlərinin maraqlı olması üçün, hər günə fərqli başlayırsan. Yeni dostlar qazanmaq, onlarla fikir mübadiləsi etmək, öyrənmək və öyrətmək prinsipi ilə yaşayırsan. Gördüyün çətinliklər sənin üçün təcrübəyə çevrilir. Tələbə adı qazanmaq, universitet həyatı, əylənmək bu dövrə təsadüf edir. Təhsil – bu dövrün ən güclü tələbatıdır.  “Mənim təhsilim, mənim gələcəyimdir” düşüncəsi sənin insanlara xidmət etməyə səsləyir. Çünki sən bilirsən ki, bu günün gənci, sabahın gələcəyidir. Gələcəyin sahibi sənsən. Çünki gəncsən...

Yaşamaq gözəldir yaşatmaqla. Hər hansı bir peşəyə sahib olub insanlara xidmət etmək və insanlara dəyər vermək sənin gənc olaraq nə etdiklərindən asılıdır. Nümunə yaratmaq, daim yaradıclıq etmək, keçmişi düşünməmək, gələcəyi qurmaq yalnız bu dövrün dəyərləndirilməsidir.  İnsanlara qiymət verməyi öyrənirsən. İnsanın ən ali varlıq olduğunu qəbul edirsən. Güclü olmaq və rəqabət etmək sənin daxilini zənginləşdirir. Xatırlamadığın uşaqlıq isə səni keçmişə təbəssüblə, gələcəyə israrla baxmağa vadar edir. Daim razılaşmırsan, müxtəlif etirazlar edirsən,valideynlərinə, cəmiyyətə...Və bu, sənin insanlara sayğını artırır. Gənclik dövrü heç vaxt bitmir, sanki bu dövrü uşaqlıqdan yaşayırsan. Bu dövr heç vaxt bitməyəcək... 

Yenidən...

Zamanın insan həyatını bir mərhələdən digər mərhələyə keçirməsi onun qanunları bəzən pozması ilə nəticələnir. Zamanın üç əsas mərhələsi var: Uşaqlıq, Gənclik və Qocalıq. Seçimi isə sən edirsən. Adam var ki, bir ömür uşaqlıq edir. O, heç vaxt uşaqlığının bitməsini istəmir. İnsan yaşlandıqca səbrsiz və bir rəngi seçməyə üstünlük verir. Hər şeyin bitdiyini düşünür. Bu, belə deyil. Ömür boyu özünü gənc hesab etmiş isə qocalığını yenidən bir gənc kimi yaşayır. Gənc yaradıcı olur. İnsan fiziki olaraq yaşlandıqdan sonra mənəvi gəncdirsə, yenidən yaradıcılıq edəcək, düşünəcək, uğur qazanacaq. Niyə yenidən? Çünki sən qurduğun cəmiyyət, gələcək artıq sənindir. Artıq “indiki gələcək” zamandasan.

Sənin üçün nə keçmiş var, nə də gələcək. Bu gün var. Bir də sənin yaratdığın ortamı bəyənməyən gənclik formalaşıbdır ki, sən bundan xüsusi zövq alırsan. Fiziki olaraq yaşlı, mənəvi olaraq gənc olmağın bu zövqü yeniləşdirir səndə.

Ölüm qorxusu kimi bir hiss artıq yoxdur, sənin ölümün də gəncdir.

Bəlkə də yoxsan artıq, fiziki olaraq... Amma sənin yaşadığın gənclik davam edir...  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi