Modern.az

Məşhur politoloq: “Minsk qrupu Qarabağ münaqişəsinin nizama salınmasını qeyri-mümkün edir”

Məşhur politoloq: “Minsk qrupu Qarabağ münaqişəsinin  nizama salınmasını qeyri-mümkün edir”

26 Noyabr 2014, 12:02

“Qarabağ münaqişəsinə Ermənsitan və Azərbaycanın əks təsirləri nöqteyi-nəzərindən baxmaq düzgün deyil. Qarabağ münaqişəsində daha bir əhəmiyyətli oyunçu var ki, bu da Rusiyadır. Rusiya son 25 ildə sübut etdi ki, onda Qarabağ probleminin nizama salınmasına görə heç bir öhdəlik yoxdur”.

Modern.az saytıının məlumatına görə bunu Ermənistan mətbuatına müsahibəsində ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, məşhur amerikalı  politoloq Pol Qobl deyib.

Ekspert Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupu həmsədrlərinin irəli sürdüyü prinsiplərin paradoksal mahiyyətdə olduğuna da diqqət çəkib. Pol Qoblun sözlərinə görə, Minsk qrupu bir tərəfdən Azərbaycanın ərazi bütövlüyü, digər tərəfdən isə xalqların öz müqəddəratını təyin etmək prinsipini önə çəkib, onu rəhbər tutmaqla,  münaqişənin nizama salınmasını qeyri-mümkün edir.

“Ona görə də, mən həmişə əmin olmuşam ki, Minsk qrupu Qarabağ konfliktinin nizama salınması üçün vasitə deyil. Düşünürdüm ki, Minsk qrupu əksinə, münaqişəni donduracaq. Problemin həlli üzrə tək yol Bakının və Yerevanın ikitərəfli danışıqlarıdır”,-deyə Pol Qobl bildirib.

Politoloq Minsk qrupunun həmsədr ölkələri olan  ABŞ və Fransanın Qarabağ problemini həll etmək istəklərində olmasını vurğulayıb. O, bunu Qərblə Şərqi birləşdirəcək neft-qaz kəmərləri ilə əlaqələndirib.


Dövlət Departamentinin keçmiş əməkdaşı onu da qeyd edib ki, Qarabağ düyünü açılsa, Ermənistan da təcrid edilmə siyasətindən kənarda qalacaq: “Ona görə bu qənaətdəyəm ki, Ermənistanın özü də bu münaqişənin nizama salınmasında maraqlıdır, çünki bununla o, öz iqtisadi problemlərini həll edər. Lakin Rusiya hakimiyyəti problemin həllində maraqlı deyil. Çünki Moskva proseslərdə öz rolunun saxlanılması üçün münaqişələrin olmasında maraqlıdır”.

Analitik Ukrayna ssenarisinin Cənubi Qafqazda təkrarlanacağı barədə iddiaları isə əsassız sayır. O hesab edir ki, Rusiyanın öz qanadı altına Qarabağı götürməsi haqqında deyilənlər Moskvadan başqa,  heç bir tərəfin marağına cavab vermir.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır