Modern.az

Qüdrət Həsənquliyev: “Ermənilər öz itkilərinə güldülər” - MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Ermənilər öz itkilərinə güldülər” - MÜSAHİBƏ

27 Noyabr 2014, 15:45

 “O qədər ucadan qəhqəhə çəkdlilər ki, sessiya iştirakçıları arxaya çevrilərək təəccüblə onlara baxdılar”


Modern.az
saytı Bütöv Azərbaycan Xalq Cəbhəsi Pasrtiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir.

-  Qüdrət bəy, bildiyimiz kimi bir neçə gün öncə Haaqada NATO Parlament Assambleyasının payız sessiyasında iştirak etmisiniz. Assambleyanın sessiyasında  hansı məsələlər müzakirə olundu?

- Bu dəfəki sessiyada müzakirə olunan əsas məsələlər Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərqdə “islam dövləti” yaratdıqlarını elan edən terrorçuların yaratdıqları problemlər, Afrikada “Ebola” virusunun yayılması ilə bağlı idi. Sözsüz ki, müzakirəyə çıxarılan və daha çox diqqət yetirilən mövzu Ukrayna problemi idi. Ona görə ki, Amerika Birləşmiş Ştatları uzun müddət idi ki, Avrola ölkələrini öz hətbi xərclərini azaltmamağa çağırırdı. Hər dəfə NATO Parlament Assambleyasının sessiyalarında bu tipli çağırışlar eşidilirdi. Amma Avropa ölkələri arxayın idilər ki, ABŞ NATO-nun aparıcı dövləti kimi onların müdafiəsini təmin edəcək. Lakin Ukraynada baş verənlər son zamanlar ABŞ-ın çağırışlarına önəm verməmək cəsarətində bulunun Avropa ölkələri üçün tamamilə yeni bir şərait yaratdı. Daha öncə verdiyim müsahibələrdə də qeyd etmişdim ki, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsində maraqlı ola bilər. Eyni fikirlər Assavbleyanın toplantısına dəvət olunmuş ekspertlər tərəfindən də səsləndirildi. Qeyd olundu ki, ABŞ 1994-cü ildə imzalanmış sazişə əsasən Ukraynanın ərazi bütövlüyünə təminat verən dövlətlərdən biri kimi, müharibənin geniş vüsət almasına mane ola bilərdi. Amma hadisələrin ilk günündən ABŞ rəsmilərinin Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təhlükə yaradacağı təqdirdə bu konfliktə müdaxilə etməyəcəkləri, Ukraynaya hərbi yardım göstərilməyəcəyi və ora əsgər göndərilməyəcəyi barədə bəyanatları, Rusiyaya yalnız sanskiyaların tətbiq edilə biləcəyi barədə səsləndirilən fikirlər və bu sanksiyaların mahiyyətinin, miqyasının açıqlanmaması Vaşinqtonun baş verənlərdə maraqlı olduğunu sübuta yetirir. Yəni bununla ABŞ həm Rusiyanı qardaş xalqla böyük bir münaqişəyə cəlb edir, həm də Avropa ölkələrində böyük bir qorxu yaratmaqla onları öz hərbi büdcələrini artırmaq məcburiyyəti qarşısında qoyub. Şübhəsiz ki, artıq NATO üzvü olan Avropa ölkələri də fərqindədirlər ki, ABŞ-a tam mənada güvənmək olmaz və öz hərbi xərclərini artırmalıdırlar.

Assambleyada müzakirə olunan digər önəmli məsələ isə Türkiyə nümayəndə heyəti tərəfindən qaldırılmışdı və bu istiqamətdə məruzələr də təqdim olunmuşdu. Türkiyənin istəyi ilə Siriyada baş verən vətəndaş müharibəsi, eləcə də “islam dövləti” yaratdıqlarını elan edən terrorçuların həyata keçirdiyi hərbi əməliyyatlardan sonra yaranmış humanitar fəlakət, çoxsaylı qaçqınların olması və bu səbəbdən qardaş dövlətin qarşılaşdığı problemlər müzakirə olundu. Bu məsələ çərçivəsində mən də Azərbaycandakı qaçqınlarla bağlı məsələ qaldırdım. Bir daha Ermənistanın işğalçı dövlət olduğunu vurğuladım. Bir daha qeyd etdim ki, Ermənistan baş tutmamış dövlətdir, regionda Rusiyanın forpostudur. Bu dövlət erməni millətçilərinin “dənizdən dənizə böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək üçün özünü tamamilə Rusiyanın istifadəsinə verib. Erməni millətçiləri Rusiyanın neoimperialist komplekslərindən məharətlə istifadə edirlər. Çıxışımda Ermənistanın sülh danışıqlarında hər hansı bir formada maraqlı olmadığını və rol oynamadığını xatırlatdım. Buna misal olaraq, Serj Sarkisyanın Paris danışıqarından dərhal sonra işğal olunmuş Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlərə başladığını göstərdim və bildirdim ki, bu fakt Ermənistanın sülh danışıqlarına nə dərəcədə sadiq olduğunu nümayiş etdirir. Erməni hərbi helikopterinin Azərbaycan silahlı qüvvələrinin döyüş mövqelərinin üzərində manevr etmək istədiyi zaman vurulduğunu, helikopterin və ekipaj üzvlərinin cəsədlərinin qalıqlarının hələ də bizim hərbçilərin nəzarət etdiyi ərazidə qaldığını deyəndə Ermənistan təmsilçiləri ucadan gülməyə başladılar. O qədər ucadan qəhqəhə çəkdlilər ki, sessiya iştirakçıları arxaya çevrilərək təəccüblə onlara baxdılar. Hər kəsə maraqlı gəldi ki, görəsən Ermənistana məxsus hərbi helikopterin vurulmasında və üç hərbçinin ölməsində gülməli nə var, bunlar öz vətəndaşlarının ölümünə nə üçün bu qədər sevinirlər...

Məndən sonra Ermənistan təmsilçisi Paqosyan söz alıb gülə-gülə dedi ki, guya onlar hərbi əməliyyat keçirib meyitləri həmin ərazidən götürüblər. Hətta meyitlərin götürülməsini elə bir formada dedi ki, sanki Ermənistanda bununla bağlı toy-bayramdır, hər kəs şadlıq edir. Bu da təbii ki, iştirakçılarda növbəti dəfə ikrah hissi doğurdu. Kaş ki, Ermənistan ictimaiyyəti onları təmsil edən bu şəxslərin öz itkilərinə necə güldüklərini görə biləydi... Təəssüf ki, təkrar çıxış etmək və onlara cavab vermək imkanım olmadı. Amma müşahidə etdim ki, Ermənistan Avropa İttifaqı ilə assosiativ sazişi imzalamaqdan imtina etdikdən və Avrasiya İttifaqına üzv olduqdan sonra onlara qarşı müəyyən qədər soyuq münasibət yaranıb. Bu ermənilərin NATO Parlament Assambleyasının yeni seçilən prezidenti Maykl Ternerə ünvanladıqları sualın cavabında da hiss olundu. Ermənilər Ermənistanda keçirilən NATO həftəliyində nə üçün rəsmilərdən bir kimsənin iştirak etmədiyini soruşanda Maykl Terner yeni seçildiyini xatırlatdı və eyni zamanda bildirdi ki, əgər siz Ermənistanla Avropa İttifaqı arasındakı soyuq münasibətin səbəbini soruşsaydınız, o zaman mən sizə cavab verə bilərdim və deyərdim ki, bunun səbəbi Avropa İttifaqı ilə apardığınız uzunumüddətli danışıqlardan sonra assosiativ sazişi imzalamaqdan imtina etməyinizdir.

Plenar iclasda NATO-nun dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə üstünlük verdiyi bir daha vurğulandı. NATO-nun baş katibi Yens Stoltenberq öz çıxışında qeyd etdi ki, alyans üzvü olan ölkə başçılarının Uels zirvəsində birmənalı şəkildə vurğulanıb ki, dövlətlərin ərazi bütövlüyü toxunulmazdır və onlar Avropada ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşırlar, o cümlədən də Azərbaycanın ərazi bütövlüyünə...

Qüdrət bəy, son günlərin ən önəmli hadisələrindən biri də İranın nüvə proqramı ilə bağlı aparılan müzakirələrlə bağlıdır. Baş verənləri necə dəyərləndirirsiniz?

-  İran qonşu dövlətdir və təbii ki, qonsuluğumuzda baş verən hadisələrin  bizi narahat etməsi təbiidir. Nəzərə alsaq ki, bizim tarixi vətənimizin bir hissəsi İran dövlətinin tərkibindədir və burada 30 milyondan çox soydaşımız yaşayır, o zaman orada baş verənləri hər zaman ciddi şəkildə diqqət mərkəzində saxlamalıyıq. Bildiyiniz kimi, İranla “altılıq” ölkələri arasında danışıqların daha 6 ay uzadılması ilə bağlı qərtar qəbul olundu.

Düşünürəm ki, Ukraynada baş verən hadisələrdən sonra hər hansı bir dövlətə “sən nüvə silahı yaratma və öz müdafiəni effektiv təmin etmə” demək mənəviyyatsızlıqdır. Bir az sərt desəm də həqiqət belədir. Biz Ukrayna təcrübəsində gördük ki, hər hansı bir güclü dövlət başqa bir ölkənin ərazi bütövlüyünə və suverenliyinə təminat verə bilməz. Əgər söhbət başqa bir güclü dövlətin həmin ölkənin ərazisini işğal etməsindən gedirsə... Daha dəqiq ifadə etsəm, məsələn, bir nüvə dövləti hər hansı bir ölkənin ərazisini işğal edərsə o zaman digər nüvə dövlətləri işğala məruz qalan ölkəni necə müdafiə edəcəklər? Ya həmin nüvə dövlətləri konkret nümunədə həmin nüvə dövləti ilə müharibəyə başlamalıdırlar ki, buna da heç kim cəsarət etməz! Bu halda belə anlaşılır ki, kimin sənəd üzərində təminatçı olmasından asılı olmayaraq sən müdafiəsiz qalacaqsan. Dünyada nüvə dövlətlərinin sayı artıq kifayət qədərdir. Elə İranın qonşuluğunda nüvə dövləti olan Rusiya, Çin, Pakistan, Hindistan var. Bu baxımdan, zənnimcə İran rəsmiləri danışıqlar prosesində iştirakçı ölkələrin rəsmilərinə açıq şəkildə sual ünvanlamalıdırlar ki, əgər Rusiya Ukraynaya müdaxilə etdiyi kimi İrana da hücum etsə, yaxud Çin belə bir addım atsa o zaman bizi kim müdafiə edəcək? Bu sualı vermək lazmdır... Əgər onlar desələr ki, biz müdafiə edəcəyik, o zaman Ukrayna nümunəsi çəkilməlidir. Yəni, deyilməlidir ki, rəsmi yazılı öhdəliyinə əməl etməyən güclər buna necə təminat verə bilərlər?! Sizin Ukraynanı müdafiə etmək şərəf borcunuz idi, amma etmədiniz. Bəs indi bizi kim müdafiə edəcək? Bu baxımdan, düşünürəm ki, İran yalnız məcbur edildiyi təqdirdə nüvə proqramından imtina edə bilər. Bilirsiniz ki, İsrail daim İranın öz nüvə proqramını dayandırmayacağı təqdirdə bu ölkənin nüvə obyektlərini bombalayacağını bəyan edir. İndiki halda İranın nüvə proqramından imtinaya məcbur edilməsindən söhbət gedə bilər. Mövcud sanksiyaların qarşılığında İranın geri çəkilə biləcəyini düşünmürəm.

Qənaətimə görə, İranın öz nüvə silahını yaratması Azərbaycan üçün təhlükəli deyil. O mənada ki, İran Azərbaycandan nüvə silahı olmadan da böyükdür və güclüdür. Və bizim onsuz da İranla hərbi müstəvidə hər hansı bir beynəlxalq məsələni həll etmək imkanlarımız yoxdur. Amma İran nüvə silahı yaradarsa, mən əminəm ki, qısa bir müddət ərzində Türkiyə də bunu edəcək və etmək məcburiyyətində qalacaq. Türkiyənin nüvə dövlətinə çevrilməsi isə Azərbaycan və bütün türk dünyası üçün çox önəmli bir hadisə olardı. Bilirsiniz ki, Türkiyənin nüvə dövlətinə çevrilməsi məsələsini ilk dəfə bizim partiya gündəmə gətirib. Sonradan bu məsələ Türkiyədə də ən müxtəlif səviyyələrdə geniş müzakirə edilib. Hesab edirəm ki, Azərbaycan da özünün həm elmi, həm də maddi potensialı ilə bu məsələdə Türkiyənin yanında olmalıdır və Pakistanla da bu istiqamətdə ciddi əlaqələr qurulmalıdır ki, Türkiyə nüvə dövlətinə çevrilsin. NATO Parlament Assambleyasında çıxış edən bütün ekspertlər bildirirdilər ki, dünyada hazırda güc siyasəti aparıcı mövqedədər.  Yəni nə qədər beynəlxalq hüquqa, ədalətə söykənən siyasət yürüdürsənsə yürüt, əgər bu siyasəti sonunadək müdafiə edə biləcək gücün yoxdursa, deməli bu siyasətin dəyəri də yoxdur. Bunu açıq şəkildə deyirdilər: Güc siyasəti, güc siyasəti və yenə güc siyasəti!

Nə qədər sülhpərvər siyasət yürüdürsənsə yürüt, əgər bu siyasəti müdafiə edə biləcək gücə, real müttəfiqlərə malik deyilsənsə, sənin siyasətinin heç bir önəmi yoxdur. Buna görə də hesab edirəm ki, İran öz nüvə silahını yaratmaqdan imtina etməyəcək. Eyni zamanda düşünmürəm ki, bu proseslər dünyanı daha da təhlükəli edəcək. Dünya onsuz da kifayət qədər təhlükəlidir və dünya heç zaman təhlükəsiz olmayıb. Böyük dövlətlər kiçik dövlətləri hər zaman əziblər, onlara təzyiq göstəriblər. Biz bunu 20 ildən çoxdur ki, öz üzərimizdə hiss edirik. Bu müddət ərzində heç bir dövlət Azərbaycan ərazilərinin işğalı ilə bağlı prinsipial mövqe nümayiş etdirmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub