Modern.az

Məscidi partlatmaq istədilər, amma...

Məscidi partlatmaq istədilər, amma...

Aktual

30 Noyabr 2014, 22:26

Namidə BİNGÖL

Cənubi Qafqazda  dini sabitliyi pozmaqda maraqlı olan qüvvələr var.  İslam dini daxilində məzhəb ayrı-seçkiliyinə yol açmağa güc sərf edənlər, ictimai-siyasi sabitliyi pozmaqda israrlıdırlar.                                   

Yola saldığımız həftə siyasi baxımdan gərgin keçdi. Azərbaycan müxalifəti daxilində narazı tərəflər yenə üz-üzə gəldi. Xüsusilə Müsavat Partiyasında ümumxalq müşavirəsinin keçirilməsi heç nəyi dəyişmədi. Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu narazı müsavatçı qismində  qalmağa davam etdi. Maraqlısı odur ki, uzun müddətdən bəri prosesləri siyasi təmkinliklə izləyən keçmiş başqan İsa Qəmdər üzə çıxdı.

Ümumxalq müşavirəsinə qatılan İsa bəyin çıxışlarını Qubad bəy tərəf saxlamaq  kimi qələmə verdi.  Bax sonra deyirlər ki, biz yaxşı mənada nümunəyik. Ümumxalq müşavirəsində də sivil qaydaların mövcudluğu özünü göstərmədi. Qarşıdurmalar, yersiz replikalar, onu göstərir ki, bir araya gəlib partiyadaxili məsələləri həll etmək mümkün deyil.

Unutmayaq ki, partiyadaxili məsələlərin nizama salınıb idarə edilməsi siyasi proseslərin kiçik bir hissəsidir. Vay o günə ki siyasi məsələlərin böyük yükü bu formada idarə edilə.

Belə görünür ki, Arif Hacılı başqan kimi Müsavat Partiyasında “ağsaqqal” ola bilməyək.  Həmçinin, Qubad bəyin Müsavat Partiyasının bir küncündə səssiz oturması da mümkünsüz görünür.

Müxalifət cəbhəsində baş verənlər Müsavat Partiyası ilə məhdudlaşmır. Müsavat-AXCP arasında gərginliyin stabil olmasına baxmayaraq, AXCP sədri Əli Kərimli ilə ADP sədri Sərdar Cəlaloğlu siyasi meydanda açıq savaş nümayiş etdirir.

Belə ki, Sərdar bəy “Hürriyyət” qəzetinə müsahibəsində  Əli Kərimlini tənqid atəşinə tutub.

Əli Kərimli ilə müğənni İlhamə Quliyevanın oxşar cəhətlərə malik olduğunu söyləyən Sərdar bəy, Əli Kərimlini siyasətin primadonnası kimi görür. İlhamə Quliyevanın missiyasına şərik çıxan Əli bəy, sən demə siyasi partiyalara ad qoyurmuş. Sərdar Cəlaloğlu belə deyir.

Bir zamanlar xalq qəhrəmanı Qaçaq Nəbinin Həcərini, xalq şairi Səməd Vurğunu aşağılayıcı ifadələrlə tənqid edən ADP sədri, deyəsən,  siyasətçi-müğənni çəkisini eyni tərəziyə yerləşdirməklə məhkəmə qapılarında sürünə biləcəyini gözə alıb.

Əli Kərimli Sərdar Cəlaloğluna cavab verməsə də, səhnəmizin primadonnası, haqqında eyhamla danışanları çox pis nişan alır. ADP sədri bunları bilməlidir.

Həftənin əsas hadisəsinə diqqət çəkmək istəyirəm. Noyabr ayının 26-da  Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən “Qaraçuxur” məscidi yandı. Sünni-şiə məzhəbinin nümayəndələrinin toplaşdığı məscidin yanması, yaxud da yandırılması versiyası ətrafında bir çox fikirlər səsləndirildi. Əcəba, ikili fikirlərin səsləndirilməsinə əsas varmı?! Və yaxud da Azərbaycan kimi sakit cəmiyyətdə dini ayrıseçkilik halları baş qaldıra bilərmi?!

 Nə qədər qəribə səslənsə də, Azərbaycanda dini ayrı-seçkiliyin yaranmasına əsas  var və məzhəb qarşıdurması baş qaldıra bilər. Humanist dəyərlərə söykənən sivil cəmiyyətdə yaşamağımızdan asılı olmayaraq bu  mümkündür.

Dünyada İslam dini daxilində məzhəb ayrı-seçkiliyindən doğan qarşıdurmalar qaçılmazdır. Kim deyə bilər ki, Azərbaycanda radikal dini qruplaşmanın heç bir qolu yoxdur?!

Ola bilsin ki, sənin, mənim, bizim hamımızın ətrafında belə birisi var. Onlar siyasətlərini gizli şəkildə qurduqlarından ilk baxışdan ilkin cürərtiləri görmək mümkün deyil. Həqiqət odur ki, Suriyada gedən qanlı döyüşlərə qoşulub Bəşər Əsəd əleydarları ilə tərəfdarlarına qarşı vuruşanlar və onların dili ilə  desək “şəhid” olanlar arasında azərbaycanlıların olması sirr deyil.

Və yaxud da İŞİD radikal dini terror təşkilatına qoşulan azərbaycanlılar bizə proseslərin hansı şəkildə cərəyan etməsindən ipucu vermir?!   Vəhhabi təriqətli azərbaycanlının İŞİD-ə qoşulmasına səbəb kimi saqqalının zorla qırxıldığını bəhanə gətirməsi,  digər  azərbaycanlı vəhhabilərin xarici qüvvələrin istək və arzularını terror şəklində həyata keçirməyəcəyinə kim zəmanət verə bilər?!

Bu səbəbdən də azərbaycanlıların dini radikal qruplaşmalara necə və hansı şəraitdə qoşulmaları maraq kəsb etməyə bilməz. Deməli, Azərbaycan İslam dövləti olaraq, dünyanın qaynar nöqtələrində məskən salan radikal terror qurplaşmaların  diqqətindən kənarda deyil.

Burda bir məqam da diqqət çəkir. İslam dini arasında məzhəb ayrı-seçkiliyinin alovlandırılmasını həyata keçirməklə,  radikal dini qruplaşmaları maliyyələşdirən Qərb dairələri İslam dininin nüfuzuna xələl gətirməklə məşğuldur.  

Cənubi Qafqzda yeganə İslam dövləti olan Azərbaycan, Qərb dairələrinin “sürpriz”lərinə hələ ki tamaşa edir. Sadə bir misal. Beynəlxalq təşkilatlar Azərbaycan vətəndaşlarını girov götürən Ermənistana qarşı “dilsiz-ağızsız heyvan” kimi gözlərini  döyüb baxmaqla  kifayətlənir. Amma, Azərbaycan tərəfindən vurulan erməni helikopterinin qalıqlarına biganə yanaşmamaları nəyi necə xarakterizə edəcəyimizə şübhə yeri qoymur.

Cənubi Qafqazda ictimai-siyasi sabitliyini qoruyub saxlayan Azərbaycanın artan inkişafına kölgə salmağa cəhdlər olur. Bunun üçün ən doğru yol məzhəblərarası qarşıdurmanı genişləndirməyə rəvac verməkdir.

O zaman insanların sıx toplaşdığı məsciddə baş verən yanğın hadisəsi gözümüzü dörd açıb daha da ayıq olmağımıza işarə deyil?! Hər halda, hər gün partladılan müsəlman məscidlərinin üzləşdiyi faciələrdən sığortalanmadığımızı gözə almalıyıq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir