Modern.az

Azərbaycan elm və təhsilini “tabut”dan çıxarmağın yolları - II Yazı

Azərbaycan elm və təhsilini “tabut”dan çıxarmağın yolları - II Yazı

1 Dekabr 2014, 11:42

Bu gün AMEA-nın elmi heyətinin böyük əksəriyyəti Türkiyədə, Rusiyada və başqa qonşu ölkələrdə (Avropa ölkələrini bu məsələyə örnək kimi göstərmək belə yanlışdır) bu sahədə çalışanların  aldıqları təqaüdün az qala üçdə, dörddə birinə işləməyə məhkumdur. Ona görə “məhkumdur” deyirik ki, elm və təhsil sahəsində işləyən müəllimlərin və alimlərin aldığı maaş əslində “qul əməyi”, “məhbus əməyi”dir. Hər halda, adətən qullar, məhbuslar əməkləri müqabilində çüzi maaş almışlar və alırlar da.

Hazırda ali məktəblərdə dərs deyən müəllimlərin elmi rütbəsi (dosent, professor) və elmi dərəcəsindən (doktor, elmlər doktoru) asılı olaraq bir dərsə (bir qoşa saata) görə aldıqları əmək haqqı “qul əməyi”ndən  başqa bir şey deyildir. Məsələn, heç bir elmi rütbəsi və elmi dərəcəsi olmayan müəllimlər ali məktəblərdə keçdikləri bir dərsə görə 2 manat civarında, elmi rütbəsi və elmi dərəcəsi olan müəllimlər isə 3-4 manata yaxın əmək haqqı alırlar. Bu məsələdə bəzi özəl unversitetlər istisanadır. Amma onların da bir qoşa saata görə ödədikləri 5-7 manat civarındadır.

Bu əslində yumşaq şəkildə desək, Azərbaycan müəllimlərini ələ salmaqdır. Çünki müəllim tələbələrə təxminən sərf etdiyi iki saat ərzində 2-4 manat qazanır ki, bu yalnız simvolik mahiyyətlidir. Ancaq hər hansı “şoumen”, “müğənni” onlara məxsus dərəcələrinə görə bir-iki saata görə ən azı 2 000-10 000 manat arasında “əmək haqqı” alırlar. Üstəlik, müəllimlər 2-4 manat arasındakı əmək haqqına görə vergi ödəmələri olduqları halda, “şoumen” və “müğənni”lərlə hələ də “dil” tapılmamışdır. Görünür, bizdə az və halal maaşa vergi tutmaq asandır, ancaq çox və haram “maaş”a yox.

Müqayisə üçün bildirək ki, Türkiyə, Rusiya, İran universitetlərində, özəlliklə son illərdə ali məktəb müəllimləri elmi rütbə və elmi dərəcələrindən, iş stajlarından asılı olaraq ən azı 800-2500 dollar arasında müxtəlif vəzifələrdə çalışırlar. Çünki işin ağırlığına və keyfiyyətinə uyğun olaraq şərtlər də dəyişir. Bu anlamda daha çox əmək haqqı alan müəllimlər və elm adamları da vardır.

Amma Azərbaycanda istər ali və orta məktəblərdə, istərsə də elm sahəsində çalışan müəllimlər və alimlərin maddi durumları nə işin ağırlığına, nə işin keyfiyyətinə, nə də iş stajına görə dəyişmir, ya da çox çüzi  şəkildə dəyişir.

Doğrudur, bəziləri deyə bilərlər və deyənlər də var ki, özəlliklə AMEA-da işləyənlərin gördükləri işlərin qarşılığı olaraq aldıqları maaş normaldır. Bu cür düşünənlərin fikrincə, AMEA işçilərinin əksəriyyəti heç bir iş görmürlər; yalnız ildə bir plan işi yazırlar, o da başdansovdu və s. Bizcə, AMEA işçiləri arsında başdansovdu çalışanlar varsa, üstəlik onların sayı kifayət qədər problemli səviyyədədirsə günahkarı onlarda deyil, onları işlə təmin edib, akademiya sisteminə yamayanlarda axtarmaq lazımdır. Yəni akademiyaya yamaq olanlara görə, heç bir halda əsil elm adamları, aydınlar günahkar olub maddi və mənəvi anlamda zərər çəkən qismində olmamalıdırlar.

Əgər kimlərsə işlərinin öhdəsindən gələ bilmədiyi halda akademiya və təhsil sistemində hələ də çalışırlarsa, yaxud da elmi dərəcələr, elmi rütbələr alırlarsa və almağa davam edirlərsə, bunun günahkarları belələrini zorla elmə, təhsilə sırıyanlardır. Üstəlik, adı AMEA-da işçi kimi gedib aylarla, illərlə işə gəlməyənlərə görə əsil alimlər niyə zərər çəkməlidirlər!?

Alim və müəllim adına layiq olmayanlara görə bütün müəllimləri və alimləri ittiham edib, onlara yuxarıdan aşağı baxmaq doğru deyildir. Əgər keçən hər gündə “alim” və “müəllim” adına layiq olmayanların sayı çoxalırsa, əlbəttə bu çox düşündürücüdür.

Üstəlik, çox yazıqlar olsun ki, elm və təhsildə problemlər yaradanlara, bu problemləri həll etməyi tapşırırlar.

Məlum olduğu kimi, Elmin İnkişaf Fondu 2013-cü ildə müsabiqə elan etmişdir. Müsabiqənin elan olunmasının üstündən bir il keçməsinə baxmayaraq nəticələri hələ də açıqlanmayıb. Məncə bu məsələdə də qeyri-adi heç nə yoxdur. Çünki bizim bütün işlərimiz ki, burada da formallıq vardır. Əslində bu gün alimlərin heç bir hüququ yoxdur. Onlar ancaq yuxarıdan göstəriş gözləyirlər. Bu isə elm deyil. Elm və alim müstəqil olmalıdır. Alimlər də gördüyü işlərin müqabilndə dəyərini bilməlidir. Əgər alim göstərişlə iş görürsə bu doğru deyildir.


Bu anlamda Elmin İnkişaf Fondunun adı çox diqqətçəkici görsənsə də, əslində fəaliyyəti çox az hiss olunur... Belə ki, həyata keçirdiyi layihələr demək olar bu günümüz və gələcəyimizlə az bağlıdır.. Bir çox hallarda qəbul edilən layihələr dar çərçivədə olur. Görüntü üçün bir neçə seminar keçirib, videoya alib işi bitmiş sayırlar. Bu elm deyildir.

Bu fondda ancaq istedadı və enerjisi olan insanlar təmsil olunmalıdır. Yaponiyada, C.Koreyada, ABŞ da, hətta Türkiyədə olduğu kimi aktiv işçi elmi qruplar yaradilmalıdır. Amma biz başqalarına təqlid edərək deyil, öz yolumuzla getməliyik.

Ümumiyyətlə, elm və təhsil sahəsində tezliklə və ciddi şəkildə islahatlar aparılmalıdır. İlk növbədə, heç bir işə yaramayan lazımsız kadrlar uzaqlaşdırılmalı elm və təhsil gəncləşdirilməli, maaş məsələsi həll edilməlidir.

Hər halda ziyalını, alimi, müəllimi bir loxma çörəyə möhtac edib, onları lazımsız bir təbəqə, hətta məddah, yaltaq kimi cəmiyyətə sırımağa çalışmaq olduqca yanlışdır. Müəllimi və alimi dilənçi vəziyyətinə gətirilmiş cəmiyyət, əslində cəmiyyət deyil, qarnı və şəhəvəti üçün yaşamağa alışdırılan kor-koranə yığındır, yığın.... Buna qətiyyən yol vermək olmaz. Bir cəmiyyət o zaman çökür ki, əxlaqsız əxlaqlıya əxlaqdan, mənəviyyatsız mənəviyyatlıya mənəviyyatdan, şərəfsiz şərəfliyə şərəfdən, elmdən xəbərsiz olanlar elmli insanlara elmdən dərs keçməyə başlayır!!!

Bizcə, bu anlamda bütün bu məsələlər, yəni elm və təhsilin “tabut”un içində olması artıq Azərbaycanın əsil vətəndaşlarının hamısını düşündürməlidir. Vətəndaş adına layiq olmağa çalışan hər kəs elm və təhsilin “tabut”un içində necə çıxarılması haqqında düşünməli, bu sahədə bacardığı işlərini əsirgəməməlidir.

Bu yazını yazmaqda da məqsədimiz odur ki: Azərbaycan insanını doğru bilgiləndirmək və doğru yola yönəltmək hər bir aydının və müəllimin vicdan borcudur!!! Yəni bəzilərinin sandığı kimi, davamız daha çox pul-para, var-dövlət davası deyil, öz haqqımızı əldə etmək və insan kimi yaşamaq davasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir