Modern.az

Jurnalistikaya gəlməsəydiniz, hansı sahədə işləmək istərdiniz? (sorğu)

Jurnalistikaya gəlməsəydiniz, hansı sahədə işləmək istərdiniz? (sorğu)

17 Avqust 2010, 17:52



Jurnalistika həmişə prestijli sahə sayılıb. Öz fikirlərini ictimaiyyətə  təqdim etmək, cəmiyyətin nöqsanlarını, bəlalarını tənqid etmək, problemlərdən çıxış yollarını göstərmək, önəmli informasiyanı dəqiq və operativ şəkildə auditoriyaya çatdırmaq...
Amma jurnalistika fakültəsini seçərkən jurnalist adının cazibəsiylə yanaşı, bu peşənin çətinliklərini dərk etmək, yaradıcılıq imkanlarını da nəzərə almaq lazım gəlir.
Son vaxtlar gerçək jurnalistika ilə məşğul olan bəzi tanınmış qələm sahiblərindən tez-tez giley-güzar eşidirik. Maddiyatı nəzərə alan həmkarlarımız deyirlər ki, kaş jurnalistikaya gəlməyəydilər...

Biz də elə bundan çıxış edərək jurnalistlər arasında bir sorğu keçirmək qərarına gəldik: jurnalistikaya gəlməsəydiniz, hansı sahədə çalışardınız?

“Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli: “Orta məktəbdə oxuyarkən hüquq-mühafizə orqanlarında işləməyə həvəsim yaranmışdı. Fikirləşirəm ki, jurnalistikanı seçməsəydim, məhz hüquq-mühafizə orqanlarını seçərdim”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Kəbutər Haqverdiyeva: “Uşaqlıqdan jurnalist olmağı arzulamışam. Elə uşaq vaxtından Biləsuvar rayonunda qəzetlə əməkdaşlıq edirdim. Orta məktəbi bitirib imtahan verdim, amma "konkurs"a düşdüm. Sonra Sabir Rüstəmxanlının redaktoru olduğu “Azərbaycan” qəzetində işlədim. Ailə qurandan sonra jurnalistikadan ayrıldım. Başqa sahələrdə çalışdım. Ancaq sonra yenə mətbuata qayıtdım. Bir şey mənə məlum oldu ki, özümü jurnalistikasız təsəvvür edə bilmərəm”.

“Lent.az” portalının əməkdaşı Elxan Salahov: “Jurnalist olmasaydım, elə yenə jurnalist olardım. Mən bu sahəni uşaqlıqdan seçmişəm. Mən uşaqlıqdan rayon qəzetində yazılar yazardım. Xatirə, oçerk və s. Tədbir-filan olanda məni aparardılar ki, orda iştirak edim. Amma mənə uşaq vaxtı həm də deyərdilər ki, məndən yaxşı prokuror olar”.

“Zerkalo” qəzetinin əməkdaşı Fərid Teymurxanlı: “Yəqin ki, incəsənətlə məşğul olardım. Aktyorluq, rejissorluq və s.”.

“525-ci qəzet”in əməkdaşı Pərvanə Sultanova: “Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. Jurnalistikaya isə təsadüfən gəlməmişəm, sevib gəlmişəm. Amma jurnalistikada elə şeylər görürsən ki, qaçmaq istəyirsən. Yəqin ki, öz sahəmlə məşğul olardım. Dövlət və bələdiyyə idarəetməsi mənim öz sahəmdir. Ya da siyasətlə məşğul olardım”.

“Zaman” qəzetinin əməkdaşı Əziz Mustafa: “Əgər jurnalistikaya gəlməsəydim, dilçi, ədəbiyyatçı, ya da tarixçi olardım”.

“Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova: “Jurnalistikaya gəlməyimə peşmanam. Tamam başqa xəyallarla gəlmişdim, amma jurnalistikada gördüklərim xəyallarımı dağıtdı”.

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı: “Açığı mən bu sənəti sevib gəlmişəm. Uşaqlıqdan arzum olub jurnalistikaya gəlim. Lakin müəyyən səbəblər olur ki, bəzən deyirəm kaş həkim olaydım”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Zabil Müqabiloğlu: “İsanlarda fikirləri baxdığı kinolar, oxuduğu kitablar formalaşdırır. O vaxtlar da “Mehman” filminə baxıb prokuror olmaq istəyirdim. Jurnalist olmasaydım, hər halda tarix müəllimi olmaq istərdim”.

“Mediaforum.az” saytının əməkdaşı Aynur İmanova: “Həkim olardım. Çünki bütün zamanlarla uyğunlaşır. Jurnalistikaya gəlməyimə isə peşman deyiləm”.

“Ekspress” qəzetinin əməkdaşı Qalib İbrahimoğlu: “4-cü sinifdən bu sahəyə bağlanmışam. Rayon qəzetində yazırdım. Sonralar “Azərbaycan Pioneri”ndə yazmağa başladım. Əsgərlikdə olanda isə Yevlaxın “Kür” qəzetinə yazırdım. Başqa ixtisasa malik olsam da, özümü jurnalistikasız təsəvvür etmirəm”.

Vüqar Ağamalıoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər