Modern.az

“Bəzi deputatların parlamentdə olub-olmamağının fərqini hiss etmirsən” - MÜSAHİBƏ

“Bəzi deputatların parlamentdə olub-olmamağının fərqini hiss etmirsən” - MÜSAHİBƏ

9 Dekabr 2014, 16:56

“YAP-dan olan digər deputatlar Əli Əhmədovla Mübariz Qurbanlını əvəz edə bilmirlər”

Modern.az saytı Milli Məclisin üzvü, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovla müsahibəni təqim edir.

- Parlamentdə çıxışlarınız son zamanlar tənqid üzərində köklənir. Bu, nə ilə bağlıdır?

- Tənqid deyil, müəyyən problemləri qaldırırıq. Gündə 25-30 nəfər gəlib problemlərini bildirirlər. Bu problemlərin bir hissəsi qanunvericiliklə bağlıdır. Parlamentdə kreditlə bağlı fikrimi bildirdim. Bu gün yarım milyon insanın kreditlə bağlı problemi var. Bu, bizim cəmiyyətdir, onların problemini qaldırmaq lazımdır ki, həllini tapsın. Bu vaxta qədər məndən başqa heç kim bu haqda danışmayıb. Məqsədimiz insanların yaxşı yaşamasıdır. Cənab prezidentimiz də deyib ki, hər şey xalq üçündür. İnsanlar yaxşı yaşamırsa, problemləri varsa və bunlar həll olunmursa, bəs, bizim funksiyamız nədir? Biz öz üzərimizə düşəni etməliyik. Ümumiyyətlə, hər kəs öz üzərinə düşəni etsə, cəmiyyətimizdə problem olmaz.

- Belə başa düşdük ki, siz öz işinizi görürsünüz,  söylədikləriniz tənqid deyil...

- O gün Qarabağ əlilləri öz problemləri ilə bağlı müraciət etdilər. Mən o sahə ilə məşğul olmuram. Ancaq onlar öz təkliflərini verdilər. Görürsən ki, doğru deyirlər. Müqavilə var, Konstitusiya Məhkəməsi təsdiq edib ki, onların sığorta pulu verilməlidir. Deməli, verilməlidir, Qanunda müvafiq dəyişikliklər olmalıdır, sığorta pulu verilməlidir. Mən dərhal parlamentdə bu məsələni qaldırdım ki, məşğul olsunlar.

- Parlamentdə son zamanlar bütün məsələlərin müzakirəsində çıxış edirsiniz. Ancaq əvvəllər belə deyildi. Mübariz Qurbanlı, Əli Əhmədov parlamentdə olanda məsələlər bölünürdü...

- Onlar çox böyük köməklik edirdilər. Əli Əhmədov, Mübariz Qurbanlı bir neçə məsələ haqda çıxış edirdi, yüngüllük yaranırdı. İndi o ağırlığı özüm də hiss edirəm. Parlamentin bir hissəsi kifayət qədər aktivdir. Elə deputat var ki, onun parlamentdə olub-olmamağının fərqini hiss etmirsən. Ancaq Əli Əhmədovla Mübariz Qurbanlının parlamentdən getmələri hiss olunur. Onlara həm dövlətin müdafiəsi, həm ayrı-ayrı qanunvericilik təşəbbüsü ilə bağlı məsələlərdə çıxış edirdilər və bu məsələlər paylanırdı. Hərənin bir sahəsi var, hərə öz sahəsinə uyğun olaraq çıxış edir. Yeni Azərbaycan Partiyasından olan deputatların da köməklikləri çoxdur. Ancaq Əli Əhmədovla Mübariz Qurbanlını əvəz etmir.

- Bu qədər işlərin öhdəsindən necə gəlirsiniz, yorulursunuz?

- Əlbəttə, yoruluram. İnsanın enerjisi əbədi deyil. Ancaq bununla yanaşı, çalışırıq ki, qarşımızda duran vəzifələri yerinə yetirək.

- YAP-da sizinlə bir yerdə fəaliyyət göstərən Əli Əhmədovla Mübariz Qurbanlıya vəzifə verildi. Onların partiyada gördükləri işlər başqalarına tapşırıla bilərmi?

- Partiya hər hansı bir nazirlik, şirkət, icra hakimiyyəti deyil. Burada davamlılıq olmalıdır. Bir qrup gəldi, getdi. Yeni bir qrup gəldi. Belə olmalı deyil. Bu gün o insanlar burdadır. Əli Əhmədov, Mübariz Qurbanlı partiyada tutduğu vəzifələri icra edirlər. Daimi oturub bu işlərlə məşğul olan biri olmalı idi. Hərə bir sahədə olsa, partiyada boşluq yaranar. Elə insanlar var ki, 20 ildir partiyanın üzvüdür. Biz onların hamısını tanıyırıq. Partiya həssaslıq tələb edir. Partiya elə təşkilat deyil ki, inzibati amirlik metodları ilə qərar verilsin. Biri ilə söhbət edirsən, anlayır. Birinin diqqətə ehtiyacı var. Bu illərlə yığılan təcrübədir. Birdən-birə Əli Əhmədovu kimsə əvəz edə bilməz. Neçə illik təcrübəsi var, bilinir və görsənir. Birdən-birə bir qrupu başqa bir qrupun əvəz etməsi də problem yarada bilər.

- Cəmiyyətimizdə Azərbaycanın Qərb və Amerika arasında hər hansı problemin yarandığı rəyi formalaşmağa başlayıb. Bu məsələ ilə bağlı fikriniz nədir?

- Mənim fikrim ondan ibarətdir ki, hər bir dövlət müstəqil olmalı, başqasının daxili işlərinə qarışmamalıdır. Deyirlər, niyə Rusiyaya qarşı mübarizə aparmırlar. Bu gün biz heç bir addımda Rusiyanın Azərbaycanın daxili işinə qarışmasını müşahidə etmirik. Əgər müşahidə etsək, onlara qarşı da mübarizəmizi aparacağıq. Biz deyirik ki, hər bir ölkə ilə qarşılıqlı tərəfdaş şəklində münasibətlərimizi qururuq. Siz münasibətlərinizi necə ayırd edirsiniz, özünüz bilərsiniz. Bizi öz münasibətlərinizin aydınlaşdırılmasına qoşmayın. Bu gün Rusiyaya qarşı Avropa Birliyi, Amerika müxtəlif sanksiyalar tətbiq edir. Qonşu dövlətə qarşı tətbiq olunan sanksiyaya bizim də qoşulmağımız məcburi deyil.

Biz neçə illərdir qonşuyuq. Amerika dünyanın o tayındadır. Sabah o, öz münasibətini düzəldəcək, biz tamam başqa yerdə qalacağıq. Məsələn, Azərbaycanda kəşfiyyatla məşğul olan adamların həbs edilərək məsuliyyətə cəlb olunmasına müdaxilə edirlər. Gözləyin aydınlaşsın, istintaq orqanı müəyyənləşdirsin ki, nə məsələdir, ondan sonra münasibət bildirmək olar. İstintaq orqanları, prokurorluq bəyanat verməmiş, məsələni gündəmə gətirməmiş, onlar artıq bəyanat verirlər. Bu artıq istintaqa öz təsirini göstərməkdir.

Onların bu gün himayə etdiyi Soros deyir ki, Ukraynada inqilabı mən etmişəm. Biz görürük ki, başqa-başqa təşkilatlar, Milli Demokratiya İnstitutu, ATƏT-in İnsan Hüquqları Bürosu sifarişlə işləyirlər. Onlar insan hüquqlarının müdafiəsi ilə bağlı heç bir addım atmırlar. Özlərini maraqlandıran şəxslərin hüquqlarını müdafiə edirlər. İki azərbaycanlı həmvətənimiz Dağlıq Qarabağda ata-baba ocaqlarını ziyarət etdikləri üçün girov götürüblər, işgəncə verirlər. Məhkəmə şousu düzəldirlər. Gözübağlı məhkəməyə gətirirlər. ABŞ və Avropa ölkələri bununla bağlı bir dəfə də olsun bəyanat vermədilər.

Rusiyanın xarici işlər naziri bu yaxınlarda bəyan etdi ki, onlar azadlığa buraxılmalıdırlar. Faktiki yardım etməsə də, bəyanat verdi, səsini çıxardı. Dövlət Departamentinin sözçüsü deyir ki, bizim bundan xəbərimiz yoxdur. Bəs necə olur, Leyla Yunusun çay içib-içməməyindən hər gün xəbəri olur. Xədicəsindən, o birisindən xəbərləri olur. Onlar da Azərbaycan vətəndaşlarıdır, onların da hüququ var. Biz ədalətsizliyi, ikili standartı görürük. Avropa Parlamenti heç bir əsası olmadan, yalandan bəyanat verir ki, Azərbaycanda qrup yaratmaq istəyirik, onları buraxsınlar. Parlamentin sədri də, xarici işlər naziri də bəyanat veriblər ki, bizə heç bir müraciət olunmayıb.

Krılovun “Qurd və quzu” əsəri var. Qurd deyir ki, sən suyu bulandırdın. Quzu da deyir, mən səndən aşağıdan su içirdim, yuxarıdan yox. Həmin məsələdir. Biz aşağıda durmuşuq. Siz bəhanə axtarırsınızsa, başqasını axtarın. Azərbaycanın enerji resursları biz istədiyimiz marşrutla getməlidir. Niyə? Bu, xalqın məhsuludur, xalqın təbii sərvətidir, Azərbaycan xalqına xidmət etməlidir. Biz gəlirlərimizi kiminsə kaprizinə qurban verə bilmərik. Neftin qiyməti düşüb, bir qrup müxalifətçi az qala qollarını açıb oynasın. Neftdən gələn gəlirlərlə 3 mindən artıq məktəb tikilib. O məktəbdə müxalifətçilərin də övladları oxuyur. O yollarda müxalifətçilər də maşın sürür. Qaçqınlar üçün kifayət qədər evlər tikilib. Çadırlardan, dəmir vaqonlardan isti, yaraşıqlı evlərə köçürülüblər.  Sabah torpaq azad olunanda, gedəcəklər. Bu gün onlar pis gündə yaşamamalıdır. Onlara verilən kompensasiya da neftən gələn gəlirin hesabınadır. Azərbaycanın bütün mədəniyyət obyektləri təmir olunub.

Bizdən çox nefti olan ölkələr var, kürəyi yerə vurub neft çıxarırlar. Bizdə baha baş gəlir. Liviyanın fondunda 230 milyard nefti var idi. Vurdular təpəsinə, əllərindən aldılar. O pulu Yunanıstana verirlər, xərcləyir. Öz ölkəsi pis vəziyyətdə qaldı. 5-6 demoqoqu öyrədib ortaya atdılar, ictimai-siyasi sabitlik pozuldu. Yolları, körpüləri, məktəbləri dağıldı. İndi su, çörək növbəsinə durublar. Halbuki, müəllimi, həkimi 3 min dollar maaş alırdı. Doğulan uşağa 20 min pul verilirdi. Ərəb xalqında o qədər demokratiya fantan vururdu ki, demokratiyadan yana sinəsini cırırdı. Onun neftindən güzəştli şəkildə istifadə etmək istəyirdilər. İndi güzəştli şəkildə yox, tamam istifadə edirlər. O boyda Liviya xalqına 1 milyard dollar pul ayırıblar, onu da borc kimi veriblər. Vaxt var idi, İraqın 1 dinarı 6 dollar idi.

Görün, hansı vəziyyətə gətirdilər? İndi də İŞİD-in adı ilə ordakı neftdən birbaşa istifadə edirlər. Bu İŞİD göydən yağdı? Müasir texnika ilə təchiz olunublar .

 

Niyə Türkiyəyə, İrana, İraqa, Suriyaya qarşı mübarizə aparırlar? Bəlli olur ki, onlara komandanı kim verir. Onların 30 faizi müsəlmanlardır, Quantanamoda, İraq türməsində yatıblar. Qalanları müsəlman deyil. Diqqətlə araşdırsınlar, orada əsir düşənlər Amerikanın rəhbərlik etdiyi koalisiya qoşunlarının nümayəndələridir, Liviyadan, Afrikadan gətirilən muzdlu döyüşçülərdir. Bizimkilərin də 1-2 başdan xarabı gedib. Heç bilmirlər ki, söhbət nədən gedir, özlərini yuyulmamış qaşıq kimi ortaya atırlar. Vuruşmaq istəyirsənsə, get Qarabağa. Azərbaycandakı sosial problemlərin həllinə müdaxilə edirlər. Biz də bəyanatlarımızda qeyd edirik ki, biz sizin daxili işlərinizə qarışmırıq, siz də bizim daxili işimizə qarışmayın. Dünyada heç kimi böyük qardaş təyin etməyiblər ki, nəyəsə qərar versin, ağsaqqallıq etsin. Hərə öz xalqına cavabdehdir. Qaradərililərin soyqırımı başlayıb. Birini boğub öldürdülər. Uşağı oyuncaq silaha görə güllələdilər. O birini mağazadan çıxaranda öldürdülər. Onların biri Azərbaycanda baş versəydi,

“Freedom House” təşkilatı papağını atmışdı göyə, dünyaya car çəkəcəkdi ki, Azərbaycanda uşaq hüququ pozulur, insanı boğub öldürürlər. Elə başlıqlar verəcəkdilər ki, gəl görəsən. İsraillə Fələstin arasında gedən döyüşdə 800 uşaq həlak oldu. Biri bəyanat verdi ki, bu uşaqların günahı nə idi? 1600 insan həlak oldu. Onun 15-i terrorçu, qalanları isə dinc əhali idi. Azərbaycanda Xədicədən ötrü az qala mitinq keçirsinlər. Səbəb nədir? Səbəb oldur ki, agentləri var. Ortaya çıxacaq ki, onları öyrədən kimdir.  

- Bütün bunlar hara qədər gedə bilər? Nəzərə almaq lazımdır ki, Azərbaycan elə böyük dövlət deyil...

- Çətindir. Qarabağla bağlı problemimiz, İran, Rusiya, elə əhatə olunmuşuq ki, ağıllı dövlətlər bizə kömək etməlidirlər. Gözü götürməməzlikdəndir ki, digərlərindən çox təzyiq etməyə başlayırlar. Xalqla iqtidarın birliyi olmalıdır.

- Xalq bunu anlayırmı?

- Suriyanın özünün müxalifətçiləri  deyir ki, əl çəkin, gül kimi yaşayırdıq. Uşaq məktəbə getmir. Qorxudan gecə yata bilmirlər. İnsanlar bunu dərk etməlidirlər ki, onların istəyi Azərbaycanın var-dövlətini qoparmaqdır. Cəmiyyətə xərclənə biləcək vəsaitlərin  Ermənistana verilməsini istəyirlər. Azərbaycan dövlətinin belə çiçəklənməsi, inkişaf etməsi onları qıcıqlandırır.

Elmin NURİ

Ulduz İBRAHİMOVA

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir