Rusiya Dövlət Dumasının bütün fraksiyaları Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünü dəstəkləyib. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Ermənistanın Avrasiya Birliyinə qoşulması barədə səsvermədə Dövlət Dumasının 450 deputatından 441-i iştirak edib. Bir nəfər bunun əleyhinə çıxıb.
Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib ki, Ermənistanın üzvlüyü ilə bağlı mübahisəli məsələlər, yəni Dağlıq Qarabağla bağlı problemlər həll edilib.Komitə rəhbəri qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə beynəlxalq təşkilatların tanıdığı sərhədlər çərçivəsində daxil olacaq.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı bu ilin may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentlərinin imzaladığı sənədlə yaradılıb. Ermənistanın isə Avrasiya İqtisadi İttifaqına qoşulması barədə sənəd təşkilatın oktyabr ayının 10-da keçirilən Minsk sammitində imzalanıb.
Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış əraziləri Avrasiya İqtisadi Birliyinə cəlb etmək istəsə də, onun bu planları fiaskoya uğrayıb.
Aqşin Kərimov