Modern.az

Keçmiş kanslerdən Putinə DƏSTƏK: “Avropa bürokratları hiyləgərdir”

Keçmiş kanslerdən Putinə DƏSTƏK: “Avropa bürokratları hiyləgərdir”

Dünya

11 Dekabr 2014, 22:05

“Avropa bürokratları “Cənub axını” qaz layihəsinin reallaşmamasının əsas səbəbkarıdır. Avropa Birliyi bütün gücü ilə “Cənub axını”nın tikintisinə “Nabukko” ilə mane olmağa çalışırdı. Amma sonradan “Nabukko” layihəsi də bürokratik hiylələrin köməyi ilə dəfn edildi”.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunu bu gün Moskvada keçirilən Rusiya-Avropa işgüzar dairələrinin qapalı görüşündə Almaniyanın keçmiş kansleri Gerhard Şreder bildirib.

Sabiq kansler xatırladıb ki,  Avropa Birliyi Bolqarıstanı “Cənub axını”nın tikintisini dayandırmağa məcbur edib və yekunda arzusuna nail olub. Onun sözlərinə görə Avropada qaza olan  tələbatın azalması və xərclərin artması da “Cənub axını” layihəsinin gerçəkləşməməsinə zəmin yaradıb.

Rusiyanın “Cənub axın”ından imtina etməsindən sonra Türkiyə ilə enerji sahəsində əməkdaşlığı genişləndirməsinə dair perspektiv planlarından söz açan eks kansler qeyd edib ki, bu, suveren dövlətlərin qərarıdır.

“Biz onların işinə qarışa bilmərik. Bu əlaqələrə görə Türkiyəni təbrik etmək olar. Ankara bununla Avropa ölkələrinin məhrum olduğu iqtisadi artıma nail olacaq. Mən “Cənub axını”nı layihəsinin dayandırılmasına görə  şad deyiləm”,-deyə Gerhar Şreder bildirib.  

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin “Cənub axını” qaz layihəsi üzrə aparılan tikintinin Bolqarıstandan keçən hissəsində dayandırıldığını bəyan edib. O buna görə Avropa Birliyini ittiham edib.

Aqşin Kərimov


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı