Modern.az

Azərbaycan mətbuatı xalq dilində yazmır (jurnalistlərin və ekspertlərin rəyləri)

Azərbaycan mətbuatı xalq dilində yazmır (jurnalistlərin və ekspertlərin rəyləri)

19 Avqust 2010, 12:37



Dil düşüncənin aynasıdır, qəlibidir deyirlər. Fikri, hissi ifadə edən, anlaşma və ünsiyyət vasitəsi olan dilin ictimai həyatdakı rolu və yeri danılmazdır. Azərbaycanda mətbuatın dili ilə bağlı fərqli fikirlər mövcuddur. Mətbuatın dilində inkişafın olduğunu düşünənlər də var, bu sahədə ciddi problemlərin mövcudluğunu deyənlər də. 
Mətbuatımızın dilindəki problemlər təkcə orfoqrafiya, orfoepiya, korrektə səhvləri ilə bağlı deyil. Müşahidələr göstərir ki, son illər Azərbaycan mətbuatının dili ciddiliyə doğru dəyişməkdədir. Yəni mətbuat nümayəndələri hadisələri oxucuya xalq dili ilə deyil, daha çox terminlərdən, alınma sözlərdən, qəliz və mürəkkəb cümlələrdən ibarət dillə çatdırmağa meyllidirlər. Müqayisə üçün qeydə etmək olar ki, qardaş Türkiyə qəzetçiləri oxuculara aydın olsun deyə, daha çox xalq dilində, sadə dildə yazmağa üstünlük verirlər.

Məsələyə münasibət bildirən BDU-nun professoru Cahangir Məmmədli belə deyib:
“Bütün xalqların dilində alınma sözlər var. Son vaxtlar qloballaşmayla, Avropaya meyillə bağlı ədəbi dilin həqiqətən korlanması prosesi gedir. Mətbuatın alınma sözlərdən çox istifadəsinin tərəfdarı deyiləm. Mətbuat bununla mübarizə aparmalıdır. Azərbaycan ədəbi dilinin inkişafına mətbuat cavabdehdir. Ona görə də jurnalistlər çox diqqətli olmalıdırlar. Əgər alınma sözlərin azərbaycanca qarşılığı varsa, mütləq onu işlətməlidirlər. Amma elə sözlər var ki, onun qarşılığını tapmaq mümkün deyil, hələlik onları işlətmək olar. Əgər bu sözləri işlədirlərsə, mütləq bunların mənası qeyd olunmalıdır. Mən də son vaxtlar Azərbaycan mətbuatında o qədər sözlərə rast gəlirəm, xarici sözlərə, alınma sözlərə, heç mən özüm də onun mənasını başa düşmürəm. Ona görə də dilin korlanmasının qarşısı alınmalıdır. Mətbuat bu işdə birinci rol oynamalıdır. Yəni onun öhdəsinə düşür bütün bunlar”.

“Media forum” saytının redaktoru Hikmət Sabiroğlu Azərbaycan mətbuatının dillə bağlı problemlərini ciddi məsələ hesab edir: “Bu bizim dərdli yerimizdi. Bu günkü media dilinin Azərbaycan dilinə çox az dəxli var. Bu da təhsildən irəli gəlir. Mediada savadsız adamların artması da buna səbəb olur. Vəziyyətin düzəlməsi üçün bir atalar sözündə deyildiyi kimi edilməlidir: çörəyi ver çörəkçiyə, birini də üstəlik. Yəni dediyim budur ki, hər kəs bildiyi işin dalınca getsin, eləcə də jurnalistlər. Və media məktəbləri açılmalıdır. Qəzetlərin, TV-lərin media məktəbləri olmalıdır. Mən universitet kimi mərkəzləri nəzərdə tutmuram. Xüsusi məktəblər nəzərdə tuturam”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov: “Əvvələr bu məsələ daha qabarıq idi. Fikir versəniz görərsiniz ki, sadələşmə gedir. Yenə də bu problem var. Qəzetlərimizdə uzun-uzun cümlələr, ağır terminlər heç də az deyil. Əslində məqalələr qısa, informasiyalı, aydın olmalıdır. Bundan qorxmaq lazım deyil. Jurnalsitlərimiz də sadə yazmağa qorxurlar ki, bunları savadsız bilərlər. Jurnalistlərimiz özlərini savadlı göstərmək istəyirlər. Siz Türkiyədəki köşə yazılarını oxusanız, görərsiniz ki, ən mürəkkəb yazıları belə çox sadə yazırlar. Çalışmaq lazımdır ki, sadə, aydın dil zövqü, dil inessiyası ilə yazılar yazılsın. Bu gün mətbuatda şifahi dil üstünlük təşkil edir, amma tam formalaşmayıb. İfadə tərzi qorunmalı, fikir aydın çatdırılmalıdır. Qəzetlərimizdə “ibarətdir” və “qeyri-müəyyəndir” kimi sözlərə rast gəlirik. Bu kimi ifadələr də çıxarılsa, yaxşı olar”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı da mətbuatın dilində qüsurların çox olması qənaətindədir: “Bu məsələ dəfələrlə müzakirə olunub. Mətbuat Şurasının bu sahə üzrə Dil komisiyasında dəfələrlə müzakirələr aparılıb. Göründüyü kimi ayrıca komisiya yaradılıb. Məni ən çox qane etməyən tərəf odur ki, bir qrup jurnalist elə hesab edirlər ki, onlar sırf qəliz sözləri başa düşən təbəqə üçün yazırlar. Onlar hesab edirlər ki, terminləri işlətməmək savadsızlıq əlamətidir. Bütün dünyada sadə yazılı yazılar bəyənilir. Hətta mən bildiyimə görə Amerika mediasında belə bir qayda mövcuddur ki, bir yazının daha sadə variantı mümkünsə, o zaman ondan istifadə edib yazını maksimum sadələşdirmək lazımdır. Çalışmaq lazımdır ki, ən sadə, ən aydın yazılar olsun. Elə Türkiyə mediasına baxsaq, görərik ki, köşə yazıları belə, çox sadə yazılır”.

Media eksperti Zeynal Məmmədli: “Azərbaycanda medianın qopması belə addımlarla gerçəkləşir. Media xalqdan qopduqcada, sıradan insanlar medianın diqqət mərkəzində olmur. Nəticədə vəzifəli şəxslər, ictimai fiqurlar keçir mərkəzə. İctimai fiqurlar mərkəzə keçəndə, dəftərxana dili hakim mövqe tutmağa başlayır. Yəni cəmiyyətin problemlərini cəmiyyətin anlayacğı dildə vermək lazımdır. Onu da qeyd etmək lazımdır ki, medianın azad olmaması xəbərin birbaşa yox, dolayısıyla çatdırılmasına gətirib çıxarır.
Digər tərəfdən də məsələ medianın qeyri-peşəkarlığıdır. Medianın qəliz dili medianı anlaşılmaz edir və xalqın gözündən salır”.


Vüqar Ağamalıoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir