Modern.az

Mənim savaşım

Mənim savaşım

19 Avqust 2010, 19:36

...Yorulacağımı, geriyə çəkiləcəyimi, üstümə yağdırılan böhtan və qarayaxmaların qarşılığında sükuta qərq olacağımı düşünürlər. Bir salama layiq olmayan məzlum, yazıq, bir sığala, bir təsəlliyə... möhtac qalan kəsləri belə utanmadan üstümə göndərirlər. Acıyacağam, rəhm edəcəyəm, önəm verməyəcəyəm... Hər zaman olduğu kimi...

Mənim Savaşım ölkəni yaşadıqları, nəfəs aldıqları rəzalət vadisinin çirkabına, pisliklərinə bulaşdırmaq üçün çaba verən əxlaq, mənəviyyat, insanlıq düşməni olan kəslərlədi!

Mənim Savaşım Vətənini, Millətini, Dövlətinin mənafeyini, Xalqının maraqlarını ani şöhrət ehtiraslarına, miskin maraqlarına qurban verməyə hazır olan, min oyundan, minbir iyrənclikdən çıxan, Conun, İvanın... qarşısında ikiqat olub quyruq bulayan, təzim edən, əl öpən və bununla belə həyasızcasına "qəhrəmanlıq" iddiasına düşənlərlədi!

Mənim Savaşım öz liderini, müəllimini, dostlarını, yaxın ətrafını, himayədarlarını hər addımbaşı satan, güdaza verən, keçdiyi xəyanət yolunu Samanyolu kimi təqdim etməyə çalışan "quyruqlu komet"lərlədi!

...Mənim Savaşım Azərbaycanı qarış-qarış, addım-addım parçalamağı, fərd-fərd bölməyi hədəfə almış, bu millətin övladlarını öz Vətənlərinin onuncu dərəcəli sakinlərinə çevirmək istəyən, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi deqrodasiyaya uğratmağa çalışan, Azərbaycan xalqının taleyini marionet hökumətlərə təhvil verməklə milli kimliyimizə, torpaqlarımıza, sərvətlərimizə asanlıqla yiyələnməyə cəhd göstərən düşmənlərimizlə və onların muzdlu əsgərləriylədi!

...Ölkəni bu pisliklərdən, virus daşıyıcılarından təmizləməyənə qədər bir an belə olsun durmaq, dayanmaq yoxdu!

Keçdiyim və getdiyim yolun doğruluğuna əmin olduğum üçün ünvanıma atılan hər çınqıl parçası, hər daş mənə əlavə stimul verir. Bütün məsləkdaşlarım kimi mən də bu yola çıxanda hədəfə çevriləcəyimi, ən ağır və ağlasığmaz böhtanlara məruz qalacağımı bilirdim. Amma seçdiyim HƏDƏF o qədər böyük və o qədər əlçatmazdır ki, heç bir güc, heç bir qüvvə, heç bir qarayaxma və böhtan kampaniyası məni yolumdan sapındıra bilməz!

Birdəki, Vətən və Millət sevgisiylə yaşamayanlar, ürəyini, vücudunu, damarlarından axan qanın hər damlasını Azərbaycan sevdasına bürüməyənlər, bu torpağın övladı olmaqdan qürur duymayanlar bu Müqəddəs Savaşın mahiyyətini, bu Böyük Yolun fəzilətini anlamazlar...

Şəriət, təriqət yoldur gedənə,
Həqiqət, mərifət ondan içəri.

Türk-islam dünyasının böyük şairi Yunus Əmrə irfan sahiblərinin adından, məhdud təriqət maraqlarını, şəriət qaydalarını Haqqın, İlahi Eşqin yolunu tutanlara örnək gətirənlər üçün yazıb bu sözləri!

Mənim Həqiqətim, İlahi Eşqim, əbədi sevdam - Azərbaycandır!

Mən və Azərbaycan sevdasına tapınan həmyaşıdlarım, məsləkdaşlarım 22 il öncə qırmızı imperiyanın topuna-tüfənginə, mərhəmətsiz, amasız repressiya maşınına, gözünü qan tutmuş əsgərlərinə qarşı əliyalın dayanmışdıq. Mübarizə və savaş meydanlarını ən sonucu tərk edənlərdəndik...

Bizi yüksək kürsülərdən vəzifəyə, var-dövlətə doğru yürüyənlərin və onların ətəyindən asılıb qalanların kimliyi deyil, Azərbaycanın müstəqilliyi, bütövlüyü düşündürürdü.

Vaxtilə mənim yazdığım "Azadlıq" marşının sədaları altında Lenin adına meydana axışanlar və onların muzdlu cızmaqaraçıları indi, müstəqil Azərbaycan dövlətində "azadlıq terminatorları"na çevriliblər və ən yaxın tarixin, onlarla bu tarixi yaşayanların və onlara bu tarixi yaşadanların üzərindən xətt çəkməyə hazırdılar. Amma olsun! Biz "Azadlıq" marşının 70 il ərzində fərdlərə, qruplara... parçalanmış bir milləti bütövləşdirən, vahid bir hədəf üzərində kökləyən misralarıyla Lenin meydanını Azadlıq meydanına çevirdik!

Qalx ayağa, millət,
Boğmasınlar səsimizi!
Bir bayraq altında
Birləşdir bizi!

"Azadlıq" marşının misraların bu gün öz milli kimliyi ilə qürur duyan hər bir Azərbaycan gəncinin qəlbinə, ruhuna, düşüncəsinə həkk olunub. Müstəqil Azərbaycan dövlətinin əsgərləri bu marşın sədaları altında döyüş hazırlığı keçirlər...

Mən azadlıq yolunda
Dünyaya "savaş" dedim!
Polad qandal qolumda -
"Kükrə, hayqır, coş" - dedim!
Qan dolu tarixinə
Qan dolu yaddaş dedim.
Yürü, ayaqlarından
Qandalları qır, Vətən!
Qalx haqqın savaşına,
Qalx, ayağa dur, Vətən!

Bu misraları 1988-ci ildə "Azadlıq" meydanında yazmışam.

Hamərd körpüsündən mərdə dönüncə,
Soyuna qayıdan yurda dönüncə,
Ulamaq istərəm qurda dönüncə,
Ulamaq istərəm sabaha kimi...

Bu misraları da...

Qalx, qır yenə sən zəncirini, ey ulu yurdum,
Heç kim geriyə dönməyəcək gəlsə yüz ordu.
Qürbətdi Vətən, qulsa əgər, oğluna dardı -
Etməm Vətənin bir qarışın qürbətə qurban,
Ya Rəbb, məni qurban seçəcək millətə qurban.

Türkün dili bir, həm eli bir, həm soyu birdi,
Bölmüş kədərin, həm yası bir, həm toyu birdi,
Did, parçala min yol və unutma sayı birdi!
Təbriz Bakı həsrətlidi, bu həsrətə qurban,
Ya Rəbb, məni qurban seçəcək millətə qurban.

Bu misralar isə 1989-cu ildə, dekabrın 4-dən 5-nə keçən gecə, rus əsgərlərinin öz azadlıqları üçün sona qədər dirəniş göstərənlərə divan tutduğu andan bir neçə saat öncə  yazılıb.

O səhər necə səhərdi,
Yollar tamam qırmızıydı.
Cəsədindən ayrı düşən
Qollar tamam qırmızıydı.

Sözü, hiyləsi yüz olan,
Əsli şeytandan pis olan,
Qətlimizə bais olan
Əllər tamam qırmızıydı.

Sinəsində köz saxlayan,
Ürək qarsan söz saxlayan,
Ər igidə yas saxlayan
Tellər tamam qırmızıydı.

Bizə dəyən yad daşımı,
Dünya kədər yaddaşımı,
Şəhidlərə baş daşımı -
Güllər tamam qırmızıydı.

Bu dörd bəndlik şeir isə 20 Yanvar qətliamına həsr etdiyim poemadandır. Həmin poemanı 20 Yanvardan cəmi bir neçə ay sonra səhnələşdirmişdik, fövqəladə rejim vəziyyətində, təzyiq və basqılar altında Bakı Dövlət Universitetində, Konservatoriyada, İncəsənət Universitetində nümayiş etdirmişdik. Həmin vaxt bu gün Azərbaycan siyasətində gur-gur guruldayan kəslərin bir çoxu Sovet imperiyasının ünvanına səsləndirilən ağır ittihamları dinləməkdən belə qorxaraq salonlardan qaçırdılar.

Biz isə bugünədək salonlarda, meydanlardayıq. Canımız qədər sevdiyimiz, uğurunda gəncliyimizin ən gözəl günlərini, arzularımızı fəda etdiyimiz Vətənin xidmətindəyik! Susmadan, geriyə çəkilmədən bu Vətəni, bu Dövləti, bu Milləti yad əllərdə oyuncağa çevirmək istəyənlərin qarşısındayıq!

Bizim sevgimizin sərhədi olmadığı kimi mücadiləmizin, savaşımızın da sonu yoxdur!

Durmayacaq, dayanmayacaq, Azərbaycanımızın müstəqilliyinə  dil uzadanların dilini, əl uzadanların əlini kəsəcəyik!

Son olaraq, öz cızmaqaralarıyla qarşıma çıxmaq istəyən cahillərə, bəsirət gözü qapanmışlara 1991-92-ci illərdə qələmə aldığım bir şeiri təqdim edirəm. Qoy özlərini bu şeirlərin ayrı-ayrı misralarıyla bərabər tərəziyə qoysunlar. Bəlkə də nə qədər kiçik, nə qədər miskin və aciz olduqlarının fərqinə vardılar...

Şaman səsi

Əllərim qopuz teli, ürəyim qaval daşı,
Bir dəli şaman kimi yenə səs içindəyəm.
Bir ağ tabut içində
qurban kəsilir başım,
Gah ruhum azad olur,
gah qəfəs içindəyəm.

Gah üzümə çırpılır qara donlu pəncərəm,
Gah pərdələr asılır gözümdən niqab kimi.
Sığınıram evimin ayaqdəyməz küncünə,
Əriyirəm şam kimi, üzülürəm sap kimi.

Döyülür damarım şaman təbili kimi,
İçimdən bircə misra
çıxınca canım çıxır.
Qərib ruhum sıçrayır
içimdən dəli kimi -
Qılınctək sıyrılmıram,
çıxanda qınım çıxır.

Səpələdim göylərə bulud kimi illəri -
Kimsəsiz zirvələrdə yüz illik qar kimiyəm.
Başdan ayağa kimi içim söz qəbirləri -
Başdaşları içində adsız məzarlar kimiyəm.

Adımı pıçıldayıb qayalara, sirr deyin,
Göydən gəldiyim yolu qayıdıb kəsə dönüm.
Göydən asılan səsə
"tabu"- deyib, "pir"- deyib,
Altaydan Qafqazadək sıçrayan səsə dönüm:

"Ayaqlarım altında titrəsin Yer kürəsi,
Mən səsəm, səs, nəhəng səs!
             Mən səsəm, şaman səsi...

Turana sərhəd çəkim qopuzun telləriylə,
Yuyum Qafqaz dağların Uralın selləriylə.
Varım ata yurduna, varım türk elləriylə -
Ucalsın minarətək fatehlərin kölgəsi,
Mən səsəm, səs, nəhəng səs!
            Mən səsəm, şaman səsi!"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı