Modern.az

Ay camaat, gəlin oruc tutmayaq!

Ay camaat, gəlin oruc tutmayaq!

19 Avqust 2010, 20:15

Ay camaat, mənim sizdən bir ricam var, day bu il keçdi, bəlkə gələn ildən oruc tutmayasınız! Sizin oruc saxlamağınız bizə, yəni oruc tutmayanlara çox baha başa gəlir. Birdən soruşarsınız ki, axı, necə? Mən də deyərəm ki, çox sadəcə. Son illər, bizim “işbazlar” Ramazan ayında sizin oruc tutacağınızı qabaqcadan bilib çox “orijinal” üsula əl atırlar. Necə deyərlər, bir güllə ilə iki dovşan vururlar. Heç fikir vermisinizmi, siz oruc tutmağa hazırlaşdığınız ərəfədə ərzaqlar necə bahalaşır?

Görürsən ki, ətin, unun, düyünün, xurmanın, meyvə-tərəvəzin və digər qidaların qiymətlərində asta-asta yüksəlmə başlayır. Bütün bunları “qayğıkeş” insanlar ancaq sizi düşünüb edirlər ki, hamınızda oruc tutmağa bir stimul yaransın, fikirləşəsiniz ki, onsuz da bahaçılıq başlayır, elə oruc tutmağın əsl məqamıdır. Ayın axırında da sevinəsiniz ki, ayə, nə yaxşı oruc tutdum, yoxsa bu bahaçılıqda acından ölərdim.

Bütün müsəlman ölkələrində Ramazan ayında yeyinti məhsulları ucuzlaşdırıldığı halda, bizdə əksinə, daha da bahalaşır.

Reallıq budur ki, əvvəlki aylarda bizim gündə ən azı 10 manat xərcimiz çıxırdısa, Ramazan ayında artıq 20 manatdan çox xərcimiz çıxır. Ay oruc tutan insanlar, indi, özünüz qərar verin sizin orucunuz bizə baha başa gəlir, yoxsa, yox?!

Hələ o gün  Bakı şəhərinin bəzi yerlərində əhaliyə su da verməyiblər. Yəqin, fikirləşirlər ki, oruc tutanların nəyinə lazımdır su? Birdən yayın istisində susuzluqdan kiminsə ürəyi yanar, çaşıb su içər və orucu batil olar. Bunun özü də bir “gayğı” üsuludur. Deyirəm, qazı və işığı da kəssələr, təsəvvür edin oruc saxlamaq üçün nə “gözəl” və əvəzolunmaz bir şərait yaranar.

Müdriklərimiz  demişkən, “kor nə istər: iki göz, biri əyri, biri düz”. Vallah belə getsə, axırda heç ömründə oruc saxlamayanlar da əlacsız qalıb oruc tutacaq və sözün həqiqi mənasında əsl müsəlmançılıq elə ondan sonra başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır