Modern.az

Təpəmizə daş kimi düşən xəbər

Təpəmizə daş kimi düşən xəbər

21 Avqust 2010, 19:40

Heç hansısa bir xəbərin təpənizə daş kimi düşdüyü olubmu? Heç həmin xəbəri qəfil eşitdiyinizdə elə bil başınıza ağır bir daş çırpılırmış kimi bir hiss keçirmisinizmi? Bəlkə də olub. Bəlkə də yox. Ancaq mən belə bir halla rastlaşmışam… Şəxsi keyfiyyətlərimdən dolayı heç vaxt heç bir şəxsiyyətə pərəstiş etməmişəm. Əlbəttə, istər Azərbaycanda və Türk dünyasında, istərsə də ümumiyyətlə yer üzündə hər zaman fikirlərinə arxalandığım, kişiliyinə sayğı duyduğum insanlar olub və həmişə olacaq. Ancaq özümü heç vaxt məhz həmin şəxsiyyətlərdən kiminsə ardıcılı, davamçısı hiss edə bilməmişəm. Bəlkə də bu, mənim xarakterimdən irəli gəlir. Hər işi tək başına görmək, gedilməmiş yollarla getməyə çalışmaq, yalqız başına hətta böyük insan qruplarının belə girişməyə çəkindiyi işlərə girişmək. Bu, mənəm. Tənha yalquzaq kimi ən doğru bildiyindən heç zaman vaz keçməyən, ətrafdakıların tənə-töhmətini belə gözardı edərək öz zərərinə olsa belə daim hərəkətdə olan birisi… Əbülfəz Elçibəy də öz unikallığı ilə bərabər mənim üçün yolunu gedəcək adam deyildi. Heç bu gün də deyil. Bəlkə də biriləri indi bu sətirləri oxuyub məni ittiham edəcəklər. Elçibəyin mirasını istismar edən psevdomüxaliflər yenə də məni “Elçibəy yolundan sapmaqda” günahlandıracaqlar. Öz işləridir, etsinlər. Ancaq mən səmimi şəkildə öz fikirlərimi açıqladığım üçün vicdanım rahatdır… Elçibəyin ölüm xəbərini eşitməyə nə qədər hazır olsaq da bu xəbəri heç vaxt eşitmək istəmirdik. Onun xəstələnməsi və ömrünün sonunun yaxınlaşması haqqında ara-sıra söhbətlər gəzirdi. Hətta biriləri bir az da irəli gedərək Bəy haqqında yaraşmayacaq şəkildə fikirlər səsləndirirdilər. O boyda nəhəng bir tarixi şəxsiyyətlə alay edənlər belə vardı. Və nə yazıq ki, bu alay edənlər bir çox hallarda onun güvəndiyi, özünə arxa və davamçı bildiyi, bu gün belə böyük Bəyin mirası üzərində özünə siyasi karyera quranların sırasından idi… Mən isə onun nə mirasına, nə də siyasi ideologiyasına göz dikmirdim və bu gün də dikmirəm. Ancaq belə baxıram ki, nə qədər “onun yolunu getmirəm” desəm də elə getdiyim yol onun yolundan heç fərqlənmir. Əlbəttə ki, özümü Elçibəylə müqayisə edəcək kimi bir iddiam yoxdur. Tarixdə hər kəsin öz yeri var və kimsə kimsənin yerini əlindən ala bilməz. Çağdaş Azərbaycan Respublikasının bağımsızlığının memarı Əbülfəz Elçibəydir! Bu şans bir dəfə verilmişdi və Elçibəyə verilmişdi! Əbülfəz Elçibəy haqqında heç vaxt eşitmək istəmədiyim iki xəbər olub. Birini və birincisini 1993-cü ilin iyununda eşitmişdim… Biz, 1992-ci ildə onun öz xəbərdarlığına belə məhəl qoymadan Bəyi prezident seçmişdik. Halbuki Bəy deyirdi ki, bir ildən sonra özünüz məni devirəcəksiniz. Düzdür, bir gənc olaraq Elçibəyi devirənlərin tərəfində yer tutmamışdım. Ancaq Elçibəyin hakimiyyətdə qalması üçün də etdiyim bir şey olmamışdı. Əslində ola da bilməzdi. Çünki milli öndəri qorumaq üçün mənim kimi gəncləri səfərbər edən də yox idi. İllər sonra düşünürəm ki, deyəsən, bizi səfərbər etməyin marağında belə olmayıblar axı… Eşitmək istəmədiyim xəbərə gəlincə, 17 iyun 1993-cü il tarixində baş verən olaydan söz edirəm. İyunun 18-i səhər saatlarında Bakı Dövlət Universitetinin pilləkənlərində bir tələbə yoldaşımla rastlaşarkən o, kədərli bir şəkildə “Bəy Bakıdan getdi” dedi. Donub qaldım. Öncə bunun nə anlam kəsb etdiyini başa düşmədim və tələbə yoldaşım bunu görəndə “Elçibəy hakimiyyəti buraxıb getdi” deyə fikrini tamamladı. İstəməsəm də bu xəbəri eşitməli oldum… Eşitmək istəmədiyim ikinci xəbər isə 2000-ci ilin avqustunda gəldi. Dedilər ki, Bəy artıq yoxdur. bu xəbər mənim təpəmə daş kimi düşdü! Elə bil böyük bir daş parçasını gözləmədiyim bir vaxtda başıma çırpdılar! Çağdaş Azərbaycan və Türk tarixinin yaşayan ən böyük milliyyətçisi bizi birdəfəlik tərk etmişdi! Alparslan Türkeşdən sonra daha bir nəhəng itki ilə barışmaq zorunda qalırdıq! …Elçibəyin Türkiyədən təyyarə ilə gətirilən nəşini qarşılamağa getmişdik. Minlərlə insan Bakı Hava Limanının ətrafını sarmışdı. Səksəkə içində, sükut içində hərə bir tərəfdə dayanıb o anı gözləyirdi. Siqaret çəkənlər bu acı zəhrimarı sümürüb başını qatır, mənim kimilər isə düşüncələrə dalaraq birilərinin ölüsündən belə qorxduğu o böyük Zatı gözləyirdi. Heç yadımdan çıxmaz. Baş bayraqdar Elman Türkoğlu atası ölmüş yetim uşaq kimi hönkür-hönkür ağlayırdı. Elman bəyin necə möhkəm xarakterə sahib olduğunu hər kəs, o cümlədən mən də bilirəm. Heç vaxt ağlamağı, sızlamağı, yazıqlaşmağı sevməz bu adam. Ancaq həmin gün, Elçibəyin nəşi gətirilən gün Elman bəy çox yazıq görünürdü. Bəlkə də biz hamımız onun kimi yazıq gündə idik. Kim bilir? Ancaq mənə elə gəlir ki, Əbülfəz Elçibəyin yoxluğundan ən səmimi əziyyət çəkən baş bayraqdar idi… …Biz hava limanındaykən daha bir pis xəbər gəldi. Dostlar zəng edib Rauf Arifoğlunun həbs edilməsi xəbərini verdilər. İddiaya görə, evindən silah tapılmışdı. Təbii ki, işi-gücü şər işlər görmək olan şərəfsizlər özləri qoyduqları silahı Rauf bəyin evindən tapıb onu şərləmişdilər. Mən də vəzifə gərəyi Rauf bəyin tutulmasıyla ilgilənməliydim. Ancaq Elçibəyi son dəfə qarşılamaq şansımı da qaçırmaq istəmirdim. Ona görə də yardımçılarımdan birindən xahiş etdim ki, Rauf bəyi tək qoymasınlar. Sonra Rauf bəy bu şərin nəticəsində düz qırx gününü zindanda keçirməli oldu. Şər ona yapışmadığı üçün buraxmalı oldular… Elçibəyin dəfnində isə sonadək iştirak edə bilmədim. Çünki Rauf Arifoğlunun həbsdən çıxması üçün çalışmalı idik. Elmlər Akademiyasının bağında bir xeyli durduqdan sonra Bəyin dəfninə belə getmədən oranı tərk etmişdim. Sonradan Bəyin məzarını ziyarət edəcəkdim. Ancaq düşünmüşdüm ki, Ankarada Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət etmədikcə Elçibəyin də məzarı üstünə getməyəcəm. Elə də etdim və yalnız bu ilin mayında Ankarada Rəsulzadənin məzarını ziyarət edəndən sonra Bakıya gəlib yalqız başıma Fəxri Xiyabana getdim. Elçibəyin möhtəşəm və qürurlu abidəsi önündə bir Fatihə oxuyub ruhuna dua etdim… Bu gün Elçibəy yoxdur. Ancaq şəxsən mənim ona böyük ehtiyac duyduğum anlar tez-tez olur. İstər Bütöv Azərbaycan, istərsə də Türk dünyası məsələlərində, lap elə bu gün özünü milliyyətçi elan edərək Amerikanın, Avropanın kosmopolit mərkəzlərinin ardınca sürünənlərdən yaxa qurtarmaq üçün Elçibəyə ehtiyac var. Bu gün Azərbaycan xalqının həyatda olan mənəvi öndərə ehtiyacı var. Elə bir öndərə ki, öz mənafeyini heç düşünmədən, millətin yaxşısının da, yaramazının da böyüyü ola bilsin. Elçibəy belə birisi idi… Onun yeri boşdur… Və yaxın zamanlarda o yeri doldura biləcək kimsə də gözə dəymir…

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər