Modern.az

“Azərbaycan radiolarında vəziyyət televiziyalardakından da pisdir”

“Azərbaycan radiolarında vəziyyət televiziyalardakından da pisdir”

7 Oktyabr 2009, 15:46

Modern.az xəbər verir ki, oktyabrın 7-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) toplantısında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Azərbaycan» qəzetində dərc olunmuş «Azərbaycanın efir məkanı: problemlər və vəzifələr» adlı məqaləsi ətrafında müzakirələr keçirilib. Toplantıda MTRŞ sədri Nuşirəvan Məhərrəmli, qurumun üzvləri və media nümayəndələri iştirak edəib. Nuşirəvan Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio Şurası Ramiz Mehdiyevin məqaləsini alqışlayır. O, MTRŞ-nın tənzimləyici qurum kimi televiziyalar üzərində nəzarəti artırmalı olduğunu qeyd edib. N.Məhərrəmlinin sözlərinə görə, MTRŞ televiziyaların kadr, maliyyə, yaradıcı siyasətinə qarışa bilməz. Bu istiqamətdə ancaq tövsiyə verə bilər. Şura universitetlərdə jurnalist ixtisaslarının artırılması ilə bağlı təkliflə çıxış edəcək. Bundan başqa, N.Məhərrəmli sovet dövründə çəkilən filmlərin televiziyaya simvolik rəqəm ödənməklə verilməsi, televiziya arxivi yaradılması ilə bağlı təkliflərinin olduğunu da qeyd edib. MTRŞ sədri Azərbaycan telekanallarının efirində nümayiş edilən reklamlarla bağlı da iradlarını bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanın reklam bazarı Gürcüstandakından 2 dəfə azdır. Xarici şirkətlər Azərbaycanda reklama daha az pul verirlər. Qurum bu sahəni də araşdıraraq müdaxilə etmək fikrindədir. MTRŞ İnzibati Xətalar Məcəlləsinin «Televiziya proqramlarına qoyulan tələblər» bölümündə müəyyən dəyişikliklərin edilməsini də istəyir: «Əgər proqramda eyni yüklü verilişlərin, tutaq ki, əyləndirmənin çəkisi 35 faizi keçirsə, bu, artıq qanun pozuntusudur. Bununla bağlı ölçü götürülməsi üçün bizə səlahiyyətlər verilməsini istəyirik. Təklifimizin biri də milli-mənəvi dəyərlərlə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni bəndin əlavə edilməsidir». Nuşirəvan Məhərrəmli deyib ki, Azərbaycan radiolarında vəziyyət televiziyalardakından da acınacaqlıdır, xüsusən axşam saat 10-dan sonra verilən tok-şoularla bağlı vəziyyət daha pisdir. O, MTRŞ-nın növbəti iclasının Azərbaycan radiolarındakı vəziyyətə həsr olunacaçağını deyib. Qurum sədri telekanalların reytinqini ölçən firmaların fəaliyyətindən də narazıdır. “Biz reytinq ölçən şirkətlərin fəaliyyətinə şübhə ilə yanaşırıq. Onlar reytinqi obyektiv göstərsəydilər, belə vəziyyət yaranmazdı”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi