Modern.az

Parlament jurnalistləri deputat Jalə Əliyevanı necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Jalə Əliyevanı necə xarakterizə edirlər?

23 Avqust 2010, 16:39

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Jalə Əliyeva barədə fikirlərini bildiriblər.

Jalə Əliyeva 92 saylı Zərdab-Ucar seçki dairəsindən Milli Məclisə deputat seçilib. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib, daha sonra həmin universitetin hüquq fakültəsində təhsil alıb. Filologiya elmləri doktorudur. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professorudur. Bitərəfdir.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür.

Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?  

 “Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Tanıdığım qədər çox zəhmətkeş, öz üzərində çalışan millət vəkillərindəndir. Mən onu fəal deputatlar sırasında görərdim. Onun mədəniyyət komisiyyasında gördüyü işlər çox olub. Jurnalistlərlə çox sıx munasibəti var. Səmimidir. Şirindilli bir xanımdır. Ünsiyyət qurmağı bacarandır. Milli Məclisdə bayram təbriklərini o səsləndirir. Görünür Milli Məclisin rəhbərliyinin də hörmətin qazanıb. Fəal bir deputatdır. Milli Məclisdə xanım deputatlar ki, var bir-birinin paxıllığını çəkirlər, bir-birini gözləri götürmür, onlar bəzi yaxşı xüsusiyyətləri Jalə xanımdan öyrənsinlər. Mən bilən seçiciləri ilə də fəal işləyir. Hələ onun haqda heç bir şikayət eşitməmişəm”.

“Olaylar” qəzetinin  əməkdaşı Alim Hüseyinli: “Deputatlar arasında fəallığı ilə seçilən bir xanımdır. Qadın hüquqlarının mühafizəsilə bağlı məsələlər barədə tez-tez çıxış edir. Maraqlı təklifləri olur. Azərbaycan dilinin qorunması, onun tətbiqi sahəsində təkliflər irəli sürüb. Azərbaycan dilinin qorunmasında maraqlı deputatdır. Jurnalistlərə açıqdır. Seçicilərinin hüquqlarını müdafiə edir”.

525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Jalə Əliyevaya sadə, mehriban, mədəni bir Azərbaycan xanımı  kimi hörmətim var. Lakin onun deputatlıq fəaliyyətinə gəlincə, deməliyəm ki, millət vəkili kimi bu beş il ərzində özünü tam göstərə bilmədi. Parlamentdə ara-sira çıxışları olsa da, onu fəal millət vəkilləri sırasına daxil etmək olmaz. Jurnalistlərlə münasibətləri isə tam normaldır, istənilən mətbuat nümayəndəsi, istənilən mövzu ilə bağlı ondan rahatlıqla açıqlama ala bilər. Burada hansısa bir problem yoxdur. Seçiciləri ilə necə işləməsinə gəldikdə, bu barədə dəqiq məlumatım olmadığı üçün heç bir fikir yürüdə bilmərəm. Əgər növbəti dəfə də parlament seçkilərinə qatılacaqsa, ona uğurlar arzulayıram”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Bir xanım kimi gözəl millət vəkillərindəndir. Hərdən maraqlı çıxışları olur. Müxtəlif məsələlərlə özünəməxsus nöqteyi, nəzərləri var. Qanun yaradıcılığı prosesində mən onun aktivliyini müşahidə etmirəm. İndiyə qədər seçiciləri ilə bağlı parlamentdə hər hansı bir ciddi məsələ qaldırmasının şahidi olmamışam. Amma belə baxanda, parlamentə yaraşan millət vəkillərindəndir. Jurnalistlərlə münasibəti pis deyil, yəni normaldır”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Bir xanım deputat kimi ona hörmətim var. Müəyyən məsələlərlə bağlı çıxışlarına vaxtaşırı rast gəlirik. Eyni zamanda Jalə xanım jurnalistlərə aktual məsələlərlə bağlı açıqlamalar verir. Elə bilirəm ki, ümumilikdə götürsək, onu passiv millət vəkili saymamalıyıq. Jurnalistlərə də açıqdır. Heç vaxt müsahibə verməyə etiraz etməyib. Seçicilərlə necə işləməsi haqda məlumatım yoxdur, ona görə də heç nə deyə bilmərəm”.

AzərTAc agentliyinin əməkdaşı Xətayi Əzizov: “Jalə xanım seçiciləri arasında kifayət qədər nüfuz qazanmış bir deputatdır. İntelekt səviyyəsi var düşünürəm ki, bir deputat kimi xalqına xidmət edir. Onun Milli Məclisdəki deputatlar arasında da kifayət qədər hörməti var. Jurnalistlər üçün çox açıq deputatdır. Seçiciləri ilə necə işləməsilə bağlı məlumatım yoxdur”

“Zaman-Azərbaycan” qəzetinin əməkdaşı Natiq Pənahlı: “Onun Milli Məclisdəki fəaliyyətini kifayət qədər aktiv hesab edə bilmərəm. Baxmayaraq ki, hansısa məsələylə bağlı bəzən fikrini bildirib. Yəni orta səviyədə fəaliyyəti var. Jurnalist olaraq ondan müsahibə almamışam, amma eşitdiyimə görə jurnalistlərə açıq deputatdır. Seçiciləri ilə bağlı münasibətini deyə bilmərəm, çünki bu haqda məlumatım yoxdur”.

“Xəbərlər Azərbaycan” İA əməkdaşı Mürtəza Bünyadov: “Jalə xanımı bir çox kişi deputatlara baxanda aktiv deputat hesab etmək olar. Mühüm məsələlərdə öz fikri olan deputatdır, bəzi təkliflərlə çıxış edir, xüsusilə də gender məsələsinin müzakirəsində aktiv iştirak edir. Təhsillə, mədəniyyətlə bağlı məsələlərlə, həmçinin, ölkədəki sosial məsələlərlə də bağlı çıxışlar edib. Eyni zamanda o, dilçi, ədəbiyyatçı kimi Milli Məclisdə bir sıra müraciətlərin, bəyanatların hazırlanmasında yaxından iştirak edən xanım deputatlardan biridir. Jurnalistlərlə münasibəti normaldır. Seçiciləri ilə necə işləməsi barədə mən məlumatsızam”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Gözəl xanımdır. Bir millət vəkili kimi onun fəaliyyətini yaxşı qiymətləndirmək olmaz. Çünki onu kifayət qədər aktiv deputat hesab etmirəm. Milli Məclisin iclaslarında çox nadir hallarda çxış edir. Seçicilərin problemini, siravi vətəndaşların problemini çox nadir hallarda qaldırır. Jurnalistlərə bir az qapalı adam təsiri bağışlayır. Amma deyəsən bəzi jurnalistlərlə yaxşı münasibəti var. Düzü mən inanmıram da ki, seçiciləri ilə də fəal şəkildə işləyir. Onun bir-iki çıxışına fikir vermişəm, savadlı xanım kimi dəyərləndirmək olar. Mən bir məqama doqqət yetirmişəm ki, o hüququ çox gözəl bilir. Hətta Milli Məclisin bir iclasında I vitse-spiker Ziyafət Əsgərov onun çıxışına diqqət çəkərək demişdi ki, “Jalə xanım siz yaxşı mənada məni təcübləndirdiniz””.
 
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Ələmətdar günlərdə təbrik məktubu oxuması yadımdadır. Milli Məclisin mehriban xanımlarındandır. Onun seçiciləriylə bağlı münasibəti barədə heç bir məlumatım yoxdur. Milli Məclisdə elə də bir ciddi təşəbbüslərilə və təklifləri ilə yadda qalmayıb. Jurnalistlərlə münasibəti normaldır. Hər halda uğurlar arzulayıram ona bu seçki ilində.”.

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Xatırladığım qədər Jalə xanım Milli Məclisdə daha çox milli məsələlərlə bağlı, dil məsələsiylə, türkçülüklə bağlı mövzularda çıxışlar edib. Deyərdim ki, Milli Məclisin aktiv deputatlarından deyil. Amma passiv də deyil. Orta səviyyəli deputatdır. Adətən yazılı formada çıxışlar edir. Jurnalistlərə münasibəti açıqdır. Onun jurnalistlərə qapalı olduğunu görməmişəm. Amma onun seciciləri ilə necə işlədiyindən xəbərsizəm. Adətən deputatların seçiciləri ilə işlədiklərini onların çıxışlarından da görmək olur. Mən görməmişəm ki, Jalə xanımın seçiciləri ilə bağlı çıxışları olsun”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Millət vəkili Jalə Əliyevanın 5 il ərzindəki fəaliyyətini müsbət qiymətləndirmək olar. Bəzi həmkarlarına baxdıqda, onun aktivliyini hiss etmişəm. Qanun layihələrinin müzakirələri zamanı çıxışlar edib, təkliflərini də irəli sürüb. Aktiv deputat hesab etməsəm də, deyə bilərəm ki, Jalə Əliyeva parlamentdə olan qadın deputatların içərisində seçicisinin problemləri ilə maraqlanan millət vəkillərindəndir. Təbii fəalkət baş verən zaman Zərdab rayonunda əhalinin vəziyyəti və dəyən ziyanla bağlı Milli Məclisin hər plenar iclasında ciddi narahatçılığını bildirib və adiyyatı qurumlardan kömək istəmişdi.  Jurnalistlərlə münasibətinə gəlincə isə, deyə bilərəm ki, deputat çox səmimidir və istənilən vaxt ondan müsahibə almaq və ya mövqe öyrənmək mümkündür.     

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Jalə Əliyeva Milli Məclisin iclaslarında və digər tədbirlərdə o qədər də fəallıq göstərmir. Fkrimcə o, qanunverici kimi özünü doğrultmadı. Amma bir az çalışsaydı, fəal deputat ola bilərdi. Türkçü deputatdır və bu mənada onu çox bəyənirəm. Parlament jurnalistləri ilə yaxşı münasibət qurmayıb. Yəqin bu səbəbdəndir ki, ondan müsahibə və ya açıqlama almaq istəyən jurnalist azdır. Eşitdiyimə görə, seçiciləri ilə də yaxşı işləmir. Ucar və Zərdabdan olan tanışlarımın dediyinə görə, Jalə xanımın görüşünə gələn seçıcilər büdcə təşkilatlarından maaş alan və vətəndaşlardan rüşvət alan insanlar olur. Sadə seçiçiciləri isə arzu edirlər ki, Jalə Əliyeva dərdi-səri, ürəyi dolu olan, məmur zülmündən, rüşvətdən, işsizlikdən təngə gələn ucarlı və zərdablı seçicilərinin görüşünə gəlsin”.

Modern.az sayıtının əməkdaşı Elşad Eyvazlı: “Jalə Əliyeva özünəməxsus keyfiyyətləri olan deputatlardan biridir. Şəxsi müşahidəmə görə, bu deputat yalnız öz işləri ilə məşğuldur. Kimsənin işinə qarışmasının, hansısa qalmaqala aid olmasının şahidi deyilik. Jurnalistlərə münasibəti qənaətbəxşdir. Qanunvericilik sahəsində onun fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Seçicilərlə əlaqəsinə gəldikdə isə bu istiqamətdə ciddi işləri var”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə: “Açığı Jalə xanım haqqında nəsə deməkdə çətinlik çəkirəm, çünki şəxsən tanımadığım bir yana, onun parlamentdənkənar fəaliyyəti ilə də tanış deyiləm. Amma istənilən halda parlamentimizdə qadın deputatların çoxluğunu təqdir edirəm, Hesab edirəm ki, Jalə xanım da təsadüfən ora düşməyib. Görünür onun xeyli sayda müsbət keyfiyyətləri var ki, deputat mandatıyla mükafatlandırılması məsləhət bilinib. Neynək, yalandırsa, gerçək olsun və kaş hər kəs layiq olduğu pillədə olsun, kaş növbəti parlamentimiz təsadüfi adamlardan uzaq, orda oturmağa layiq olanlarla bol olsun. Mənsə Modern.az-ın oxucularına söz verirəm ki, Jalə xanıma növbəti dəfə deputat mandatı gəzdirmək nəsib olsa, onun barəsində fikir bildirərkən çətinlik çəkməmək üçün yaxından tanımağa çalışacağam”.

Vüqar Ağamalıoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir