Modern.az

Redaktor: ""Kirpi" jurnalının çıxmasından heç kimin xəbəri yoxdur” - MÜSAHİBƏ

Redaktor: ""Kirpi" jurnalının çıxmasından heç kimin xəbəri yoxdur” - MÜSAHİBƏ

14 Yanvar 2015, 13:26

Karikaturaçı-rəssam: “Karikaturanın sərhəddi olmamalıdır”

Ötən həftə Fransanın satirik “Charlie Hobde” satirik  jurnalına olan hücum bir çox məsələləri yenidən gündəmə gətirdi. Terror nəyəsə haqq verirmi? Satirik jurnalın dini inancları aşağılamaq ixtiyarı varmı? Ümumiyyətlə, satirik karikaturanın gördüyü iş nədən ibarət olmalıdır?

Xatirinizdədirsə, sovet dövründə Azərbaycanda çıxan “Kirpi” satirik jurnalı cəmiyyətdə çox tanınırdı. Bu gün Azərbaycan mətbuatında satirik publisistikanın demək olar ki, olmadığı şəraitdə həmin “Kirpi” jurnalından kimsənin xəbəri yoxdur.

Karikaturaçı rəssam Hafiz Nəsiroğlu Modern.az saytına müsahibəsində həm Fransada satirik jurnal ətrafında baş verən hadisələrə, karikaturanın mahiyyətinə, həm də bədii redaktoru olduğu “Kirpi” jurnalı haqqında danışıb:

- “Kirpi” jurnalı 1952-ci ilin iyunundan fəaliyyətə başalyıb. SSRİ-nin iflasına qədər dövlət büdcəsindən maliyyələşib. O zamanlar mütəmadi olaraq ayda iki dəfə çapdan çıxırdı. Ancaq çox əfsuslar olsun ki, acınacaqlı bir dövr gəldi, respublikada yeganə satirik jurnal olan “Kirpi”nin fəaliyyətində ləngimələr oldu. Bunun əsas səbəbi şübhəsiz ki, maliyyə idi. Ancaq indi şükürlər olsun, ayda bir dəfə müntəzəm olaraq oxuculara jurnalımızı çatdırırıq.

- Jurnalın sovet dövründəki fəaliyyəti ilə hazrki fəaliyyəti arasında nə kimi fərqlər var?

- “Kirpi” həm  o dövrdə,  həm də bu dövrdə əhəmiyyətli, düzəlişi lazım olan iş uğrunda mübarizə aparıb. Kommunist rejimində çıxan jurnalla indiki “Kirpi” arasında mövzu etibarilə nəzərə çarpacaq fərqlər var. Biz bilirik ki, sovet dövründə çərçivədən kənara çıxmaq mümkün deyildi. Bizim tənqid hədəfimiz “JEK” müdirindən yuxarı çıxmayıb. Kolxoz sədrləri, sovxoz direktorları, bazar müdiri və digər vəzifəlilər tənqid edilir, oradakı problemlərdən yazılırdı. İndi şükürlər olsun, açıq-aşkar  yazmaq, çəkmək üçün şərait yaranıb. Təbii ki, təhqirlərə yol vermədən bu işi görmək lazımdır. Deyərdim ki, indiki “Kirpi” jurnalı sovet dövründəkidən daha aktualdır. Amma o zamanlar bizə şikayət məktubları çox ünvanlanırdı. Hər bir sahədən, hər bir təşkilata aid məktublar gəlirdi. Amma bu gün həm mətbuat orqanları kifayət qədərdir, həm də jurnalımız həddindən az tirajla çıxır. Oxucular indi bizim jurnalın çıxmasından xəbərsizdirlər. Çalışırıq ki, bu gün yaşanan sosial-ictimai problemlərdən kənarda qalmayaq və onları həm yazı, ilə həm karikatura ilə işıqlandıraq.

- Redaksiya heyətiniz haqqında danışardınız?

- “Kirpi” jurnalının redaksiyası hazırda  “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsində yerləşir. Amma əvvəl “Malakan” bağının yaxınlığında idi. Çox təssüf ki, əvvəlki sayda heyətimiz yoxdur. Baş redaktor, onun müavini, bədii redaktor, mən, bir də xüsusi müxbirimiz var.

- Bir, karikaturaçı kimi Azərbaycanda satirik publisistik jurnalistikanın inkişafı sizi qane edir?

- Xeyr! Çox təəssüflər olsun ki, maraqlı janr olan karikatura ilə bu gün çox az adam məşğul olur. Mətbuatda karikatura elementlərinə demək olar rast gəlinmir. Deyə bilmərəm və buna ixtiyarım da çatmaz ki, bu gün Azərbaycanda karikatura çəkə bilən rəssamların olmadığını iddia edəm. Çox maraqlı üslubu olan karikaturaçılar var. Amma bizim işimiz rəssamlıq, heykəltaraşlıq deyil ki, ildə iki dəfə sərgi təşkil edib insanları ora cəlb edək. Bizim işimiz gündəlik baş verən hadisələrlə bağlıdır.  Eyni  zamanda, maddi qazanc da az olduğundan gənclər bu janra maraq göstərmir. Bunlarla yanaşı, indiki mətbuat da karikaturaya laqeyd qalır. Amma 1906-cı ildə çap olunan “Molla Nəsrəddin” satirik jurnalını götürək. Xalqın böyük ziyalısı Cəlil Məmmədquluzadə görün nə qədər  uzaqgörən olub ki, Avropadan satirik rəssamlar gətirmişdi. Çünki o zaman savadsızlıq idi. İnsanların çoxunun oxuyub-yazmaq bacarığı yox idi. Ona görə onlarla şəkillərlə danışmaq lazım idi. Daha sonra 19 yaşlı Əzim Əzimzadə gəldi. Məncə, Azərbaycan karikaturasının tarixi oradan başlayır. Bu gün Azərbaycan mətbuatında felyoton yazanlar da var. Amma reallıq odur ki, insanların uzun felyoton oxumağa çox da həvəsi olmur. Ancaq ustalıqla, peşəkar bir insan tərəfindən çəkilən karikatura 5 - 6 felyetonu birbaşa əvəz edir.

- Bu yaxınlarda Fransanın “Charlie Hebdo” satirik jurnalına terror basqını oldu. Karikaturaçılar və əməkdaşlar öldürüldü. Karikaturaçı rəssam kimi sizin bu hadisəyə münasibətinizi bilmək istərdik...  

- İslam dini həmişə öz tolerantlığı ilə başqa dinlərə örnək olub. Fransadakı jurnalda isə İslam dininin dəyərləri təhqir olundu. Amma bu o demək deyil ki, terrorla cavab verilməlidir . Ümumiyyətlə, xalq, ictimaiyyət bu işə qarışmasa, daha yaxşı olar. Əgər dəyərlər aşağılanırsa, onda rəsmi dövlət qurumları dini idarələr etirazını bildirməlidir.

- Ümumiyyətlə, karikaturanın sərhədləri harada bitməlidir? Rəssam nəyə toxuna bilməz?

- Ümumiyyətlə, karikaturanın sərhədi olmur. Sadəcə, hər bir karikaturaçı-rəssam özü üçün bir sərhəd, hədd qoymalıdır. Uzağa getməyək, qardaş Türkiyənin qəzet-jurnallarına baxaq. Az qala hər birində ən azı bir karikaturaya rast gəlinir. Bu yaxşı haldır. Amma hara kimi? Karikaturaçı şantaja, təhqirə yol verməməlidir. Hər hansı bir insanı aşağılamamalıdır.

- Uzun müddətdir bu  sənətlə məşğul olursunuz. Siz hər hansı təzyiqlərlə üzləşmisinizmi?

- 30 ilə yaxındır bu sənətlə məşğulam. Amma heç vaxt təzyiqlərə rast gəlməmişəm. Çünki işimə peşəkarlıqla yanaşmışam. Düzdür, karikaturada tənqid də olmalıdır. O tənqid üzərində qurulmalıdır. Hər bir cəmiyyətin özünəməxsus problemləri olur. Biz də həmin problemləri işıqlandırırırq. Ancaq kimisə aşağılamırıq.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!