Modern.az

Gənc şair: “Mənim istedadım şeir boydadır” - MÜSAHİBƏ

Gənc şair: “Mənim istedadım şeir boydadır” - MÜSAHİBƏ

Ədəbi̇yyat

16 Yanvar 2015, 10:16

Modern.az saytı gənc yazarlarla müsahibələrə start verir. Gənc yazarlarla  Azərbaycan ədəbiyyatın mənfi, müsbət tərəfləri, ümumiyyətlə, ədəbiyyat aləmindən söhbət edəcəyik. İlk həmsöhbətimiz Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Qılman İmandır.

- İndiki şairlərin, şeirin sanki qanı quruyub. Bunun səbəbi nədir? Müasir dövrdə bu “qansızlıq” haradan qidalanır?

-  Əslində, söz öz taxtında olduğu kimi qalıb. Düşünürəm ki, elə olduğu kimi də qalacaq. Amma dünyada gedən qlobal texniki inteqrasiya, yeni yaranan sivilizasiyalar, ictimai-siyasi gərginlik, çaxnaşmalar, virus kimi insanların beynindəki zərif hüceyrələri məhv etməklə məşğuldur. İndi insanları sözlə təəccübləndirmək qəhrəmanlıqdır. Mövlanədən, Füzulidən, Dostoyevskidən istedadlı olsan belə, oxucunu təəccübləndirə bilməyəcəksən. Çünki insanlarda heyrətlənmək hissi ölüb. Müasir informasiya bolluğunda hansısa poetik kəşflə kimisə heyrətləndirmək, dinsizi imana gətirmək kimi bir şeydir. Müasir şairlər də zamanın bu təbəddülatları ilə doğulan, böyüyən insanlardır. Ona görə indi şeir ürəklə, ilhamla yox, nəzəri təfəkkürlə - ağılla yazılır. Qəribəsi də budur ki, sözün yaxşı mənasında ağılsız adamlar ağılla şeir yazır. Deyirlər ki, şairlər əsil dəlilərdi. Mən belə düşünmürəm. Artıq poetik istedad göründüyü kimi arxa plana keçib. Ona görə də o sən dediyin “qansızlıq” burdan yaranır.

- Deyirlər ki, sözlə bizim aramızda uçurum yaranıb. Ümumiyyətlə, bir qələm adamı kimi, söz sizin üçün nədir?

- Bu suala geniş formada cavab vermək olar. Amma konkret olaraq deyim ki, mənim üçün söz Allahın və ruhun gözə görünməyən ən gözəl şəklidir. Bu şəkil kimlər üçünsə müxtəlif formada, fonda ola bilər. Söz həm də mənim üçün ən gözəl sükutdur. Dil ilə ifadə olunmayan, gözlə görünən sükut. Gənc olmağına baxmayaraq milli düşüncəyə, klassik poeziyaya bağlılığınla seçilirsən.

- Biz sözün özünüdərk funksiyasını niyə itirdik?

- Sözün özünüdərki əslində insanın özünüdərkindən başlayır. Bu da sufilərə məxsus bir əlamətdir. Bugünkü sözün magiyasının, enerjisinin zəif olması bu sürət əsrində əsasən texnika ilə bağlıdır. Texniki tərəqqi mənəvi tənəzzülün bir başa sifarişçisinə çevrilib. Amma düşünürəm ki, bu özünüdərk problemi bütün zamanlarda olub. Çünki Füzuli də 16 əsrdə gileylənirdi: “Bir dövrdəyəm ki, nəzm olub xar, Əşar bulub kəsadi-əsar”. Çox maraqlıdır, 500 yüz ildir bu problem qalır. Dünya dəyişir, təhsil inkişaf edir, kosmosa uçuşlar olur, urbanizasiya sürətlə addımlayır, amma sözü dərk etmək, anlamaq problemi yenə yerində qalır.

- Bilirəm ki,  sən Aşıq Ələsgəri çox sevirsən və onun doğulduğu mühiti, həyat tərzini, şeirlərindəki irfani məqamları yaxşı bilirsən. İstərdim bir az Aşıq Ələsgər haqqında danışaq...

- Aşıq Ələsgər mənə görə övliyadır. Bunu onun haqqındakı söhbətlər, hadisələr də təsdiqləyir. Aşıq Ələsgər mənə görə həm də Azərbaycan türkcəsində yazan ən böyük şairimizdir. Aşıq Ələsgərin hətta sosioloji və ya başqa problemli şeirlərinin də irfani və mifoloji qatı var. Aşıq Ələsgər yaradıcılığı məxsusi bir mikrosxem üzərində qurulub ki, bu sxemin giriş kodu yalnız və yalnız “Qurani Kərim”dir.  “Quran”ı oxumayan, bilməyən və “Quran”ın mahiyyətini anlamayan adam Aşıq Ələsgər haqqında danışırsa, səhvə yol verə bilər. Yaxud Aşıq Ələsgər ona bəsit görünə bilər. Aşıq Ələsgərin adında da xüsusi bir hikmət var. Ələsgər onun adının təhrif olunmuş formasıdır. Əsil adı Əli-əsğərdi. Mənası Həzrət Əlinin kiçiyi deməkdi. Bu barədə bir neçə şeirində özü də işarələr edib.

Əlidən dərs aldım, eylədim əzbər,
Yerlərə zinətdi, göylərə ləngər.

Bu şerdən göründüyü kimi tərəddüdsüz demək olar ki, Aşıq Ələsgərin ustadı Həzrət Əlidir. Haqq aşiqlərinin ustadı həmişə islam mədəniyyətinin öndərləri olub. O cümlədən Aşıq Ələsgərin. Ona görə deyir ki, “Həqiqətən iki gözəl sevmişəm, Biri Məhəmmədi, biri də Əli”.

- Aşıq Ələsgər haqqında danışdıq. Maraqlı məqamlara toxundun. Bəs müasir aşıq şeri özünü nə üçün ciddi irfani-ədəbi nümunə kimi yox, daha çox oynaq, mədhiyyə elementi kimi nümayiş etdirir?

- Bilirsən,  Xətainin də, Miskin Abdalın da, Qurbaninin də, Tufarqanlı Abbasın da, lap elə Aşıq Alının, Ələsgərin dövründə də aşıqlar aşiqlik mərtəbəsindən gəlib aşıq olurdular. Məsəl üçün, Qurbaninin dövründə təkkə məclisləri var idi, burada sufilər-dərvişlər təriqətə qulluq edən xüsusi mərasimlər keçirirdilər “vəhdəti-vücud”a –Tanrıya qovuşmaq üçün. Eyni zamanda, bu məclislərdə birlikdə təriqətə uyğun səmavi rəqslər edirdilər, simvolik dini rəvayətlər düzüb-qoşurdular, sonra bu rəvayətlər o təkkə məclislərindən çıxmış aşıqlar tərəfindən təbliğ olunurdu. Bu barədə Əhməd Yəsəvinin bir şerində də var:

   Haqq qulları dərvişlər, 
  Həqiqəti bilmişlər, 
  Haqqa aşiq olanlar, 
  Haqq yoluna girmişlər.

İlk olaraq irfan ədəbiyyatının təşəkkülü belə başlayırdı. Bu da bizdə 20-ci əsrin 30-cu illərinə qədər davam etdi. Yəni son olaraq Aşıq Ələsgər və Növrəs İmandan sonra bu xətt qırıldı. Sovet hakimiyyəti gəldi dini ayinlərə qadağa qoyuldu, aşıq şerindəki irfan mövzusunu sosialist realizmi əvəz etdi. Dünən irfani havalar oxuyan aşıq, bu gün Moskvanın sütunlu sarayında Stalinin şərəfinə mədhiyyələr söyləyirdi. Kənd zəhmətkeşlərinin şəninə praqmatik qoşmalar yazırdı. Beləlikə, aşıq şerinin mahiyyəti - irfan mövzusu sıradan çıxdı, sadəcə, quru forma-qafiyə qaldı. 60-70 ci illərdə saz üstündə şeir yazan bir neçə el şairləri meydana çıxdı ki, onların da şeirlərinin ana xəttini didaktik ifadələr təşkil edirdi. Bu da taftalogiyadan başqa bir şey deyildi. Məmməd Araz deyirdi: “Köhnə qafiyələr çaylaq daşıdı”.  Bu gün poeziyamızda Azərbaycan dilini bilən (amma bilən ha!) şairlərin sayı nə qədərdir? Düzü, bu barədə dəqiq rəqəm deyə bilmərəm. Amma bu problem var, hətta poeziyada, prozada da var. Ədəbiyyat da dil hadisəsidir. Hansı dildə yazmağından asılı olmayaraq. Amma belə bir şey də var, yazıçı və ya şair dilin qayda-qanunlarını poza bilər. Bir şərtlə, dili bilməlidir. Mən müasir dövrdə məzmunca xeyli yaxşı şeir oxumuşam və görmüşəm ki, bunu yazan adamın dil kasadlığı var. Bəlkə də həmin adamın normal filoloji savadı da var, amma sözün özünü duymaq və məqamında işlətmək bacarığı yoxdur. Şeir intonasiya ilə, yəni dilin alt qatında yazıldığı üçün daha çox elastik sözlərdən istifadə etmək lazım gəlir. Bəzən sözün semantik quruluşundan çox, fonetik quruluşu, səs alleterasiyası nəzərə alınır. Ümumiyyətlə, belə başa düşürəm ki, yazıçının istedadını onun linqivistik bacarığı müəyyənləşdirir. Dili pinti yazarların heç vaxt oxucu auditoriyası olmayıb. Dilin inkişafı daha çox iki amillə bağlıdır: Düşüncə və mühitlə. Yazıçı necə düşünürsə, elə də yazır. Mühiti, folklor mənbəyi olmayan yazıçı kor balıqçıya bənzəyir. Yazıçının folklor bazası olmalıdır. Çünki yazı sənəti özü-özlüyündə folklordur. Yazıçının özünün yaratdığı fərdi folklor. Folklor yazıçının ən yaxşı rəndəsidir, əyri cümlələrini rəndələyib düzəldir.

- Avropada yaşayan gənc bir şairin, Azərbaycanda yaşayan Qılman İmandan hansı fərqi var?

- Ədəbiyyat haqqında tez-tez işlənən bir ifadə var: “Ədəbiyyat canlı orqanizmdir”. Əgər dünya ədəbiyyatını da canlı bir orqanizmə bənzətsək, onda Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatının tərkib hissəsidir.  Demək istəyirəm ki, məkanından, dini mənsubiyyətindən, dilindən, irqindən asılı olmayaraq, ədəbiyyat ağrını hər yerdə birlikdə çəkir. Bu mənada, ədəbiyyat sərhədsizdir. Ədəbiyyat sərhədsiz olduğu üçün Avropada yaşayan hansısa yazarla öz aramda düşüncə etibarilə elə ciddi fərq görmürəm. Amma... Avropada yaşayan yazarla mənim fərqim müxtəlif cür ola bilər. Məsələn, Avropada yaşayan yazarın məndən daha çox intellektual, savadlı, dil imkanları böyük ola bilər. Çünki orda urbanizasiya, elm, təhsil, ədəbiyyat daha çox inkişaf edib. Mən həm də ayrı mühitdə - Azərbaycanda, kənddə, müharibə şəraitində böyümüşəm, həyatda müxtəlif çətinlikərdən keçmişəm, ondan fərqli olaraq mənim şəhər həyatım, dünya haqqında bilgilərim 15 illik zaman çərçivəsində formalaşmağa başlayıb. Avropada yaşayan yazar haqqında düşüncələrim yanlış da ola bilər, bəlkə də hər şey biz düşündüyümüz kimi deyil. Çoxları Avropada yaşamasına baxmayaraq, bəzən bilmirlər ki, heç yer üzündə Azərbaycan adlı dövlət var. Biz də həmişə şairlərin prozası maraqla qarşılanıb. Çoxu da yaradıcılığa ilk əvvəl şeirlə başlasa da, sonradan nəsrə keçib.

- Sizin necə, nəsrə keçmək fikrin yoxdur?

- Doğrusu, özümü hər şeydən öncə şair kimi görürəm. belə deyim, şeir mənim mənəvi yazı tələbatımı ödəyir. Hərdən düşünürəm ki, istedadım şeir boydadır. Amma son iki ildir bəzi mövzular məni narahat edir. Onları mütləq yazmalıyam. Çünki onlar artıq şeir mövzusu deyil. Çoxdandır yuxu ilə bağlı bir povest yazmaq istəyirəm, xeyli qeydlərim var, şeytanın əl-ayağını sındıra bilsəm, bu il o povesti yazacağam. Qaldı şairlərin nəsrə keçməsinə, indi qəribə bir hal baş verir. Təxminən 60-70-ci illərdə şairlər nəsrə keçəndə çalışırdılar ki, poetik yazsınlar, (bu rus ədəbiyyatına da aiddir) yəni,  poeziyanı nəsrə gətirsinlər, indi isə tərsinədir. Nəsri poeziyaya gətirirlər. Beləcə şeir nəsrin içində əriyib gedir.

- Son olaraq bir sual vermək istəyirəm. Bir şair olaraq özündə hansı keyfiyyəti daha çox bəyənirsən?

- Yazmaqdan çox pozmağı...və yazmaqdan çox yazmamağı...

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir