Modern.az

“İsa Qəmbərin bir hərəkəti mənə zərbə vurmaq məqsədi daşıyırdı, bunu heç cür həzm edə bilmirəm” - MÜSAHİBƏ

“İsa Qəmbərin bir hərəkəti mənə zərbə vurmaq məqsədi daşıyırdı, bunu heç cür həzm edə bilmirəm” - MÜSAHİBƏ

23 Yanvar 2015, 10:50

“Oğlum Fərhad Bədəlbəylidən sonra Azərbaycan piano sənətində beynəlxalq yarışlarda laureat olan ikinci şəxsdir”


“Heydər Əliyevlə Naxçıvanda görüşəndə çox ciddi məsələləri müzakirə etdik”

Keşmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az saytına müsahibə verib.

- Bir zamanlar istər dövlət strukturlarında istərsə də müxalifətdə müəyyən nüfuza malik  Qabil Hüseynlinin siyasətə gəlişi necə olub?

- Mən elmlə məşğul olurdum. Siyasətə gələnə qədər Azərbaycan Texniki Universitetinin fəlsəfə və politologiya kafedrasının müdiri vəzifəsində işləmişəm. 1988-ci ildə Dağlıq Qarabağda separatizm hərəkatı yüksələndə və meydan hərəkatı başlayanda mən də xalqa qoşularaq milli azadlıq hərəkatında iştirak etdim. Meydan hadisələrinin sıravi iştirakçısı olmuşam. Sonra meydan hərəkatı sovet qoşunlarının təzyiqi ilə susdurulduqdan sonra Azərbaycanda siyasiləşmə başqa səmtə getməyə başladı.

Mən o  dövrün ilk kütləvi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinə üzv oldum. Hətta AXC-nin Məclisinə seçildim və orada komissiya sədri oldum. Məhz bundan sonra aktiv siyasi fəaliyyətim başladı. Doğrudur, alimin praktiki siyasətçiyə çevrilməsi prosesi elə də asan deyil. Alimin, müəlliminbirdən-birə siyasətin incəliklərinə bələd olmaq və siyasəti praktiki surətdə öz həyatında tətbiq etmək asan olmur. Bunun üçün müəyyən bilik və bacarıq, müxtəlif situasiyalarda dözümünü sınaqdan keçirmək lazımdır. Tədricən və çətinliklə də olsa, siyasətin əlifbasına, onun müəyyən vərdişlərinə yiyələnə bildim. Beləliklə, müəyyən mənada siyasətçi səviyyəsinə gəlib çatdım.

- Dediniz ki, AXC-də komissiya sədri idiniz. Bu hansı komissiya idi, sizin ora sədr seçilməyiniz necə baş verdi və sonradan niyə AXC-dən aralandınız?

- Həmin dövrdə Ermənistandan yurddaşlarımızın deportasiyası başlamışdı. Sonradan AXC-nin Məclis üzvü kimi bir qrup vətənpərvər ziyalı ilə qaçqınların yerləşdirilməsi, onların ehtiyaclarının həlli ilə məşğul olduq. O zaman məni AXC-nin sədri Əbülfəz Elçibəy bu təşkilatın Qaçqınlar Komissiyasına rəhbər təyin etdi. Biz o zaman qaçqınlara əşyalar toplanması, onların məskunlaşdırılması, müxtəlif problemlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük ziyalı ordusu ilə birlikdə müəyyən işlər görürdük. Lakin sözsüz ki, işlər təkcə bununla məhdudlaşmırdı. Biz o zamanın yeganə ictimai-siyasi təşkilatı kimi AXC-nin fəaliyyətinin digər sahələrində də işlər görməyə başladıq. Amma sonradan AXC sıralarında partiyalaşma prosesi başladı.  Xüsusilə, 1990-cı il 20 yanvar hadisələrindən sonra SSRİ-nin xüsusi xidmət orqanları AXC-nin strukturlarının dağıdılması istiqamətində xeyli iş apardı. Bu təşkilatın gücünü azaltmaq üçün göstərilən cəhdlərdən biri də siyasi partiyaların yaradılmasına nail olmaq idi. Bu cəhdləri ayrı-ayrı adamlar da edirdilər, amma siyasi proseslərin inkişafına təkan vermək üçün siyasi partiyaların yaradılması AXC-nin kifayət qədər zəifləməsinə gətirib çıxardı.

1992-ci ildə ilk siyasi partiya kimi yaranan Azərbaycan Milli İstiqlal Partiyası millətçilik ideologiyasının daşıyıcısı kimi daha ambisiyalı və gurultulu bir missiya ilə siyasi həyata daxil oldu və öz ətrafına ziyalıları cəlb edə bildi. Mən də AMİP-in sıralarına daxil oldum...

- AXC-dən getməyinizə bu təşkilatın rəhbərliyi ilə münasibətlərinizdə gərginliyin yaranması səbəb olmuşdu?

- AXC ilə mənim heç bir problemim yox idi. Həmin vaxt AXC özü siyasi partiyaların yaranması ilə bağlı prosesləri şirnikləndirirdi. Çünki siyasi partiyaların, müxtəlif siyasi cərəyanların yaranması AXC-nin qanadı altında baş verirdi. AXC-dən çıxmadan da həmin partiyaların sıralarında fəaliyyət göstərməyə nizamnamə imkan verirdi. Buna görə də AXC rəhbərliyi bu proseslərə qısqanclıqla yanaşmırdı. Biz bir qrup ziyalı ilə AMİP-ə daxil olduq, mən hətta Siyasi Şuraya seçildim.  


- AMİP AXC hakimiyyəti dövründə demək olar ki,  müxalifətdəki alternativ qüvvə idi. AMİP sədri  Etibar Məmmədov isə yeni siyasi lider qiyafəsində, meydana atılmışdı. İstərdik ki, AMİP-dəki xatirələrinizdən və o zaman Etibar Məmmədovla münasibətlərinizdən də söz açasınız.

- AMİP yaranarkən kifayət qədər ciddi ideya platforması ortaya qoydu. AMİP millətçilik ideologiyasını populyarlaşdırmaq, onu xalq arasında yaymaq, milli ideologiyanı işləyib hazırlamaq kimi missiyanı öz üzərinə götürdü. Müəyyən işlər də görə bildi. Həmin dövrdə AMİP qısa müddətdə təşkilatlana bildi və çoxminli partiyaya oldu. AMİP-in ilk vaxtlar siyasi proseslərə təsir etmək imkanları kifayət qədər böyük idi. Çox təəssüflər olsun ki, Əbülfəz Elçibəyin prezidentliyi dövründə müharibə gedirdi. Ancaq Azərbaycan ordusu ciddi uğurlar əldə etmişdi.

Bu dövrdə AMİP-in müxalifətçilik missiyası müəyyən qədər ehtiyatlı həyata keçirilməli idi ki, cəmiyyətdə ciddi qarşıdurmalara gətirib çıxarmasın. Təəssüf ki, müəyyən dövrdə, xüsusilə, Kəlbəcərin işğalından sonra bu məsələlər daha da gərginləşdi. Bu gərginləşmə sonradan 4 iyun hadisələrinə qədər müşayiət olundu. AMİP siyasi mövqeyində müəyyən manevrlərə yol verdi, bunlar bəzi şəxslərdən fərqli olaraq məni qane etmədi.

- Bir az konkretləşdirək. AMİP-in hansı manevrləri sizi qane etmədi? Bu, təsadüfən AMİP-in qiyamçı polkovnik Surət Hüseynovu dəstəkləməsi ilə bağlı deyildi?

- Surət Hüseynova dəstək verilməsi məsələsində bütün partiyanı günahlandırmaq niyyətində deyiləm. Partiyanın müəyyən üzvləri, əsasən də Gəncə təşkilatı Surət Hüseynova dəstək verirdi. Amma mən bundan çox, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra AMİP-in atdığı addımlara görə narahat idim. Heydər Əliyevlə hakimiyyət bölgüsünə girişdilər, amma burda kompromisə getmək və siyasi saziş əldə edilməsi əvəzinə, ümumxalq dəstəyi  ilə hakimiyyətə gələn Heydər Əliyev qarşısında yerinə yetirilməsi mümkün olmayan siyasi tələblər qoyuldu. Bu tələblər sonda Heydər Əliyevlə AMİP münasibətlərinin pisləşməsinə və partiya sıralarında da ciddi parçalanmalara gətirib çıxardı  Heydər Əliyevlə AMİP-in münasibətlərinin pisləşməsi təşkilat daxilində də ciddi narazılıqla qarşılanırdı. O zaman Heydər Əliyevə ümidlər böyük idi və AMİP-in müəyyən qədər dəstək verdiyinin şahidi olmuşduq. Biz bu dəstəyin axıra qədər verilməsinin və burada hər hansı yerinə yetirilməsi mümkün olmayan şərtlərin qoyulmasını istəmirdik. Bu səbəbdən də mənim kimi düşünənlərin AMİP-lə yolları ayrıldı.

- AMİP-dən ayrılan qüvvə Azərbaycan Demokratik İstiqlal Partiyası  yaratdı və maraqlıdır ki, bu qanadda təmsil olunanların çoxu sonradan hakimiyyətdə vəzifə tutdular. AMİP sıralarından çıxanların hakimiyyətdə vəzifə tutmasının səbəbi nə idi, hakimiyyətə loyal münasibət, yoxsa radikal müxalifət lideri Etibar Məmmədovla yolların ayrılması?

- Açığını desəm, partiyada qopmalar və ayrılmalar bizim siyasi taleyimizdə müəyyən qədər rol oynadı. Ancaq bu, vəzifə almaqda əhəmiyyətli rol oynamadı. Çünki mən Heydər Əliyevlə AMİP parçalanmazdan xeyli əvvəl tanış idim. Heydər Əliyev Moskvadan Naxçıvana gələn andan bizim tanışlığımız başlamışdı. O məni Naxçıvana dəvət etmişdi...

- Heydər Əliyev Naxçıvana gələndə AMİP yaranmamışdı və siz o zaman AXC üzvü idiniz. Heydər Əliyev AXC rəhbərlərini yox, niyə məhz sizi Naxçıvana dəvət edirdi?

- Azərbaycan televiziyasında siyasi veriliş aparırdım və cəmiyyətdə kifayət qədər populyar idim. Siyasi rəyə təsir etmək imkanlarım var idi. Çünki əlimdə televiziya kim bir mexanizm var idi. Mərhum Heydər Əliyevin özünün dediklərinə görə, verilişlərim onun xoşuna gəlmişdi. Heydər Əliyev cəmiyyətdəki mövqeyimi nəzərə alaraq bir neçə dəfə məni Naxçıvana dəvət etdi. Mən də Naxçıvana getdim və onunla yaxından tanış oldum. Bizim tanışlığımız sonrakı əməkdaşlığımızda əhəmiyyətli rol oynadı. Heydər Əliyevlə görüşdə çox ciddi məsələləri müzakirə edirdik. Bundan başqa, Heydər Əliyevlə telefonla da əlaqəmiz olurdu. Biz telefonla ümumi xarakterli məsələləri müzakirə edirdik. Amma daha ciddi, konfidensiallıq tələb edən, ciddi xarakterli məsələlərə görə Heydər Əliyev Naxçıvana gəlməyimi istəyirdi. Onunla fikir mübadiləsi bəzən altı saata qədər davam edirdi. Biz ölkədəki ictimai-siyasi vəziyyətin bütün çalarlarına diqqət yetirir, ayrı-ayrı siyasi partiyalar və onların liderləri, Azərbaycandakı siyasi qüvvələrin nisbəti, siyasi proseslərin inkişaf tendensiyası məsələlərində fikir mübadiləsi aparırdıq.  

Çox vaxt fikirlərimiz üst-üstdə düşürdü. Söylədiklərim təhlil baxımından Heydər Əliyevin xoşuna gəlirdi. Ölkədəki qarşıdurma, torpaqların işğalı, ermənilərə qarşı mübarizə məsələsi məndə belə bir fikir yaratmışdı ki, Azərbaycanda mütləq siyasi qüvvələrin həmrəyliyinə nail olmaq lazımdır. Bu həmrəylik isə güclü bir liderin rəhbərliyi altında həyata keçirilməli idi. Heydər Əliyevlə təmaslarım zamanı gördüm ki, o, mövcud ictimai-siyasi və beynəlxalq prosesləri çox yaxşı bilir. Heydər Əliyev Moskva ilə onun dilində danışmağı bacaran təcrübəli bir siyasətçi idi. Bu nöqteyi-nəzərdən mən onun hakimiyyətə gəlişi üçün çalışmağa başladım.

- AXC  üzvü kimi Heydər Əliyevlə təmaslarınız yaranır və daha sonra AMİP-ə üzv olursunuz. Bir paradoks ortalığa çıxır: Siz AMİP-də ola-ola Heydər Əliyevin hakimiyyətə gəlməsinə çalışırdınız?

- Nə qədər təzadlı olsa da, AMİP üzvü olan çoxlu insan tanıyırdım ki, onlar da Heydər Əliyevin hakimiyyətə gəlişini istəyirdilər. Onlar hesab edirdi ki, ermənilər üzərində qələbə və dövlətçiliyin qorunub saxlanılmasının tək yolu Heydər Əliyevin hakimiyyətə gətirilməsidir. Bu məsələdə AMİP-də çoxsaylı tərəfdarım vardı - Mübariz Qurbanlı, Elçin Əfəndiyev, Vaqif Kərimov, Babək Hüseynoğlu, Gündüz Cəlilov və digərləri məni dəstəkləyirdilər.

Demək olar ki, partiyanın siyasi rəhbərliyinin 70-80 faizə qədəri mənimlə həmrəy idi. Mən görürdüm ki, Etibar Məmmədovun özündə də Heydər Əliyev şəxsiyyətinə hüsn-rəğbət var. Ancaq Etibar Məmmədov bu hüsn-rəğbətini açıq şəkildə ifadə etmirdi. Sonradan Heydər Əliyev hakimiyyətə gələndən sonra Etibar Məmmədovun onunla dil tapa bilməməsi onu göstərdi ki, AMİP sədri məsələlərə yanaşmada Heydər Əliyevin xarakterini, iqtidarla kompromisin necə olacağını düzgün təsəvvür edə bilmirdi.

- Siz Ana Vətən Partiyasının yaranmasında da iştirak etmisiniz. Amma heç vaxt  Ana Vətən Partiyasının üzvü olmamısınız. Eyni vaxtda bir neçə siyasi təşkilatla əlaqələrinizi koordinasiya etməyiniz çətin deyildi?

- O zaman Ermənistandan gələn qaçqınlar kifayət qədər fəal idilər. AXC-də və siyasi həyatın müxtəlif sahələrində özlərini çox aktiv göstərirdilər. Amma onlar heç bir təşkilatda birləşmirdilər. Bir gün rəhmətlik Elçibəy məni yanına çağırıb dedi ki, Qərbi azərbaycanlıların içərisində kifayət qədər siyasi fəallığı olan insanlar var, amma onlar pərakəndədirlər. Elçibəy mənə dedi, yaxşı olar ki, onları bir siyasi partiyada birləşdirim. Onun özünə də dedim ki, siyasi partiyada təmsil olunmaq niyyətim yoxdur, ancaq Qərbi azərbaycanlıların təşkilatlanmasında fəal iştirak edə bilərəm. Bu zaman AXC sıralarında idim. Fəzail Ağamalı ilə birlikdə ideyası mənə məxsus olan Ana Vətən Partiyasının qurulması üçün təşkilat komitəsi yaratdıq. Bu prosesdə “Zəngəzur” cəmiyyətinin sədri Köçəri Nağıbəyli də iştirak edirdi. Əvvəldən də dediyim kimi, partiyanın yaradılması prosesində iştirak etdim və sonra kənara çəkildim.

- Heydər Əliyev hakimiyyətdə olan zaman siz bir müddət humanitar məsələlər üzrə dövlət müşaviri vəzifəsində çalışdınız. Dövlət müşavirliyinə aparan yolda bəzi məqamları dediniz. Başqa hansı səbəblərdən bu vəzifəyə təyin edildiniz?

- Heydər Əliyev hakimiyyətə gəldi və məni dövlət müşaviri vəzifəsinə təyin etdi. Bu işdə partiya mənsubiyyətim heç bir tol oynamadı. Heydər Əliyevlə şəxsi münasibətlərim dövlət müşaviri təyin olunmağımda daha önəmli rol oynayıb. O, məni yaxından tanıyırdı və siyasi baxışlarıma, intellektual səviyyəmə yaxşı bələd idi. Eyni zamanda, belə başa düşürdü ki, dövlətçiliyin təbliğat, humanitar sisteminin qurulmasında müəyyən rol oynaya bilərəm.

- Amma bir müddət sonra tutduğunuz vəzifədən azad edildiniz. Buna səbəb nə idi?

- Dövlət müşavirliyi vəzifəsindən getməyimin birinci səbəbini özümdə görürəm. Bayaq dedim ki, alimin praktiki siyasətçiyə çevrilməsi o qədər də asan baş vermir. Mənim isə praktiki siyasətçiyə çevrilmək prosesim çox ləng getdi və buna görə də saraydaxili intriqalarda uduzdum. Tapşırıqların öhdəsindən layiqincə gəlirdim və Heydər Əliyevlə aramda hər hansı ziddiyyət yaranmamışdı. Sadəcə olaraq müəyyən bir dövrdə özüm də hiss etdim ki, belə bir mühitdə işləmək çətindir...

- Saray intriqaları deyərkən, Rövşən Cavadov və Surət Hüseynov amilini nəzərdə tutursunuz?

- Xeyr. Surət Hüseynov və Rövşən Cavadovun təşkil etdiyi qruplaşmaların məğlub edilməsində kifayət qədər böyük rol oynamışam. Əhalinin hakimiyyətin ətrafında səfərbər edilməsində müəyyən rolum olub. Saraydaxili intriqalar dedikdə, bəzi insanlar xəbərçilik edir, fikirlərimi interpretasiya edib rəhbərliyə çatdırırdı. Həyatımda heç zaman kiminsə haqqında Heydər Əliyevə xəbərçilik etməmişəm. Mən özüm bəzi haqlı tənqidlərimi Heydər Əliyevin özünün iştirak etdiyi tədbirlərdə də səsləndirirdim.

Ölkənin və millətin gələcəyi ilə bağlı məsələlərdə kiminləsə fikir mübadiləsi aparanda onlar birinin üstünə beşini də qoyub dərhal yuxarılara çatdırırdılar. Halbuki, fikir mübadiləsinin təşəbbüskarları elə qarşı tərəf özü olurdu.

Bu da mənim prezident qarşısında etimadımın zəifləməsinə gətirib çıxardı və 1995-ci ilin mart hadisələrindən sonra vəzifədən getməyə qərar verdim. O zaman istefaya getmək haqqında ərizə də yazdım, amma Heydər Əliyev məsləhət gördü ki, vəzifəmdə qalım. Sonradan prezidentin özü də bu qərara gəldi ki, vəzifədən getməyim daha məqsədəuyğundur. Görünür, Heydər Əliyevi inandıra bilmişdilər.

- 1994-cü ilin oktyabr hadisələri və demək olar ki, eyni ssenarinin davamı olan 1995-ci ilin mart ayında baş verənlər haqqında bu gün də birmənalı fikir yoxdur. Siz isə həmin vaxtlar dövlət müaviri idiniz, yəni hakimiyyət daxilində baş verənləri və bunun cəmiyyətdəki əks-sədasına az-çox bələd olmusunuz. Bu hadisələr haqqında o vaxt dövlət vəzifəsində işləyən biri kimi nə deyə bilərsiniz? Bir zəncirin həlqəsi sayılan hər iki hadisə həqiqətən də xarici kəşfiyyatın qurduğu oyun idi?

- 1994-cü ilin oktyabr hadisələrində açıq-aşkar Rusiyanın barmağı hiss olunurdu. Surət Hüseynov həmin oyunları Rusiyanın xüsusi xidmət orqanlarının göstərişi ilə həyata keçirirdi. Məlumdur ki, o vaxta qədər Surət Hüseynov 1993-cü il 4 iyun qiyamının həyata keçirilməsində mühüm rol oynamışdı. Əslində Heydər Əliyev yaxşı bilirdi ki, kim kimdir və hansı qüvvələr tərəfindən idarə olunur. Amma onunla kompromisə getdi və bu, çox uzun sürmədi. 1994-cü ildə Surət Hüseynov və onun yaxın ətrafı qiyama cəhd göstərdi. O zaman Heydər Əliyev Azərbaycan dövlətçiliyini qısa müddətdə möhkəmləndirə bilmişdi və əhali arasında reytinqi yüksək idi. Buna görə də baş nazir olan Surət Hüseynov və onun komandasının hamısı asanlıqla zərərsizləşdirildi. Mart hadisələri də siyasi ambsiyalar səbəbindən baş vermişdi. Bir vaxtlar Heydər Əliyevin hakimiyyətə gəlməsinin qızğın tərəfdarı olan, hətta onun müalicəsini həyata keçirən Rövşən Cavadov sonradan 180 dərəcə dəyişdi. Rövşən Cavadov birdən-birə Heydər Əliyevin əleyhinə çıxdı.  

Rövşən Cavadov rəhbərlik etdiyi OMON vasitəsi ilə hakimiyyətə təzyiq göstərmək istəyirdi. Mart hadisələrində daha çox Türkiyənin əli var idi. Nə qədər qəribə olsa da, Türkiyə prezidenti Süleyman Dəmirəlin bu işlərdən xəbəri yox idi. O zaman baş nazir olan Tansu Çillərin və Milli İstihbarat Təşkilatının bu işlərlə əlaqəsi var idi. Bu vaxt Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu da mart hadisələrində əsas rol oynayan fiqurlardan biri idi.  Türkiyə kəşfiyyatının adamları olan Fərman Dəmirqol və Kənan Gürel də daim Rövşən Cavadovun yanında idilər və onu təlimatlandırırdılar. Ancaq Rövşən Cavadovun yanında təkcə Türkiyə kəşfiyyatının deyil, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun da adamları var idi. Elçibəyin isə Rövşən Cavadovun yanında tərəfdarları olmasa da, bu və ya digər formada onunla əlaqə saxlayırdı. Çünki Elçibəyin Fərman Dəmirqolla görüşməsinə dair məlumatlar var idi. Lakin 1995-ci il mart hadisələri zamanı Heydər Əliyevin siyasətdə qrossmeyster kimi hərəkət etməsi özünü göstərdi. O, çox ustalıqla Rövşən Cavadovun dəstəsini zərərsizləşdirdi. Bununla da, dövlət içərisindəki qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu.

- Dövlət müşaviri vəzifəsindən gedəndən sonra bir müddət Türkiyədə yaşadınız. Sizin orada Tovuz rayonunun keçmiş polis rəisi Novruz Bozalqanlı ilə əlaqələriniz də olub, hətta deyilənə görə onun vasitəsilə qardaş ölkədə üzləşdiyiniz bəzi problemlər həll olunub. Türkiyə həyatı haqqında xatirələriniz də maraqlı olardı...

- Türkiyədə yaşadığım müddətdə çətinliklər var idi. Amma bütün bunlara baxmayaraq, “Azadlıq” radiosunun Türkiyə üzrə təmsilçisi idim və aldığım maaş və müxtəlif fikir mərkəzlərinə yazdığım analitik yazılar hesabına qazandığım qonorarla dolanırdım. Mən ağlamıram, amma etiraf edim ki, Türkiyədə həyat çətin idi.

Bununla yanaşı, daha çox işləməklə həm ailəmə pul göndərirdim, həm də öz dolanışığımı təmin edirdim. Uzun müddət cəhd edib ali məktəb müəllimliyinə düzəlmək istədim. Məni Çanaqqala Universitetinin sosial bilimlər fakültəsinə göndərdilər. Ancaq gördüm ki, burada işləməklə “Azadlıq” radiosu ilə əməkdaşlıq etmək imkanlarım olmayacaq. Buna görə də ali məktəbdə müəllim kimi işləməkdən imtina etdim və bütün fəaliyyətimi jurnalistika istiqamətində cəmləşdirdim. “Azadlıq” radiosuna mütəmadi olaraq Türkiyə mətbuatının siyasi icmalı ilə bağlı  materiallar göndərirdim. Mirzə Xəzər də çox kömək edirdi. Radionun verdiyi qonorar maliyyə ehtiyacımı təmin edirdi.

Bununla paralel olaraq “Yeni Müsavat”, “Reytinq” qəzetləri üçün də çoxlu yazılar yazırdım. Novruz Bozalqanlı həmin vaxt İstanbulda yaşayırdı. Onunla tanış oldum və aramızda münasibətlər formalaşmağa başladı. Həm yaxın sirdaş, həm də dost kimi yalnız onunla əlaqə saxlayırdım. Çünki yerdə qalan azərbaycanlılarla münasibətlərim alınmırdı. Mən Novruz Bozalqanlı ilə intensiv görüşürdüm. Bu görüşlər zamanı dərdləşir və problemlərdən danışırdıq.

- AXC, AMİP, dövlət işi, jurnalist fəaliyyəti və yenidən siyasi həyat. Söhbət  Azərbaycanın siyasi arenasında müəyyən müddət müxalif qüvvə kimi canlanma yaradan Müsavat Partiyasında təmsil olunmağınızdan gedir. Siz uzun bu partiyada başqan müavini oldunuz. Jurnalistikadan yenidən siyasətə qayıdışınız necə baş verdi?

- Açığını desəm, Türkiyədə olarkən,  Azərbaycanda şəxsiyyətim haqqında xoşagəlməz fikirlər səslənməyə başladı. Amma bütün bunlar yoxlanıldıqdan sonra hamısının əsassız olduğu üzə çıxdı. Bu haqda da məlumat alırdım. Türkiyədən Azərbaycanda qayıdandan bir müddət sonra da “Azadlıq” radiosu ilə əməkdaşlıq etdim. Türkiyədə olarkən - 1999-cu ildə Müsavat Partiyasının sıralarına qəbul olunmuşdum.

- Azərbaycanda aparıcı müxalifət partiyasının funksioneri, başqan müavini idiniz və 2003-cü ildə Azərbaycanın siyasi səhnəsində dönüş nöqtəsinə yaxın olan proseslər cərəyan etməyə başladı. 2003-cü ilin oktyabr ayında keçirilən prezident seçkisinin rəsmi nəticələrinə görə İsa Qəmbər məğlub oldu. Nə düşünürsünüz, İsa Qəmbərin bu seçkidə məğlubiyyəti qaçılmaz idi?

- Məğlubiyyət qaçılmaz idi. Çünki insan, əvvəla, bu proseslərə girişibsə, axıra qədər mübariz mövqedə dayanmalıdır. Amma İsa Qəmbər həmin proseslərdə hər şeyi taleyin ümidinə buraxdı. Sonradan məlum oldu ki, 2003-cü il prezident seçkisində İsa Qəmbərin hər hansı bir hazır fəaliyyət proqramı yox imiş. Özü isə ən gərgin, məhsuldar dövrdə başçılıq etdiyi partiyanın üzvlərini meydanda qoyaraq qeyri-leqal fəaliyyətə keçməyə üstünlük verdi. 2003-cü ildəki aksiyalarda iştirak edirdim və seçkilərlə bağlı müəyyən tədbirlərdə olurdum. Amma İsa Qəmbərin özünün bu tədbirlərdən uzaqlaşdığını görüb mən də kənara çəkildim.



- Amma siz 2003-cü ildə yox, 2011-ci ildə Müsavat Partiyasını tərk etdiniz...

- Mən 2003-cü ildə getsəydim, yaxşı olmazdı. Bu, Müsavat düşərgəsinə və Azərbaycan xalqına pis təsir edərdi. Bütün iztirablara, çətinliklərə dözərək Müsavat Partiyası sıralarında qalmağa üstünlük verdim ki, cəmiyyətdə haqqımda mənfi rəy formalaşmasın.

- Belə başa düşdüm ki, 2011-ci ildə Müsavat sıralarından istefa verməyinizin səbəbi partiya rəhbərliyi ilə aranızda yaranan fikir ayrılığı olub?

- Mən artıq başa düşməyə çalışırdım ki, İsa Qəmbər tükənmiş bir adamdır.  Partiyaya başçılıq etsə də, onun bu təşkilatı qalibiyyətə apara bilməyəcəyini anladım. Ölkədəki siyasi proseslərin inkişaf meylindən də gördüm ki, partiyalar siyasi mübarizəyə töhfə vermək iqtidarında deyillər. Bununla demək istəmirəm ki, ölkəyə siyasi partiya lazım deyil. Mən alim idim və gördüm ki, çox ciddi itkilərə məruz qalmışam, yaradıcılıq, elmi-pedaqoji fəaliyyətdən uzaq düşmüşəm. Siyasi mübarizədə olduğum müddətdə bir neçə kitab yaza bilərdim.  Bunların hamısı məndə belə qənaət yaratdı ki, yaradıcılığım ayrı-ayrı adamların siyasi ambisiyalarına qurban gedib.

Həm də ailəmin maddi durumu da o qədər ürəkaçan deyildi. Elmdə  itirdiklərimin bir qismini bərpa etmək və bundan sonra ailəmin xidmətində durmaq üçün xoşluqla, heç bir narazılıq törətmədən Müsavat Partiyasından ayrıldım. Bunu İsa Qəmbərin özünə də dedim.

- Müsavat Partiyasında olan zaman hakimiyyətdə qohumlarınız da var idi və bunlardan biri də polis işləyən qardaşınız idi. Müxalifətdə olmaq qohumlarınızla, qardaşınızla problem yaratmırdı?

- Qardaşım sahə müvəkkili idi. O, mənimlə əlaqə saxlamırdı. Amma indi də hakimiyyətlə  münasibətlərimin normal olmasına baxmayaraq, yenə münasibətimiz yoxdur. Mən bunu normal hesab edirəm.

- Müsavatda olarkən ailənizin durumunun yaxşı olmadığını dediniz. İndi necə, dolanışığınızdan razısınızmı?

- Dövlət vəzifəsində çalışanda da heç bir vaxt harama əl uzatmamışam. Halbuki, buna imkan yaranıb. Heydər Əliyev bir neçə dəfə centlmen formada dolanışığım üçün şərait yaratmağa çalışdı. Amma onun yaratdığı şəraitdən sui-istifadə etməmişəm. Müəllim işləyəndə maddi vəziyyətim daha yaxşı idi, dövlət müşaviri olandan sonra isə durumum əvvəlki illərə nisbətən elə də ürəkaçan deyildi. İndi də Texniki Universitetdə fəlsəfə kafedrasında çalışıram. Verilən maaşla dəbdəbəli həyat tərzi yaşamasam da, məvacibi qənaətbəxş hesab etmək olar. Müəllimlikdən aldığım maaş zəruri ehtiyaclarımızı ödəyir. Bundan heç bir narazılığım yoxdur. Tələbələrimə öz övladlarım kimi baxıram və bir qara qəpik də olsun haram tikəyə göz dikməmişəm. Yeganə məqsədim tələbələrə elm, bilik öyrətməkdir. Həyatım boyu şərəfli yaşamağa çalışmışam.

- Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər və təşkilatın  indiki rəhbərliyi ilə şəxsi münasibətləriniz qalırmı?

- Çoxu ilə normal münasibətlərimiz qalır. Müsavat Partiyasından ayrılandan sonra İsa Qəmbərlə bir dəfə telefonla  danışmışam. Münasibətlərimizin isti olduğunu söyləyə bilmərəm. Amma partiyanın yerdə qalan üzvləri, rəhbərləri ilə əlaqələrim normaldır.

- İsa Qəmbər sizdən incik düşüb, yoxsa siz ondan küsmüsünüz?

- Üstünü açmaq istəmədiyim bir səbəbə görə onunla aram yaxşı deyil. Onsuz da İsa Qəmbərlə aramızda narazılıq var idi. Müsavatdan çıxandan sonra İsa Qəmbərin etdiyi bir hərəkət mənə zərbə vurmaq məqsədi daşıyırdı. Onun xarakterindəki bu məntiqi heç cür həzm edə bilmirəm. İsa Qəmbərin belə hərəkət edə biləcəyini təsəvvür etmirdim. Bayaq dediyim telefon danışığı da elə onun hərəkətinə görə olmuşdu. Bir sözlə, İsa Qəmbər Müsavat Partiyasından sonrakı fəaliyyətimə zərbə vurmaq üçün əlindən gələni əsirgəmədi.

- Bildiyimizə görə iki övladınız var və onlardan biri, daha doğrusu, oğlunuz Toğrul Hüseynli musiqiçidir. Uzun müddət siyasətdə olan Qabil Hüseynlinin övladlarından heç biri siyasətə meyl etmir?

- Bir qız, bir oğlan övladım var. Qızım da musiqiçidir.  Onların heç biri siyasətlə maraqlanmır. Onlar vətənlərinə, ölkədə baş verən hadisələrə biganə deyillər. Qızım Bülbül adına musiqi məktəbini fərqlənmə diplomu ilə bitirib. O, magistr pilləsini də fərqlənmə ilə bitirib. Qızım pedaqoq kimi fəaliyyət göstərir, elmlər namizədi, dosentdir. Musiqi Akademiyasında dərs deyir. Qızım evlidir, oğlum isə hələ ki subaydır. Oğlum dövlət proqramı xətti ilə Almaniyanın Köln Konservatoriyasında bakalavr pilləsinin dördüncü kursunda oxuyur. Tale imkan versə, yəqin ki, magistraturanı da orada davam etdirəcək. Oğlum İspaniyada keçirilən möhtəşəm beynəlxalq musiqi yarışmasından ikinci yeri tutub. Oğlum Fərhad Bədəlbəylidən sonra Azərbaycan piano sənətində ikinci şəxsdir ki, beynəlxalq yarışlarda laureat olur.

- Dövlət vəzifəsində olan vaxtlarda Eldar Namazov və Vəfa Quluzadə də dövlət müşaviri idi. Onlarla əlaqələriniz necədir?

- Mütəmadi olaraq, əlaqə saxlamırıq, amma görüşəndə dərdləşirik, fikir mübadiləsi aparırıq.

- Siyasətdən elmə qayıdan Qabil Hüseynli yenidə siyasi həyata dönüş etmək üçün 2015-ci il parlament seçkisində deputatlığa namizədliyini verəcəkmi?

- Doğrusu, bu haqda qəti fikrim yoxdur. Əlbəttə, deputat olmaq istəyərəm. Amma bunun üçün müəyyən şərtlərin olması vacibdir. Bu şərtlərin necə formalaşmasına diqqət yetirəcəyəm. Bundan asılı olaraq deputatlığa namizədliyimi verib-verməmək haqqında qərara gələcəyəm.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı