Modern.az

Milli Parkın qiyməti “ceyran belində” olan karuselləri....

Milli Parkın qiyməti “ceyran belində” olan karuselləri....

Reportaj

30 Avqust 2010, 12:36

Bulvarda attraksionlar uşaqlara yox,  böyüklərdən pul qoparmağa xidmət edir

Milli Park – Dənizkənarı Bulvar həmişə bakılıların və şəhərimizin qonaqlarının ən sevdiyi gəzməli yer olub. Böyüklər dəniz havası udmağa, uşaqlar isə karuselə minmək arzusu ilə üz tutublar bura.. 

Burada olan müxtəlif növ attraksionlar, yelləncəklər və uşaq dünyasını əhatə edən digər əyləncəli qurğular hələ sovet vaxtından dəbdə olub. Amma indi parklarda, əsasən də Milli Parkda uşaqlar üçün nəzərdə tutlmuş atrraksionlar və yelləncəklərin qiyməti adamı “dişləyir”. Milli Parkda quraşdırılmış bu əyləncəli uşaq qurğları sahəsində vəziyyətə Bakı şəhər İcra Hakimiyyəti və yerli bələdiyyələr öz münasibətlərini bildirməlidirlər.

Vəziyyət doğrudan da acınacaqlıdır. Bizim Milli Parkda dünən apardığımız müşahidələr bu sahədə tam özbaşınalıqların hökm sürdüyünü göstərir. Bahalıq hələ “Fontanlar bağında”n başlanır. Burada uşaqlar üçün quraşdırılmış böyük karusel şən əhval yaratsa da, onun ətrafından qaşqabaqla tez ötüb keçməyə çalışan ata-anaların ovqatı ilə tərs mütənasib idi. Uşaqların əlini “atlara”, “şirlərə”, “maşınlara” uzadaraq “ora istəyirəm” qışqırığına əhəmiyyət verməyən valideynlər ərazidən tez qaçmağa çalışır, lap tərslik edən uşaqlara “qabaqda daha böyük karusel var, ora gedək” yalan vədi ilə onu birtəhər sürüyüb aparmağa çalışırdılar.
Əcəba, bəs bu karusel nədən belə hamını qaçaq salıb? Yaxınlaşıb səbəbini bilmək istədik. Elə girişdəcə cox ciddi görkəmlə, bir qədər də acıqlı sifətlə oturmuş bilet satıcısına yaxınlaşıb şən səslə “karusel neçəyədir?” soruşduq...və təəcübdən donub qaldıq. Bəlli oldu ki, burada quraşdırılmış karuseldə “şirə”, “pələngə”, “ata”, “maşına” minməyin 2 dəqiqəsi nə az, nə çox, düz 2 manatdır. Hələ bu harasıdır... Adambaşına 2 manat! Deməli orta statistik azərbaycanlı ailəsi (2-3 uşaq) bu heç də şən olmayan karuselə minsə, deməli 6 manat pul xərcləməlidi. Bilet satanın utanmaz-utanmaz “valdeynlər pulsuzdu” deməsi isə ikiqat əsəb yaradır.  Üstəgəl bu karusel əvvələr hansısa ölkədə  quraşdırılıb. Karuseli müşahidə edənlər ilk baxışdan bu qurğunun köhnə olduğunu sezə bilirdilər. Karuseldə quraşdırılan fiqurlar köhnə-kürüşdür. Görünür hansısa ölkənin bəxtəvər uşaqları  bu karuselin atlarının necə lazımdı “çapıb əhdini kəsiblər”.

Daha sonra bulvar karusellərini müşahidə etdik. İlk öncə qeyd edək ki, bulvar boyu bütün köşklərdə və xırdavat satan yerlərdə qiymətlər eynidir. Sanki satıcılar bir-birilərinin “ağzına tüpürüblər”. Bu barədə bir qədər sonra... Hələlik karusellər barədə..

Milli Parkda elektriklə işləyən maşınları yəqin görmüsünüz. “Evləri köndələn yar” tamaşasında xoşbəxt sevgililərin sürdüyü alabəzək maşınları xatırlayırsınız yəqin... Bizcə orada olan qiymətləri görən aşiq –məşuqlar əl-ələ tutub qaçmağa üstünlük verərələr. Amma uşaqlar... Uşaqları aldatmaq olmur. Burda da qiymət 2 manatdır. Cəmi 3 dəqiqə üçün! Deməli gəzintiyə çıxmaq istəyən orta statistik ailə 6 manat da burda “tərləməlidi”. Burdakı mənzərə acınacaqlı idi. 15-ə qədər “maşın”da cəmi 3-4 nəfər oturmuşdu.

Daha sonra bulvarda o baş bu başa gedən “şən qatar”a yaxınlaşdıq. Biletyığan bildirdi ki, “qatara” bilet böyüklər üçün (???) 2 manat, uşaqlar üçün 1 manatdır. Əvvəla, bu qatar uşaqların əylənməsi üçündürsə, o zaman böyüklərə niyə qiymət qoyublar?! Valideynlər uşaqlarına görə bu qatara minirlər axı... İbrətamiz hadisənin şahidi də olduq... Uşağını bu “şən qatara” mindirmiş bir ata nigaran-nigaran oğluna xitabən “bax oğlum qapıya söykənmə, ehtiyatlı ol, yerindən tərpənmə” kimi göstərişlərini verirdi. Bəlli oldu ki, qiymətin bahalığı ucbatından ata oğlunu tək “səyahətə göndərmək” qərarına gəlib. Yenə balasının xətrinə 1 manat tapmaq olar. Bu qatar da köhnə, işlənmiş idi. Seyrək şəkildə oturacqlarda oturan uşaqlar şən görünsələr də, valideynlər qayğılı sifət almışdılar. Nə etməli.. Qarşıda onları hələ ucsuz-bucaqsız bulvar və onun müxtəlif karuselləri gözləyirdi..

O baş-bu başa yellənən “Vikinq gəmisi” də qiymətinə görə fərqlənmirdi. Vikinqlər yəqin uşaqları havayı gəzdirərdilər bu gəmidə.. Amma bulvarda olan “gəmi”nin biletyığanı dünyanı fəth edən qəhrəman vikinqlərə oxşamırdı. Stulda oturub istidən əzab çəkdiyi hiss olunan bu adam zorla danışırdı. Ağzını marçıldada-marçıldada danışan bu “pirat”dan öyrəndik ki,  “gəmiyə” minmək  adambaşına 1 manatdır. Burdan uzaqlaşıb tüfəng atmaq üçün “TİR”-ə yaxınlaşırıq. Tipik əyalət adamı simasında, çirkli cins şalvarda biganə nəzərlərlə gedib-gələnlərə baxan biletyığan oğlandan  “güllə”nin neçiyə olduğunu soruşduq. Cavab bizi şoka saldı. Beş ədəd “güllə” 2 manata satılırdı. Orduda qulluqdan bilirdim ki, həqiqi güllənin biri 1 dollar civarında qiyməti olur. Bu “kovboyun” qiyməti isə kəlləçarx idi.

Xülasə, hara getdiksə, qiymətlər adambaşına 2 manat və ondan yuxarı idi... Karusellərə, yelləncəklərə, “ayılara, “şirlərə”, “pələnglərə”, “raketlərə” bu qiymətdən ucuz minmək olmazdı... Hələ burda satılan xırda-xuruş...

Şəhərin digər yerlərində ucuz qiymətə olan məmulatlar burada ikiqat bahasına satılırdı. 20 qəpiyə olan “pendirli çubuq”, “pop-korn”, “peşmək” 50 qəpiyə satılırdı. Alırsan al, almırsan, alverə mane olma! Mineral sular, şirələr də belə...

Milli Parkda xidmət göstərən kafelərə isə girmək mümkün deyil. Bulvarda rastımıza çıxan dostumuzun kefinin pozuq olmasından bunu bildik. Məlum oldu ku,  iş yoldaşı ilə bu kafelərin birində oturan dostumuzu əməlli başlı “yolublar”. 1 parc pivə, 2 çaynik çaya görə dostumuzdan nə az, nə çox 15 manat (????) pul alıblar. O, hay-küy salsa da, heç kim vecinə almayıb. 

Bulvarın Kukla teatrının yaxınlığında yeni əyləncə məkanı kimi açılan “5D –film məkanı”na da dəyməyi unutmadıq. Kassir yek kəlmə dedi- “10 dəqiqə 5 manat”!

Bircə dönərin qiyməti dəyişməmişdi..   

Bütün bu müşahidələrdən sonra rəsmi məmurlara yönəlik bir sıra suallarımız var. Nəyə görə bulvarda gəzmək belə BAHADIR? Axı bu ərazi Milli Park statusundadır. Deməli, burada qiymət siyasətinə dövlət nəzarəti vacibdir. İlk olaraq karusellərdən başlamaq lazımdır. Niyə uşaq əyləncə qurğuları özəl əllərə verilib? Milli Parka tabe olan belə karusseləri dövlət özü ala bilər və ucuz qiymətə istismara verə bilər. Niyə də olmasın... Avropa ölkələrində uşaq əyləncə yerləri bələdiyyələrin nəzarətində fəaliyyət göstərir və oradan gələn gəlir də yeni attarksionların quraşdırılmasına sərf edilir...

İndi isə, necə deyərlər, “xarici təcrübə barədə. Biz Bulvar rəhbərliyinin və məmurların nəzərinə qonşu Rusiyada olan əyləncə qurğularında olan qiymətləri catdırmağı özümüzə borc bildik...

Məsələn, Sankt-Peterburqda olan “Krestovıy ostrov” metrosunun yaxınlığında olan atrraksionlara giriş tələbələrə 25 qəpik, məktəblilərə 15 qəpikdir... 

Oranın yaxınlığında olan zoopark saat 10-dan-21-dək işləyir. Tələbələr üçün biletin qiyməti  2 manat, məktəblilər üçün 1 manat , 4-7 yaşlı uşaqlar üçünsə 70 qəpikdir. 4 yaşa qədər uşaqlar isə pulsuz buraxılır zooparka....

Zooparkın yaxınlığında olan “Planetariya” salonunun ulduzlu zalına girmək üçün uyğun qiymətlər təklif olunur. Burada uşaqlar və böyüklər ulduzlu göyü, astronomik təzahürləri, göy cisimlərini Günəşin hərəkətini, Ağ kəhkəşan Yolunu müşahidə edə bilir. Bundan başqa “Planetariya”da quraşdırılmış teleskop –referatorla Günəşi müşahidə etmək, ulduzları, qalaktikanı seyr  etmək olar. Burada məktəblilər və uşaqlar üçün sərgilər, seminarlar da keçirilir. Bu ekskursiyanın qiyməti cəmi 1 manat təşkil edir.  

Sankt Peterburqda dəniz canlılarını müşahidə etmək üçün uçaqlar Leninqrad delginariyasına gedirlər. Burada onlar, delfinləri, dəniz şirlərinə baxır, morjları seyr edirlər. Qiymətlər ucuzdur. Bir saatlıq gəzintinin qiyməti uşaqlar üçün 90 qəpik, böyüklər üçün 3 manatdır.

Sankt Peterburqun tanınmış attraksionlarından biri “Divo Ostrov” Parkıdır. Burada uşaqlar üçün hər şey- yelləncək, qanadlı yelləncək, arabalar, uşaq qatarları var. Qiyməti 80 qəpikdən 2 manatdək dəyişir.. Ailəvi zonada olan böyük karusel, avtodromun qiyməti isə 80 qəpik - 2 manat arasındadır.

Gerisi daha maraqlıdı...

“Kolokolçik” və “Hindu çayı” adlı attraksionlarda qiymətlər çox ucuzdu.

3-6 yaşlı uşaqlar  90 qəpik  -1 manat 50 qəpik arasında qeyri-məhdud zaman kəsiyində əylənə bilərlər.. 

“Nağıllar aləmi” adlanan uşaq meydançasında isə alınmış bilet “sehirlidi”. 2 manat 50 qəpiyə aldığınız bilet  bütün gün ərzində etibarlıdır.. Siz evə gedib günorta yeməyini yeyib uşaqla yenidən bura qayıda bilərsiniz. Burada qumluq, təpələr, tünellər, yellenəcəklər, karusellərdə uşaqların yaxşı əylənmək imkanı var. 

Rusiyada da uşaq “qatarı” var. Orada qatarı bizdə olduğu kimi acıdil, sərt üzlü şəxslər yox, nağıl qəhrəmanları sürür. Müsiqinin müşayət etdiyi bu qatarda 5 dəqiqəlik gəzinti 90 qəpikdir.

“Şən atlar” karuselində ətrafında ağaclar, güllər, dovşan əhatəsində karusel yavaş-yavaş dövrə vurur. Müsiqinin müşayti ilə bu səfər 4 dəqiqə davam edir. Yeri gəkmişkən, valideynlər bura pulsuz minirlər. Uşaqlara nəzarət etmək üçün.

“Kəpənəklər” adlanan digər karuseldə valideynlə birgə minmək 1manat 20 qəpiyə başa gəlir.

“Şən göyqurşağı” adlı qatarda bütün park böyu 10 dəqiqəlik gəzinti (valideynlərlə birgə) 1 manat 50 qəpiyə başa gəlr.  

Belə, əziz bakılılar. Bizdən fərqli olaraq uzaq Rusiyada “hər şey cib üçün” deyil, “hər şey uşaqlar üçün” prinsipi öndədir. Odur ki, bizim “şirlər”lərə onların “şirlər”ini müqayisə etdikdə, dərindən götür-qoy etməyə dəyər. Ona görə bizim insanların parklardakı karusellərdən qaçması anlaşılandır. Belə “daranqalet” “kaçelilər”dən elə uzaq olmaq məsləhətdi.

X.Səfəroğlu

P.S Ölkəmizə hansı yollarlasa gətirilmiş bu dəmir-dümür yığınının texniki təhlükəsizliyi məsələsi başqa söhbətin mövzusudur. Zamanında ona qayıdarıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?