Modern.az

Azərbaycanda 1 milyon 320 min nəfər Facebook istifadəçisi var

Azərbaycanda 1 milyon 320 min nəfər Facebook istifadəçisi var

4 Fevral 2015, 20:54


Facebook sosial şəbəkəsinin yaradılmasından 11 il ötür. Hazırda dünyada 3 milyard internet istifadəçisinin 1,39 milyardı Facebooka daxil olur. Gündəlik Facebook-dan 890 milyon insan istifadə edir. Ümumi istifadəçilərin 86%-i – 1,19 milyardı isə bu sosial şəbəkəyə mobil cihazlardan daxil olur.

AzərTAc SocialBakers analitik şirkətinin son statistik məlumatlarına istinadla xəbər verir ki, dünyada ən böyük auditoriyaya “Facebook for Every Phone” səhifəsi malikdir. Onun istifadəçilərinin sayı 547 milyon 137 min nəfərdən artıqdır. Brendlər arasında isə Coca-Cola şirkəti birincidir. Bu səhifəyə 93 milyon 354 min nəfər abunə olub. İkinci və üçüncü yerlərdə Makdonalds (55 612 757) və RedBull (45 934 453) şirkətləri dayanır. Tanınmış şəxslərin səhifələri arasında isə ABŞ Prezidenti Barak Obamanın rəsmi profili ən böyük auditoriyaya malikdir. Bu səhifəni 44 milyon 922 mindən artıq insan izləyir.

Azərbaycanda Facebook istifadəçilərinin sayı 1 milyon 320 min nəfərdir. Facebook-un Azərbaycan dilinə tərcüməsinə 2008-ci ilin yay aylarından başlanılıb. 2009-cu ildən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. Ölkədə müxtəlif şirkətlər, özəl və dövlət qurumları Facebook-da aktiv fəaliyyət göstərir.

2004-cü ildə Harvard Universitetinin tələbəsi Mark Zukerberq “The Facebook” adlı sosial şəbəkəni istifadəyə verib. İlk vaxtlar Facebook yalnız Harvard Universitetinin tələbələri üçün nəzərdə tutulurdu. 2005-ci ildə şirkət “facebook.com” domenini 200 min dollara satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçilərinin ixtiyarına verilib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir